Məhkəmə qərarları › İş №2(105)-1537/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1537/2024

03.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1537/2024 03.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağakişiyeva Lətafət Almazxan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1941/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1941/2022 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 2096 manat məbləğində zərərin əvəzi, 112,60 manat məbləğində cari borc olmaqla, ümumilikdə 2208,60 manat məbləğində borcun və ödənilmiş 44,07 manat məbləğində dövlət rüsumu əvəzinin məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir (hakim Elman Məmmədov). Qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 2297,60 manat məbləğində zərərin əvəzi, 112,60 manat məbləğində cari borc olmaqla, 2406,70 manat məbləğində borcun, habelə iddiaçı tərəfindən ödənilmiş 44,07 manat məbləğində dövlət rüsumu və pozulmuş hüquqlarının bərpası üçün hüquq şirkətinə ödənilmiş 300 manat olmaqla, ümumilikdə 2750,77 manat məbləğində pulun məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi X3 iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında xx.xx.2020-ci il tarixində 14/1179 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********02970 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə Natek Enerji G-4T markalı 40014207 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin və “Qazdan istifadə Qaydaları”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş və bu faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən fotoçəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdakı aktlar əsasında - xx.xx.2018ci il tarixli ******* saylı akt əsasında 863,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 885,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 51,80 manat olmaqla, cəmi 2297,60 manat məbləğində İddiaçı İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Əlavə olaraq bildirmək istəyir ki, cavabdehin yuxarıda göstərilən borc məbləğindən əlavə olaraq faktiki istifadə olunmuş, lakin dəyəri ödənilməmiş qaz sərfiyyatının həcminə uyğun olaraq 112,60 manat borcu yaranmışdır. Cavabdehin hazırda həyata keçirdiyi ödəmələrlə birlikdə İddiaçı İB-yə ödəməli olduğu borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) ümumi olaraq 2406,70 manat təşkil etməkdədir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən, iddianın təmin olunmasını xahiş edir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qətnamə qəbul etmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1941/2022 saylı qətnaməsinin ləğv və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yazılan cərimə qanunsuzdur. Cərimə səhvliklə yazılmışdır. Belə ki, divar qonşusu sayğacdan kənar təbii qazdan istifadə edib. Lakin qaz idarəsinin əməkdaşları qonşuya aid olan cəriməni səhvən onun adına yazıblar. Qaz sayğacları yan-yana olduğu üçün qonşunun sayğacı yerinə onun sayğacına cərimə yazıblar. İddiaçı İB tərəfindən verilən məlumata görə, həmin cərimə əslində qonşuya yazılmalı idi, lakin səhvliklə ona yazılmışdır. Yəni, əslində qonşunun adına yazılmalı olan aktları götürüb onun adına tərtib ediblər. İddiaçı İB-yə müraciət etmişdir ki, həmin səhv yazılmış cəriməni onun hesabından silsinlər. İddiaçı İB də öz növbəsində ona bildirmişdir ki, həmin cəriməni silmək onların səlahiyyətində deyil və ona məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Hazırda həmin cərimə hissə-hissə onun pensiyasından tutulmaqdadır. Ona görə də hesab edir ki, həmin cərimə ləğv edilməli və onun pensiyasından çıxılmış pullar geri qaytarılmalıdır. Apellyasiya baxış iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verdi. İddiaçınə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin olunmamışdır. Məhkəmə kollegiyası, MPM-in 376.2-ci maddəsinə əsasən, verilmiş apellyasiya şikayəti üzrə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işdə olan sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1941/2022 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İş materialarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı akt əsasında 863,40 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 885,60 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 295,20 manat; xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında 51,80 manat məbləğində maddi zərərin abonent (cavabdeh) Cavabdeh tərəfindən İddiaçınə vurulması hesablanmışdır. Həmin aktlarda abonentin təbii qazdan sayğacdan kənar istifadə etməsi göstərilmişdir. Həmçinin aktlarda onları abonentin imzalamaqdan imtina etməsi qeyd olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya baxışı zamanı iş materiallarını araşdırıb cavabdehin izahatını dinləyərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi işin faktiki halları üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, əvvəla, Cavabdeh 1952-ci il təvəllüdlü olmaqla 2-ci dərəcəli əlildir və Abşeron rayonu Hökməli qəsəbəsində tənha yaşayır, müvafiq dövlət orqanı tərəfindən ona sosial xidmətçi təhkim edilmişdir. Cavabdehin izahatına görə o, adətən həmişə evində olur və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktların tərtib olunduğu tarixlərdə də evində olmuş, lakin nədənsə İddiaçı işçiləri sayğaca və qaz xətlərinə baxış keçirərkən onun iştirakını təmin etməmiş və pozuntular barədə ona məlumat verməmiş, habelə tərtib etdikləri aktlarla onu tanış etməmişlər. “Qazdan istifadə Qaydaları”nın 6-ci bəndinə (5 iyul 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada) əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda ... qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İş materiallarından göründüyü kimi, İddiaçı səlahiyyətli nümayəndələri qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma faktını aşkar etdikləri hallarda öz vəzifələrini “Qazdan istifadə Qaydaları”nın 6-ci bəndinin tələblərinə uyğun icra etməmişlər. xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə (yəni qısa müddətlər aralığında) eyni ünvanda və eyni üsulla qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma faktının aşkar edilməsi belə halların qarşısının alınması üçün İddiaçı səlahiyyətli nümayəndələri tərəfindən görülən tədbirlərin formal xarakter daşımasına və həmin hallara şərait yaradılmasına dəlalət edir. Digər tərəfdən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma faktlarının rəsmiləşdirilməsində və müvafiq aktların tərtib olunmasında yol verilən pozuntular məhkəmə icraatında həmin sənədlərin mötəbər sübut kimi qəbul olunmasını çətinləşdirir. Apellyasiya baxışı iclasında Cavabdeh İddiaçı tərəfindən ona verilmiş sənədləri məhkəmə kollegiyasına təqdim edərək, həmin sənədlərdə iddiaçının “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktların səhvən onun adına tərtib olunmasını etiraf etdiyini bildirdi. İddiaçı səlahiyyətli nümayəndələri tərəfindən tərtib olunub Bakı Regional Qazın Satışı Departamentinin rəis müavini tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktdan və bu akt üzrə Cavabdeh məhkəmə iclasında verdiyi izahatdan məlum olur ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən cavabdehin pensiyasından İddiaçı xeyrinə tutmalar aparılanda o, müxtəlif instansiyalara şikayətlə müraciət edərək qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmuş xəttin onun evinə getmədiyini, həmin xəttin onun qonşusuna aid olduğunu bildirmiş, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar əsasında qanunsuz olaraq ona yazılmış borcların silinməsini xahiş etmişdir. Cavabdehin müraciətləri ilə əlaqədar İddiaçı tərəfindən araşdırma aparılmış və “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlara əlavə olunmuş fotoşəkillərin cavabdehin ünvanına aid olmadığı müəyyən edilmiş, cavabdehə aid ünvanda qaz xəttinə qeyri-qanuni qoşulma halı aşkar edilməmişdir. Bu barədə cavabdehin iştirakı ilə xx.xx.2024-cü il tarixli akt tərtib olunaraq surəti ona da verilmişdir. İddiaçı Sumqayıt QİS-nin rəisi tərəfindən imzalanmış xx.xx.2024-cü il tarixli məktubda da qeyd olunur ki, cavabdehin ünvanında təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunmamışdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma yolu ilə təbii qazdan qanunsuz istifadə olunması və qaz paylayıcısına maddi ziyan vurulması ilə bağlı İddiaçı istinad etdiyi dəlillər yetərincə əsaslı deyildir və həmin dəlillərin əsaslandırılması üçün təqdim olunmuş sənədlər, o cümlədən iddiaçının səlahiyyətli nümayəndələri tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar mötəbər sübut standartlarına cavab vermir. Hazırda iddiaçı özü də Cavabdeh qarşı səhvən iddia qaldırılmasını dolayısı ilə etiraf edir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə Cavabdeh tutulması qət edilmiş 112,60 manat məbləğində cari borcla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan “Abonentin saldosu”na əsasən həmin borc 2021-ci ilin iyul ayınadək yaranmışdır və həmin vaxtdan sonra cavabdehin borcu yoxdur. Göründüyü kimi, həmin borc üzrə iddiaçının tələb hüququnun yarandığı vaxtdan 3 ildən artıq müddət keçmişdir. Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir... Beləliklə də, İddiaçı 112,60 manat məbləğində cari borc tələbi üzrə iddia müddətini hazırda ötürmüşdür. Mülki Məcəllənin 375.2-ci maddəsinə müvafiq olaraq, iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiasını təmin etməkdə düzgün nəticəyə gəlməmiş və məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin hallarına uyğun deyildir. Məhkəmə kollegiyasının qənaətincə, Cavabdeh apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi ləğv edilməli və İddiaçı iddiası rədd edilməlidir. MPM-in 385.1 və 385.1.4-cü maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə müvafiq olaraq mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Apellyasiya baxışı zamanı həmçinin müəyyən olundu ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh tutulması qət edilmiş borc məbləği hissə-hissə ödətdirilməsi üçün onun pensiyasına yönəldilmişdir və inkasso sərəncamları üzrə artıq bir neçə aydır cavabdehin pensiyasından tutulmalar aparılır. Həmin qətnamə ləğv edilərək iddia rədd edildiyi halda cavabdehdən tutulmuş pul vəsaiti ona geri qaytarılmalı, bundan ötrü birinci instansiya məhkəməsinin qətnaməsinin icrasında dönüş edilməlidir. MPM-in 236-1-ci maddəsinə əsasən: 236-1.1. İcra edilmiş qətnamə ləğv edildikdə və işə yenidən baxıldıqdan sonra iddianın tamamilə və ya onun bir hissəsinin rədd edilməsi haqqında qətnamə, yaxud iş üzrə icraata xitam verilməsi, yaxud da iddianın baxılmamış saxlanması haqqında qərardad çıxarıldıqda bu aktı qəbul etmiş məhkəmə icrada dönüş edilməsi barədə tədbirlər görməli, o cümlədən ləğv edilmiş qətnamə üzrə bir tərəfin xeyrinə alınanları digər tərəfə qaytarmalı, əmlakı qaytarmaq mümkün olmadıqda isə, həmin əmlakın dəyərini tutmalıdır. 236-1.2. Məhkəmə öz təşəbbüsü ilə icrada dönüş haqqında məsələyə baxmalı və iş üzrə icraatın yekunlaşdığı yeni qətnamədə, yaxud qərardadda onu həll etməlidir. Məhkəmə kollegiyası cavabdehin yaşını, sağlamlıq durumunu və maddi vəziyyətini nəzərə alaraq icrada dönüş edilməsi məsələsini hazırkı qətnamə ilə həll etməyi məqsədəuyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384,385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1941/2022 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(012)-1941/2022 nömrəli qətnaməsinin icrasında dönüş edilsin və həmin qətnamənin icrası ilə əlaqədar İddiaçı xeyrinə Cavabdeh pensiyasından tutulmuş pul vəsaiti İddiaçındən tutularaq Cavabdeh geri qaytarılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar