Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1547/2023 31.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “sağlamlığa vurulmuş zərərə görə ödənclərin verilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(060)-768/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, istehsalat qəzası nəticəsində əmək xəsarəti almağı ilə əlaqədar ona ödənilməli olan aylıq ödənclərin cavabdeh tərəfindən ödənilməməsinin qanunsuz sayılması, istehsalat qəzası nəticəsində əmək xəsarəti almağı ilə əlaqədar 17 may 2022-ci il tarixdən 31 dekabr 2022-ci il tarixədək olan dövr üçün aylıq 180 manatdan aşağı olmamaqla hesablanmaqla aylıq ödənclər üzrə yaranmış 1344 manat borc məbləğinin, 01 yanvar 2023-cü il tarixdən etibarən hər ay 207 manatdan aşağı olmamaqla aylıq ödənclərin və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödədiyi 50 manat pul vəsaitinin ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(060)-768/2023 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək iddiaçının sağlamlığına dəymiş zərərlə əlaqədar xx.xx.2022-ci ildən 31 dekabr 2022-ci il tarixinədək ödənilməmiş aylıq ödənişlər üzrə yaranmış 1338 (min üç yüz otuz səkkiz) manat məbləğində pulun, 01 yanvar 2023-cü ildən başlayaraq isə hər ay 207 (iki yüz yeddi) manat məbləğində aylıq ödənişin İddiaçı ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin üzərinə qoyulması qət edilmişdir (hakim Emin Abdullayev). Qətnamədən narazı qalan cavabdeh "xxxx" ASC apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(060)-768/2023 nömrəli qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsi və İddiaçı iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(060)-768/2023 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-768/2023 saylı, 02 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır (hakim Emin Abdullayev). Cavabdeh "xxxx" ASC xx.xx.2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(060)-768/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(060)-768/2023 nömrəli qərardadı ilə vəsatət təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-768/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilmişdir (hakim Emin Abdullayev). Hazırda, İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(060)- 768/2023 nömrəli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini və Sumqayıt Şəhər Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(060)-768/2023 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 02 mart 2023-cü il tarixli qətnaməsi tərəflərə, o cümlədən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə göndərilmiş və 31 mart 2023-cü il tarixdə rəsmi qaydada cavabdehə təqdim edilmişdir. Bu tarixdən də cavabdehin qətnamədən şikayət vermə müddəti başlamışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyəti isə ilkin olaraq qətnamədən 28 mart 2023-cü il tarixdə rabitə orqanı vasitəsi ilə apellyasiya şikayəti vermişdir. Həmin şikayət mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq elektron kabinet vasitəsi ilə verilmədiyindən 05 aprel 2023-cü il tarixli qərardadla məhkəmə tərəfindən geri qaytarılmış və cavabdeh 18 aprel 2023-cü il tarixdə təkrarən elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək müddətin bərpası barədə ərizə də vermişdir. Bununla da "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəmə aktından apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin 04 iyul 2023-cü il tarixli, 2(060)-768/2023 nömrəli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-768/2023 saylı, 13 iyun 2023-cü il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Emin Abdullayev). Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(060)-768/2023 nömrəli qərardadı ləğv edilməli və müddətin bərpası barədə ərizə təmin edilməməlidir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, birinci instansiya məhkəməsinin qətnaməsi tərəflərin iştirakı ilə 02 mart 2023-cü il tarixdə qəbul edilmiş, qətnamə 07 mart 2023-cü il tarixli məktubla poçt vasitəsi ilə cavabdeh "xxxx" ASC-nin ünvanına göndərilmiş, sözü gedən qətnamə SS815176822AZ nömrəli poçt göndərişinin verilməsi haqqında xəbərnaməyə əsasən həmin ünvanda xx.xx.2023-cü il tarixdə qəbul edilmiş daha sonra qətnamə qanuni qüvvəsini aldığından birinci instansiya məhkəməsi 02 may 2023-cü il tarixdə icra vərəqəsi verərək qətnaməni icraya yönəltmiş və icra sənədi üzrə icraata başlanmışdır. Daha sonra cavabdeh xx.xx.2023-cü il tarixdə apellyasiya şikayətini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə deyil, poçt vasitəsilə birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmiş, Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli məktubla apellyasiya şikayətini aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərmiş, birinci instansiya məhkəməsi xx.xx.2023cü il tarixli qərardadı ilə apellyasiya şikayətini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmədiyindən geri qaytarmış, daha sonra cavabdeh xx.xx.2023-cü il tarixdə buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmiş, məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 134.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını məhkəmə işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsaən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmin Məcəllənin 135.5-cü maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.6-cı maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Həmin Məcəllənin 360-cı maddəsinin tələbinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Göründüyü kimi, qanunverici müddətin buraxılma səbəbinin üzrlü hesab edildiyi halda onun bərpası qaydasını müəyyən etmiş, lakin qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün hansı səbəbin üzrlü hesab olunmasını məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, ilk növbədə cavabdeh tərəfindən iş üzrə qəbul edilmiş qətnamədən verilmiş apellyasiya şikayətinin verilməsi müddətinin üzrlü səbəblərdən ötürülüb-ötürülməməsi məsələsinin araşdırılması zəruridir. Cavabdeh buraxılmış prosessual müddətin bərpası barədə vəsatətini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətini elektron kabinet vasitəsilə verilməmiş, bu səbəbdən apellyasiya şikayəti geri qaytarılmış, daha sonra həmin şikayət elektron kabinet vasitəsi ilə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmənin qətnaməsindən apellyasiya şikayətinin vaxtında “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməməsi buraxılmış prosessual müddətin bərpası üçün üzrlü səbəb sayıla bilməz. Azərbaycan Respublikası MPM-in 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qanunvericiliyin tələbindən də göründüyü kimi "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən qətnamədən apellyasiya şikayəti “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə göndərilməli olduğu halda, apellyasiya şikayəti poçt vasitəsilə birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2023-cü il tarixli məktubla apellyasiya şikayətini aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərmiş, birinci instansiya məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətini “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilməməsi səbəbindən geri qaytarmış, daha sonra cavabdeh xx.xx.2023-cü il tarixdə elektron qaydada apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmişdir. Eyni zamanda məhkəmə kollegiyası "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən qətnamədən apellyasiya şikayətinin sonradan elektron kabinet vasitəsilə verilməsini onun apellyasiya şikayətini qanunvericiliklə müəyyən edilmiş müddətlərdə vaxtında yerinə yetirilə bilməsi imkanının olması qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, ...qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Beləliklə, cavabdeh tərəf qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılmasının üzürlü səbəblərlə bağlı olmasını təsdiq edə bilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(060)-768/2023 nömrəli qərardadı ləğv edilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Şəhər Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(060)-768/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 133, 263-264, 397.2, 398.0.3, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 13 iyun 2023-cü il tarixli, 2(060)-768/2023 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Şəhər Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2(060)-768/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1547/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1547/2023
31.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver