Məhkəmə qərarları › İş №2(105)-1547/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1547/2021

25.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1547/2021 25.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil, Cavabdeh1 vəkili və nümayəndəsi Cavabdeh2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh1 qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(012)-3759/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Abşeron Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(012)-3759/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 13.09.2019-cu il tarixli, 61 saylı təhsil xidməti haqqında müqavilə üzrə 4000 manat məbləğində təhsil haqqı borcu, 160 manat cərimə, 20 manat dövlət rüsumuna görə pul olmaqla, cəmi 4180 manat məbləğində pulun tutularaq İddiaçı MMC-nin xeyinə ödənilməsi qət edilmişdir.(hakim C.Səfiyeva) Qətnamədən Cavabdeh1 apelyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(012)-3759/2020 saylı qətnaməsinin 2180 manat pulun tutulması hissəsində qismən ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı MMC Cavabdeh1 qarşı borcun qaytarılması iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 4000 manat məbləğində təhsil haqqı borcunun, təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 3144 manat məbləğində cərimənin, cəmi 7144 manat məbləğində borcun və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun tutulub MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 13.09.2019-cu il tarixli, 61 saylı təhsil xidməti haqqında müqaviləyə əsasən Cavabdeh1 övladı X1 təhsil alması məqsədilə 2019-2020-ci tədris ili üçün müəyyən edilmiş 5000 manat məbləğində təhsil haqqını İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh1 müqavilə üzrə götürülmüş öhdəliklərin icrasından yayınmışdır. Nəticədə Cavabdeh1 övladı X1 4000 manat məbləğində təhsil haqqı borcu, təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 3144 manat məbləğində cərimə olmaqla, cəmi 7144 manat məbləğində borcu yaranmışdır. Cavabdeh1 müqavilə üzrə öhdəliklərin icrası barədə xəbərdar edilsə də, nəticəsi olmamışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh1 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qərarı qismən əsassızdır. Belə ki, 2019-cu ilin sonlarına yaxın dünyada sürətlə yayılmağa başlamış “COVİD-19” virusu ilə əlaqədar Azərbaycan Respublikasında da ilkin tədbirlər görülməklə tədris müəsissələrində dərslərin keçirilməsi dayandırılmışdır. Buna baxmayaraq, bütün tədris müəssisələrində tədrisin davamiyyətinin təşkil edilməsi məqsədilə elektron qaydada virtual olaraq canlı şəkildə dərslərin keçirilməsi təmin olunmuşdur. İddiaçı MMC onun övladı X2 təhsil aldığı “İ R” sinfində tədrisini 03.03.2020-ci il tarixdən dayandırmışdır. Təhsilin dayandırılmasından bir həftə sonra, məktəb tərəfindən lazımı addımlar atılmadığını gördüyü üçün o, təhsil müəssisəinə qarşı narazılıq etdikdə onlar bildirmişlər ki, internet üzərindən onlayn dərslərin tədris edilməsi üçün valideynlər tərəfindən planşetlərə xüsusi “Google Teames” proqramı yükləndikdən sonra təhsilin davam etdirilməsi mümkün olacaqdır. “İ R” sinfində təhsil alan 20 nəfər şagirdin valideynlərindən tələb olunan proqramın yüklənməsi əlavə olaraq bir həftə müddətində mümkün olmuşdur. Bu o deməkdir ki, məktəb tərəfindən işin düzgün təşkil edilməməsi səbəbindən iki həftə müddətində övladına dərslərin keçirilməsi mümkün olmamışdır. Bütün valideynlər tərəfindən tələb olunan proqramın yüklənməsinə baxmayaraq 20 nəfər şagirddən 6-7 nəfər şagird elektron dərs bağlantısı yarada bildiyi üçün təqribən 2 həftədən sonra məktəb bu şəkildə dərslərin davam etdirilməsini mümkünsüz olduğu qənaətinə gəlmişdir. Belə olduqda, tədris müəssisəsi tərəfindən tədrisin bu səkildə yəni virtual canlı bağlantı ilə keçirilməsi dayandırılmışdır. Halbuki, elektron canlı bağlantı şəklində virtual dərslərin davam etdirilməsi şagirdlərin dərsə olan məsuliyyətini az da olsa təmin etmək üçün yeganə metod idi. İddiaçı tərəfindən elektron qaydada tədrisin düzgün təşkil edilməməsi, zamanında lazımı proqramın valideynlərə məxsus texniki vasitələrə yüklənməməsi və bu məsələnin təşkilinə qeyri-ciddi yanaşılması nəticəsində tədrisin virtual canlı bağlantı şəklində aparılmaması müqavilə şərtlərinin ilk öncə tədris müəssisəsi tərəfindən pozulmağa başlanıldığını göstərməkdədir. Tərəflər arasında bağlanılmış müqavilənin 2.1.6-cı maddəsinə əsasən, məktəb tərəfindən dərslər tam həcmdə və ardıcıl keirilməlidir. Lakin tədris müəssisəsi tərəfindən dərslərin tam şəkildə və ardıcıl keçirilməsi ümumiyyətlə təşkil edilməmişdir. Məktəb tərəfindən elektron qaydada tədrisin virtual canlı bağlantı şəklində həyata keçirilməsi mümkün olmadığı üçün onlar bu dəfə əsas fənlər üzrə dərslərin bir hissəsini vatsap sosial şəbəkəsi üzərindən ümümi qrup yaradaraq kitablardan şəkillər çəkməklə qrupa göndərib səslə izah edilməsi şəklində həyata keçirməklə davam etmişlər. Bu şəkildə tədrisin təşkili uşaqların dərslərinin mənimsənilməsində çətinlik yaratdığı üçün bir çox valideynlər bu qaydanın keçirilməsinə etiraz etsələr də, onlar buna məhəl qoymayaraq tədrisi öz bildikləri kimi qeyri - peşəkar səviyyədə davam etdirmişilər. Belə olduqda, onun tərəfindən dəfələrlə övladının sinif rəhbərinə dərslərin bu şəkildə keçirilməsinə öz etirazını bildirmiş, lakin tədris müəssisəsi onun və digər valideynlərin bu etiraznı heç bir halda qəbul etməyərək öz yalnış dərs metodlarına davam etmişlər. Belə olduqda, 2020-ci ilin aprel ayının sonuna yaxın o, məktəbin özü tərəfindən vatsap sosial şəbəkəsi üzərindən qeyri-peşəkar təşkil olunmuş tədris metodundan imtina edərək və məktəbə etiraz əlaməti olaraq sosial şəbəkədə yaradılmış qrupdan çıxmışdır. Onun qrupu tərk etməsi məktəb rəhbərliyi tərəfindən görülsə də, buna heç bir reaksiya verilməmişdir. Vatsap sosial şəbəkəsi üzərindən təşkil olunmuş tədris qrupunu tərk etdikdən sonra o, sinif rəhbərinə təhsilin düzgün təşkil edilməməsi, bu səkildə təşkil edilmiş metodla övladının heç bir şey mənimsəmədiyini və nəticədə belə təhsildən imtina etdiyi üçün təhsil haqqını mart ayından sonra olan hissəsini ödəməyəcəyini şifahi səkildə bildirmişdir. Bundan əlavə, tərəflər arasında bağlanılmış müqavilənin 2.1.5-ci maddəsinə əsasən, məktəb tərəfindən əsas fənlərdən əlavə ingilis dilinin tədris edilməsi təşkil edilməli idi. Lakin məktəb tərəfindən nəinki əlavə fənn tədrisi, heç əsas fənlərin də tədrisi bütünlüklə keçirilməmişdir. İingilis dilinin tədrisi müqavilədə xüsusi bir bənd kimi nəzərdə tutulsa da iddiaçı tərəfindən bu fənnin tədrisinin təşkili, ümumiyyətlə həyata keçirilməmişdir. Bu əsas da iddiaçı tərəfindən müqavilə öhdəliklərinin birtərəfli qaydada icra edilməməsi və pozulması deməkdir. Bundan əlavə, tərəflər arasında bağlanılmış müqavilənin 2,1.9-cu maddəsinə əsasən, məktəb tərəfindən şagird gündə bir dəfə yeməklə təmin edilməlidir. Birinci instansiya məhkəməsi hazırkı işə baxarkən o qədər səthi araşdırma aparmışdır ki, müqavilənin yalnız iddiaçının hüquqları ilə əlaqəli olan bəndlərini əsas götürməklə onların cavabdeh qarşısında müqavilədə qeyd edilmiş vəzifələri ilə əlaqədar məsələrin üzərindən sükutla keçmişdir. Birinci instansiya məhkəməsində işin araşdırılması zamanı hakimə məlum olmuşdur ki, təhsil elektron qaydada həyata keçirildiyi halda, məktəb tərəfindən müqavilənin yuxarıda qeyd edilmiş bəndinə əsasən şagirdin yeməklə gündə bir dəfə təmin olunması mümkün deyildir. Lakin bu hal, ümumiyyətlə nə araşdırılmış, nə də qətnamə ilə iddia təmin edilərkən nəzərə alınmamışdır. Göründüyü kimi, məhkəmə işə baxarkən, işi tam və hərtərəfli araşdırmamış, onun iştirakı olmadan keçirilmiş məhkəmə araşdırması zamanı iddiaçının müqavilə üzrə vəzifə və öhdəliklərinin icrasının həyata keçirilməsi təsdiq edən sübutları tədqiq etməmiş, bu məsələyə səthi yanaşmış və nəticədə ədalətsiz və qanuna uyğun olmayan qətnamə qəbul etmişdir. Bundan əlavə, işə baxılarkən iddia ərizəsində onun rəsmi ünvanı və əlaqə üçün telefon nömrəsi iddiaçı tərəfindən yazılmasına baxmayaraq məhkəmə belə bir mübahisəli iddia tələbi üzrə onun iştirakını təmin edilməməklə açıq prosessual pozuntuya yol vermişdir. Göründüyü kimi, məhkəmənin qətnaməsi işin həqiqi hallarını özündə tam ehtiva etməməklə yanaşı eyni zamanda maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən iş üzrə qətnamə qismən-2180 manat pulun tutulması hissəsində ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 vəkili və nümayəndəsi Cavabdeh2 çikayətlə eyni məzmunlu izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin vəkili və nümayəndəsi Vəkil izahatında bildirdi ki, tələb edilən pul tərəflər arasında imzlanmış müqaviləyə əsasən tələb olunur. Həmin müqavilə qüvvədədir və cavabdeh tərəf müqavilə tərəfi olaraq müqaviləni mübahisələndirməmişdir. Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməlidir. Sonda o, şikayətin rədd edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə kollegiyası işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan AR Vergilər Nazirliyi tərindən verilmiş kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən Çıxarışdan görünür ki, İddiaçı MMC 07.02.2011ci ildə dövlət qeydiyyatına alınmış hüquqi şəxsdir. Yenə iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 13.09.2019-cu il tarixli, 61 saylı təhsil xidməti haqqında müqavilədən görünür ki, məktəb və valideyin orta təhsil xidmətinin göstərilməsi barədə raılığa gəlmişlər. Cavabdeh1 övladı X1 təhsil alması məqsədilə 2019-2020-ci tədris ili üçün müəyyən edilmiş 5000 manat məbləğində təhsil haqqını İddiaçı MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Yenə də iş materiallarında olan 2019-2020-ci tədris ilinin mart-iyun ayları üzrə təhsil haqqına güzəşt edilməsi barədə İddiaçı MMC-nin direktoru Liana Bağırovanın 04.06.2020-ci il tarixli, 20 saylı əmrindən görünür ki, bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi dayandırıldığından və dərslər onlayn qaydada həyata keçirildiyindən cari ilin mart, aprel, may və iyun ayları üzrə ödənilməli təhsil haqqı məbləğlərinə valideynlərin maddi vəziyyəti nəzərə alınaraq müəyyən məbləğlərdə güzəştlər edilmişdir. İş materiallarına əlavə edilmiş 30.07.2020-ci tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 övladı X1 13.09.2019-cu il tarixli, 61 saylı təhsil xidməti haqqında müqavilə üzrə İddiaçı MMC-yə 4000 manat məbləğində təhsil haqqı borcu, təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 3144 manat məbləğində cərimə, cəmi 7144 manat məbləğində borcu vardır. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hüquqi qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(012)-3759/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh1 övladı X1 İddiaçı MMC-də təhsil alması məqsədilə həmin MMC ilə 2019-2020-ci tədris ili üçün 13.09.2019-cu il tarixli, 61 saylı təhsil xidməti haqqında müqavilə imzalamış, Aybige bu müəssisədə təhsil almağa başlamışdır. 1 tədris ili üçün təhsil haqqı 5000 manat müəyyən edilmişdir. Bu məbləğin 1000 manat hissəsi 23.09.2019-cu il tarixdə ödənilmiş, lakin 4000 manat hissəsi ödənilməmiş qalmışdır. Hazırda İddiaçı MMC Cavabdeh1 qarşı borcun qaytarılması iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 4000 manat məbləğində təhsil haqqı borcunun, təhsil haqqı borcunun gecikdirilməsinə görə hesablanmış 3144 manat məbləğində cərimənin, cəmi 7144 manat məbləğində borcun ödənilməsini tələb etmiş, məhkəmə cərimə borcunu 160 manat endirməklə bu məbləği 4180 manat müəyyən etmiş, cavabdeh isə müqavilə üzrə borcunun cəmi 2000 manat olmasını bildirmişdir. İşdən görünür ki, tərəflər arasında öhdəliklər onların imzaladıqları 13.09.2019-cu il tarixli, 61 saylı təhsil xidməti haqqında müqavilə əsasında yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Yenə də həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Eyni Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. İş materiallarından görünür ki, müqavilə üzrə Cavabdeh1 İddiaçı MMC-yə 4000 manat borcu qalmışdır. Bununla belə, tərəflər arasındakı müqavilənin 2.2.3-cü bəndində göstərilmişdir ki, şagird təhsil haqqını 2019- 2020-ci tədris ilinin hər ayının sonuna qədər ödəmədikdə, gecikdirilmiş hər gün üçün təhsil haqqını ümumi məbləğinin 0,3% həcmində dəbbə pulu (peniya) ödəyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. İşdən görünür ki, müqavilə üzrə tələb edilən cərimə borcu yüksəkdir. Məhkəmə kollegiyası hesab edir ki, işin halları nəzərə alınarsa qeyd edilən məbləğ tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən də, məhkəmə kollegiyası işin hallarını, əlavə olaraq tətbiq edilən cərimə borcunun cavabdehin vəziyyətini daha da ağırlaşdırdığını, habelə iddiaçı MMC-nin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, həmin kredit müqaviləsi üzrə dəbbə borcunun 160 manata endirilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Mübahisədən görünür ki, cavabdeh əslində müqavilə üzrə öz öhdəlikərini qəbul edir, lakin ölkədəki pandemiya səbəbindən təhsil müəssisəsinin müqavilə üzrə öhdəliklərini tam yerinə yetirmədiyini göstərərək təhsil haqqı borcunun cəmi 2000 manat olduğunu iddia edir. Bununla belə, Cavabdeh1 tərəflər arasında imzalanmış müqavilənin ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi barədə İddiaçı MMC-yə müraciət etməmişdir, yəni bu barədə işdə heç bir sübut yoxdur. Halbuki, Mülki Məcəllənin 421.2ci maddəsinə görə tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Bundan başqa, qeyd edilən müqavilənin 2.1.12-ci maddəsinə görə, qarşıalınmaz (forsmajor) hadisələr nəticəsində tədrisin pozulmasına və başqa mənfi hüquqi nəticəli hallara görə məktəb məsuliyyət daşımır. Məhkəmə kollegiyasının qənaətinə görə respublikada baş verən pandemiya forsmajor hal hesab edilir və bu halın baş verməsi məlum olduğu kimi nə iddiaçının, nə də cavabdehin iradəsindən asılı olmamışdır. Bu baxımdan, iddiaçı tədrisin ənənəvi formadan distant formaya keçirilməsinə və bununla əlaqədar onun tərəfindən müqavilə üzrə bəzi öhdəliklərin lazımi şəkildə yerinə yetirilməsinin mümkün olmamasına görə məsuliyyət daşımır. Eyni zamanda, nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən bu hallarla bağlı təhsil haqlarına müəyyən güzəştlər edilməsi ilə bağlı əmr (04.06.2020-ci il tarixli, 20 saylı) verilmişdir. Belə olan halda, cavabdehin həmin halı əsas tutaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən imtinası hüquqi baxımdan yol verilməzdir. Belə ki, təhsil formasının dəyişməsindən sonra da cavabdehin övladı həmin məktəbdə təhsil almaqda davam etməklə iddiaçının xidmətlərindən istifadə etdiyi halda, bunun müqabilində təhsil haqqını ödəməkdən imtina etməsi öhdəliyə ziddir, çünki bu barədə xəbərdar olduqdan sonra cavabdehin müqavilədən birtərəfli qaydada imtina edərək, uşağını başqa məktəbə göndərmək imkanı olmuş, lakin o bu hüququndan istifadə etməyərək, övladının iddiaçının təşkil etdiyi onlayn dərslərdə iştirakını təmin etməklə faktiki olaraq, distant təhsil rejimini qəbul etmişdir. Mülki Məcəllənin 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərinicra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsində işin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Cavabdeh 13.09.2019-cu il tarixli, 61 saylı təhsil xidməti haqqında müqavilə üzrə İddiaçı MMC-nin öz öhdəliklərini yerinə yetirməməsini qeyd etsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmiş, həmin müqavilənin ləğv olunması və ya dəyişdirilməsilə bağlı MMC-yə müraciət etməmişdir. Beləliklə də, tərəflər arasında imzlanmış müqavilə hazırda qüvvədə olduğundan bu müqavilə əsasında təhsil haqqını və cərimə borcunun ödəmək öhdəliyi Cavabdeh1 tərəfindən yerinə yetiriliməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq bu nəticəyə gəlmişdir ki, Cavabdeh1 13.09.2019-cu il tarixli, 61 saylı təhsil xidməti haqqında müqavilə üzrə 4000 manat məbləğində təhsil haqqı borcu, 160 manat cərimə, 20 manat dövlət rüsumuna görə pul olmaqla, cəmi 4180 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin xeyinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən, qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPMnin 119-cu maddəsinə əsasən apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(012)-3759/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu Cavabdeh1 özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar