Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-153/2023 05.04.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X5 və X3 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-49/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-ilə Cavabdeh arasında bağlanmış 01 fevral 2016-cı il tarixli, 1**-HF-***8 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 202000 manat əsas borcun, kredit müqaviləsinin müddətinin bitdiyi - 01 fevral 2018-ci il tarixə 75480,42 manat faiz borcu, kredit müqaviləsinin müddətinin bitdiyi 01 fevral 2018-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış 45733,86 manat dəbbə pulu, kredit müqaviləsinin bitdiyi 01 fevral 2018ci il tarixdən sonra banka vurulmuş zərər (əldən çıxmış fayda) üzrə 149253,97 manat olmaqla, cəmi 472468,25 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılmasına dair ərizə ünvanlayaraq, kredit müqaviləsinin ləğv edilməsini, Cavabdeh 202000 manat əsas borcun, kredit müqaviləsinin müddətinin bitdiyi-01 fevral 2018-ci il tarixə 75480,42 manat faiz borcu, kredit müqaviləsinin müddətinin bitdiyi 01 fevral 2018-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış 45733,86 manat dəbbə pulu, kredit müqaviləsinin bitdiyi 01 fevral 2018-ci il tarixdən sonra banka vurulmuş zərər (əldən çıxmış fayda) üzrə 262958,73 manat olmaqla, cəmi 586173,01 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanılmış 01 fevral 2016-cı il tarixli, 1**-HF-***8 saylı kredit müqaviləsinə əsasən Bank Cavabdeh illik 17 faiz dərəcəsi ilə 300000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin 4.1-4.2-ci bəndlərinə əsasən Cavabdeh kredit müqaviləsində nəzərdə tutulmuş şərtlərlə aldığı vəsaiti 24 ay ərzində qeyd-şərtsiz olaraq qaytarmağı və kredit məbləğini kreditin verilmə tarixindən sonra bu müqaviləyə 1 saylı əlavədə göstərilmiş ödəmə cədvəli ilə müəyyən olunmuş qaydada ödənilməsini öhdəsinə götürmüşdür. Ödəmə cədvəlinə görə kredit üzrə əsas və hesablanmış faizlər hər ay bərabər hissələrlə banka ödənilməlidir. Kredit müqaviləsinin 7.1-ci bəndinə əsasən ödəmə günü həmin gün üçün təyin edilmiş məbləğ ödənilmədikdə, ertəsi gündən etibarən vaxtı keçmiş borcun faktiki olaraq ödənildiyi günədək əlavə dəbbə pulu hesablanır və cərimənin məbləği kredit faizinin 2 mislinə bərabərdir. Cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş, kreditin hər ay bərabər hissələrlə ödənilməsi şərtini pozmuşdur. Cavabdeh axırıncı dəfə xx.xx.2019-cu il tarixində cəmi 2000 manat məbləğində ödəniş etmişdir. Nəticədə onun banka iddia ərizəsində qeyd olunan məbləğdə borcu yaranmışdır. Göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Abşeron Rayon Məhkəməsinin 2(012)-49/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 202000 manat əsas borc, 55348,15 manat faiz borcu və 89838,93 manat əldən çıxmış fayda olmaqla, cəmi 347187,08 manat məbləğində kredit borcu və 18 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 31 mart 2022-ci il tarixli, 9/8685 saylı mühasibatlıq ekspertizasına görə 200 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 119 manatın Cavabdeh, 81 manat isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN- **********; müxbir hesab AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; hesab- AZ34CTRE******************** hesabına köçürülməsi qət edilmişdir (hakim E.Məmmədov). Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər arasında 01 fevral 2016cı il tarixli, 1**-HF-***8 saylı kredit müqaviləsi imzalanmışdır. Bu müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanıb və onun etibarsızlığına səbəb ola biləcək digər hallar da mövcud deyildir. Cavabdeh müqavilə üzrə kredit vəsaitini əldə etmiş, lakin müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, borc öhdəliyini icra etməmiş, ona edilən xəbərdarlıqlara məhəl qoymamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 385.1, 425.1, 442, 445, maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-49/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Şikayətin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarının pozulması ilə nəticələnən əsassız qətnamə qəbul etmişdir. Məhkəmə iddia tələbini təmin edərkən, iddiaçının əsaslandığı 01 fevral 2016-cı il tarixli 1**-HF-***8 saylı kredit müqaviləsinə istinad etmişdir. Halbuki, həmin müqavilə əsl əqdi pərdələmək üçün bağlandığından yalan əqd olmaqla etibarsızdır. İşin faktiki halı bundan ibarət olmuşdur ki, "xxxx" MMC-nin İddiaçı ASC ilə əməkdaşlığı olmuş, "xxxx" MMC elektronika mallarının krediti ilə məşğul olmuşdur. "xxxx"MMC İddiaçı ASC-dən alınmış kreditlərin hesabına elektronika malları əldə edərək onları istehlakçılara kredit müqaviləsi əsasında vermiş, vətəndaşlar tərəfindən icra edilməli olan öhdəliklərə zamin qismində çıxış etmişdir. Respublika ərazisində devalvasiya olduqdan sonra istehlakçıların İddiaçı ASC-yə 4 milyon manata yaxın borcları olmuşdur. 2016-cı ilin yanvar ayında Bank əməkdaşları cavabdehi banka dəvət edərək, vətəndaşlara verilmiş olan istehlak kreditləri üzrə borcların vətəndaşlardan geri alına bilinmədiyi üçün, istehlak kreditlərinin verilməsinə məhdudiyyətlər qoyulduğunu və buna görə də bankın daimi müştərisi olan "xxxx" MMC-yə kredit verilməsində problemlər yarandığını bildirərək ondan "xxxx" MMC üçün kredit müqaviləsini formal olaraq onun adına rəsmiləşdirilməsini xahiş etdilər. Həmin vaxt o, şirkətin uzun müddət normal fəaliyyət göstərdiyini bildiyi üçün bu təkliflə razılaşdı. Tək şərti isə "xxxx" MMC ilə İddiaçı ASC arasında bağlanmış digər kredit müqaviləsi üzrə öhdəliyin təminatı kimi girov qoyulmuş və anasına məxsus olan mənzilin girovdan azad edilməsi olmuşdur. Beləliklə də, İddiaçı ASC ilə aralarında 300.000 manat məbləğində kreditlə bağlı 1**-HF-***8 saylı 01 fevral 2016-cı il tarixli kredit müqaviləsi imzalanmış və həmin kredit yəni 297.000 manat məbləğində pul vəsaiti 02 fevral 2016-cı il tarixdə onun hesabına köçürüldükdən dərhal sonra "xxxx" MMC -nin İddiaçı ASC-yə olan kredit borcuna yönəldilmişdir. Həmin kredit müqaviləsi üzrə pul vəsaiti ona təhvil verilməmişdir. Qeyd etdiyi bu faktları 09 aprel 2019-cu il tarixli hesabdan çıxarış təsdiq edir. Bundan başqa məhkəmə sübut kimi iş üzrə təyin olunmuş 31 mart 2002-ci il tarixli məhkəmə mühasibatlıq ekspertizasının rəyinə istinad etmişdir. Rəylə onun banka 142.800 manat ödəməsi təkzib olunmur, bununla yanaşı müəyyən olunur ki, cavabdehin Banka 299.970 manat əsas, 55.348 ,15 manat faiz borcu, 20 sentyabr 2021-ci il tarixinə əldən çıxmış fayda üzrə 89838,93 manat borcu vardır. Göründüyü kimi ekspertiza rəyinin mötəbərliyi ilk baxışdan belə şübhə doğurur. 300.000 manat məbləğində kredit üzrə 142.000 manat ödədiyi halda əsas borc üzrə 299.970 manat borc olması ağlasığan deyil. Göründüyü kimi məhkəmə iş üzrə səthi araşdırma aparmış və əsassız qətnamə qəbul etmişdir. Odur ki apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qanuni qətnamə qəbul edilməlidir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, şikayətin dəlilləri əsassızdır. Cavabdehin ödənişləri ilk olaraq əsas borcdan, daha sonra faiz və cərimə borcundan silinmişdir. Cavabdehin faiz borcu müqavilənin qüvvədə olduğu müddət ərzində 55348 manat təşkil edir. Əldən çıxmış fayda 89838 manat təşkil edir. Ekspert rəyi ödənişlər üzrə silinmələri düzgün hesablamamışdır. Buna görə də ekspert rəyi ilə maliyyə arayışında borcun məbləğinə dair fərqlər vardır. Göstərilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Cavabdeh vəkili Nümayəndə1 xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə ərizəs ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1 məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apelyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apelyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin təmin edilməyən hissəsində qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyindən, məhkəmə kollegiyası həmin hissədə araşdırma aparmır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Mülki işin materiallarında olan 01 fevral 2016-cı il tarixli, 1**-HF-***8 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh (kreditalan) həqiqətən də İddiaçı ASC-dən illik 17 faiz dərəcəsi ilə 300000 manat məbləğində kredit almışdır. İşə əlavə edilmiş arayışdan görünür ki, Cavabdeh bankla bağladığı 01 fevral 2016cı il tarixli, 1**-HF-***8 saylı kredit müqaviləsi üzrə 202000 manat əsas borcu, kredit müqaviləsinin müddətinin bitdiyi - 01 fevral 2018-ci il tarixə 75480,42 manat faiz borcu, kredit müqaviləsinin müddətinin bitdiyi 01 fevral 2018-ci il tarixə gecikdirilmiş əsas kredit borcuna görə hesablanmış 45733,86 manat dəbbə pulu kredit müqaviləsinin bitdiyi 01 fevral 2018-ci il tarixdən sonra banka vurulmuş zərər (əldən çıxmış fayda) üzrə 262958,73 manat olmaqla, cəmi 586173,01 manat borcu vardır. Mülki işdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 31 mart 2022-ci il tarixli, 9/8685 №-li ekspert rəyindən görünür ki, Cavabdeh 01 fevral 2016-cı il tarixli, 1**-HF-***8 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2018ci il tarixinə 299970 manat əsas borc, 55348,15 manat faiz borcu, xx.xx.2021-ci il tarixinə əldən çıxmış fayda üzrə 89838,93 manat borcu vardır. Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 01 fevral 2016-cı il tarixli, 1**-HF-***8 saylı kredit müqaviləsi üzrə iş materiallarında olan sənədlərə əsasən bank tərəfindən cərimə hesablanmamışdır. Apellyasiya baxışı zamanı əldə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/8402 №-li ekspert rəyindən görünür ki, Cavabdeh 01 fevral 2016-cı il tarixli, 1**-HF-***8 saylı kredit müqaviləsi üzrə yə xx.xx.2018-ci il tarixinə 299970 manat əsas borc, 55348,15 manat faiz borcu, xx.xx.2021-ci il tarixinə əldən çıxmış fayda üzrə 71.187.08 manat borcu vardır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə qiymət verərək, qeyd edir ki, apellyasiya şikayəti iki əsas dəlillə əlaqəlidir ki, onlardan biri tərəflər arasında bağlanmış 01 fevral 2016-cı il tarixli, 1**-HF-***8 saylı kredit müqaviləsinin etibarsızlığı ilə bağlıdır. Məhkəmə kollegiyası bu dəlilə tənqidi yanaşır və mövqeyini bununla əsaslandırır ki, cavabdehin bu dəlili mahiyyəti etibarı ilə ayrıca iddia tələbinə uyğundur. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-2583/2021 nömrəli qərarından görünür ki, iddiaçı Cavabdeh İddiaçı ASC-nə (üçüncü şəxs "xxxx" MMC) qarşı müqavilənin etibarsızlığına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlə onun arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(004)- 1902/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilməmiş, qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)-8593/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamədən iddiaçı tərəf kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-2583/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(103)- 8593/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, müqavilənin etibarsızlığı ilə bağlı iddia tələbinin təmin edilməməsi barədə qanuni qüvvəsini almış məhkəmə qərarları olduğundan apellyasiya şikayətinin bu dəlili əsaslı sayıla bilməz. Apellyasiya şikayətinin müqavilə üzrə yaranmış əldən çıxmış faydaya dair borcun məbləği ilə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi bu hissədə əsssız olduğundan təmin edilə bilməz. belə ki, iddiaçı iddiasını həmin hissədə əsaslandırmamış, əldən çıxmış faydanın nədən ibarət olması, necə yaranması barədə hər hansı sübutu təqdim etməmişdir. Ona görə də iddia tələbi bu hissədə təmin edilə bilməz. Məhkəmə kollegiyası hazırkı iş üzrə mübahisənin obyektiv və qanuni həlli kimi məhz həmin ekspert rəyinə istinad edilməsini zəruri hesab edir. Məhkəmə kollegiyasının qənaətincə mübahisənin hazırkı formada həlli onun mahiyyətinə ədalətli yanaşmanın nəticəsi kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə iddiaçının apellyasiya şikayətində göstərilmiş dəlilləri qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğvi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 2(012)-49/2022 nömrəli, 01 iyun 2022-ci il tarixli qətnaməsi qismən, Cavabdeh 89838,93 manat əldən çıxmış faydanın İddiaçı ASC-nin xeyrinə tutulması hissəsində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Cavabdeh 71.187.08 manat əldən çıxmış fayda borcu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə Cavabdeh 202000 manat əsas borc, 55348,15 manat faiz borcu və 18 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən 31 mart 2022-ci il tarixli, 9/8685 saylı mühasibatlıq ekspertizasına görə 200 manat ekspertiza xərcinin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 119 manatın Cavabdeh, 81 manat isə İddiaçı ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN- **********; müxbir hesab AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; hesab- AZ34CTRE******************** hesabına köçürülməsi hissəslərində dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 200 manat pulun 80 manatı İddiaçı ASC-dən, 120 manatı isə Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin SAP (XİİS) hesabı-X1, kod-210005; VÖEN- **********; müxbir hesab AZ41NABZ********************; SWİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; hesab- AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.