Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1543/2024 11.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borcun tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X11 və Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Quliyev Pərvin Fəxrəddin oğlunun katibliyi, Cavabdeh, vəkili və nümayəndəsi Vəkil2 iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2836/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a. Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq xx.xx.2024-cü il tarixli, 3M-17 reyestr nömrəli borc müqaviləsi ilə verilmiş 15000 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, 15000 manat pulu cаvаbdеh Cavabdeh xx.xx.2024-cü il tarixdə, 3M-17 reyestr nömrəsi altında qeydiyyata alınan borc müqaviləsi əsasında borc vermişdir. Bunu təsdiq edən xx.xx.2024-cü il tarixdə, 3M-17 reyestr nömrəli borc müqaviləsi sübut kimi iş materialına əlavə olunmuşdur. Lakin cavabdeh həmin pulların iddiaçıya qaytarılmasından hər dəfə müxtəlif bəhanələrlə yayınır. Cavabdehlə mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim edilməsi məqsədilə iddiaçı tərəfindən preteneziya göndərilmiş və məsələnin məhkəmədən kənar qaydada həll olunması üçün 3 gün müddət verilmişdir. Amma cavabdeh mübahisənin həlli ilə bağlı heç bir addım atmamış, cavabdehlə hər hansı telefon əlaqəsi saxlamamış və məsələnin müsbət həlli ilə əlaqədar heç bir fikir bildirməmişdir. Odur ki, nəticədə məsələnin yalnız məhkəmə qaydasında həll olunması zərurəti yaranmışdır.
3. Cavabdeh tərəfdən iddia ərizəsinə etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2836/2024 nömrəli qətnaməsi ilə (hakim Vəfa Şirəliyeva) iddia tələbi təmin edilmiş, Cavabdeh 15000 (on beş min) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh 15000 manat məbləğində pulu notariusun bankda açılan depozit hesabı vasitəsilə borc verməyi, Cavabdeh isə borcu xx.xx.2024-cü il tarixinədək İddiaçı qaytarmağı öhdəsinə götürmüş, tərəflər arasında borcun verilməsi ilə bağlı razılaşma Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd edilən 739.2-ci maddəsinin tələblərinə uyğun olaraq notarial qaydada bağlanmış yazılı müqavilə ilə rəsmiləşdirilmiş, bununla da iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Cavabdeh müqavilədən irəli gələn borcun ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır. Cavabdeh borc müqaviləsi üzrə öhdəliyi icra etməməsinin səbəbi kimi həmin pul vəsaitini götürdükdən sonra mənzil almaq məqsədilə başqa şəxsə verdiyini göstərmişdir ki, onun pulu aldıqdan sonra başqa şəxsə verməsi hazırki borc müqaviləsi üzrə öhdəliyinin yerinə yetirilməsindən imtina üçün və ya həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Müqavilə üzrə borc alan tərəfindən pul vəsaitinin üçüncü şəxsə təqdim edildiyi təqdirdə belə o, həmin müqavilə üzrə öhdəliyin icrasından azad edilmir.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 387.3, 425.1, 442, 448, 522, 739.1, 739.2, Mülki Prosessual Məcəllənin 77.1, 191.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a. Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(060)-2836/2024 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, borc müqaviləsi bağlanan günə kimi nə iddiaçı, nə dəki cavabdeh bir-birilərini tanımışdır. O, X4 adlı şəxsin yanında texniki işçi işləmişdir. İddiaçı da öz qohumu ilə əvvəlcə məhz Məmməd Həsənovun yanına gələrək, sosial ev almaq istədiyini bildirmiş, aralarında bununla bağlı razılaşma olmuşdur. Sonradan Məmməd adlı şəxs onu ASAN Xidmətə göndərərək, Asan Xidmətdə borc müqaviləsi bağlanacağını, ordan çıxarılan pulu ona məxsus kart hesabına göndərməli olduğunu demişdir. O, ASAN Xidmətdə olarkən Məmmədə Whatsapp proqramı vasitəsilə səs ataraq bununla bağlı onun məsuliyyəti olub-olmamasını dəqiqləşdirmiş, sonuncu da onun heç bir məsuliyyəti olmayacağını, pulu ona atmasını, sadəcə müqaviləyə imza atmalı olduğunu bildirmişdir. O, da savadsız olduğundan və bu tipli işlərdən anlayışı olmadığına görə Məmməd Həsənova inanaraq borc müqaviləsinə imza atmışdır. Pulu ona verdikdən sonra isə o, həmin pul məbləğini sonuncunun kart hesabına göndərmişdir. Bununla bağlı qəbzlər vardır və şikayətə əlavə olunur. Məmməd Həsənovun dələduzluğu barədə hazırda Bakı şəhəri Yasamal rayon Polis İdarəsində araşdırma gedir. Həmin iş üzrə iddiaçı da zərərçəkmiş şəxs qismində tanınmışdır. Onu da Yasamal rayon Polis İdarəsində bu işlə bağlı dindirmişlər. Ümumiyyətlə İddiaçı tanımır, yaxınlığı da yoxdur. Odur ki, Cavabdeh ilə İddiaçı arasında bağlanılmış borc müqaviləsi etibarsız hesab edilməlidir. Mübahisənin düzgün həlli üçün məhkəmə tərəfindən X4 üçüncü şəxs qismində işə cəlb edilməli, eləcə də Yasamal rayon Polis İdarəsinə sorğu verilib belə bir cinayət işinin olub-olmaması araşdırılmalı olmasına baxmayaraq, faktiki hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır. İddiaçı ilə üçüncü şəxs hesab edilən Məmməd adlı şəxs arasında sosial ev almaq barədə razılıq olmuş, üçüncü şəxs hesab edilən Məmməd adlı şəxs Cavabdeh aldadaraq notariat ofisinə getməyini, orada sadə bir müqaviləyə imza atamasını və veriləcək pulu daha sonra onun kartına atmasını bildirmişdir. Hətta cavabdeh Məmməd adlı şəxsə səs ataraq bunun ona heç bir ziyanı olub-olmayacağını, onun hər hansı bir məsuliyyəti olub olmayacağını dəqiqləşdirmiş, sonuncu da onu arxayın saldığı üçün aldadılaraq müqaviləyə imza atmışdır. Cavabdehin qeyd olunan borc müqaviləsini aldatma nəticəsində bağlamışdır.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçının vəkili Vəkil1 tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilərək qeyd edilmişdir ki, İddiaçı Cavabdeh 15000 (on beş min) manat məbləğində pulu notariusun bankda açılan depozit hesabı vasitəsilə borc verməyi, Cavabdeh isə borcu xx.xx.2024-cü il tarixinədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Beləliklə də tərəflər arasında borcun verilməsi ilə bağlı razılaşma Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinin tələblərinə uyğun olaraq, notarial qaydada bağlanmış yazılı müqavilə ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik münasibətləri mövcud olmuşdur. Cavabdeh müqavilədən irəli gələn borcun ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi yaranmışdır. Belə ki, mülki qanunvericiliyə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, Mülki Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Ona görə də, iddia tələbi haqlı olmuş və məhkəmə tərəfindən təmin edilmişdir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2836/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmasını xahiş edir.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, yanvar ayının 3-ü tanıdığı bir şəxs ona iş təklif edərək bir nəfərlə borc müqaviləsi bağlamalı olduğunu bildirmiş və demişdir ki, onunla müqavilə bağlandıqdan sonra pulu onun kartına göndəriləcək, o isə borc alınan şəxsin evini verəcək. Savadsız olduğundan bunula razılaşıb. Sonradan həmin şəxsin dələduz olduğunu öyrənib. Polis bölməsinə aparılıb, iki gün orada saxlanılıb. Həmin şəxsin adı X6 olmuşdur. Məmməd demişdir ki, 2300 onun haqqıdır. Ona görə də 2300 manatı özünə götürmüş, 12700 manatı Məmmədin bank hesabına göndərmişdir. Müqaviləni notariusda bağlayıblar, həmin vaxtı Məmməd yanında olmamışdır. Məmməd qonşusu olmuş, Azəri isə tanımamışdır. Pulu bankdan özü şəxsən götürmüşdür.
11. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndə və vəkili Vəkil2 apellyasiya şikaətini müdafiə edərək bildirdi ki, iddiaçı və cavabdeh heç zaman bir-birini tanımamış, yalnız müqaviə bağlanan gün bir-birini görmüşlər. Təmsil etdiyi şəxs X3 iş üçün müraciət etmiş, o isə yazı-pozu işinin olduğunu bildirmişdir. Cavabdehə zəng edərək borc müqaviləsini bağılanacağını bildirmiş və cavabdehin işinin sadəcə həmin şəxsləri qarşılamaq və müqaviləyə imza çəkmək vəzifəsi olduğunu demişdir. Səs yazılarında onun hər hansı məsuliyyətinin olub-olmayacağına dair sualına Məmmədin heç bir problem olmayacağını bildirməsi öz əksini tapmışdır. İddiaçı Məmmədi tanımış, razılaşma “MİDA” evləri ilə bağlı olmuşdur. Məmməd təmsil etdiyi şəxsə iddiaçını qarşılamağı və müqaviləni imzalamağı tapşırmışdır. Müqavilə bağlanmış, cavabdeh pulu aldıqdan sonra Məmmədin hesabına yükləmişdir. 2300 manatı Gülnar xanımın özünə götürməsini istəmişdir. Azər həm Məmməddən, həm də Gülnardan şikayət vermişdir. Yasamal Rayon Polis Bölməsinə vəkil olaraq sorğu göndərsə də cavab gəlməmişdir. Hesab edir ki, əqd pərdələmiş əqddir. Cavabdeh polis bölməsində saxlanılmış, yalnız o səs yazılarını polisə təqdim etdikdən sonra azadlığa buraxılmışdır. Razılaşma Azər və Məmməd arasında olmuş, Məmməd özünü sığortalamaq üçün cavabdehdən istifadə etmişdir. Cavabdehin ona verilən pulun hansı məqsədlə verildiyi tam aydın olmamışdır. Səs yazısında Məmmədin təmsil etdiyi şəxslə danışığı əksinin tapmışdır. Məmmədi nə onlar, nə polis tapa bilir. Cavabdeh yalnız özünə götürdüyü 2300 manatı iddiaçıya geri qaytara bilər.
12. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada üçüncü şəxs X3 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iş üzrə iddiaçı və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
13. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli borc müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Cavabdeh 15000 manat məbləğində pulu notariusun bankda açılan depozit hesabı vasitəsilə borc verməyi, Cavabdeh isə borcu xx.xx.2024-cü il tarixinədək İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür.
14. xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, Cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri icra etmədiyi və müqavilə şərtlərini pozduğu üçün 15000 manat məbləğində borc pulun təcili qaytarılmasının təmin edilməsi məqsədilə Mülki Prosessual Məcəllənin 149.2.4 və 150.0.7-ci maddələrinə görə mübahisənin məhkəmədən kənar qaydada qısa müddətə, yəni 3 gün ərzində həll edilməsi xahiş edilmişdir.
15. 13 yanvar 2024-cü il tarixli ödəniş pul köçürmə qəbzindən görünür ki, 12700 manat pul vəsaiti 416973******6718 saylı kart hesabına köçürülmüşdür. Hesab sahibi H***** M***** Ə***** oğludur. 16.Yasamal Rayon Polis İdarəsinin 10 noyabr 2024-cü il tarixli məktubundan görünür ki, X5 barəsində Sabunçu RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaq edilən cinayət işi üzrə axtarış elan edilmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsi 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 431.1. Borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. 431.3. Əgər kreditor borcluya mənsub əşyaya məcburi icra yönəldərsə, onda məcburi icra nəticəsində bu əşyaya hüquqlarının itirilməsi təhlükəsi yaranan hər hansı şəxs kreditoru təmin edə bilər. Üçüncü şəxs kreditoru təmin etdikdə, tələb hüququ həmin şəxsə keçir. Tələb kreditorun zərərinə olaraq keçməməlidir. 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1113.1. Birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
18. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
19. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2836/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2836/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə ilk öncə qeyd edir ki, iş materiallarında olan Yasamal Rayon Polis İdarəsinin 10 noyabr 2024-cü il tarixli məktubunda üçüncü şəxs X5 barəsində Sabunçu RPİ-nin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə cinayət işinin aparılması qeyd olunsa da iddiaçının hazırda cavabdehdən tələb etdiyi pul məbləğinin dələduzluq yolu ilə üçüncü şəxs Məmməd Həsənov tərəfindən ələ keçirilməsi faktına görə başlanılmış cinayət işi üzrə üzrə zərərçəkmiş şəxs qismində tanınmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçı tərəf isə cavabehin bu dəlilini etiraf etməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası nəzərə almışdır ki, cavabdehin qeyd etdiyi halın sübutu məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiq olunur ki, belə bir hökmün mövcudluğu ilə bağlı da məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Məhkəmə isə yalnız tərəflərin təqdim etdikləri sübutlar əsasında, qanunvericiliklə müəyyən edilmiş prosesual müddətlər çərçivəsndə müvafiq qərar çıxarmalıdır.
22. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdeh mübahisə premeti olan borc müqaviləsinin aldadılma nəticəsində bağlandığını qeyd etsə də bu hal iş materialları ilə təsdiq olunmamaqdadır. Belə ki, cavabdeh iddiaçıdan aldığı pulun çox hissəsini üçüncü şəxs X1 hesabına köçürməklə, həmin şəxsin işçisi olduğunu qeyd etsə də əslində həmin şəxsin işçisi olmamış, həmçinin iddiaçı ilə bağladığı müqavilənin mahiyyətinin borc müqaviləsi olmasını dərk etmişdir. Belə ki, iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş üçüncü şəxs X4 ilə danışığının olmasını iddia etdiyi səs yazısından (danışığın 3:35-3:57-ci dəqiqələri) görünür ki, cavabdeh iddiaçı ilə borc müqaviləsi bağladığını dərk etməklə, gələcəkdə müqavilənin şərtinə müvafiq olaraq borcun verildiyi müddətdən sonra borc verənin ondan pulu hətta məhkəmə vasitəsi ilə geri tələb edə biləcəyini bildirməkdədir. Digər tərəfdən isə həmin səs yazısından görünür ki, cavabdeh həmin müqavilənin başqa əqdi pərdələmək məqsədi ilə bağlanan borc müqaviləsi olmasını dərk etmişdir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, borc müqaviləsinin aldadılma nəticəsində bağlanılması istisna olunmuşdur.
23. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iddia etdiyi kimi bağlanmış borc müqaviləsinin başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış yalan əqd olması qəbul edildiyi təqdirdə də bu hal cavabdehi iddiaçı qarşısında mülki məsuliyyətdən azad etməməkdədir. Belə ki, işin hallarından göründüyü kimi cavabdeh iddiaçıdan yazılı bağlanmış borc müqaviləsi əsasında 15000 manat pul almışdır ki, həmin müqavilənin əhəmiyyətsizliyi halında Mülki Məcəllənin 337.5-ci maddəsinin tələbinə müvafiq olaraq, aldığı məbləği iddiaçıya qaytamaq öhədliyi yaranmışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, istər borc müqaviləsi üzrə, istərsə də həmin müqavilənin əhəmiyyətsizliyi halında pul məbləğinin cavabdehdən tutularaq, iddiaçıya ödənilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur.
24. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, cavabehin iddia etdiyi kimi iddiaçının hazırda cavabdehdən tələb etdiyi pul məbləğinin onun vasitəsi ilə və dələduzluq yolu ilə üçüncü şəxs X5 tərəfindən ələ keçirilməsi faktına görə cinayət işinin başlanılması və həmin iş üzrə müvafiq məhkəmə hökmünün çıxarılması mümkün olan hal hesab olunur. Bu halda üçüncü şəxs iddiaçı qarşısında cinayət nəticəsində vurulmuş zərərə görə məsuliyyət daşıyacaqdır ki, üçüncü şəxsin cinayət nəticəsində vurulmuş zərəri iddiaçıya ödəməsi halında Mülki Məcəllənin 431-ci maddəsinin tələbinə müvafiq olaraq hazırkı iş üzrə məhkəmə qətnaməsi ilə yaranmış öhdəlik üçüncü şəxs tərəfindən icra edilmiş hesab olunacaqdır. Digər tərəfdən isə üçüncü şəxs X2 cinayət əməli nəticəsində iddiaçıya zərər vurması müəyyən edildiyi və hazırkı iş cavabdehin isə həmin zərər məbləğini iddiaçıya ödədiyi təqdirdə isə cavabdehin Mülki Məcəllənin 1114.1-ci maddəsinin tələbinə müvafiq olaraq ödənilmiş əvəz miqdarında üçüncü şəxsə qarşı geriyə tələb (reqres) hüququ yaranacaqdır. Üçüncü şəxs X2 cinayət nəticəsində iddiaçıya zərər vurması müəyyən edilmədiyi təqdirdə isə cavabdehin üçüncü şəxsə verdiyi pulu əsassız varlanma qaydalarına müvafiq olaraq geri tələb etmək etmək hüququ da mövcud olur.
25. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2836/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2836/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.