Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-154/2021 06.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3, Zamin4na, Zamin5 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki iş üzrə Quba rayon məhkəməsinin 19 noyabr 2019-cu il tarixli, 2(027)-2597/2019 saylı qətnaməsindən cavabdeh Zamin1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Quba rayon məhkəməsinin 19 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim X.Tağıyev) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3, Zamin4ndan, Zamin5 İddiaçı-nin xeyrinə 20791,52 ABŞ dolları məbləğində əsas borc, 17630,32 ABŞ dolları faiz borcu və 251,69 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 38673,32 ABŞ dolları və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun müştərək qaydada ödənilməsi qət edilmişdir. Cavabdeh Zamin1 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı «xxxx» QSC cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3, Zamin5 və «xxxx» Firmasına qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh «xxxx» QSC arasında bağlanmış 06.10.2011-ci tarixli11L000000790 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 100000 ABŞ dolları məbləğində kredit xətti açılmış, həmin kredit xətti müqaviləsi üzrə Cavabdeh 03.06.2015-ci il tarixli 011R********** saylı kredit razılaşması əsasında 30 ay müddətinə, aylıq faiz dərəcəsi 1,6667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 25000 ABŞ dollarıməbləğində kredit götürmüşdür. Tərəflərin imzaladığı 05.11.2015-ci il tarixli 011R**********S və 011R**********SA nömrəli sazişlərə əsasən razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh Firudin oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdehlər Zamin1, Zamin2, Zamin3, Zamin5 və «xxxx» Firması zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Cavabdeh kredit razılaşmasının tələblərini pozaraq, ödəmələri yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduqları vəsaitləri 03.01.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh götürdüyü kredit borcundan 4208,48 ABŞ dolları ödəmiş, onun 20791,52 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Cavabdeh kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 06.05.2019-cu il tarixə 853 gün üçün hesablanmış faiz borcu 17630,11 ABŞ dolları təşkil edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Zamin1 Quba rayon məhkəməsinin 19 noyabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən faiz borcu üzrə müəyyən edilmiş pulun tutulması hissəsində ləğv edilməsi və həmin hissədə faiz məbləğinin ekspert rəyinə müvafiq olaraq azaldılması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, faiz borcu bank tərəfindən düzgün hesablanmamış və məhkəmə bunu nəzərə almamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətlərinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Quba rayon məhkəməsinin 19 noyabr 2019-cu il tarixli qətnaməsi qismən, faiz borcunun tutulması hissəsində ləğv edilməli, həmin hissədə üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsi barədə gəldiyi nəticəni cavabdehlərin müqavilə üzrə öhdəliyi yerinə yetirməməsi ilə əsaslandırmışdır. Cavabdeh Zamin1 birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qətnamənin faiz borcunun tutulması hissəsində mübahisələndirmişdir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İşdən görünür ki, cavabdehlərin iddiaçı ilə bağlanmış olduğu kredit müqaviləsi üzrə öhdəlik münasibətləri yaranmış, həmin kredit müqaviləsi üzrə öhdəliyi icra etməməsinə və ya lazımınca icra etməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi üzrə cavabdehlərin öhdəliyi icrasının təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş, iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticədən narazı qalan cavabdeh faiz borcunun tutulması hissəsində faiz məbləğinin azaldılmasını xahiş etmişdir. Cavabdehin apellyasiya şikayətində kredit müqaviləsi üzrə yaranmış faiz məbləğini mübahisələndirdiyindən, məhkəmə mühasibatlıq ekspertizası keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N. Manafovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 06 avqust 2008-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 13 iyul 2009-cu il tarixli qərarında bildirilir ki, məhkəmə məsələnin zahiri mənzərəsini adlayaraq dərinə nəzər salmalı və şikayət edilən vəziyyətin reallıqlarını araşdırmalıdır. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə yaranmış faiz məbləğinin cavabdeh tərəfindən mübahisələndirilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü məhkəmə mühasibatlıq ekspertizaları təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş istər 9/2212 saylı 18 avqust 2020-ci il tarixli, istərsə də 9/5201 saylı 18 fevral 2021-ci il tarixli mühasibatlıq ekspertizası rəyləri ilə müəyyən edilmişdir ki, kredit müqaviləsi üzrə faiz borcu 10162,71 ABŞ dolları təşkil edir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia ərizəsinə əlavə etmiş olduqları və iddiasının əsasını təşkil edən maliyyə arayışdan əsas borca hesablanmış faiz məbləği 17630,11 ABŞ dolları təşkil etmişdir. Keçirilmiş ekspertiza tədqiqatı ilə əsas borca hesablanmış faiz məbləğinin borc tələb edilən tarixə düzgün hesablanmadığı, əsas borca hesablanmış faiz məbləğinin artıq hesablandığı müəyyən olunmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, kredit borcu üzrə hesablanmış faiz məbləği iddia tələbində göstərilən məbləğdə deyil, ekspertiza rəyində göstərilən məbləğdə nəzərə alınmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi əsas kredit məbləği üzrə yaranan əsas borca hesablanmış faiz borcuna dair maliyyə arayışı iddiaçı tərəfin subyektiv mülahizəyə əsaslanır və iddiaçının mövqeyini əks etdirir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Quba rayon məhkəməsinin 19 noyabr 2019-cu il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, cavabdeh Zamin1 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 120 (bir yüz iyirmi) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4, 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh Zamin1 apellyasiya şikayəti təmin edilsin. Quba rayon məhkəməsinin 19 noyabr 2019-cu il tarixli qətnaməsi qismən ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdehlər Cavabdeh, Zamin1, Zamin2, Zamin3, Zamin4ndan, Zamin5 müştərək qaydada 10162,71 ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində faiz borcu İddiaçı-nin xeyrinə tutulsun. Cavabdeh Zamin1 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 120 (bir yüz iyirmi) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səyyad Qafari Hakimlər Şəmsəddin Abasov Telman Məmmədov
Məhkəmə qərarları › İş №2(105)-154/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-154/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver