Məhkəmə qərarları › İş №2(105)-1551/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1551/2023

17.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1551/2023 17.08.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər X7 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, İddiaçı, Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil İsa oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(060)-2956/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 2(012)-5074/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş aliment miqdarının dəyişdirilərək cavabdehdən xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, aliment məbləğinin artırılaraq hər ay 200 manat müəyyən edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.2013-cü ildə cavabdehlə faktiki nikah münasibətlərinə daxil olaraq ailə həyatı qurmuş, birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X5 adlı övladı dünyaya gəlmişdir. 2015-ci ildən cavabdehlə ailə münasibətləri pozulmuş və faktiki ayrılmışlar. Abşeron Rayon Məhkəməsinin 2(012)- 5074/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə cavabdehdən 108 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh məhkəməyə iddia tələbinə yazılı etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, hal-hazırda heç bir yerdə işləmir. Sumqayıt daş bazarında fəhləlik edərək özünü, ailəsini saxlamaq üçün çalışır. Hal-hazırda yeni ailə qurmuşdur. Yeni nikahından bir övladı vardır. Bir övladı da 4 aydan sonra dünyaya gələcəkdir. Bundan əlavə keçmiş həyat yoldaşı hal-hazırda da işləyir. Sumqayıt şəhərində yerləşən bağçada tərbiyəçi kimi fəaliyyət göstərir. İddiaçının tələb etdiyi məbləğ onun üçün həddən artıq çoxdur. İddiaçının hal-hazırdakı maddi vəziyyəti ondan yaxşıdır. Bundan əlavə aliment ödəməkdən əlavə o, uşağına maddi və mənəvi formada da qayğı göstərir. Buna misal olaraq “İrşad” electronicsdən oğluna aldığı saatlı telefonu göstərə bilər. Qiyməti 189 manat təşkil edir. Həmçinin iddiaçı tərəfindən onun məhkum olunması ilə nəticələn cinayət işi üzrə yığılmış aliment üzrə borc atası tərəfindən ödənilmişdir. Həmin pul borc olaraq qonşusu və qohumlarının köməyi ilə borc kimi atasına verilmişdir. Həmin borcu da ödəmək onun üzərindədir. Göründüyü kimi aliment müəyyən olunandan sonra onun maddi baxımdan vəziyyəti dəyişmiş, yeni ailə qurmuş və bir uşağı da dünyaya gələcəkdir. Belə olan halda alimentin miqdarının qalxması onun və ailəsinin vəziyyətini xeyli dərəcədə çətinləşdirəcəkdir. O, alimentin məbləğinin 140 manat sabit pul məbləğində müəyyən edilməsini xahiş edir. Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(060)-2956/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək Abşeron Rayon Məhkəməsinin 2(012)-5074/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilmiş, Cavabdeh hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutulub İddiaçı verilməsi, iddianın verilməsinə görə 31.04 manat dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Əfqan Ələkbərov). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(060)-2956/2023 nömrəli qətnaməsinin ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, hal-hazırda heç bir yerdə işləmir. Sumqayıt daş bazarında fəhləlik edərək özünü və ailəsini saxlamaq üçün çalışır. Əlavə olaraq qeyd etmək istəyir ki, o, hal-hazırda yeni ailə qurmuş, həmin nikahından bir övladı var. Bir övladı da 4 aydan sonra dünyaya gələcəkdir. Bu faktı da Sumqayıt Tibb Mərkəzi Publik hüquqi şəxsi 2 nömrəli ailə sağlamlıq mərkəzinin xx.xx.2023-cü il tarixli arayışı təsdiq edir. Bundan əlavə onun keçmiş həyat yoldaşı halhazırda da işləyir. Sumqayıt şəhərində yerləşən bağçada pedoqoq kimi fəaliyyət göstərir. İddiaçının tələb etdiyi məbləğ onun üçün həddən artıq çoxdur. Bütün bu göstərilən hallar Sumqayıt Şəhər Məhkəməsi tərəfindən nəzərə alınmadan qanunsuz və əsassız qətnamə çıxarılmışdır. Qanunun tələbindən də göründüyü kimi hər iki valideyn uşağın saxlanılmasında borcludur. Nəzərə alınsa ki, iddiaçı həm də işləyir, onun hal-hazırdakı maddi vəziyyəti və durumu ondan yaxşıdır. Bundan əlavə aliment ödəməkdən əlavə o, uşağına maddi və mənəvi formada da qayğı göstərir. Buna misal olaraq “İrshad Electronics”dən oğluna aldığı saatlı telefonu göstərmək mümkündür. Qiyməti 189 manat təşkil edir. Həmçinin iddiaçı tərəfindən onun məhkum olunması ilə nəticələnən cinayət işi üzrə yığılmış aliment borcu onun atası tərəfindən ödənilmişdir. Həmin pul borc olaraq qonşusu və qohumların köməyi ilə borc kimi onun atasına verilmişdir. O, borcu da ödəmək onun üzərindədir. Bu faktı da Sumqayıt Apelyasiya Məhkəməsinin 1(105)-541/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı təsdiq edir. Bütün bu göstərilənlər Sumqayıt Şəhər Məhkəməsi tərəfindən qərar qəbul edilərkən nəzərə alınmamışdır. Qanunun bu normasından da göründüyü kimi aliment müəyyən olunandan sonra onun maddi baxımdan vəziyyəti dəyişmiş, yeni ailə qurduğu üçün 1 övladı vardır və bir uşağı da dünyaya gələcəkdir. Belə olan halda alimentin miqdarının qalxması onun və onun ailəsinin maddi vəziyyətini xeyli dərəcədə çətinləşdirəcəkdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil İsa oğlu apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Qubadlı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 252839 nömrəli atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə İddiaçı doğulmuş X3 atası hesab edilmişdir. İş materiallarında olan Qubadlı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 483339 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2014-cü il tarixdə doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)- 5074/2015 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh 17 avqust 2014-cü il tarixdə anadan olmuş X1 üçün İddiaçı xeyrinə 108 manat məbləğində alimentin tutulması qət edilmişdir. İş materiallarında olan Sumqayıt “Asan xidmət” mərkəzi qeydiyyat şöbəsinin verdiyi nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Hüseynova Əfsanə Ədalət qızı arasında xx.xx.2019-cu il tarixdə rəsmi nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 2758 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikahdan sonra arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş məlumatlardan və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Hüseynova Əfsanə Ədalət qızının birgə nikahından xx.xx.2020-ci il tarixdə X6 anadan olmuşdur. İş materiallarında olan “Sumqayıt Tibb Mərkəzi” publik hüquqi şəxsi 2 nömrəli Ailə Sağlamlıq Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, Əliyeva Əfsanə Ədalət qızı Sumqayıt şəhər 2 nömrəli ASM-də xx.xx.2023-cü il tarixdən 16-17 həftə hamiləlik diaqnozu ilə qeydiyyata götürülmüşdür. Hal-hazırda 21-22 həftə hamilədir. İş materiallarında olan “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən əldə edilmiş məlumatlardan görünür ki, İddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsində işləyir (tərbiyəçi, körpələr evləri/peşəkar), aylıq əmək haqqı 497 manat təşkil edir. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh 14 oktyabr 2013-cü il tarixdə faktiki nikaha daxil olmuş, həmin nikahdan 17 avqust 2014-cü il tarixdə X5 doğulmuş, sonradan tərəflər arasında olan münasibətlər pozulmuş və ayrılmışlar, daha sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(012)-5074/2015 nömrəli qətnaməsi ilə Cavabdeh 17 avqust 2014-cü il tarixdə anadan olmuş X1 üçün İddiaçı xeyrinə 108 manat məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda tərəflərin faktiki nikahından anadan olmuş 17 avqust 2014-cü il təvəlldülü X5 iddiaçının himayəsindədir və uşağın saxlanması üçün cavabdehdən tutulan alimentin məbləği onun artan tələbatını ödəmək üçün kifayət etmir. Bu səbəbdən iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək tutulan alimentin miqdarının artırılaraq 200 (iki yüz) manat müəyyən edilməsini xahiş etmişdir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən isə, valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir (AM-in 78.2-ci maddəsi). Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2022-ci il tarixli Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 (iki yüz iyirmi) manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Göründüyü kimi, istinad olunan qanunvericilik aktlarının əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, həmçinin cavabdehin daimi iş yeri olmaqla, müntəzəm gəlirə sahib olması tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdehin bu dəlilləri onun faktiki nikahından anadan olmuş azyaşlı uşağının saxlanılmasında üzərinə düşən valideynlik vəzifəsinin icrasından, o cümlədən aliment öhdəliyindən azad etmir. Təyin olunmuş aliment uşağın maksimum dərəcədə cəmiyyətdə normal inkişafına, tərbiyəsinə, təhsilinə, müalicəsinə və s. xidmət edir. Eləcə də, birinci instansiya məhkəməsi alimentin miqdarını müəyyən edərkən uşağın mənafeyini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, Respublikada 2023cü il üçün uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu məbləğini nəzərə almışdır. Odur ki, tərəflərin azyaşlı uşağı 17 avqust 2014-cü il təvəlldülü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutulması uşağın mənafeyi baxımından məqsədəuyğundur. Cavabdehin yeni ailə həyatı qurması və həmin nikahdan 1 övladının olması, 1 övladının da dünyaya gələcəyi barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, bu hal onu faktiki nikahından olan övladının saxlanılmasında və getdikcə artan tələbatının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 06 iyun 2023-cü il tarixli, 2(060)-2956/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar