Məhkəmə qərarları › İş №2(105)-1546/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1546/2022

30.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1546/2022 30.12.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(012)-1337/2019 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. X3 16 iyul 2015-ci il tarixdə "xxxx" MTK-nın Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 240 A ünvanında inşa edilən 7 saylı binanın 145 A saylı mənzilini (59 kv.m) 41300 manata almışdır. İlkin ödəniş kimi X3 6200 manat ödəmiş, mənzilin dəyərinin qalan hissəsi isə "xxxx" ASC-dən ipoteka krediti alınaraq ödənilmişdir.

2. 04 noyabr 2016-cı il tarixdə "xxxx" MTK tərəflərin razılığı ilə S.Ələkbərovanın adına olan mənzil alğı-satqısı müqaviləsini dəyişərək İddiaçı adına sənədləşdirmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

3. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 240 A, ev 7 mənzil 145 A ünvanında aldığı yaşayış sahəsinin (bundan sonra – mübahisəli mənzil) çatışmayan 12 kv.metrinin dəyəri olan 18687 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 29 yanvar 2016-cı il tarixdə "xxxx" ASC X2 verdiyi ipoteka kreditini dolların manata olan məzənnəsinə uyğun çevirərək 40280 manat 84 qəpik olmasını müəyyən etmiş, həmin məbləğdə onunla kredit müqaviləsi bağlanmış, hər ay 618 manat məbləğində pul ödənməsi müəyyən edilmişdir. S.Ələkbərova xx.xx.2016-cı il tarixə kimi mütəmadi olaraq ipoteka kreditini ödəmişdir. 04 noyabr 2016-cı il tarixə S.Ələkbərovanın "xxxx" ASC-yə 39.060 manat kredit borcu qalığı olmuşdur. S.Ələkbərova ilə olan razılaşmaya görə ona 11000 manat nəğd pul verməli, (onun banka ödədiyi pulun əvəzi kimi) bundan sonra onun adına olan ipoteka krediti müqaviləsi bank razılaşmasına əsasən adına keçirilməli və ipoteka kreditinin qalan hissəsini o, ödəməli olmuşdur. "xxxx" ASC-nin tələbi əsasında ilkin olaraq banka 5000 manat nağd pul ödədikdən sonra kreditin qalan 34060 manatı onun adına sənədləşdirilib və o, kredit ödəməyə başlayıb. Eyni zamanda, 04 noyabr 2016-cı il tarixdə "xxxx" MTK tərəflərin razılığı ilə S.Ələkbərovanın adına olan mənzil alğı-satqısı müqaviləsini dəyişərək onun adına sənədləşdirmişdir. Mübahisəli mənzilin yaşayış sahəsi alğı-satqı müqaviləsində, eləcə də digər sənədlərdə 59 kv.m ölçüdə olması göstərilmişdir. 2017-ci ilin noyabr ayında mənzildə təmir işləri yekunlaşdırılarkən tikinti ustaları tərəfindən mənzil ölçülmüş və mənzilin yaşayış sahəsinin faktiki olaraq 47 kv.m olması müəyyən edilmişdir. Alıcı kimi mənzil satıcısı olan cavabdeh tərəfindən aldadılmışdır. Belə ki, mənzilin yaşayış sahəsi 47 kv.m olduğu halda, mənzil ona 59 kv.m yaşayış sahəsi olan mənzil kimi satılmışdır. İpoteka kreditini illik 13 faiz olmaqla 8 il 2 ay müddətinə (106 ay) almış, bu müddət ərzində banka 57193 manat 30 qəpik pul ödəməli, bundan 34060 manatı əsas borc kimi, 23133 manat 30 qəpiyi isə faiz kimi ödəməlidir. Bundan başqa, ilkin ödədiyi pulları, yəni 11.000 manat S.Ələkbərovaya verdiyi, 5.000 manat banka ilkin ödədiyi pulları nəzərə alıb, ümumilikdə hesablayanda məlum olur ki, həmin mənzilin dəyəri 73193 manat 30 qəpik təşkil edir. Yəni, 106 ay ərzində o, 57193 manat 30 qəpik pul ödəməli, üstəlik əvvəlcədən ödədiyi 16000 manat pul da nəzərə alınarsa, mənzili 73193 manat 30 qəpiyə almış olur. Həmin məbləği də 47 kv.m sahəyə böləndə mənzilin 1 kvadrat metri ona 1.557 manata başa gəlir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin (bundan sonra – Şəhərsalma və Tikinti Məcəlləsi) 59.3-cü maddəsinə əsasən yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25137 saylı, 22 yanvar 2019-cu il tarixli ekspert rəyi ilə mübahisəli mənzilin ümumi sahəsinin 48,9 kv.m olduğu müəyyən edilir.

6. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(012)-1337/2019 nömrəli iş üzrə 01 mart 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Quliyeva) iddia təmin edilmiş, cavabdehdən 18.687 manat pulun alınıb iddiaçıya verilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, ekspert rəyinə əsasən mübahisəli mənzilin ümumi sahəsinin 48,9 kv.m olduğu müəyyən edilir.

8. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 21 və 421-ci maddələrinə istinadla əsaslandırmışdır.

9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən Mülki Məcəllənin 385.1, 385.2, 425.1, 425.2, 398.2-ci maddələrinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 88, 217.1, 217.3-cü maddələrinin tələbləri pozulmuş və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı və cavabdeh arasında mənzilin alğı-satqısı barədə müqavilə olmayıb. İddiaçı mənzilin ilkin sahibi olmuş Sevinc Ələkbərova ilə mənzilin alınması barədə razılığa gəlmiş və sonuncunun razılığı və ipoteka saxlayan bankın verdiyi sənədlər əsasında mənzil iddiaçının adına keçirilmişdir. MTK iddiaçıya mənzil təklif etməmiş, iddiaçıya mənzil satmamışdır. İddiaçı özü mənzilə baxıb, mənzilin sahəsinə uyğun olaraq qiymətini razılaşmışdır. Mənzilin sahəsi 59 kv.m, hər kv.m-nin də qiyməti 700 manat olmaqla, ümumi dəyəri 41300 manatdır. Ekspertiza keçirilərkən cavabdehin iştirakı təmin edilməmişdir. Ekspertiza tədqiqatı layihə sənədləri əsasında deyil, otağın faktiki vəziyyəti üzrə aparılmışdır. Halbuki, istənilən obyektin texniki göstəriciləri layihə sənədləri üzrə müəyyən edilir. Əslində, mənzilin sahəsi layihə sənədlərinə uyğundur. Sadəcə olaraq, iddiaçı arakəsmə divarlar hörməklə 1 otaqlı mənzili 2 otaqlıya çevirib, nəticədə evin sahəsi azalıb. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2021-ci il tarixli, 10/4000 saylı ekspert rəyində qeyd olunmuşdur ki, mübahisəli mənzilin faktiki sahəsi 48,7 kv.m təşkil edir (balkona azalma əmsalı tətbiq olunmadan), Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, mənzilin ümumi sahəsi 46,1 kv.m təşkil edir. Mənzilin iç divarların yerləşdiyi sahə (arakəsmələr, şaxtalar) hesablamaqla sahəsinin faktiki olaraq 53,1 kv.m, bayır divarlardan hesablamaqla sahəsi faktiki olaraq 58,6 kv.m təşkil edir. Mənzilin yerləşdiyi binanın işçi layihəsi və təsdiq olunmuş eskiz layihəsi ekspertlərə təqdim olunmadığı üçün mənzilin çöl yan divarlarının qalınlığı, həmin divarların və daxili arakəsmə divarların qalınlığının (eninin) qısaldılması nəticəsində mənzilin yaşayış sahəsinin süni surətdə nə qədər artdığı barədə sual üzrə tədqiqat aparılmamışdır. Həmin sənədlərin təqdim olunması ilə bağlı məhkəmənin təklifinə cavab olaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, yaşayış binasının layihə sənədləri hazırda kooperativdə deyil, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindədir.

11. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 17 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova, iş № 2(105)- 62/2021) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin olunmamışdır.

12. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı mübahisə mənzilin faktiki sahəsinin alğı-satqı müqaviləsində nəzərdə tutulmuş sahəsindən az olması ilə bağlı olduğundan və bu sahədə hüquqi tənzimləmə Mülki Məcəllə, Şəhərsalma və Tikinti Məcəlləsi, o cümlədən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Kollegiyasının xx.xx.2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydaları ilə tənzimləndiyindən birinci instansiyası məhkəməsi iş üzrə qətnamə qəbul edərkən hazırkı mübahisəyə qeyd edilən normativ hüquqi aktların müddəalarını düzgün tətbiq etməmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi, həmçinin göstərmişdir ki, iddiaçı və cavabdeh arasında yuxarıda qeyd edilən mənzilin alğı-satqısı ilə bağlı əvvəldən heç bir müqavilə olmamış, sonradan mənzilin ilkin sahibi X3 ilə razılaşmalarına, sonuncunun rəsmi müraciətinə və ipoteka saxlayan bankın verdiyi sənədlərə əsasən MTK tərəfindən mənzil iddiaçının adına rəsmiləşdirilmişdir. Sözügedən mənzil binanın layihəsinə uyğun olaraq 1 otaqdan ibarət olmuş, Sevinc Ələkbərovaya müqavilənin şərtlərində göstərildiyi kimi 1 otaqdan ibarət layihədə təhvil verilmiş və bundan sonra MTK tərəfindən mənzilə heç bir müdaxilə edilməmişdir. Lakin hazırda mənzil 2 otaqdan ibarət olmaqla strukturunda dəyişiklik edilmişdir. Göründüyü kimi, müqavilə ümumi məbləği 41300 manat olmaqla, 1 kv.metr üçün 700 manat qiymətə bağlandığı və qiymətin dəyişməsi barədə müqavilədə nəzərdə tutulmadığı halda birinci instansiya məhkəməsinin 1 kv.metr üçün 1557 manat hesablaması, həmin alğı-satqı müqaviləsinin qüvvədə olduğu bir vaxtda iddiaçının pul tələbinə dair iddiasının təmin edilməsi qanuni və əsaslı sayıla bilməz.

14. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 421.1, 421.2, 404.1, 404.2, 425-ci maddələrinə, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59.1, 59.2, 59.3-cü maddələrinə, “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması” Qaydalarının 3.8ci bəndinə istinad etmişdir.

c) kassasiya instansiyası məhkəməsində icraat

15. İddiaçı (vəkili X5) kassasiya şikayəti verərək, qətnaməni tamamilə ləğv edib, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

16. Ali Məhkəmənin Mülki kollegiyasının (hakimlər A.Hüseynov (sədrlik edən və məruzəçi), Ə.Nurməmmədov və Z.Əliyev) 2(102)-1913/2022 nömrəli mülki iş üzrə 05 may 2022-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və mülki iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

17. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Prosessual Məcəllənin 9, 14 və 88-ci maddələrinə əsasən belə olan halda tam hüquqlu məhkəmə kimi işə baxan apelyasiya instansiyası məhkəməsi öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz.

18. Eyni zamanda prosessual qanunvericiliyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 217, 220-ci maddələri).

19. Apelyasiya instansiyası məhkəməsi tərəfindən belə iş üzrə qəbul edilmiş məhkəmə aktında işin müəyyən edilmiş halları, məhkəmə nəticəyə gəlməsi barədə motivləri və rəhbər tutduğu qanunlar (iddia tələbinin qanuni əsası) göstərilməli, hansı dəlillərə əsasən qətnamənin ləğv edildiyi və iddianı rədd olunduğu əsaslandırılmalıdır.

20. Lakin hazırkı iş üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılması və məhkəmə aktlarının tərtib olunmasına dair prosessual qanunvericiliyin sadalanan tələblərinə riayət olunmamışdır.

21. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bir sıra mülki qanunvericilik normalarını sadaladıqdan sonra iddianın rədd olunması barədə gəldiyi qənaəti istinad etdiyi maddi hüquq normaları və işin müəyyən edilmiş halları ilə əlaqəli şəkildə əsaslandırmamış və ziddiyyətli nəticələrə gəlmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

22. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçı teleqramla məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

23. Maddə 193. Hüquqlara və tələblərə mülkiyyət hüququnun əldə edilməsi anlayışı 193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. (...)

Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (...)

Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (...)

Maddə 421. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları (...) 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. (...)

Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. (...)

Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

Maddə 752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. (...)

Maddə 766. Məmulatın qüsuru nəticəsində muzdun azaldılması Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

Maddə 773. Qüsurlu məmulatın qəbul edilməsinin nəticələri Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir.

24. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi:

Maddə 1. Şəhərsalma və tikinti qanunvericiliyinin təyinatı Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.

Maddə 59. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları 59.1. Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları bu maddənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. (...)

25. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”

Bənd 3.2. Yaşayış binasında otaqların və digər yerləşgələrin sahələri divar və arakəsmələrin tamamlanmış səthləri arasında döşəmə səviyyəsində (plintuslar hesaba alınmadan) ölçülməklə təyin edilir. Bənd 3.8. Mənzillərin ümumi sahəsi - yaşayış otaqların, köməkçi otaqların (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri) sahələrinin, eləcə də balkon, lociya, terras, şüşəbənd və eyvanların azaltma əmsallara vurulmuş sahələrinin məcmusundan ibarətdir. Mənzillərin ümumi sahəsi hesablanarkən balkon və terrasların sahələri - 0,3; şüşəbənd və lociyalar - 0,5; eyvanlar (verandalar) - 1,0 azaltma əmsallarına vurulmaqla hesablanır.

26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

Maddə 97. Məhkəmənin ekspertiza təyin etməsi (...) 97.5. Tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər.

Maddə 107. Məhkəmə xərclərinin tərkibi Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. (...)

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. (...) Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsaslar 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Maddə 386. Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Maddə 420. Kassasiya məhkəməsinin göstərişlərinin məcburiliyi Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

27. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-1913/2022 nömrəli mülki iş üzrə 05 may 2022-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 noyabr 2021-ci il tarixli qətnaməsi tamamilə ləğv edilib, iş yeni baxışa göndərildiyindən hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi apellyasiya şikayətinin dəlillərinə uyğun tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi qismən təmin edilməlidir.

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir.

30. Belə ki, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

31. Hazırkı iddia tələbinin qanuni əsasını podrat hüquq münasibətlərini tənzimləyən mülki qanunvericilik normaları təşkil edir.

32. Birinci instansiya məhkəməsi isə gəldiyi nəticənin hüquqi əsası kimi zərərin əvəzinin ödənilməsi barədə (MM-in 21-ci maddəsi) və müqavilənin dəyişdirilməsi və ləğv edilməsi əsasları barədə (MM-nin 421-ci maddəsi) mülki qanunvericiliyin normalarına istinad etmişdir.

33. Bundan başqa, məhkəmənin gəldiyi nəticəni işin müəyyən edilmiş halları ilə əlaqəli şəkildə əsaslandırmamış, iş materiallarında olan sənədlərə qiymət verməmiş, maddi hüquq normalarını sadalamaqla kifayətlənmişdir.

34. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir.

35. İş materiallarında olan maliyyə arayışından, alğı-satqı, kredit və girov müqavilələrindən görünür ki, X3 16 iyul 2015-ci il tarixdə "xxxx" MTK-nın Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 240 A ünvanında inşa edilən 7 saylı binanın 145 A saylı mənzilini (59 m2) 41300 manata almışdır. İlkin ödəniş kimi X3 6200 manat ödəmiş, mənzilin dəyərinin qalan hissəsi isə "xxxx" ASC-dən ipoteka krediti alınaraq ödənilmişdir.

36. İş materiallarından görünür ki, 04 noyabr 2016-cı il tarixdə "xxxx" MTK tərəflərin razılığı ilə S.Ələkbərovanın adına olan mənzil alğı-satqısı müqaviləsini dəyişərək iddiaçının adına sənədləşdirilmişdir. 04 noyabr 2016-cı il tarixdə "xxxx" MTK-dan mənzilin alğı-satqısı haqqında 0025 saylı müqavilə əsasında MTK-nın Xırdalan şəhəri Heydər Əliyev prospekti 240 A ünvanda inşa edilən 7 saylı binanın 145 A saylı mənzilini (müqavilə şərtlərinə görə 59 m2 təşkil etməli idi) 41300 manata sənədləşdirərək almışdır.

37. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25137 saylı, 22 yanvar 2019-cu il tarixli ekspert rəyindən görünür ki, "xxxx" MTK Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində özünə məxsus yaşayış kompleksi 240-A ünvanında inşa edilən 145 saylı mənzilin ümumi sahəsinin 48,9 kv.m olduğu müəyyən edilmişdir.

38. Birinci instansiya məhkəməsi iddianı təmin edərək qətnamədə qeyd etmişdir ki, 22 yanvar 2019-cu il tarixli ekspert rəyinə əsasən "xxxx" MTK Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospektində özünə məxsus yaşayış kompleksi 240 A ünvanında inşa edilən 145A saylı mənzilin ümumi sahəsi 48,9 kv.m olduğu müəyyən edildiyi üçün iddia tələbi əsaslıdır.

39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər.

40. Oxşar mübahisələr üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - podratçının müqavilə öhdəliklərini pozaraq sifarişçiyə miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsinin müəyyənləşdirilməsidir.

41. Ali Məhkəmənin 05 may 2022-ci il tarixli qərarında qeyd edildiyi kimi, hazırkı mübahisənin həlli üçün araşdırılması zərəri olan hal tərəflər arasında bağlanmış podrat müqaviləsi üzrə hansı həcmdə mənzilin sifarişçiyə təhvil verilməli olması və həmin öhdəliyin faktiki yerinə yetirilib-yetirilmədiyi olmalıdır. Nəzərə alınmalıdır ki, əgər tərəflər arasında bağlanmış müqavilədə başqa qayda nəzərdə tutulmamışdırsa, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə arakəsmə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun olmamaqla, tərəflər arasında yaranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və onunla ziddiyyət təşkil etməklə nəticələnə bilər.

42. Eyni zamanda nəzərə alınmalıdır ki, sifarişçi tərəfindən məhsul qəbul edildikdən sonra onun tərəfindən mənzilin yenidən qurulması və ya yenidən planlaşdırılması həyata keçirildiyi halda tərəflərin müqavilə öhdəliyini hansı dərəcədə yerinə yetirdiyi barədə məsələ yalnız müqavilə öhdəlikləri çərçivəsində, o cümlədən layihə sənədlərinə əsasən həll edilməlidir. Çünki sifarişçinin sonradan öz mənzilində apardığı əlavə təmir və tikinti işləri nəticəsində mənzilin işçi sahəsinin bir hissəsinin tikinti altı sahəyə çevrilməsi podratçının ziyanına qiymətləndirilə və onun üçün əlverişsiz nəticələr yarada bilməz.

43. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 oktyabr 2021-ci il tarixli, 10/4000 saylı ekspert rəyində qeyd olunmuşdur ki, Heydər Əliyev prospekti, 240 A ünvanında inşa edilən 7 saylı binanın 145 A saylı mənzilinin faktiki sahəsinin 48,7m2 təşkil etdiyi müəyyən olunur, (balkona azalma əmsalı tətbiq olunmadan) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 240 A ünvanında inşa edilən 7 saylı binanın 145 A saylı mənzilinin ümumi sahəsinin 46,1 m2 təşkil etdiyi müəyyən olunur. Heydər Əliyev prospekti, 240 A ünvanında inşa edilən 7 saylı binanın 145 A saylı mənzilinin iç divarların yerləşdiyi sahə (arakəsmələr, şaxtalar) hesablamaqla sahəsinin faktiki olaraq 53,1m2, həmin mənzilin bayır divarlardan hesablamaqla sahəsinin faktiki olaraq 58,6 m2 təşkil edir.

44. Apellyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza üzrə 3-cü sualın bir hissəsi məhz mənzildə yenidənqurma işlərinin (arakəsmələr tikilməsi və ya arakəsmələrin yerinin dəyişdirilməsi və s.) aparılıb-aparılmadığı ilə bağlı olmuş, lakin ekspert tərəfindən bu sual cavablandırılmamışdır. Halbuki, apellyasiya şikayətinin əsas dəlillərindən biri də məhz mənzilin sahəsinin layihə sənədlərinə uyğun olduğu, sadəcə olaraq, iddiaçı arakəsmə divarlar hörməklə 1 otaqlı mənzili 2 otaqlıya çevirməsi nəticəsində mənzilin sahəsinin azaldığı olmuşdur.

45. Ekspert rəyində həmin hissənin və layihə sənədlərinə baxış keçirilməsi tələb edən digər sualların cavablandırılmaması məhz həmin sənədlərin məhkəməyə təqdim edilməməsi ilə bağlı olmuşdur.

46. Ali Məhkəmənin qeyd edilən mövqeyini və əvvəlki ekspert rəyində sulların tam cavablandırılmamasını nəzərə alan məhkəmə kollegiyası iş üzrə təkrar məhkəmə tikintitexniki ekspertizası təyin etmişdir.

47. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4613 saylı, 15 noyabr 2022-ci il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 240 A ünvanında inşa edilən 7 saylı binanın 145 A saylı mənzilinin faktiki sahəsi 48,7 m2 təşkil edir, (balkona azalma əmsalı tətbiq olunmadan) Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu bəndində və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 240 A ünvanında inşa edilən 7 saylı binanın 145 A saylı mənzilinin ümumi sahəsi 46,1 m2 təşkil edir. Heydər Əliyev prospekti, 240 A ünvanında inşa edilən 7 saylı binanın 145 A saylı mənzilinin iç divarların yerləşdiyi sahə (arakəsmələr, şaxtalar) hesablamaqla sahəsinin faktiki olaraq 53,1 m2, həmin mənzilin bayır divarlardan hesablamaqla sahəsinin faktiki olaraq 58,6 m2 təşkil etdiyi müəyyən olunur. Qeyd olunur ki, xx.xx.2022-ci il tarixli ekspert vəsatətində qeyd olunan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 240A ünvanında inşa edilən 7 saylı binanın layihə sənədləri təqdim olunmadığından "xxxx" MTK Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 240 A ünvanında inşa edilən 7 saylı binanın 145 A saylı mənzilin ümumi sahəsi həmin binanın layihə sənədləri əsasında nə qədər olub-olmamasını, həmin mənzildə yenidənqurma işləri (arakəsmələr tikilməsi ya arakəsmələrin yerinin dəyişdirilməsi və.s.) aparılıb-aparılmaması, aparılıbsa bu işlərdən sonra mənzilin sahəsi iç və bayır divarlardan hesablamaqla faktiki olaraq nə qədər təşkil etməsini və mənzildə yenidənqurma işləri aparıldıqdan sonra mənzilin ümumi sahəsi iç divarlardan hesablamaqla faktiki olaraq nə qədər təşkil etməsini müəyyən olunmasına dair tədqiqat aparılmadı. Lakin aparılmış hesablamalara əsasən mənzilin daxilində yerləşən arakəsmə divarların altında qalan sahənin 3.5 m2 təşkil etdiyi müəyyən olunur.

48. Göründüyü kimi layihə sənədlərinin cavabdeh tərəfindən təqdim edilməməsi ilə əlaqədar olaraq ekspert tərəfindən mənzilin ümumi sahəsinin həmin binanın layihə sənədləri əsasında nə qədər olub-olmaması, həmin mənzildə yenidənqurma işləri (arakəsmələr tikilməsi ya arakəsmələrin yerinin dəyişdirilməsi və.s.) aparılıb-aparılmaması, aparılıbsa bu işlərdən sonra mənzilin sahəsi iç və bayır divarlardan hesablamaqla faktiki olaraq nə qədər təşkil etməsi və mənzildə yenidənqurma işləri aparıldıqdan sonra mənzilin ümumi sahəsinin iç divarlardan hesablamaqla faktiki olaraq nə qədər təşkil etməsinə dair tədqiqat aparılmamışdır.

49. Apellyasiya şikayətində isə cavabdeh tərəf göstərmişdir ki, sözügedən mənzil binanın layihəsinə uyğun olaraq, 1 otaqdan ibarət olmuş, S.Ələkbərovaya müqavilənin şərtlərində göstərildiyi kimi, 1 otaqdan ibarət layihədə təhvil verilmiş və bundan sonra tərəflərindən mənzilə heç bir müdaxilə edilməmişdir. Lakin hazırda mənzil 2 otaqdan ibarət olmaqla strukturunda dəyişiklik edilmişdir.

50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin göstərilən dəlili ilə bağlı qeyd edir ki, cavabdeh mənzilin sahəsinin layihə sənədlərinə uyğun olduğunu, iddiaçının arakəsmə divarlar hörməklə 1 otaqlı mənzili 2 otaqlıya çevirməsi nəticəsində mənzilin sahəsinin azaldığını bildirsə də, binanın layihə sənədlərini məhkəməyə təqdim etmədiyindən iş üzrə təyin edilmiş ekspertizalar üzrə qeyd edilən məsələ ilə bağlı tədqiqat aparılmamışdır.

51. Binanın layihə sənədlərinin məhkəməyə təqdim edilməsi barədə cavabdehə məktub göndərilsə də, həmin sənədlər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. İş materiallarından görünür ki, əvvəlki apellyasiya baxışı üzrə məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi layihə sənədlərinin məhkəməyə təqdim olunmamasını həmin sənədlərin onlarda olmaması ilə əsaslandırmışdır. Halbuki, bina tikintisi həyata keçirən tikinti şirkətində layihə sənədlərinin və ya onlarının surətlərinin olmaması ağlabatan və məntiqli görünmür.

52. Ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. (MPMin 97.5-ci maddəsi)

53. Qeyd edilən halı nəzərə alaraq məhkəmə kollegiyası Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4613 saylı, 15 noyabr 2022-ci il tarixli ekspert rəyinə əsasən hesab edir ki, mənzilin müqavilə üzrə göstərilən sahəsi ilə faktiki sahəsi arasında fərq olduğundan həmin fərqə görə yaranmış məbləğ iddiaçının xeyrinə tutulmalıdır.

54. Müqaviləyə əsasən Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 240 A ünvanında inşa edilən 7 saylı binanın 145 A saylı mənzilin sahəsinin 59 m2, ekspert rəyinə əsasən isə iç divarlarının yerləşdiyi sahə hesablanmaqla sahəsi faktiki olaraq 53,1 m2 təşkil edir. Lakin mənzilin daxilində yerləşən arakəsmə divarların altında qalan sahə (3,5 m2) nəzərə alındıqda, mənzilin sahəsi 49,6 m2 (53,1-3,5=49,6) olur. Belə olan halda, mənzilin müqavilə üzrə göstərilən sahəsi ilə faktiki sahəsi arasında 9,4 m2 fərq (59-49,6=9,4) yaranmış olur.

55. İşdən müəyyən olunur ki, mənzilin 1 m2-nin qiyməti 700 (41300 manat : 59 m2) manat təşkil edir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, 9,4 m2 fərqə görə iddiaçıya 6580 (9,4 m2x700 manat) manat məbləğində pul vəsaiti qaytarılmalıdır.

56. İddia tələbinin digər hissələri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasındakı ikitərəfli müqavilənin şərtlərinə görə mənzilin ümumi sahəsi və icra edilməli olan pul öhdəliyinin məbləği göstərilmişdir. Lakin iddiaçının üçüncü şəxslər qarşısında öhdəliyinə görə cavabdehin hər hansı məsuliyyət daşıması halı şərtləndirilməmişdir. Tərəflər arasında bağlanmış müqavilə ləğv edilməmiş, onun icrasından imtina edilməmiş, mənzil iddiaçı tərəfindən qəbul edilmiş və hazırda da onun istifadəsindədir. Digər tərəfdən işdən görünür ki, ilkin olaraq mənzilin pay dəyərinin 15%-i nəğd olaraq ödənilmişdir. Odur ki, iddiaçının pul tələbi ilə bağlı digər hissədə iddiası təmin edilməməlidir.

57. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçı ilə hər hansı müqavilənin bağlanmaması, ilkin alıcı S.Ələkbərovaya münasibətdə müqavilə öhdəliklərinin yerinə yetirilməsi barədə dəlili ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, podrat müqaviləsinin ilkin olaraq iddiaçı ilə deyil, üçüncü şəxslə bağlandığı barədə hal da iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmadığı barədə nəticəyə gəlmək üçün əsas ola bilməz. Çünki işin mübahisəsiz hallarından göründüyü kimi mübahisəli mənzilin ilkin alıcısı (sifarişçisi) X3 olmuş, sonuncu podrat müqaviləsi üzrə bütün hüquqlarını (tələblərini) iddiaçıya güzəşt etmiş və bundan sonra iddiaçı və cavabdeh arasında mənzilə dair eyni şərtlərlə yeni müqavilə bağlanmışdır. Bununla da Mülki Məcəllənin 193.1-ci maddəsinə əsasən X1 podrat müqaviləsi üzrə tələbləri və hüquqları iddiaçıya olduğu vəziyyətdə keçmişdir.

58. Məhkəmə kollegiyası MPM-in yuxarıda qeyd olunan 119.1-ci maddəsinə əsasən həmçinin hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının ümumilikdə dəyəri olan - 300 (üç yüz) manat cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 01 mart 2019-cu il tarixli, 2(012)-1337/2019 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin və iddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" MTK-dan 6580 (altı min beş yüz səksən) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatlarının dəyəri 300 (üç yüz) manat cavabdeh "xxxx" MTK-dan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar