Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1558/2024 15.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X3 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin həcminin artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3319/2024 nömrəli, 08 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddia tələbinin qismən təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2427/2021 nömrəli, 05 mart 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutulması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X1 üçün hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X1 üçün hər ay 235 manat sabit pul məbləğində alimentin xx.xx.2023-cü il tarixdən etibarən Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 2427/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən aralarında olan nikah pozulmuş, həmin qətnaməyə əsasən övladları xx.xx.2009-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulması qət edilmişdir. Hazırda 100 manat aliment övladının ehtiyaclarını ödəmək üçün yetərli deyildir. Oğlu yetərincə böyümüş, 100 manat aliment onun təkcə məktəb xərclərini belə qarşılamır. Övladının ehtiyaclarını lazımi qaydada təkbaşına ödəyə bilmir. Buna görə də onun tərəfindən “aliment məbləğinin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələbindən də göründüyü kimi aliment məhkəməyə müraciət edildiyi tarixdən tutulur. Lakin məhkəmə alimentin miqdarının qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh onun xeyrinə tutulmasını qət etmişdir. Bununla da məhkəmə Ailə Məcəlləsinin 100.2-ci maddəsinin tələblərini pozmuşdur. Məlumat üçün bildirir ki, iş materiallarına əlavə edilmiş mediasiya prosesinin tətbiqi barədə təklifin surətindən və poçt qəbzindən göründüyü kimi verilmiş ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı təklif cavabdehə xx.xx.2023-cü il tarixində göndərilmişdir. Yəni xx.xx.2023-cü il tarixdən etibarən cavabdehdən aliment tələb etsə də, Cavabdeh onu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən tutulacaq aliment məbləği xx.xx.2023-cü il tarixdən etibarən hesablanmalıdır. Qeyd olunanlardan da göründüyü kimi o, Cavabdeh mediasiya prosesinin tətbiqi barədə təklif ilə müraciət edərək aliment məbləğininin həcminin artırılması üçün tədbir görmüşdür. Yəni cavabdehi mediasiya prosesində iştirak etməklə aliment məbləğinin həcminin artırılması məsələsini həll etməyə dəvət etmiş, lakin Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Cavabdehin alimenti tələb olunan miqdarda ödəməkdən boyun qaçırması faktı məhkəməyə təqdim edilən “Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış” ilə təsdiq olunur. Ailə Məcəlləsinin 100.3-cü maddəsi düzgün tətbiq edilmədiyinə görə Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-3319/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi və iddia tələbinin tam təmin olunması üçün kifayət qədər əsas mövcuddur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iddiaçının nümayəndəsi vəkil Nümayəndə məhkəmə kollegiyasına ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini uşağın əsaslı mənafeyi baxımından tərəflərin maddi vəziyyəti ədalətli şəkildə balanslaşdırılmaqla iddia tələbinin qismən təmin edilməsinin yetkinlik yaşına çatmayan uşağın əsaslı mənafeyinə xidmət etməsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə İddiaçı tərəfindən qətnaməni alimentin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması hissəsində mübahisələndirmiş, alimentin tutulmasının xx.xx.2023-cü il tarixdən hesablanmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7. maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» 20 may 2011-ci il tarixli qərarı da məhkəmələrdən məhz bunu tələb edir. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiya məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına almayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticəni aşağıdakı əsaslara görə qanuni və əsaslı hesab edir. İşdən görünür ki, iddiaçı Ailə Məcəlləsinin 112-ci maddəsinə istinadən məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmiş, birinci istansiya məhkəməsində qətnamənin qanuni qüvvəyə mindiyi gündən alimentin məbləğinin dəyişməsini qət etmişdir. Məlum olduğu kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 saylı qərarının 8.14. bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Göründüyü kimi məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən miqdarı dəyişdirilmiş aliment qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə qanuni və əsaslı olduğundan, apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, bu qətnamədən kassasiya şikayəti nəzərdə tutulmadığından, mübahisələndirilən hissədə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 08 iyul 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1558/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1558/2024
15.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver