Məhkəmə qərarları › İş №2(105)-1534/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1534/2023

10.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1534/2023 10.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X3 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil3, cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-318/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İşin hallarına görə Cavabdeh 20 aprel 2021-ci il tarixdə İddiaçı MMC ilə əmək müqaviləsi bağlamış və yükdaşıyan sürücü vəzifəsinə işə qəbul olunmuşdur. İşəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında 20 aprel 2021-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır.

2. İddiaçı MMC ilə "xxxx" MMC arasında nəqliyyat xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmışdır.

3. Tərəflər arasında mübahisə "xxxx" MMC şirkətinə məxsus malların İran İslam Respublikasından Rusiya Federasiyasına daşınması zamanı malların məhv olmasına görə dəymiş ziyanın ödənilməsi ilə bağlı yaranmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh X1 17842 (on yeddi min, səkkiz yüz qırx iki) ABŞ dolları maddi ziyanın, işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 210 (iki yüz on) manat dövlət rüsumunun alınaraq, İddiaçınə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 DAF markalı yük dartıcı və ** ZA *** dövlət nömrə nişanlı qoşqusu ilə Rusiya Federasiyasının Moskva şəhərinə apardığı kənd təsərrüfatı məhsulllarını 06 may 2021-ci il tarixdə sifarişçi tərəfə təhvil verərkən məlum olmuşdur ki, soyuducunu işlətməməsi səbəbindən həmin məhsullar tam yararsız hala düşmüş, bununla da müəssisəyə 17842 (on yeddi min səkkiz yüz qırx iki) ABŞ dolları məbləğində ziyan vurmuşdur. Cavabdeh zərəri ödəyəcəyinə söz versə də, artıq 2 aydan çox vaxt keçsə də, ziyanı ödəməmişdir. Ona görə məhkəmədə iddia qaldırılıb.

6. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi Vəkil1 iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, cavabdeh İddiaçı MMC-yə məxsus “DAF” markalı yük dartıcı və ** ZA *** dövlət qeydiyyat nişanlı qoşqunu Rusiya Federasiyasının Moskva şəhərinə apardığı kənd təsərrüfatı məhsullarını xx.xx.2021-ci il tarixdə sifarişçi tərəfə təhvil verərkən məlum olmuşdur ki, cavabdehin soyuducunu işlətməməsi səbəbindən həmin məhsullar tam yararsız hala düşmüş, bununla da müəssisəyə 17842 ABŞ dolları məbləğində ziyan vurmuşdur. İddia tələbi ilə bağlı sübutları akt, malın sahibi tərəfindən tərtib olunmuş pretenziya, cavabdehin özünün əməlini etiraf etməsi barədə izahatıdır. Cavabdehin özünün etirafedici izahatı var ki, soyuducuya baxmalıdır. Sürücülər adətən soyuducunu söndürürlər ki, yanacağa qənaət edib sonra satsınlar. "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli pretenziyasının və ona əlavə olunmuş "xxxx" MMC-nin Survey (araşdırma) hesabatının rus dilində olan əsillərini və həmin sənədlərin azərbaycan dilinə tərcüməsi notarial qaydada təsdiq edilmiş surətlərini, bundan başqa nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və sürücülük vəsiqəsinin surətlərini, həmçinin fotoşəkillərin surətlərini təqdim etmişdir. Həmin fotoşəkillərdə xarab olmuş məhsulların təsvirləri əks olunub. İddianın təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etməyib iddia ərizəsinə yazılı etirazını təqdim etmişdir. İzahatını yazılı etirazına uyğun verərək qeyd etmişdir ki, iş materialları ilə tanışdır. Birincisi İddiaçı MMC nəqliyyat şirkəti kimi icraçıdır, "xxxx" MMC isə sifarişçidir. Onların arasında xx.xx.2021-ci il tarixdə 1 il müddətinə nəqliyyat xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanılıb. Müqavilənin adından da göründüyü kimi İddiaçı MMC "xxxx" MMC-yə nəqliyyat xidməti göstərir, "xxxx" MMC də sifariş edir ki, mal RF-nın Moskva şəhərinə Food City bazarına çatdırılır. Müqavilənin 5-ci bəndində iddiaların təqdim olunması qaydası yazılır. Orada qeyd olunur ki, əgər sifarişçi "xxxx" MMC-yə təhvil verilmiş mal yararsız vəziyyətdə olarsa, 5-7 gün ərzində icraçı tərəfindən sifarişçiyə ziyanın ödənilməsi haqqında iddia göndərilir, "xxxx" MMC iddia göndərir. O iddia da var. 30 gün müddətində icraçı həmin iddiaya münasibət bildirməlidir, ya ziyanı sifarişçiyə ödəməlidir ya ödəməkdən imtina etməlidir. Bu məsələ may ayında olub, yəni qeyd olunan müqavilənin qüvvədə olduğu müddətdə olub bu hadisə. "xxxx" MMC iddianı İddiaçı MMC-yə göndərib və ziyan məbləği 17842 ABŞ dolları hesablanıb. xx.xx.2021-ci il tarixdə iddia tərtib olunub. Ziyan aktını "xxxx" MMC tərtib edib Moskvada, aktın tərtibində cavabdeh özü də iştirak edib. "xxxx" MMC müəyyən edib ki, göndərilən mal, yəni avtomaşına yüklənmiş yük “romanov” salatı brutto çəkisi 6900 kq, netto çəkisi 6350 kq, “kərəvəz sapı”, brutto çəkisi 1700 kq, netto çəkisi 1600 kq və “kəvər soğanı”, brutto çəkisi 1400 kq, netto çəkisi 1300 kq olub. Həmin məhsulların ümumi dəyəri hesablanıb və 17000 ABŞ edib. Gömrük xərcləri 1162 ABŞ dolları, zibilin utilizasiyası 680 ABŞ dolları, malın satılması mümkün olmuşdur, 100 ABŞ dollarına satmışdır. Qeyd olunub ki, İddiaçı MMC "xxxx" MMC-yə 17842 ABŞ dolları ziyan vurub və xahiş olunub ki, 30 iş günü ərzində maddi ziyan ödənilsin. Müqavilədə o da yazılır ki, tərəflərin aralarındakı münasibətlər Rusiya Federasiyasının qanunları ilə nizamlanır. Əslində iddiaçı cavabdehə qarşı reqres qaydasında iddia ərizəsi verməlidir. Əvvəlcə İddiaçı MMC ziyanı "xxxx" MMCyə ödəməlidir. Pulun ödənilməsinə dair isə heç bir sənəd, heç bir məhkəmə çəkişməsi yoxdur. Cavabdehin maddi məsuliyyət müqaviləsinə, əmək müqaviləsinə toxunmur. Sənədlərdə qeyd olunur ki, cavabdeh özü də etiraf edib ki, malı aparıb sağlam vəziyyətdə Eşqin adlı şəxsə təhvil verib. O, "xxxx" MMC-nin baş direktorudur. Cavabdeh verdiyi məlumata əsasən malı Moskva şəhərində Food city bazarına aparırdılar, orada malı həkim müayinədən keçirirdi, müayinədən keçməzsə mal bazara daxil ola bilməzdi. Bu mal da bazara həqiqətən daxil olub. Eşqin mala baxış keçirib, müəyyən edib ki, malda korlanma var, bunu özləri müəyyən ediblər. Reqres iddia qaydasında iddia verilməli idi. İddiaçının hazırda tələb etdiyi məbləğ "xxxx" MMC-nin İddiaçı MMC-dən tələb etdiyi məbləğdir. Ziyan "xxxx" MMC-yə dəyib. İddiaçı MMC ziyan ödəyib cavabdehə qarşı reqres iddia qaldırmalı idi. Hazırda iddiaçının cavabdehə qarşı iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur.

8. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid izahatında göstərmişdir ki, 2013-cü ildən İddiaçı MMC-də xətt nəzarətçisi işləyir. Vəzifəsi yükdaşımada gələn maşınları qarşılamaq, onları təyinatı üzrə göndərmək, yükünü vermək, maliyyəsindən başqa bütün prosedurları həyata keçirməkdir. Cavabdehin məsələsi ilə bağlı məlumatı var. Cavabdeh həmin dövrdə bunu təkzib etmirdi. Təxminən 2020-2021-ci illərdə 3-4 avtomaşın İrana göndərmişlər ki, gedib yük vurub gəlsinlər. Müxtəlif yüklər var idi. Cavabdeh də kələm yükləmişdi, qarışıq mal idi. Xaçmaza gələndə cavabdehin yük maşınına yanacağı doldurmuş, Rusiya Federasiyasına yola salmışdır. Bundan 3-4 gün sonra yükün sahibi onlara zəng etmişdir ki, mal gəlib, xarab vəziyyətdədir. O, cavabdehlə əlaqə saxlamış, nə baş verdiyini soruşmuşdur. Cavabdeh and içmişdir ki, heç nə etməyib. Avtomaşınlarda malın sahibi şpion adlanan cihaz yerləşdirir, həmin cihazla avtomaşının soyuducusunun saniyəsinədək nə vaxt söndürüldüyünü sistem vasitəsi ilə bilmək olur. Sürücülər guya yanacağa qənaət edirlər, bu son dövrlərdə yaranmış dəbdir. Sonra isə yanacağı satırlar. Bu məsələ ekspertizaya göndərilmişdir. Sonra cavabdeh bildirmişdir ki, Dağıstan ərazisində bəzi sürücülər deyib ki, yanacağa qənaət et, sonra satarsan, problem olmayacaq. Cavabdeh isə onların ağlına uyub soyuducunu söndürmüş, məhsulu da məhv etmişdir. Cavabdeh bundan sonra 1 il yarım şirkətdə işlədi və söz verdi ki, işlədikcə bu məbləği də ödəyər. 5-6 ay bundan əvvəl gecə saat 4-5 radələrində ona whatsapp vasitəsilə mesaj atdı ki, maşını yanacaqdoldurma məntəqəsinin yanında qoyub özü isə çıxıb gedib. Avtomaşın da yüklə dolu idi. Avtomaşının açarları da üstündə idi, qapısı da açıq, yüklü vəziyyətdə. Onlar isə bu barədə akt tərtib etmişlər.

9. İş materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh 20 aprel 2021-ci il tarixdə İddiaçı MMC ilə əmək müqaviləsi bağlamış və yükdaşıyan sürücü vəzifəsinə işə qəbul olunmuşdur.

10. İş materiallarında olan “Tam maddi məsuliyyət haqqında” müqavilənin surətindən görünür ki, işəgötürən İddiaçı MMC ilə işçi Cavabdeh arasında 20 aprel 2021-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır.

11. İş materiallarında olan 20 aprel 2021-ci il tarixli iltizamın surətindən görünür ki, işçi Cavabdeh idarə etdiyi DAF markalı ** AC *** dövlət qeydiyyat nişanlı dartıcı və SCHMİTZ SKO 24 markalı ** ZA *** dövlət qeydiyyat nişanlı qoşqu ilə Rusiya Federasiyası istiqamətində hərəkət edərkən, eləcə də təyinat üzrə gedərkən, eyni zamanda qayıdarkən yolda nəqliyyat vasitəsinə ziyan vurarsa, nəqliyyat vasitəsinin təmirini özü icra edəcəyi, həm də vurulmuş ziyanı özü ödəyəcəyini, həm də apardığı məhsula ziyan vurarsa məsuliyyəti özü daşıyacağı barədə İltizama imza etmişdir.

12. İş materiallarında olan 05 yanvar 2021-ci il tarixli İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış nəqliyyat xidmətlərinin göstərilməsi üzrə 1 №-li müqavilənin predmetindən görünür ki, bu müqavilənin predmeti daşımaların planlaşdırılması və həyata keçirilməsi, avtomobil nəqliyyatı kommunikasiyası ilə yüklərin daşınması ilə bağlı sair nəqliyyat xidmətlərinin göstərilməsi zamanı sifarişçi və icraçı arasında yaranan qarşılıqlı münasibətlərin qaydasıdır. İcraçı, bu müqavilə ilə nəzərə tutulan şərtlərə uyğun olaraq şəxsən, özünün nəqliyyat vasitələri ilə yüklərin avtonəqliyyatla daşınmalarını həyata keçirir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icraçı, sifarişçidən (malgöndərəndən) yükü daşımaq üçün qəbul etdiyi andan yükün alıcısına təhvil veriləcəyi ana kimi yükün bütövlüyünə görə məsuliyyət daşıyır və yükün çatışmazlığı, zədələnməsi (korlanması), itirilməsi (məhvi) nəticəsində dəymiş ziyanı sifarişçiyə ödəməyə borcludur. Həmin müqavilənin 5.1-ci maddəsinə əsasən yükün daşınması zamanı onun çatışmazlığı, zədələnməsi (korlanması) və ya itirilməsi (məhv olması) yaranarsa, həmçinin icraçı tərəfindən bu müqavilənin şərtlərinin pozulması halında, sifarişçi icraçıya müvafiq iddianı təqdim edir. İcraçı tərəfindən bu müqavilənin yerinə yetirilməməsi (müvafiq formada yerinə yetirilməməsi) nəticəsində üçüncü şəxslərə dəyən ziyan, Rusiya Federasiyasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada icraçı tərəfindən ödənilir. İddiaların təqdim olunması , o cümlədən bu müqavilənin şərtlərinin pozulmasına görə iddiaların təqdim olunması, mübahisələr tam həll olunana kimi müqavilənin 3-cü bölməsi üzrə hesablaşmalar prosesini avtomatik qaydada dayandırır.

13. İş materiallarında olan 060521 saylı xx.xx.2021-ci il tarixli "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə göndərilmiş iddiadan görünür ki, xx.xx.2021-ci ildə Kaluqa şosesi 22 km ünvanda Fud siti bazarının ərazisinə anbar terminalı 37 "xxxx" MMC-yə məxsus olan yüklə İddiaçı MMC şirkətinin 27AC797/27ZA140 nömrəli yük maşını gəlib, məhz Romano Salatı ilə brutto çəkisi 6900 kq, netto çəkisi 6350 kq, kərəvəz sapı-brutto çəkisi 1700 kq, netto çəkisi 1600 kq, Kəvər soğanı-brutto çəkisi 1400 kq, netto çəkisi-1300 kq. Qəbul edən zaman maşını açdıqdan sonra 27AC797/27ZA140 nömrəli nəqliyyat vasitəsinin sürücüsü Əsgərov Bəxtiyarın iştirakı ilə malın lazımi keyfiyyətdə olmaması aşkar olunmuşdur. Mexaniki zədələr, daxili oksidləşmə, çürüntü, kiflənmə, bit, nekroz, çoxyetişmiş kötük. "xxxx" MMC şirkəti "xxxx" MMC şirkətinin xidmətlərinə müraciət edib və sərbəst ekspertiza aparıb. Ekspertiza zamanı müəyyən olunmuşdur ki, malın nəql edilməsi zamanı temperatur pozulmuşdur, məhsulun iş temperaturu +9,3-dən 11,5C-dək göstərib, yol verilən norma isə 0-dan +5C-dək olmalıdır. X5-dən məlumatların göstəriciləri aşkar edilib ki, yükün nəql edilməsi zamanı refrijerator vaxtaşırı söndürülmüşdür, 11 dəfə. "xxxx" MMC 17842 ABŞ dollar məbləğində çəkilmiş zərərin ödənilməsini İddiaçı MMC-dən xahiş edir. Həmin iddia 27AC797/27ZA140 nömrəli nəqliyyat vasitəsinin sürücüsünün iştirakı ilə tərtib edilib.

14. İş materiallarında olan Cavabdeh xx.xx.2021-ci il tarixli izahatından görünür ki, o, İddiaçı MMC-yə 17842 ABŞ dollar məbləğində ziyan vurduğunu etiraf etmişdir. İş materiallarında olan 10 mart 2023-cü il tarixli 1003/2 nömrəli "xxxx" MMC tərəfindən təqdim olunmuş məlumatlandırma məktubundan görünür ki, müstəqil ekspertizanın aktına və tərtib olunan pretenziyaya əsasən tərəflərin razılığına əsasən vurulan ziyan həcmində yaranmış borca qarşılıqlı hesablaşma aparılmışdır.

15. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-318/2023 nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddia tələbi təmin edilərək, Cavabdeh 17842 (on yeddi min səkkiz yüz qırx iki) ABŞ dolları məbləğində pulun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının təyin etdiyi məzənnə üzrə manat hesabı ilə) və ödənilmiş 179,2 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi qət edilmişdir.

16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından göründüyü kimi, Cavabdeh İddiaçı MMC ilə əmək müqaviləsi bağlayaraq, həmin şirkətdə sürücü vəzifəsinə təyin edilmişdir. Gördüyü iş yük daşıma ilə bağlı olduğundan, onunla tam maddi məsuliyyət haqqında müqavilə imzalanmışdır. Cavabdeh tam maddi məsuliyyət haqqında müqaviləni və iş materiallarında təhlil olunan iltizamları imza etməklə, əmək prosesi zamanı üzərinə düşən maddi məsuliyyəti qəbul etməsinə baxmayaraq, onun "xxxx" MMC şirkətinə məxsus malları İran İslam Respublikasından Rusiya Federasiyasına daşıyarkən, üzərinə düşən əmək funksiyalarını kobudcasına pozması, konkret halda isə soyuducunu bir neçə dəfə söndürməsi daşıdığı malları yararsız hala salınmasına səbəb olmuşdur. Bununla da, malların mülkiyyətçisi "xxxx" MMC-yə maddi zərər yetirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh İran İslam Respublikasından Rusiya Federasiyasına daşıdığı mallar İddiaçı MMC-yə məxsus olmasa da, həmin mallara görə İddiaçı MMC "xxxx" MMC qarşısında yuxarıda qeyd olunan müqaviləyə əsasən məsuliyyəti üzərinə götürmüşdür. Daha sonrakı sənədləşmələrdən də görünür ki, "xxxx" MMC malların yararsız halda çatdırılmasına görə, İddiaçı MMC-yə iddia göndərmiş və 17842 ABŞ dollar pulun ödənilməsini xahiş etmişdir. Nəticədə tərəflərin razılığına əsasən vurulan ziyan həcmində yaranmış borca qarşılıqlı hesablaşma aparılmışdır. Məhkəmənin fikrincə, qarşılıqlı hesablaşma hüquqi termin olmasa da, onu nəzərdə tutur ki, bu cür hesablaşma nəticəsində sözü gedən borc artıq İddiaçı MMC-yə aid olunur. Ona görə də, hazırki iddia tələbi üzrə İddiaçı MMC-nin subyektiv hüququ mövcuddur.

17. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 199, 200, 201, Mülki Məcəllənin 385.1, 442-ci maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

18. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin hallarından aşkar şəkildə görünür ki, tərəflər arasındakı münasibət yükdaşıma münasibətidir və həmçinin tərəflər arasında bağlanmış “tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən Cavabdeh ona tapşırılan yükü təyinat yerinə vaxtında və heç bir zərər yetirmədən çatdırmağı öhdəsinə götürür və daşıdığı yükə hər hansı bir zərər dəyərsə tam şəkildə məsuliyyət daşıyır. İddiaçı MMC-nin öhdəliyi isə daşınan yükün daşınma haqqını cavabdehə ödəməkdir. Birinci instansiya məhkəməsi tərəflər arasındakı hüquq münasibətini göstərilən maddi hüquq normasına uyğun əsaslandırmalı olduğu halda bunu etməmiş və nəticədə işin hallarına düzgün olmayan maddi hüquq normasını tətbiq etmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən göstərilən maddi hüquq normasının tələblərini də kobud şəkildə pozmuşdur. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə "xxxx" MMC arasında bağlanmış “nəqliyyat xidmətlərinin göstərilməsi” müqaviləsindən görünür ki, icraçı, yəni İddiaçı MMC nəqliyyat xidməti göstərərək, ona tapşırılan yükü təyinat yerinə vaxtında və heç bir zərər yetirmədən çatdırmağı öhdəsinə götürür və daşıdığı yükə hər hansı bir zərər dəyərsə tam şəkildə maddi məsuliyyət daşıyır, yəni sifarişçiyə dəymiş zərəri tam şəkildə ödəməyi öhdəsinə götürür. Sifarişçi "xxxx" MMC-nin öhdəliyi isə daşınan yükün daşınma haqqını icraçıya ödəməkdir. Deməli hazırkı işin materiallarından görünür ki, nəqliyyat vasitəsində olan yük sifarişçi "xxxx" MMC-nin yüküdür, İddiaçı MMC-nin işi isə yalnız həmin yükü təyinat yerinə çatdırmaqdır, yükün İddiaçı MMC-yə heç bir aidiyyatı yoxdur. İşdən belə nəticəyə gəlinir ki, əgər hər hansı maddi zərər dəyirsə, bu zərər birbaşa sifarişçi "xxxx" MMC-yə dəyir və bu zərəri də nəqliyyat xidməti göstərən İddiaçı MMC ödəməlidir. Dəymiş maddi zərər İddiaçı MMC tərəfindən sifarişçi "xxxx" MMC-yə ödənildikdən sonra həmin zərəri Cavabdeh reqres qaydasında tələb etmək hüququ yaranır. Lakin iş materiallarında zərərin İddiaçı MMC tərəfindən sifarişçi "xxxx" MMC-yə ödənilməsi barədə heç bir sənəd yoxdur. Belə olan halda, İddiaçı MMC-nin cavabdehə qarşı hazırkı iddia tələbini qaldırmağa subyektiv hüququ olmamışdır. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən işin bu halını nəzərə almamışdır. Birinci instansiya məhkəməsi qətnamə çıxararkən göstərilən bu prosessual normanın tələbini də pozmuşdur. Belə ki, birincisi məhkəmə öhdəliyin icra edilməməsinə və ya lazımınca icra edilməməsinə səbəb olmuş halları ümumiyyətlə araşdırmamış, icra edilməməsi və ya lazımınca icra edilməməsində tərəflərin məsuliyyətini müəyyən etməmişdir. Digər tərəfdən məhkəmə işin hallarına yuxarıda göstərilən maddi hüquq (Mülki Məcəllənin 1114.1-ci maddəsi) tətbiq etməli olduğu halda bunu etməmiş nəticədə göstərilən prosessual normanın tələbini pozmuşdur. Yəni tərəflər arasında yaranmış hüquq münasibətini düzgün müəyyən edə bilməmişdir. İşin hallarından göründüyü kimi birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətə yük daşınması müqaviləsinin və reqres iddia hüququnun tələblərini tətbiq etməli olduğu halda bunu etməmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən göstərilən maddi hüquq normasının tələblərini də kobud şəkildə pozmuşdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil2 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil3 apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 1114. Zərər vurmuş şəxsə reqres hüququ 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. (...)

24. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Maddə 199. İşçinin tam maddi məsuliyyəti İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) işəgötürənin kommersiya sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda. (...)

Maddə 200. Tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilələrin bağlanması

1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. (...)

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)

Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...)

Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

26. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

28. Hazırkı işdən görünür ki, Cavabdeh 20 aprel 2021-ci il tarixdə İddiaçı MMC ilə əmək müqaviləsi bağlamış və yükdaşıyan sürücü vəzifəsinə işə qəbul olunmuşdur. İddiaçı MMC ilə işçi Cavabdeh arasında 20 aprel 2021-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır.

29. İddiaçı MMC ilə "xxxx" MMC arasında nəqliyyat xidmətlərinin göstərilməsinə dair müqavilə bağlanmış, müqavilənin predmetini daşımaların planlaşdırılması və həyata keçirilməsi, avtomobil nəqliyyatı kommunikasiyası ilə yüklərin daşınması ilə bağlı sair nəqliyyat xidmətlərinin göstərilməsi zamanı sifarişçi və icraçı arasında yaranan qarşılıqlı münasibətlərin qaydası təşkil etmişdir.

30. "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə xx.xx.2021-ci il tarixli məktub göndərilmiş və həmin məktubda qeyd olunmuşdur ki, xx.xx.2021-ci ildə Kaluqa şosesi 22 km ünvanında Food city bazarının ərazisinə anbar terminalı 37-yə "xxxx" MMC-yə məxsus olan yüklə İddiaçı MMC şirkətinin 27AC797/27ZA140 nömrəli yük maşını gəlmiş, malı qəbul edən zaman maşını açdıqdan sonra nəqliyyat vasitəsinin sürücüsü Əsgərov Bəxtiyarın iştirakı ilə malın lazımi keyfiyyətdə olmaması aşkar olunmuşdur.

31. İddiaçı MMC "xxxx" MMC-yə 17842 ABŞ dollar pulun ödənilməsinə, tərəflərin razılığına əsasən vurulan ziyan həcmində yaranmış borcla bağlı qarşılıqlı hesablaşma aparıldığına istinad edərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.

32. Kollegiyası iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Əmək Məcəlləsinin 202-ci maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.

33. Mülki Məcəllənin 859.4-cü maddəsinə əsasən, daşıyıcı daşımanı tamamilə və ya qismən başqa daşıyıcının vasitəsilə həyata keçirdiyi halda da məsuliyyət daşıyır. Onun daşıma üçün yükü verdiyi daşıyıcıya qarşı reqres hüququ saxlanılır.

34. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

35. Göründüyü kimi işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir, o cümlədən şəxsin geriyə tələb hüququ o zaman yaranır ki, zərər vuran şəxsin vurduğu zərər həmin şəxs tərəfindən ödənilsin.

36. İddiaçı MMC "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktuba istinad edərək, vurulmuş ziyan həcmində yaranmış borca görə qarşılıqlı hesablaşma aparıldığını, 17842 ABŞ dolları məbləğində pul vəsaitinin "xxxx" MMC-yə ödənildiyini bildirir.

37. Məhkəmə kollegiyası mövcud mübahisə üzrə iddianın təmin edilməsi üçün təqdim edilmiş həmin məktubu mötəbər sübut kimi qəbul etmir və qeyd edir ki, aralarında hesablaşma aparılmış həmin şəxslər müstəqil balansa malik olan hüquqi şəxslərdirlər. Əgər iddiaçı tərəfin bildirdiyi kimi istinad olunan hesablaşma bank hesabı vasitəsilə aparılmışdırsa, bunun ödəniş tapşırıqları ilə hesablaşmalara və ya ödəniş tələbnamətapşırıqları ilə hesablaşmalara aid hansı formada aparıldığı iş materialları ilə müəyyən olunmur və bu barədə iddiaçı məhkəməyə sənəd (nağdsız hesablaşmanın aparılması üçün iddiaçı tərəfindən kağız və ya elektron daşıyıcıda verilən sərəncam, iddiaçı tərəfindən pul vəsaitinin bank hesabına mədaxil edilməsi, köçürülməsi və ya bank hesabından məxaric edilməsi, borcun əvəzləşdirilməsi barədə) təqdim edə bilmir.

38. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, nağdsız hesablaşma nağd puldan istifadə etmədən ödəniş sənədləri əsasında bank hesabları vasitəsilə həyata keçirilən ödənişdir. Nağdsız hesablaşmalar və pul köçürmələri banklar, xarici bankların yerli filialları və poçt rabitəsinin milli operatoru vasitəsilə aparılır.

39. Göstərilənlərə və sadalanan qanunvericilik aktları normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehin vurduğu zərərin əvəzini ödəməsini, bununla da real olaraq ona ziyan dəyməsini sübuta yetirə bilməmişdir.

40. Bundan başqa, iddiaçı tərəf istinad etdiyi həmin məktubun əslini və ya lazımı qaydada təsdiq edilmiş surətini də məhkəməyə təqdim etməmişdir.

41. MPM-in 89-cu maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir.

42. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

44. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməyərək hazırkı iş üzrə iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir.

45. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-318/2023 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar