Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1531/2022 14.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi X3 iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(060)-2355/2022 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(060)-2355/2022 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Almaz Süleymanova) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2709/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin və ödənilmiş məhkəmə xərcinin əvəzi olaraq 50 manatın Cavabdeh İddiaçı xeyrinə tutulması, dəyişdirilmiş məbləğdə alimentin tutulmasının məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2709/2017 saylı, 07 aprel 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək, Cavabdeh hər ay 193 manat sabit pul məbləğində alimentin tutulub, birgə nikahlarından olan xx.xx.2015ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi və mediasiya üçün ödədiyi 50 manat xərcin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2015-ci il tarixdə X8 anadan olmuşdur. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması və birgə nikahlarından olan xx.xx.2015-ci il təvəllüdlü X5 onun yanında qalması qət edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 2709/2017 saylı, 07 aprel 2017-ci il tarixli qətnaməsi ilə xx.xx.2017-ci il tarixdən başlayaraq cavabdehdən birgə nikahlarından olan xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 90 manat sabit pul məbləğində alimentin, həmçinin uşaq üç yaşına çatana kimi hər ay 35 manat məbləğində alimentin tutulub ona verilməsi qət edilmişdir. O, 90 manat məbləğində alimentlə oğlunu saxlamaqda çətinlik çəkir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşağın böyüməsi ilə əlaqədar olaraq tələbatları da gündən günə artır. Ona görə də uşağın mənafeyi, normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, həmçinin 2022-ci il Respublikada uşaqlar üçün yaşayış minimumunun 193 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qismən maddi və prosessual hüququ normalarının pozulması ilə qəbul edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2709/2017 saylı, 07 aprel 2017-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra onun maddi vəziyyətində müsbət tərəfə heç bir dəyişiklik olmamışdır, həmin vaxtdan indiyədək heç bir yerdə işləmir. İddiaçı isə bu müddət ərzində işə girmiş və işləyir. Lakin məhkəmə işin bu halını nəzərə almamış, bununla da Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələblərini pozmuşdur. Bundan başqa, məhkəmə iddianı təmin edərkən yalnız ölkə üzrə yaşayış minimumunun bu il uşaqlar üçün 193 manat olmasını nəzərə almış və həmin məbləğdə aliment təyin etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, uşağın saxlanması hər iki valideynin borcudur və həmin məbləğin tutulmasını yalnız cavabdehin üzərinə qoymaqla məhkəmə düzgün nəticəyə gəlməmişdir. İşin digər bir halı ondan ibarətdir ki, o, əvvəl təyin edilmiş alimentin odənilməsində belə çətinlik çəkir. Belə ki, onun hazırda köhnə alimentə görə iddiaçıya təxminən 1000 manat borcu vardır va alimentin birdən birə 2 dəfə qaldırılması onu çox çətin vəziyyətdə qoyacaqdır. Bu da həmin qətnamənin icrasında çətinliklər yaradacaqdır. Məhkəmə işdə olan sübutlara düzgün qiymət verməmiş, bununla da prosessual hüquq normalarını pozmusdur. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X7 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verərək iş üzrə məhkəmə qətnaməsinin ləğv olunması və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi Vəkil1 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. İddiaçı və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlmədiklərindən, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilibedilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 nikahından 15 iyul 2015-ci il tarixdə X8 anadan olmuşdur. İş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli, 2(044)-2709/2017 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddiası qismən təmin edilmiş, xx.xx.2017-ci ildən başlayaraq Cavabdeh xx.xx.2015-ci ildə anadan olmuş İmran adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 90 manat sabit pul məbləğində alimentin tutularaq X4 verilməsi, xx.xx.2017-ci ildən başlayaraq xx.xx.2015-ci ildə anadan olmuş İmran adlı uşağın 3 yaşına çatanadək Cavabdeh hər ay 35 manat alimentin X2 xeyrinə tutulması qət edilmişdir. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında olan nikahın pozulması 27 fevral 2020-ci il tarixdə Gəncə şəhəri Nizami rayon qeydiyyat şöbəsində 52 sayla qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə kollegiyası qanunvericiliyin qeyd edilən normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, iddiaçı alimentin miqdarının artırılması barədə iddia tələbi irəli sürməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli, 2(044)-2709/2017 saylı qətnaməsi ilə xx.xx.2017-ci ildən başlayaraq Cavabdeh xx.xx.2015-ci ildə anadan olmuş İmran adlı uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 90 manat sabit pul məbləğində alimentin tutularaq X4 verilməsi qət edilmişdir. “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2017-ci ildə yaşayış minimumu uşaqlar üçün 136,60 manat məbləğində müəyyən edilmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli, 2(044)- 2709/2017 saylı qətnaməsi qəbul olunan vaxtdan keçən 5 ildən artıq müddət ərzində uşaqların yaşayış minimumu üçün müəyyən edilmiş məbləğ artmış, bu isə iddiaçının uşağın saxlanmasına, tələbatının ödənilməsinə daha çox vəsait sərf etməsinə, başqa sözlə, onun maddi vəziyyətinin dəyişilməsinə səbəb olmuşdur. Həmçinin “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2022-ci ildə yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, xx.xx.2015-ci ildə anadan olmuş X8 iddiaçının himayəsindədir, uşağa qulluq, onun təhsil, sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşür. Digər tərəfdən, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli, 2(044)-2709/2017 saylı qətnaməsi ilə alimentin miqdarının müəyyən edildiyi 2017-ci ildən sonra istehlak mallarının qiymətində bahalaşma olduğundan, uşağın saxlanılması üçün 90 manat miqdarında aliment istehlak bazarında mövcud olan hazırki real qiymətlərlə uzlaşmır və uşağın minimal tələbatlarının ödənilməsi üçün kifayət deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Cavabdeh apellyasiya şikayətində işləmədiyini göstərmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə əsasən ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. Hazırki mübahisə üzrə iddiaçının artırılmasını tələb etdiyi alimentin bir illik məbləği 1236 manat (193 manat -90 manat = 103 manat) x 12 ay) təşkil edir. Ona görə də hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İs üzrə Sumqayıt Şəhər Məhkəməsinin 10 may 2022-ci il tarixli, 2(060)-2355/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1531/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1531/2022
14.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver