Məhkəmə qərarları › İş №2(105)-1540/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1540/2024

25.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1540/2024 25.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X2 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin həcminin artırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-4297/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh X1 qarşı aliment məbləğinin həcminin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-4297/2024 nömrəli qərardadı ilə (hakim Mirnəsir Mirhəsənli) iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinin tələbinə əsasən iddianın məhkəmə əriazi aidiyyətinə görə verilməməsi əsası ilə qaytarılmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehin ünvanının ünvan 1açı həmçinin iddia ərizəsinə özünün ünvan 2 ünvanında qeydiyyatsız yaşaması ilə bağlı xx.xx.2024-cü il tarixli arayış da əlavə etmişdir. “Elekton Məhkəmə” informasiya sistemindən əldə olunmuş məlumatlardan görünür ki, iddiaçının yaşayış yeri Mingəçevir şəhəri, Babək küçəsi, ev 30, cavabdehin yaşayış yeri isə Neftçala rayonu, Həsənabad qəsəbəsi, R.Rza küçəsi, ev 238-dir. Göründüyü kimi nə iddiaçı, nə də cavabdeh Abşeron rayonu ərazisində qeydiyyatda olmadığından, iş ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsində baxılmalı deyildir. Mövcud iddia cavabdehin rəsmi qeydə alındığı göstərilən yer üzrə məhkəməyə və ya iddiaçının seçiminə görə öz yaşayış yeri üzrə rəsmi qeydə alındığı göstərilən yer üzrə məhkəməyə verilməlidir. İddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-4297/2024 nömrəli qərardadından şikayət verərək, qərardadın ləğv edilərək iddianın icraata götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən qəbul edilmiş qərardad əsassızdır. Hal-hazırda Nefçala rayonunda qeydiyyatda olsa da Abşeron rayonu, Xırdalan şəhərində yaşayır və bununla bağlı rəsmi arayış da təqdim etmişdir. Həmçinin cavabdehlə olan nikahın pozulması və alimentin alınmasına dair xx.xx.2023-cü il tarixli, 2(012)-254/23 saylı Abşeron Rayon Məhkəməsinin qətnaməsi də vardır. Belə olan halda o alimentin artırılması barədə iddianı Abşeron Rayon Məhkəməsinə vermişdir. Hal-hazırda övladları onun himayəsində yaşayır və belə olduğu təqdirdə o, Nefçala Rayon Məhkəməsinə gedə bilmir. İddia cavabdehin rəsmi qeydə alındığı göstərilən yer üzrə məhkəməyə və ya iddiaçının seçiminə görə öz yaşayış yeri üzrə rəsmi qeydə alındığı göstərilən yer üzrə məhkəməyə verilməlidir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-4297/2024 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-4297/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən isə alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Həmin Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikası vətəndaşının yaşayış yerinin müəyyən edilməsi barədə sənəd yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin Qanunun 10-cu maddəsinə əsasən yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, qanunvericilikdə şəxsin yaşayış yeri dedikdə onun daimi və müvəqqəti yaşadığı və şəxsiyyət vəsiqəsində müvafiq dövlət orqanı tərəfindən qeyd aparıldığı yer nəzərdə tutulur. Hazırki işdən isə görünür ki, iş üzrə iddiaçının yaşayış yeri Mingəçevir şəhəri, Babək küçəsi, ev 30, cavabdehin yaşayış yeri isə Neftçala rayonu, Həsənabad qəsəbəsi, R.Rza küçəsi, ev 238-dir. Buna görə də iddiaçı aidiyyəti üzrə həmin ərazi üzrə rayon məhkəmələrinə müraciət etməkdə haqlı hesab oluna bilərdi. Tərəflər arasındakı mübahisəyə daha əvvəl Abşeron Rayon Məhkəməsində baxılması faktı isə məhkəmə aidiyyətinin hazırkı iş üzrə dəyişməsinə əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə gəldiyi nəticədə prosessual hüquq normalarının pozulması müəyyən olunmur. Buna görə də şikayət təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(012)-4297/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(012)-4297/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar