Məhkəmə qərarları › İş №2(105)-1529/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1529/2022

15.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1529/2022 15.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məmmədova Ramilə Camaləddin qızının katibliyi ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair ilk, Cavabdeh İddiaçı ASC-yə qarşı kredit müqaviləsi üzrə sazişin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2022-ci il tarixli, e- 2(060)-2274/2022 nömrəli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ İddiaçı ASC Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 7767,99 (yeddi min yeddi yüz altmış yeddi manat 99 qəpik) Manat - bundan 3098,34 (üç min doxsan səkkiz manat 34 qəpik) manat əsas, 1815,69 (bir min səkkiz yüz on beş manat 69 qəpik) manat faiz, 2391,71 (iki min üç yüz doxsan bir Manat 71 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014- cü il tarixli Plenum qərarına əsasən hesablanmış 462,25 (dörd yüz altmış iki manat 25 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 97,68 (doxsan yeddi manat 68 qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı ASC qarşı kredit müqaviləsi üzrə sazişin ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı LPO "xxxx" ASC-nin ona qarşı vermiş olduğu iddianın rədd edilməsi və 12 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixli, 2 saylı əlavə sazişin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2022-ci il tarixli, e-2(060)-2274/2022 nömrəli qərardadı ilə iddiaçı iddiasının əsasını təşkil edən ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin əslini və ya surətini iş materiallarına əlavə etmədiyi üçün İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsi, eləcə də Cavabdeh İddiaçı ASC qarşı qarşılıqlı iddiası baxılmamış saxlanılmışdır. (hakim E.Hüseynov) Bu qərardaddan İddiaçı ASC tərəfindən şikayət verilmiş və onunla əsaslandırılmışdır ki, məhkəmənin tələb etdiyi ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin təqdim edilməməsi mülki işin baxılmamış saxlanması üçün əsas deyildir. Odur ki, mülki işin Azerbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanılması qanuni sayıla bilməz. Belə ki, hakim Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə əsaslanaraq qeyd etmişdir ki, Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda ərizə baxılmamış saxlanılır. AR MPM-in 149-cu maddəsinə görə iddia ərizəsində göstərilməli olan hallar sadalanmışdır. Bankın iddia ərizəsində bütün bunlara riayət olunmuş, ərizənin verildiyi məhkəmənin adı, iddiaçının və cavabdehin məlumatları, iddianın predmeti və qiyməti, iddiaçının tələbi, istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilmişdir. Eyni zamanda da həmin Məcəllənin 150.1.2-ci maddəsinə əsasən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd, 150.1.3-cü maddəsinə əsasən iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd iddia ərizəsinə əlavə olunmuşdur. Bütün bunlardan görünür ki, məhkəmənin tələb etdiyi ********* saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin təqdim edilməməsi mülki işin baxılmamış saxlanması üçün əsas deyildir. Odur ki, mülki işin Azerbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə istinad olunaraq baxılmamış saxlanması əsassız olmuşdur. Odur ki, şikayət təmin edilməli,birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. AR MPM-nin 10.8-1-ci maddəsinə görə bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2022-ci il tarixli, e- 2(060)-2274/2022 nömrəli qərardadı ləğv edilməli, mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İş materiallarından görünür ki, işə baxan məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Başqa sözlə, iddia ərizəsinin MPM-nin 152-ci maddəsi ilə qaytarılmasına dair əsaslar müəyyən edilməmişdir. İddia ərizəsinin baxılmamış saxlanılmasının əsasları MPM-in 259-cu maddəsi ilə müəyyən olunmuşdur. İşə baxan məhkəmə iddia ərizəsini baxılmamış saxlayarkən həmin Məcəllənin 259.0.12-ci maddəsinə istinad etmişdir. MPM-in 259.0.12-ci maddəsinin tələblərinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda iddia ərizəsi baxılmamış saxlanılır. Daha öncə qeyd olunduğu kimi işə baxan məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Başqa sözlə, iddia ərizəsinin MPM-nin 152-ci maddəsi ilə qaytarılmasına dair əsaslar müəyyən edilməmişdir. Belə ki, məhkəmə iddia ərizəsini icraata qəbul edərkən ilkin olaraq MPM-in 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməsini, 150.1.1-ci maddəsində göstərilən sənədlərin iddia ərizəsinə əlavə edilməsini yoxlayır. Çünki, iddia ərizəsinin həmin maddələrin tələblərinə əməl edilməməsi geri qaytarılması üçün əsasdır. MPM-in 150.1.2 və 150.1.3-cü maddələrinin tələblərinə görə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd və iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmasını təsdiq edən sənəd (iddia ərizəsi elektron qaydada verildiyi halda belə səlahiyyətin elektron imza ilə təsdiq edildiyi hal istisna olmaqla) iddia ərizəsinə əlavə edilməlidir. Əks təqdirdə, həmin sənədlərin olmaması iddia ərizəsinin qaytarılması üçün əsasdır. İş materiallarından göründüyü kimi qeyd olunan sənədlər iddia ərizəsinə əlavə edilmişdir. İşə baxan məhkəmə iddia ərizəsini baxılmamış saxlayarkən prosessual norma kimi qeyd edilən maddələrə istinad etsə də, qeyd edildiyi kimi əsas olaraq iddiaçı tərəfindən xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin əslinin və ya surətinin iş materiallarına əlavə edilməməsini göstərmişdir. Halbuki, daha öncə qeyd olunduğu kimi qeyd olunan maddələrin bu sənədlə heç bir bağlılığı yoxdur. Ən başlıcası isə qeyd olunan əsasla iddia ərizəsinin baxılmamış saxlanılması MPM-də nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin qeyd olunan əsasla baxılmamış saxlanılması barədə birinci instansiya məhkəməsinin mövqeyi qanuni olmamışdır. Ona görə də qərardad ləğv olunmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0. və 398.0.2-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400 və 402-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ Şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 24 may 2022-ci il tarixli, e-2(060)-2274/2022 nömrəli qərardadı ləğv edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar