Məhkəmə qərarları › İş №2(105)-1545/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1545/2023

03.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1545/2023 03.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı vəkalət alanların tapşırığı qəsdən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər X1 qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı vəkalət alanların tapşırığı qəsdən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-346/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Xaçmaz RPŞ-nin 24 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müəyyən olunur ki, İddiaçı Xaçmaz rayonu, Bostançı kəndi ərazisində yerləşən 5 ha bağ sahəsinin alınması ilə bağlı 2015-ci ilin əvvəllərindən həmin ilin yay aylarınadək olan müddət ərzində 5000 ABŞ dollarını və 4000 manat pulu Əfqana Mirzəyevə, qalan 16000 ABŞ dollarını isə Cavabdeh1 versə də həmin bağ sahəsi İddiaçı adına rəsmiləşdirilməmiş, 2019-cu il tarixdə isə həmin bağ sahəsi X5 tərəfindən başqa şəxsə satılmışdır.

2. Qərarda qeyd edilmişdir ki, İddiaçı Xaçmaz rayonu, Bostançı kəndi ərazisində yerləşən 5 ha bağ sahəsinin alınması ilə bağlı 5000 ABŞ dollarını və 4000 manat pulu Əfqana Mirzəyevə, 16000 ABŞ dollarını isə Cavabdeh1 2015-ci ilin əvvəllərindən həmin ilin yay aylarınadək olan müddət ərzində vermişdir və həmin vaxtdan yeddi il keçmişdir. Ona görə də, İddiaçı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməli və İddiaçı pul tələbi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 21000 ABŞ dolları məbləğində pulun ödəniş gününə Azərbaycan manatı ilə ekvivalentində və ödənilmiş 198 manat dövlət rüsumu pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü ildə yay aylarında Cavabdeh2 onun yanına gələrək, fındıq bağı almağa təklif etmişdir. O, Əfqanın təklifini qəbul etməmişdir. Bildirmişdir ki, kənd təsərrüfatı işlərindən başı çıxmır, bu sahədə təcrübəsi yoxdur. Lakin Cavabdeh2 onu inandırmağa çalışdı ki, bağ sahəsini alsa bir neçə ilə yaxşı gəlir əldə etmək olar. Bağa özü qulluq edəcəyini, onun üçün heç bir problem olmayacağını demişdir. Bu söhbətdən sonra Əfqan onu yaxın dostu kimi təqdim etdiyi digər Cavabdeh1la tanış etmişdir. İlqar və Əfqan bildirdilər ki, Xaçmaz rayonu, Bostançı kəndində yerləşən 5 ha torpaq sahəsində yerləşən hazır fındıq bağı satılır və oranı 40000 (qırx min) manat pula satırlar. Nəticədə bağı 40000 (qırx min) ABŞ dollara satın almağa cavabdehlərə razılıq vermişdir. Hər iki cavabdeh onu arxayın etmişdirlər ki, torpağın sənədləri qaydasındadır, satılan torpaq sahəsinin sahibi Bakı şəhərindədir, rayona qayıdan kimi sənədləşmə işləri ilə məşğul olacaqlar. O, təkrarən Cavabdeh2 müraciət etmişdir ki, ona etibar edir və gələcəkdə aralarında başqa söz-söhbət yaranmasın. Cavabdeh2 ona cavab verdi ki, İlqar yaxın dostudur, torpaq sahəsinin sənədlərində heç bir problem yoxdur və gələcəkdə bağa özü qulluq edəcəkdir. Bu sözlərdən sonra o cavabdehlərə tam etibar etmişdir. 2015-ci ilin əvvəlləri olardı Cavabdeh2 ona zəng vurub demişdir ki, almaq istədiyi bağ sahəsini Rizvan adlı şəxs satır. İlqarın deməsinə görə bağ sahibinə pul lazımdır. O da, Əfqana bildirmişdir ki, Bakı şəhərinə gəlsinlər, onlara pul versin. Səhəri gün Əfqan Bakı şəhərinə gəlib onunla görüşmüş və həmin vaxt Əfqana 5000 ABŞ dolları məbləğində pul vermişdir. Pulu alarkən Əfqan bildirmişdir ki, həmin pulu aparıb İlqara verəcəkdir. Bir müddət keçdikdən sonra o, Xaçmaz rayonu, Bostançı kəndinə gəlib almaq istədiyi bağ sahəsinə baxanda görmüşdür ki, bağın ərazisində olan kollar təmizlənib və su arxı çəkilib. Bağda görülən işlərlə bağlı o, Əfqana ümumilikdə 4000 (dörd min) manat pul vermişdir. Sonrakı aylarda Cavabdeh1 Bakı şəhərinə gəlib onunla görüşmüş və İlqara 2015-ci ilin yaz və yay ayları ərzində hissə-hissə olmaqla ümumilikdə 16000 (on altı min) ABŞ dolları məbləğində pul vermişdir. Bir müddət keçdikdən sonra o, Cavabdeh1 zəng vurub bağ sahəsinin adına nə vaxt rəsmiləşdirəcəklərini soruşmuşdur. İlqar ona demişdir ki, sənədlərdə problem var, hələ ki bağ sahəsinin adına rəsmiləşdirilməsi mümkün deyildir. O, İlqar və Əfqan tərəfindən aldadıldığını başa düşüb tələb etmişdir ki, onlar da aldıqları 21000 (iyirmi bir min) ABŞ dolları və 4000 (dörd min) manat pulu geri qaytarsınlar. Lakin İlqar və Əfqan müxtəlif bəhanələr gətirərək onu aldadıb, vaxtı uzatmağa çalışmışlar. Vəziyyətin belə olduğunu görüb o, şikayət ərizəsi ilə Xaçmaz rayon prokurorluğuna müraciət etmiş və şikayət ərizəsi Xaçmaz RPŞ İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru X6 tərəfindən araşdırılmış və sonuncunun 24 sentyabr 2022-ci il tarixli qərarı ilə material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda qeyd olunur ki, Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsindən görünür ki, dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını xeyli miqdarda ələ keçirdikdə dörd min manatdan yeddi min manatadək miqdarında cərimə və ya bir ildən üç ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə görə az ağır cinayətlərə aiddir. Həmçinin, CMin 75-ci maddəsinə əsasən az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən isə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdikdə, cinayət təqibi başlana bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Araşdırma zamanında müəyyən edilmişdir ki. İddiaçı Xaçmaz rayonu, Bostançı kəndi ərazisində yerləşən 5 ha bağ sahəsinin alınması ilə bağlı 5000 ABŞ dollarını və 4000 manat pulu Əfqana Mirzəyevə, 16000 ABŞ dollarını isə Cavabdeh1 2015-ci ilin əvvəllərindən həmin ilin yay aylarınadək olan müddət ərzində vermişdir və həmin vaxtdan yeddi il keçmişdir. Ona görə də İddiaçı şikayət ərizəsi əsasında toplanmış meterial üzrə cinayət işinin başlanması rədd edilməli və İddiaçı pul tələbi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Qeyd etmişdir ki, o, əvvəllər Cavabdeh1 ümumiyyətlə tanımamışdır, İlqarı ona digər Cavabdeh2 özünün yaxın dostu kimi təqdim etmiş və Cavabdeh2 verdiyi 16000 (on altı min) ABŞ dolları pulu məhz Cavabdeh2 razılığı ilə Cavabdeh1 vermişdir. Hər iki cavabdeh əvvəlcədən razılaşaraq vahid niyyətlə onu aldatmaqla 21000 (iyirmi bir min) ABŞ dolları məbləğində pulu mənimsəmişlər.

5. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin predmetinin dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək, iddianın predmetini “vəkalət alanların tapşırığı qəsdən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərərin ödənilməsi” kimi qəbul edilməsini xahiş etmişdir. Ərizə məhkəmə tərəfindən qəbul edilmişdir.

6. Məhkəmə iclasında Cavabdeh2 izahat verərək bildirmişdir ki, həqiqətən də İddiaçı Cavabdeh1la o tanış etmişdir. Lakin İlqarın bu cür hərəkətlər edəcəyini bilməzdi. Özü də dəfələrlə İlqarla mübahisə edirdi ki, ya Şərafət müəllimin pulunu geri qaytarsın, ya da ki torpaq işini həll etsin. Bu işlə bağlı onda İddiaçı pulu yoxdur. Söhbətin əvvəlində Şərafət müəllim ona 4000 manat pul vermişdir ki, torpaqda bəzi abadlaşdırma işləri aparılsın. O da, həmin pulu Şərafət müəllimdən alıb, özündə saxlamışdır və hissə-hissə torpaqda aparılan işlər üçün xərcləyirdi. Məsələn fəhlələr tutmuşdur, texnika cəlb etmişdir. Bütün bunlara görə pullar ödənilib, müqabilində isə xeyli iş görülüb. Kollar təmizlənib, arx çəkilib və s. Bir dəfə isə Bakı şəhərində İddiaçıla görüşüb və Şərafət müəllim ona 5000 ABŞ dollar pul vermişdir ki, həmin pulu İlqara çatdırsın. O da, pulu Şərafət müəllimdən alıb, İlqara çatdırmışdır. Bunu həm İddiaçı, həm Cavabdeh1 da təsdiq edirlər. Bundan başqa, Şərafət müəllimdən pul almamışdır. Qalan pulları İddiaçı İlqara özü verirdi. Pulun məbləği və hansı şəraitdə verilməsini barədə məlumatı yoxdur. Torpağın sənədləşmə işlərində ləngimələr başlayanda, İddiaçı ona öz iradlarını bildirməyə başlamışdır, o isə öz növbəsində dəfələrlə İlqarla mübahisə etmişdir ki, Şərafət müəllimin ya pulunu qaytarsın, ya da torpaq məsələsini həll etsin. İlqar pulu qaytarmadığından və torpaq məsələsini həll etmədiyindən İddiaçı onların barəsində polisə şikayət etmişdir. O, Şərafət müəllimdən aldığı 4000 manat pulu fəhlələrə və texnikalara xərcləməsinə baxmayaraq, öz hesabından pulu qaytarmışdır. Onun barəsindən iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

7. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddiaçı ilə 2013-cü ildə Cavabdeh2 yanında tanış olmuşdur. O vaxtı Rizvan Əliyev adlı sovxoz direktoru var idi. Rizvan ondan xahişi etmişdir ki, 5 ha fındıq bağını satsın. O, Nabranda Əfqan və Şərafətlə söhbət əsnasında demişdir ki, 5,35 ha fındıq bağı var. Elə orada o telefonla Rizvan Əliyevə zəng vurmuşdur, Rizvan isə əvvəl torpağı 40000 manata satdığını demiş, daha sonra isə 30000 dollara razılaşmışdır. Bundan iki həftə keçməmiş iddiaçı Əfqanla ona 5000 dollar pul göndərmişdir, Əfqan pulu ona vermişdir. O həmin pulu Rizvana vermişdir. Daha sonrakı tarixlərdə Şərafətdən aldığı pulları da Rizvana vermişdir. Bununla bağlı əlavə şahidləri və sübutları məhkəməyə təqdim edəcəyini bildirmişdir.

8. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-346/2023 nömrəli qətnaməsi ilə (hakim Sərxan Səmədzadə) iddia tələbi qismən təmin edilərək, Cavabdeh1 16000 (on altı min) ABŞ dolları məbləğində pulun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankının təyin etdiyi məzənnə üzrə manat hesabı ilə) və ödənilmiş 171,6 manat dövlət rüsumunun tutularaq İddiaçı hesabına ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, Cavabdeh1 əvvəlki məhkəmə iclasında da iştirak edərək, pulu İddiaçı aldığını, həmin pulu Rizvan adlı şəxsə verdiyini və hazırda İddiaçı aid olan pulların onda olmamasını bildirmişdir. Bununla bağlı məhkəməyə əlavə sübutlarını və şahidlərini təqdim etmək üçün məhkəmə iclasının təxirə salınmasını xahiş etsə də, növbəti məhkəmə iclaslarına gəlməmiş və heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPMnin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. İddiaçı məhkəmədə iddia ərizəsi ilə bağı hər hansı sübutu təqdim etməmişdir. Belə olan halda, iddia ərizəsi Cavabdeh1 münasibətdə qismən təmin edilməli və Cavabdeh1 16000 ABŞ dollar pul tutularaq İddiaçı ödənilməlidir. İddiaçı X2 digər Cavabdeh2 qarşı iddia qaldırsa da, sonuncunun pulun ələ keçirməsinə dair hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Əksinə məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh2 iddiaçıdan aldığı 5000 ABŞ dollar pulu Cavabdeh1 təqdim etmişdir, bu fakt həm iddiaçının özü tərəfindən, həm də Cavabdeh1 tərəfindən təsdiq olunmuşdur. Belə olan halda, iddia tələbi Cavabdeh2 münasibətdə əsassız olduğundan rədd edilməlidir.

10. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 1096.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

11. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə nəzərə almamışdır ki, Cavabdeh1 bu işdə sadəcə bir vasitəçidir. O, pulu alıb Rizvan Əliyevə verib və bu barədə ifadə verib. Sual olunur ki, həmin pul vəsaiti Rizvan Əliyevə verilməsəydi iddiaçı həmin torpaq sahəsində istifadə edib gəlir əldə edə bilərdimi? İddiaçı 2013-2014-cü ildən 2018-ci ilə kimi həmin torpaq sahəsindən istifadə edib və xeyli məbləğdə gəlir əldə edib. Yəni əslində bu iş üzrə əsl Cavabdeh1 yox Rizvan Əliyevdir. Çünki Cavabdeh1 həmin pul vəsaitini vasitəçi olaraq alıb və Rizvan Əliyevə çatdırıb. Məhkəmə işin hallarını düzgün araşdırmadan Cavabdeh1 əsassız olaraq pul tutub. Hazırkı vəziyətdə Cavabdeh1 iddiaçıya hər hansı bir maddi ziyan vurmayıb onun hər hansı bir pul vəsaitini mənimsəməyib. Əksinə hazırkı qətnamə ilə Cavabdeh1 əsassız olaraq maddi ziyana düşüb. İddiaçı və Rizvan Əliyev əsassız olaraq varlanmışdır. Məhkəmə həmin torpaq sahəsinin kimə məxsus olmasını müəyyən etmədən cavabdehin etirafına əsasən qətnamə qəbul edib. Axı Cavabdeh1 həmin torpaq sahəsinin sahibi deyil. Cavabdeh1 pulu alıb və Rizvan Əliyevə verib ki, iddiaçı həmin torpaq sahəsindən 4 ildən çox istifadə edib. Əgər Cavabdeh1 həmin pul vəsaitini Rizvan Əliyevə verməsəydi, iddiaçı 4 il həmin torpaq sahəsindən istifadə edib gəlir əldə edə bilərdimi? Təbii ki, yox! Lakin nədənsə məhkəmə məntiqli düşünmədən qətnamə qəbul edib və Cavabdeh1 maddi ziyana salıb. Məhkəmənin işə səhlənkar yanaşması nəticəsində Cavabdeh1 hüquqları kobud şəkildə pozulub. Rizvan Əliyev həmin torpaq sahəsini iddiaçı ilə 30000 ABŞ dollarına razılaşmışdır. İddiaçı ona 16000 ABŞ dolları Cavabdeh1 vasitəsilə verib, qalan 14000 ABŞ dolları məbləğində pulu vermədiyi üçün Rizvan Əliyev həmin torpaq sahəsini başqa bir şəxsə satıb. Hazırkı vəziyyyətdə iddia tələbinə cavab verən şəxs Cavabdeh1 deyil Rizvan Əliyevdir. Ona görə də, qətnamə ləğv olunmalı və iddia tələbi rədd olunmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

16. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh1 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

Maddə 777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. (...)

Maddə 779. Vəkalət alanın məsuliyyəti 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 779.2. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri.

Maddə 786. Tapşırıq müqaviləsinin qüvvəsinə xitam verilməsi 786.1. Tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin. (...)

Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 24.1. Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir.

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 52. İddiadan imtina edilməsi, iddianın etiraf edilməsi, barışıq sazişi (...) 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir.

Maddə 191. İddiaçının iddiadan imtina etməsi, cavabdehin iddianı etiraf etməsi və tərəflərin barışıq sazişi 191.3. Cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. (...)

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

19. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin edilən hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

20. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

21. Belə ki, işin mübahisəsiz halları ilə müəyyən olunmuşdur ki, torpaq sahəsinin alınması məqsədilə Cavabdeh1 iddiaçıdan ümumilikdə 16000 ABŞ dolları məbləğində pul almış, lakin torpaq sahəsinin alğı-satqısı baş tutmadığı üçün iddiaçı verdiyi pulları geri tələb edir.

22. İş materiallarında olan Xaçmaz RPŞ-nin 24 sentyabr 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh1 Xaçmaz rayon polis şöbəsində material üzrə aparılmış araşdırma zamanı izahatında etiraf etmişdir ki, İddiaçı cəmi 16000 ABŞ dollar pulu torpağı onun adına rəsmiləşdirmək adı ilə götürmüş, həmin pulu Rizvan adlı şəxsə vermişdir.

23. Rizvan Əliyev isə izahatında bildirmişdir ki, 2014-cü ilin sonları və ya 2015-ci ilin əvvəlləri olardı İlqar Bakı şəhərinə gəlib Bakıxanov qəsəbəsi ərazisində onunla görüşərək 5000 ABŞ dolları verib demişdir ki, qalan pulu da bir ay ərzində ödəyəcək, bağı almaq istəyən şəxs xarici ölkədədir. Lakin yenə də İlqar söz verdiyi vaxtda qalan pulu ödəməmişdir.

24. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).

25. İşin müəyyən olunmuş hallarına görə məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 torpaq sahəsinin alınması ilə bağlı tapşiriğı icra etməməsi nəticəsində iddiaçıya dəyən zərər üçün məsuliyyət daşıdığından, iddiaçının mövcud tələbi əsasında cavabdehdən 16000 ABŞ dollarının alınaraq iddiaçıya qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin mahiyyətinə uyğun olaraq düzgündür.

26. Beləliklə iş materialları ilə müəyyən edilir ki, Cavabdeh2 iddiaçıdan aldığı 5000 ABŞ dolları məbləğində pulu Cavabdeh1 təqdim etmiş, bu fakt həm iddiaçının özü tərəfindən, həm də Cavabdeh1 tərəfindən təsdiq olunmuşdur. 16000 ABŞ dollarının bütövlükdə Cavabdeh1 tərəfindən Rizvan Əliyevə verilməsi, öhdəliyinin Rizvan Əliyevə ötürülməsi, Rizvan Əliyevin həmin öhdəlik üzrə iddiaçı qarşısında məsuliyyət daşıması isə iş materialları ilə təsdiqini tapmamışdır.

27. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər.

29. Məhkəmə iclasında tədqiqi olunmuş sübutlara, iş üzrə müəyyən olunmuş hallara və sadalanan qanunvericilik aktları normalarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı, apellyasiya şikayətinin dəlilləri isə əsassızdır.

30. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

31. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(067)-346/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar