Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-155/2023 14.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “hüquqların həyata keçirilməsində yaradılan maneələrin aradan qaldırılması, ərazidə qanunsuz quraşdırılmış darvazanın öz hesabına sökülməsi və ümumi istifadədə olan yolun əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2(060)-59/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “hüquqların həyata keçirilməsində yaradılan maneələrin aradan qaldırılması, ərazidə qanunsuz quraşdırılmış darvazanın öz hesabına sökülməsi və ümumi istifadədə olan yolun əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1866/1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsində hüquqlarının həyata keçirilməsində yaratdığı maneələrin, yəni zəbt etdiyi sahənin qanunsuz hesab edilməsi və həmin maneələrin aradan qaldırılması, sahəyə gətirdikləri tikinti materialının öz vəsaitləri hesabına oradan çıxarılması, tikililərin öz vəsaitləri hesabına sökülməsi, ümumi istifadə olan yolun əvvəlki vəziyyətə gətirilməsi, ona vurulmuş 3000 manat mənəvi ziyanın cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1866/1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi onun mülkiyyətindədir. Torpaq sahəsinin ona məxsus olmasına baxmayaraq cavabdeh onun bağ evinin qarşısındakı ümumi istifadə üçün nəzərdə tutulan yolu zəbt etmişdir. Belə ki, cavabdeh öz darvaza qapılarını qabağa çəkərək onun divarı boyunca olan ümumi istifadədə olan yolu bağlamışdır. Cavabdehdən qanunsuz hərəkətlərini dayandırmasını və gördükləri işlərə dair sənədlər tələb etsə də, cavabdeh qanunsuz hərəkətlərini davam etdirərək ona hər hansı sənəd təqdim etməmişdir. Mülkiyyətində olan yaşayış sahəsi ilə bağlı hüquqlarının müdafiəsi məqsədi ilə cavabdeh tərəfindən həyata keçirilən tikinti işlərinə vaxtında öz etirazlarını bildirməyinə baxmayaraq, cavabdeh öz qanunazidd hərəkətlərinə davam etmişdir. Cavabdeh ona yaratdığı maneələrə və qanunsuz hərəkətlərinə son qoymadığına görə o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək Cavabdeh Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1866/1 ünvanında yerləşən ərazidə qanunsuz quraşdırılmış darvazanın öz hesabına sökülməsi və ümumi istifadədəki yolun əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2(060)-59/2022 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “hüquqların həyata keçirilməsində yaradılan maneələrin aradan qaldırılması, Cavabdeh Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1866/1 ünvanında yerləşən ərazidə qanunsuz quraşdırılmış darvazanın öz hesabına sökülməsi və ümumi istifadədə olan yolun əvvəlki vəziyyətə gətirilməsi” tələbinə dair iddiası rədd edilmişdir (hakim Aynur Behbudova). Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2(060)-59/2022 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmədə dindirilən zaman o, izahatında Sumqayıt şəhəri, Novxanı bağ massivi 1866/1 ünvanında yerləşən torpağı cavabdehdən əvvəl aldığını, cavabdehin onun hasarının üzərində tikili tikildiyini bildirmişdir. Məhkəmə tərəfindən cavabdeh X2 rəsmi qanunvericiliyin tələblərinə uyğun bildiriş göndərilməsinə baxmayaraq o, məhkəməyə gəlməmişdir. Məhkəmə iclasında cavabdehin üzrsüz səbəbdən iştirak etməməsinə məhkəmə heç bir tədbir görməmiş, heç bir araşdırma aparmadan onun izahatına düzgün hüquqi qiymət vermədən qanunsuz qətnamə qəbul etmişdir. İş materiallarından göründüyü kimi cavabdeh özbaşına olaraq qanunsuz hərəkətlərə yol verməklə onun mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə iddanın təmin edilməməsi nəticəsinə gələrkən işin məhkəmə araşdırılması zamanı iş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən etmişdir ki, iş üzrə əhəmiyətli olan halların sübuta yetirilməsi üçün tərəflərə sübutların təqdim olunması üçün şərait yaradılmış, ekspertizanın keçirilməsindən imtinanın nəticələri izah olunmuş, hətta iddiaçının xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizə onun iştirakı ilə müzakirə olunmuşdur. Qətnamədə göstərilən ekspertizanın təyin edilməsi və onun imkanının olmaması barədə irəli sürdüyü dəlillərlə razılaşmaq olmaz. O, hesab edir ki, belə olduğu halda məhkəmə öz təşəbbüsü ilə ekspertiza keçirməli və ödənilməli məbləğ isə məhkəmə qətnaməsində tərəflərdən birinin üzərinə qoyulmalı idi. Lakin məhkəmə ekspertizanın dəyərinin ödənilməməsini əsas gətirib iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi qənaətinə gəlmişdir. Ona görə də hesab edir ki, apellyasiya instansiyası məhkəməsində ekspertizanın təyin edilməsi və bu məsələnin təkrar müzakirə edilməsi zəruridir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında Sumqayıt şəhəri, Novxanı bağ massivi 18166 C unvanında yerləşən torpaq sahəsinin onun mülkiyyətində olduğunu, ümumi istifadədə olan yolu zəbt etmədiyini, yolu bağlamadığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddiaçının iddia tələbi təmin edilməli, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi 1866/1 ünvanında yerləşən bağ torpaq sahəsinin divarına bitişik Cavabdeh quraşdırdığı darvaza onun hesabına sökülməklə ümumi istifadədə olan yol əvvəlki vəziyyətinə gətirilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən sübutlara mülki qanunvericiliyin tələbləri baxımından aşağıdakı kimi qiymət verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* №-li Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1866/1 ünvanı İddiaçı xüsusi mülkiyyətindədir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2013cü il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1866/1 ünvanı **********31 reyestr nömrəsi ilə İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Sumqayıt Şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2011-ci il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 1866C ünvanı **********05 reyestr nömrəsi ilə Məhəmməd qızına məxsusdur. Sadalananlara əsasən, birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, iş üzrə əhəmiyyətli olan halların sübuta yetirilməsi üçün tərəflərə sübutların təqdim olunması üçün şərait yaradılmış, ekspertizanın keçirilməsindən imtinanın nəticələri izah olunmuş, hətta İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizə iştirakı ilə müzakirə olunmuş, iddia tələbinin əsası sübuta yetirilmədiyindən, qiymət veriləcək olan sübut növünün keçirilməsindən imtina olunduğundan iddia tələbini əsassız hesab edərək rədd edilməli olması qənaətinə gəlmişdir. Bu baxımdan apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının qərardadı ilə Sumqayıt şəhəri, Novxanı bağ massivi 18166 C ünvanında yerləşən torpaq sahəsinin Cavabdeh mülkiyyətində və ya digər qanuni əsaslarla istifadəsində olub-olmamasının, eləcə də İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi 1866/1 ünvanında yerləşən bağ torpaq sahəsinin divarına bitişik Cavabdeh quraşdırdığı darvazanın ümumi istifadə üçün nəzərdə tutulmuş yolu zəbt edib-etməməsinin, etmişdirsə hansı hissədə zəbt etməsinin müəyyən edilməsi üçün məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 yanvar 2023-cü il tarixli, 10/6932 nömrəli ekspert rəyi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri publik huquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən Sumqayıt şəhəri, Novxanı bağ massivi 18166C unvanında yerləşən torpaq sahəsinin Cavabdeh mülkiyyətində olduğu, eləcə də mütəxəssis rəyinə əsasən, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi 1866/1 ünvanında yerİəşən bağ torpaq sahəsinin divarına bitişik Cavabdeh quradırdığı darvaza ümumi istifadə üçün nəzərdə tutulmuş yolun istifadə edildiyi və iddiaçıya məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi 1866/1 unvanında yerləşən torpaq sahəsinin hasarın ümumi istifadədə olan tərəfinin 7,0 m-ni təşkil etdiyi müəyyən edilmişdir. Bununla əlaqədar məhkəmə kollegiyasının iclasında İddiaçı ümumi istifadədə olan yolun zəbt edilməsi ilə onun həmin yola açılan “jalüzlü qapı” qoyulmaqla mülkiyyətində olan bağ sahəsində qaraj tikmək kimi subyektiv hüququ pozulduğunu bildirmişdir. Göründüyü kimi İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi 1866/1 ünvanında yerİəşən bağ torpaq sahəsinin divarına bitişik Cavabdeh quradırdığı darvaza ümumi istifadə üçün nəzərdə tutulmuş yolu zəbt etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 yanvar 2023-cü il tarixli, 10/6932 nömrəli rəyi qanuni və əsaslı olub, işin həqiqi hallarına uyğun olduğuna görə iş üzrə sübut növü kimi qəbul edilməlidir. Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi 1866/1 ünvanında yerləşən bağ torpaq sahəsinin divarına bitişik Cavabdeh quraşdırdığı darvaza onun hesabına sökülməklə ümumi istifadədə olan yol əvvəlki vəziyyətinə gətirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 50 (əlli) manatdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia təmin olunduğundan, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmətikinti texniki ekspertizasının dəyəri olan 50 (əlli) manat cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2(060)-59/2022 nömrəli qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddiaçının iddia tələbi təmin edilməli, İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi 1866/1 ünvanında yerləşən bağ torpaq sahəsinin divarına bitişik Cavabdeh quraşdırdığı darvaza onun hesabına sökülməklə ümumi istifadədə olan yol əvvəlki vəziyyətinə gətirilməli, Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardan biridir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2(060)-59/2022 nömrəli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, Novxanı bağ massivi 1866/1 ünvanında yerləşən bağ torpaq sahəsinin divarına bitişik Cavabdeh quraşdırdığı darvaza onun hesabına sökülməklə ümumi istifadədə olan yol əvvəlki vəziyyətinə gətirilsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə tikinti-texniki ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(105)-155/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-155/2023
14.03.2023 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver