Məhkəmə qərarları › İş №2(105)-1544/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1544/2024

30.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1544/2024 30.09.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: alimentin artırılması) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin məbləğinin dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3408/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. AZ-İİİ 043068 saylı və AZ-İİİ 281148 saylı doğum haqqında şəhadətnmaələrin surətlərindən görünür ki, X3 12 fevral 2013-cü il tarixdə, X5 isə 27 fevral 2014-cü il tarixdə anadan olmuşlar. Uşaqların anası İddiaçı, atası isə Cavabdehdur.

2. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1802/2023 saylı, 12 aprel 2023-cü il tarixli qətnaməsindən görünür ki, Ağdam Rayon Məhkəməsinin 2(013)-731/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir.

3. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, birgə nikahlarından olan xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində aliment və 50 manat mediasiya xərcinin Cavabdeh tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2012-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladları var: xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X5. Ağdam Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(013)-731/2022 saylı qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, birgə nikahlarından olan xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 onun yanında qalması və iki uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün 280 manat aliment müəyyən olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-1802/2023 saylı qətnaməsinə əsasən alimentin miqdarı dəyişdirilərək hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat alimet müəyyən olunmuşdur. Övladlarını saxlamaqda çətinlik çəkir. Cavabdeh isə ona əlavə heç bir köməklik etmir. Uşağın böyüməsi ilə əlaqədar olaraq onun təlabatları da günü-gündən artır. Hesab edir ki, uşaqların mənafeyi, onların normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, həmçinin 2024-cü ildə Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumunun 235 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən hər ay bir uşaq üçün 235 manat olmaqla, ümumilikdə 470 manat sabit pul məbləğində aliment tutulub, birgə nikahlarından olan xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməlidir.

6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3408/2024 nömrəli qətnaməsi ilə (hakim V.Şirəliyeva) iddia qismən təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1802/2023 saylı, 12 aprel 2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 210 manat olmaqla, ümumilikdə 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, - Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, - Cavabdeh ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci alınaraq İddiaçı verilməsi, - Cavabdeh dövlət rüsumu qismində 70 (yetmiş) manat, 40 (qırx) qəpik məbləğində pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1802/2023 saylı, 12 aprel 2023-cü il tarixli qətnaməsi ilə Ağdam Rayon Məhkəməsinin 2(013)-731/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə X3 və X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 193 manat olmaqla, ümumilikdə 386 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İddiaçı hazırda həmin məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılmasına dair tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə hər iki tərəfin mənafeyini nəzərə alaraq hesab edib ki, iddia qismən təmin edilməli, X3 və X4 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər uşağa görə 210 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1, 78.2 və 112.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarına, «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının müvafiq bəndlərinə, “Uşaq hüquqları haqqında” Konvensiyanın müvafiq maddələrinə, Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 119.2, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3408/2024 nömrəli qətnaməsinin dəyişdirilərək cavabdehdən yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün hər uşağa 140 manat olmaqla ümumilikdə 280 manat məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin aliment məbləğinə münasibətdə mövqeyi qanunsuz və əsassızdır. Məhkəmə qətnamə çıxararkən alimentin məbləği ilə bağlı AR Ailə məcəlləsinin 78.1, 78.2 və 112-ci maddələrinin tələblərinə istinad etmiş, lakin həmin tələbləri pozmuşdur. Belə ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsində qeyd edilir ki sabit pul məbləğində alimentin miqdarı məhəkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti. diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Lakin məhkkəmə onun maddi vəziyyətinin pis durumda olduğunu, daimi iş yerinin olmadığını, himayəsində əlil,onkoloji xəstə anasının olduğunu nəzərə almamışdır. Cavabdeh əvvəlki iş yerindən ixtisara düşüb çıxarılmış, başqa işə keçmişdir hazırda maaşı 360 manat təşkil edir. Hazırkı vəziyyətdə hər uşağa görə ayda 140 manat ancaq ödəyə bilər. Bundan başqa iddiaçı özü də iş qabiliyyətlidir, işləyir. İddiaçı özü də uşaqların saxlanmasına yardım etməyə borcludur. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, onun maddi imkanı qətnamə ilə müəyyən edilmiş məbləğdə aliment ödəməyə imkan vermir. Belə ki, o hazırda “Kraton Clinic”-də mühafizəçi işləyir və aylıq əmək haqqısı 360 manat təşkil edir. Əlavə hər hansı qazanca, gəlirə sahib deyil. Bundan başqa yaşlı xəstə anasına da o baxır. İşə baxan məhkəmə onun maddi vəziyətini nəzərə almamışdır. Göründüyü kimi onun aylıq əmkhaqqısı tam həcmdə belə aliment ödənilməsinə yetərli deyildir. Qeyd olunanlara əsasən cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, hətta məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği belə uşaqların maddi ehtiyaclarını qarşılamağa imkan vermir. Həmin məbləğin azaldılması qəbuledilməzdir. O, uşaqlara baxmağı ilə əlaqədar işləmir. Hazırda kirayədə yaşayır və ona qardaşı maddi yardım edir. Onda olan məlumata əsasən cavabdehin aylıq əmək haqqısı daha artıq məbləğdədir. Göstərilənlərə əsasən cavabdeh apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

15. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

16. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

17. “Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunun: Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372.2. Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayırKassasiya baxışının hədləri Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

19. Apellyasiya şikayətindən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3408/2024 nömrəli qətnaməsinin aliment məbləğinə münasibətdə (azaldılmasını) dəyişdirilməsini xahiş etmişdir.

20. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisəndirilən hissədə yoxlamağı vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

22. Tələb alimentin artırılması barədədir.

23. Birinci instansiya məhkəməsi uşaqların mənafeyini, əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutularaq alimenti hər ay, hər uşaq üçün 210 manat olmaqla, cəmi 420 manat, məbləğində müəyyən etmişdir. (Əvvəlki məhkəmə qətnaməsi ilə müəyən edilmiş məbləğdən cəmi 34 manat artıq)

24. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.

25. Apellyasiya instansiya məhkəməsi də, birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, hazırkı halda apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

26. Cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərlə bağlı kollegiya qeyd edir ki, bu dəlillər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşaqlarının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.

27. Bundan əlavə uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının (ananın) üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir.

28. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırmanı davam etdirən kollegiya bildirir ki, uşaqların aylıq dolanışığını qarşılamağa dair qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir

29. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla, yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, normal qida rasionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutulmalıdır.

30. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

31. Habelə apellyasiya şikayətinin dəlilləri ilə uşaqların Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun alternativ forması və eyni zamanda əlavə xərclərdən iddiaçının azad olması sübuta yetirilmir.

32. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, uşaq üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Dəyişən şəraitə və tələbatlara müvafiq hazırki iddia üzrə sübuta yetirilməyən dəlillər isə aliment məbləğinin dəyişdirilməsi üzrə digər tələblərin yenidən baxılmasını istisna etmir.

33. Məhkəmə kollegiyası qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini alimentlə bağlı hissədə hər uşağa 210 manat təmin etməkdə düzgün nəticəyə gəlmişdir

34. Kollegiya həmçinin MPM-in 402.1-ci maddəsinə əsasən belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəməsinin məcmusu 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3408/2024 nömrəli qətnaməsi mübahisəndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar