Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1551/2022 13.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “FİNCA Azerbaijan” X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, Cavabdeh1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli, 2(012)-328/2015 nömrəli qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı «FİNCA Azerbaijan» X1-Bank Kredit Təşkilatı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2782 ABŞ dolları əsas borc, 423.10 ABŞ dolları faiz borcu, 218.03 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3423.13 (üç min dörd yüz iyirmi üç dollar 13 sent) ABŞ dolları məbləğində kredit borcu və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, «FİNCA Azerbaijan» X1-Bank Kredit Təşkilatı və Cavabdeh1 arasında 29 noyabr 2013-cü il tarixdə bağlanmış **********2166 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 29 faizlə 12 ay müddətinə 3000 (üç min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən əsas borc və kreditdən istifadəyə görə hesablanmış faiz borcu üzrə ödənişlər müqavilənin 1 saylı Əlavəsində göstərilmiş ödəniş cədvəlinə əsasən hər ay 291 ABŞ dolları olmaqla 12 ay ərzində ümumilikdə 3497 ABŞ dolları məbləğində ödəniş etməli olduğu halda, cəmi 291.9 ABŞ dolları məbləğində ödəniş etmişdir. Kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq «FİNCA Azerbaijan» X1-Bank Kredit Təşkilatı və Cavabdeh2 arasında 29 noyabr 2013-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Müqaviləsinin 2-ci bəndinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Dəfələrlə şifahi və yazılı xəbərdar edilməsinə baxmayaraq cavabedehlər üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında yerinə yetirməmişdir. xx.xx.2014-cü il tarixli maliyyə arayışına əsasən cavabdehlərin həmin tarixə əsas borc üzrə 2782 ABŞ dolları, faiz borcu üzrə 423.10 ABŞ dolları, cərimə üzrə 218.03 ABŞ dolları, cəmi 3423.13 (üç min dörd yüz iyirmi iiç dollar 13 sent) ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. Cavadehlər tərəfindən iddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. Abşeron Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli, 2(012)-328/2015 nömrəli qətnaməsi ilə (hakim Şövkət Nəcəfova) iddiaçı “FİNCA Azerbaijan” X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiası təmin edilib, «FİNCA Azerbaijan» X1-Bank Kredit Təşkilatı və Cavabdeh1 arasında bağlanmış 29 noyabr 2013-cü il tarixli, **********2166 saylı kredit müqaviləsi üzrə yaranmış 2782 ABŞ dolları əsas borc, 423.10 ABŞ dolları faiz borcu, 218.03 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3423.13 (üç min dörd yüz iyirmi üç dollar 13 sent) ABŞ dolları məbləğində kredit borcu ödəniş günü üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub iddiaçı “FİNCA Azerbaijan” X1-Bank Kredit Təşkilatına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, kredit müqaviləsinə əsasən cavabdehin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və onlar bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 445.2, 448.1, 448.2, 449.4, 462.1, 467, 472.1, 739.1, 739.2-ci maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 220.5-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli, 2(012)-328/2015 nömrəli qətnaməsinin ləğv edilib, borc məbləğinin dəqiqləşdirilməklə tutulması və cərimə borcu hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsi 18 fevral 2015-ci il tarixli qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş və iş faktiki hallarına düzgün huquqi qiymət verilməmişdir. Belə ki, kredit müqaviləsi üzrə pul tələbinə dair mübahisəyə baxılan zaman məhkəmə mübahisəsi ilə bağlı hər-hansı məlumatları olmamış və rəsmi qaydada xəbərdar edilməmişlər. Qətnamənin mövcudluğundan zamin Cavabdeh2 əmək haqqına tutma yönəldikdən sonra xəbərdar olmuş, bundan sonra ərizə ilə məhkəməyə müraciət edərək qətnamənin surətini əldə etmişdir. Məhkəmə tərəfindən çağırış bildirişi göndərilsəydi bu rəsmi poçt reyestrində öz əksini tapmalı və bu hal məhkəmə qaydasında təsdiq edilməli idi. Məhkəmə prosesin çəkişmə prinsipini təmin etməmiş, onun və digər cavabdehin iştirakını təmin etmədən, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Halbuki MPM-nin tələbinə əsasən məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Onun məhkəmə iclasında iştirakı təmin edilmədiyindən o, öz hüquqlarının müdafiəsindən məhrum olmuşdur. Bundan əlavə kredit müqaviləsi üzrə tələb edilən faiz dərəcəsi həddindən artıq yüksək müəyyən olunmuşdur. Kredit müqaviləsi üzrə müəyyən edilmiş faiz məbləğinin hesablanması xüsusi bilik tələb edən sahə olduğundan məhkəmə tərəfindən ekspertiza təyin edilməsi zəruridir. Bundan əlavə iddiaçının tələbi ilə müəyyən edilmiş cərimə məbləği yüksəkdir və maddi vəziyyəti nəzərə alınaraq silinməlidir. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazı İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Cavabdeh1 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada iddiaçı “FİNCA Azerbaijan” X1-Bank Kredit Təşkilatı və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası qeyd olunan tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.1, 421.2. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddə 467. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472.1 və 472.2. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddə 739.1, 739.2. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddələr 134.1, 134.1.1 – 134.1.9. Məhkəmə işdə iştirak edən şəxslərə iddia ərizəsini, qarşılıqlı iddia ərizəsini, iddia tələblərinin təsdiqi və ya ona qarşı etiraz kimi tərəflərin hazırladığı sənədlərin surətlərini, məhkəmə bildirişini, birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını, iş üzrə icraatın qurtardığını göstərən qərardadı, məhkəmə əmrini, apellyasiya şikayətinin surətini və kassasiya şikayətinin surətini rəsmi qaydada verməlidir. Maddələr 135.1. və 135.2. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv olunması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olur ki, «FİNCA Azerbaijan» X1-Bank Kredit Təşkilatı və Cavabdeh1 arasında 29 noyabr 2013-cü il tarixdə bağlanmış **********2166 saylı kredit müqaviləsinə əsasən Bank cavabdehə 12 ay müddətinə, illik 29 faiz ödənilməsi şərtilə 3000 (üç min) ABŞ dolları məbləğində kredit vermişdir. «FİNCA Azerbaijan» X1-Bank Kredit Təşkilatı və Cavabdeh2 arasında 29 noyabr 2013-cü il tarixdə bağlanmış **********2166-873780 saylı zaminlik müqaviləsindən görünür ki, kredit alan öz öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və kredit alan bank qarşısında birgə məsuliyyət daşıyırlar. xx.xx.2014-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2013-cü il tarixdə 12 aylıq müddətə illik faiz dərəcəsi 29 faiz olmaqla, 3000 ABŞ dollar kredit götürmüş, ümumi faiz məbləği 497.00 ABŞ dolları, cəmi ödəniləcək məbləğ isə 3497.00 ABŞ dolları olduğu halda cavabdeh əsas borcdan 344.22 ABŞ dolları, faiz borcundan 73 ABŞ dolları, cərimə borcundan isə 52.32 ABŞ dolları məbləğində kredit ödəmiş, onun 2782 ABŞ dolları əsas borc, 423.10 ABŞ dolları faiz borcu, 218.03 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3423.13 (üç min ird yüz iyirmi üç dollar 13 sent) ABŞ dolları məbləğində kredit borcu qalmışdır. 19 fevral 2014-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, «FİNCA Azerbaijan» X1-Bank Kredit Təşkilatı Cavabdeh1 və Cavabdeh2 29 noyabr 2013-cü il tarixli, **********2166 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyin icrası barədə xəbərdarlıq etmiş və borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. Cavabdeh1 məhkəmə kollegiyasınin iclasında izahat verərək göstərdi ki, kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi qismən icra edərək cəmi 2 dəfə Bankın hesabına müvafiq məbləğdə pul ödənişi etmiş və bu səbəbdən də birinci instansiya məhkəməsinin qətnaməsi ilə kredit müqaviləsi üzrə müəyyən edilmiş borc məbləği ilə razılaşaraq mübahisələndirmir. Beləliklə, məhkəmə kollegiyası işin materiallarını müqayisəli surətdə araşdırıb, tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, cavabdehlərin iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və onlar bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdirlər. Cavabdehlər müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə mövcud borc yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, maliyyə arayışı, hesabdan çıxarış və cavabdehin izahatı ilə öz təsdiqini tapır. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri ondan ibarətdir ki, birinci instansiya məhkəməsinin iclasında onun iştirakı təmin edilməmiş, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmamışdır. Cavabdehin birinci instansiya məhkəməsinin iclasında iştirakının təmin edilməməsi barədə dəlili araşdırılan zaman müəyyən olur ki, iş materiallarında cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədi ilə onun qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanına məhkəmə bildirişinin göndərilməsi və alınması ilə bağlı heç bir rəsmi sənəd mövcud deyildir və bu halı təsdiq edən başqa sübut yoxdur. Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarının 10-cu bəndin əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalııdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiarilları ilə müəyyən olur ki, iddiaçı tərəfindən iddia tələbinin məhkəmədə baxılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 verdiyi apellyasiya şikayəti qismən təmin edilib, Abşeron Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli, 2(012)-328/2015 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı “FİNCA Azerbaijan” X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiası təmin edilib, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2782 ABŞ dolları əsas borc, 423.10 ABŞ dolları faiz borcu, 218.03 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3423.13 (üç min dörd yüz iyirmi üç dollar 13 sent) ABŞ dolları məbləğində kredit borcu qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı «FİNCA Azerbaijan» X1-Bank Kredit Təşkilatının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 verdiyi apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli, 2(012)-328/2015 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı “FİNCA Azerbaijan” X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2782 ABŞ dolları əsas borc, 423.10 ABŞ dolları faiz borcu, 218.03 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 3423.13 (üç min dörd yüz iyirmi üç dollar 13 sent) ABŞ dolları məbləğində kredit borcu qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun Azərbaycan manatı ilə və 30 manat ödənilmiş dövlət rüsumu iddiaçı «FİNCA Azerbaijan» X1-Bank Kredit Təşkilatının xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1551/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1551/2022
13.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver