Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1534/2021 24.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(060)-674/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(060)-674/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Almaz Süleymanova) İddiaçı açıq səhmdar cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, “Nikoyl” X5 açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 mart 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 17137,16 manat əsas borc, 900,88 manat faiz borcu, 08,48 manat cərimə borcu, cəmi 18046,52 manatın və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın tutulması qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı açıq səhmdar cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək “Nikoyl” X5 açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 mart 2019-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh cəmiyyətin xeyrinə 15 mart 2019-cu il tarixli kredit müqaviləsi üzrə 17137,16 manat əsas borc, 900,88 manat faiz borcu və 8,48 manat cərimə borcu olmaqla, cəmi 18046,52 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələblərini onunla əsaslandırmışdır ki, Cavabdeh 15 mart 2019-cu il tarixli kredit müqaviləsinə əsasən “Nikoyl” X5 açıq səhmdar cəmiyyətindən illik 22 faizlə 48 ay müddətinə 20000 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 05 avqust 2020-ci ilədək Cavabdeh banka 15 mart 2019-cu il tarixli kredit müqaviləsi üzrə 17137,16 manat əsas borc, 900,88 manat faiz borcu və 8,48 manat cərimə borcu olmaqla, cəmi 18046,52 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 15 mart 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənişləri müqavilə bağlanandan 2020-ci ilin martınadək vaxtında yerinə yetirmiş və 2020-ci ilin martında yaranan çətinliklər barədə əvvəlcədən banka müraciət etmişdi. Çətinliklərin səbəbi uşağının müalicəsinin intensivliyinin davam etdirilməsi ilə bağlı xərclərin artması olmuşdur. 2020-ci ilin martında banka müraciət edərək 2020-ci ilin sonunadək kredit müqaviləsi üzrə aylıq ödənişin 50 faizinin müvəqqəti azaldılmasını xahiş etmişdir. Müraciətdə 8 aylıq ödənişlərdə yaranan ödəmə öhdəliklərinin qalıq məgləğinin 2021-ci ilin yanvarından növbəti aylar ərzində bölünməsini təklif etmişdir. 2019-2020-ci illərdə pandemiya ilə bağlı çətin vəziyyətlərdə bank tərəfindən müraciətinə cavab verilməmişdir. 2020-ci ilin oktyabrında bank müraciətinə mənfi cavab vermişdir. 2021-ci ilin yanvarında yenidən banka müraciət edərək müqavilə üzrə ödəniş öhdəliklərini tam və ötən 8 ay ərzində yaranmış əlavə borcu nəzər almaqla həyata keçirə biləcəyini göstərmişdir. Müraciətinə yenidən rədd cavabı verilmişdir. Qeyd etdiyi 8 ay ərzində aylıq ödənişlərin 50 faizini etmiş və 2021-ci ilin yanvarından başlayaraq bu günə qədər aylıq ödənişlərinin tam şəkildə edir. Apellyasiya şikayətində iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və borclu olduğu pulun qalan hissəsinin qrafik üzrə ödəmələrin aparılması barədə yeni qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə qismən, əsas borca aid hissədə dəyişiklik edilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarından görünür ki, “Nikoyl” X5 açıq səhmdar cəmiyyəti ilə bağlanmış 15.03.2019-cu il tarixli, 6-Y-2-0-859-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə, illik 22 faiz ödənilməklə 20000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin maliyyə arayışından görünür ki, 15.03.2019-cu il tarixli, 6-Y-2-0-859-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh 05.08.2020-ci il tarixə banka 17137,16 manat əsas borcu, 900,88 manat faiz borcu, 8,48 manat cərimə borcu, cəmi 18046,52 manat borcu vardır. İş materiallarında olan İddiaçı açıq səhmdar cəmiyyətinin 04.08.2020-ci il tarixli məktubunun surətindən görünür ki, Cavabdeh 15.03.2019-cu il tarixli, 6-Y-2-0-859-19 saylı kredit müqaviləsinə görə verilmiş krediti 5 gün müddətində könüllü şəkildə ödəməyi təqdirdə, borcun məhkəmə qaydasında tutulması üçün tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı açıq səhmdar cəmiyyətinin maliyyə arayışından görünür ki, 15.03.2019-cu il tarixli, 6-Y-2-0-859-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh 24.06.2021-ci il tarixə banka 15137,16 manat əsas borcu, 2648,78 manat faiz borcu, 252,57 manat cərimə borcu, cəmi 18038,51 manat borcu vardır. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. İş üzrə araşdırılmış sübutlardan görünür ki, “Nikoyl” X5 açıq səhmdar cəmiyyəti ilə bağlanmış 15.03.2019-cu il tarixli, 6-Y-2-0-859-19 saylı kredit müqaviləsinə əsasən Cavabdeh 48 ay müddətinə, illik 22 faiz ödənilməklə 20000 manat məbləğində kredit verilmişdir. Azərbaycan Respublikası MM-nin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. “Nikoyl” X5 açıq səhmdar cəmiyyətinin ilə Cavabdeh arasında bağlanmış 15.03.2019-cu il tarixli, 6-Y-2-0-859-19 saylı kredit müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh 15.04.2019-cu il tarixdən başlayaraq hər ay əsas və faiz borcu ilə birlikdə 630,12 manat, sonuncu ay isə 630,31 manat ödəniş etməlidir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh ödənişləri qrafik üzrə aparmamış, əsas borc üzrə sonuncu dəfə 13 fevral 2020-ci il tarixdə, faiz borcu üzrə isə 28 iyul 2020-ci il tarixdə ödəniş etmişdir. Bu halı məhkəmə kollegiyasının iclasında cavabdeh də etiraf etmişdir. Qeyd edilən hallar Cavabdeh tərəfindən müqavilənin əhəmiyyətli dərəcədə pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli hüquq münasibətlərinə tətbiq edib, hesab edir ki, cavabdehin kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi, hazırki öhdəlik hüquq münasibətlərinin məhz cavabdehin təqsiri üzündən pozulması işin mübahisəsiz halları olmaqla, həmin faktlar işdə iştirak edən şəxslərin izahatları və mülki işin materialları ilə də inkar edilmədiyindən və cavabdeh pul vəsaitini qanunsuz saxlamaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalandığından, birinci instansiya məhkəməsi düzgün olaraq “Nikoyl” X5 açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 mart 2019cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 900,88 manat faiz borcu, 8,48 manat cərimə borcu və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə tutulması nəticəsinə gəlmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı açıq səhmdar cəmiyyətinin maliyyə arayışı ilə müəyyən olunmuşdur ki, 15.03.2019-cu il tarixli, 6-Y-2-0-859-19 saylı kredit müqaviləsi üzrə Cavabdeh 24.06.2021-ci il tarixə banka 15137,16 manat əsas borcu vardır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə əsas borc məbləğlərinə aid hissədə dəyişiklik edilməli, Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 15137,16 manat əsas borc tutulmalıdır. Cavabdeh apellyasiya şikayətində borclu olduğu pulun qalan hissəsinin cədvəl üzrə ödəmələrinin aparılması barədə yeni yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu hissəsi ilə bağlı qeyd edir ki, hazırki qətnamə ilə “Nikoyl” X5 açıq səhmdar cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 mart 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi digər dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, cavabdehlərin apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinə qismən, əsas borca aid hissədə dəyişiklik edilməli, qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(060)-674/2021 saylı qətnaməsinə qismən, əsas borca aid hissədə dəyişiklik edilsin. Cavabdeh İddiaçı açıq səhmdar cəmiyyətinin xeyrinə 15137,16 (on beş min yüz otuz yeddi manat 16 qəpik) manat əsas borc tutulsun. Qalan hissələrdə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər, qətnamədən kassasiya şikayəti verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1534/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1534/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver