Məhkəmə qərarları › İş №2(105)-1529/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1529/2024

19.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1529/2024 19.11.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əmlakdan istifadəyə görə haqqın ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2810/2024 nömrəli, 16 iyul 2024-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əmlakdan istifadəyə görə haqqın ödənilməsi tələbinə dair iddia tələbinin rədd edilməsi, məhkəmə xərcləri iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı "xxxx" ASC qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “əmlakdan istifadəyə görə haqqın ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə ipoteka qoyan Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 6G1-1 -0-83-15 saylı ipoteka müqaviləsinə əsasən "xxxx" İKB-nin 5 saylı filialı tərəfindən xx.xx.2015-ci il tarixli 6G1-1-0-83-15 saylı kredit müqaviləsi üzrə Cavabdeh 36 ay müddətinə verilmiş 50000 ABŞ dolları kreditin təminatı kimi Cavabdeh mülkiyyətində olmuş Sumqayıt şəhəri, Sarıqaya bağlar massivi, B-237 saylı bağ evi Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 20 noyabr 2015-ci il tarixli, 2(060)-10099/2015 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 16 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 48462 ABŞ dolları əsas, 7627 ABŞ dolları faiz, 50 ABŞ dolları cərimə, ümumilikdə cəmi 56139 ABŞ dolları borcun tutulması, tutmanın Cavabdeh məxsus Sumqayıt şəhəri, Sarı-Qaya bağlar massivi, B-237 saylı bağ evinə yönəldilməsi, Cavabdeh Sumqayıt şəhəri, Sarı-Qaya bağlar massivi, B-237 saylı bağ evinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və Cavabdeh həmin bağ evindən çıxarılması, həmin bağ evinin boşaldılması və banka təhvil verilməsi qət edilmişdir. Yuxarıda qeyd edilən qətnamənin icrası ilə əlaqədar olaraq Cavabdeh mülkiyyətində olmuş Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, B-237 saylı bağ evi açıq hərraca çıxarılmış və xx.xx.2016-ci il tarixdə İddiaçı ASC-nin mülkiyyətinə keçmişdir. Cavabdeh İddiaçı ASC-nin mülkiyyətində olan Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, B-237 saylı bağ evini xx.xx.2016-cı il tarixdən xx.xx.2024-cü il tarixədək boşaltmamış və bu səbəbdən bankın həmin əmlakı kirayə verməklə gəlir əldə etməsinə maneçilik törətmişdir. xx.xx.2016-cı il tarixli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, B-237 saylı bağ evi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətindədir. Həmin dövr üçün bir aylıq icarə haqqı 153 manat olmasını nəzərə alaraq Banka 13050 manat məbləğində ziyan vurulmuşdur. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən tərtib edilmiş 001-14/0 lYR/24 nömrəli qiymətləndirmə hesabatından görünür ki, Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, B-237 saylı bağ evinin xx.xx.2016-cı il tarixdən xx.xx.2024-cü il tarixədək kirayə haqqı 13050 manat təşkil edir. Göstərilənlərə əsasən xx.xx.2016-cı il tarixindən xx.xx.2024-cü tarixinədək Bankın mülkiyyətində olan Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, B-237 saylı bağ evini istifadə etdiyi üçün hər ay 150 manat olmaqla, cəmi 13050 manat hesablanmaqla dəymiş ziyanın və 129,15 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Sumqayıt Şəhər Məhkəməsinin 16 iyul 2024cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə qəbul edilmiş qətnamə iş üzrə bütün faktiki hallarının aydınlaşdırılmaması nəticəsində və işin hallarına uyğun olmayaraq qəbul olunmuş, həmçinin apellyasiya qaydasında ləğv olunmalıdır. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Göründüyü kimi məhkəmə işin bütün faktiki hallarını araşdırmadan iddianı rədd etməkdə haqlı olmamış və qeyd olunan qətnamədə səhv nəticəyə gəlmişdir. Belə ki, Sumqayıt şəhəri, Sarı-Qaya bağlar massivi, B-237 saylı bağ evi xx.xx.2016-cı il tarixində İddiaçı ASC-nin mülkiyyətinə keçmişdir. Cavabdeh tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(060)-10099/2015 nömrəli qətnaməsi icra olunmayaraq, bankın mülkiyyətində olan qeyri-yaşayış sahəsinin icarəyə verilməklə gəlir əldə etməsinə maneəçilik törətmişlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən qeyd etmək mümkündür ki, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir. Belə ki, müvafiq iş üzrə xx.xx.2024-cü il tarixinə kimi hər ay 150 manat olmaqla, cəmi 13050 manat icarə haqqı və 129.15 manat məbləğində ödənilmiş dövlət rüsumu cavabdehdən tutulmalıdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini təmin etməyən birinci instansiya məhkəməsi cavabdehin xx.xx.2016- cı il tarixindən xx.xx.2024-cü tarixinədək bankın mülkiyyətində olan Sumqayıt şəhəri, Sarıqaya bağlar massivi, B-237 saylı bağ evini istifadə etdiyini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan iddiaçı vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İddiaçı Sumqayıt şəhəri, Sarı-qaya bağlar massivi, B-237 saylı bağ evi xx.xx.2016-cı il tarixli çıxarışla "xxxx" ASC-nin ("xxxx" İKB ASC) adına qeydiyyatdan keçmişdir. Hazırda iddiaçı cavabdehin xx.xx.2016-cı il tarixindən xx.xx.2024-cü tarixinədək bankın mülkiyyətində olan Sumqayıt şəhəri, Sarıqaya bağlar massivi, B-237 saylı bağ evini istifadə etdiyini və nəticədə 13050 manat kirayə haqqını ödənilməsini tələb etsə də, cavabdeh iddianı qəbul etmədiyini və evdə yaşayış olmadığını əsas gətirərək iddiaya etiraz etmişdir. İşin hərtərəfli araşdırılması məqsədilə icra işi tələb olunaraq icra işinə baxış keçirilmiş, müəyyən edilmişdir ki, əvvəlki iş üzrə qətnamənin icrası ilə bağlı icra sənədi üzrə cavabdehin bağ evindən çıxarılmasında səy göstərməmiş, bu istiqamətdə heç bir addım atmamışdır. Başqa sözlə iddiaçı qətnamənin icrasında maraqlı olmamışdır. Belə olan halda iddiaçının mövcud tələblə məhkəməyə müraciət etməkdə haqlı olmamışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 16 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar