Məhkəmə qərarları › İş №2(105)-1562/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1562/2023

11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1562/2023 11.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" İKB-nin (İddiaçı ASC) cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Səməd oğluna qarşı kredit borcu tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X3 (sədrlik edən və məruzəçi), Məmmədov Fuad Əli oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə, Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-281/2016 nömrəli qətnaməsindən Cavabdeh1 Səməd oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. "xxxx" İKB (İddiaçı ASC) borcalan Cavabdeh3, zamin Cavabdeh2 və zamin Cavabdeh1 Səməd oğlu arasında bağlanmış 19 may 2015-ci il tarixli, 27-M-1-0-260-15 saylı bank hesabı, kredit və zaminlik müqaviləsindən görünür ki, bank Cavabdeh3 illik 28 faiz dərəcəsi olmaqla 24 ay müddətinə 14000 ABŞ dolları məbləğində kredit vermişdir.

2. "xxxx" X1 tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh3 19 may 2015-ci il tarixli, 27-M-1-0- 260-15 saylı kredit müqaviləsi üzrə 13 noyabr 2015-ci il tarixinə 13559 (on üç min beş yüz əlli doqquz) ABŞ dolları əsas, 3366 (üç min üç yüz altmış altı) ABŞ dolları faiz və 4067 (dörd min altmış yeddi) ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 20992 (iyirmi min doqquz yüz doxsan iki) ABŞ dolları borcu vardır.

3. Xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müqavilə üzrə öhdəliklərinin icra etmələri barədə "xxxx" İKB tərəfindən xəbərdar edilmişlər, əks halda hüquqi nəticələri izah olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" İKB cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı kredit borcu tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" İKB ilə Cavabdeh3 arasında 19 may 2015-ci il tarixli, 27-M-1-0-260-15 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş 13 noyabr 2015-ci il tarixinədək hesablanmış müvafiq olaraq 13559 ABŞ dolları əsas borc, 3366 ABŞ dolları faiz borcu, 4067 ABŞ dolları dəbbə pulu olmaqla, cəmi 20992 ABŞ dolları və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Səməd oğlundan birgə qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" İKB ASC ilə Cavabdeh3 arasında 19 may 2015-ci il tarixli, 27-M-1-0-260-15 saylı kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı müqavilənin 1.2, 1.6 və 1.11-ci maddələrinə əsasən 14000 ABŞ dolları məbləğində illik 28% olmaqla 24 ay müddətinə kredit verməyi öhdəsinə götürmüş və bu məbləği cavabdehin hesabına ödəmişdir. Eyni zamanda Cavabdeh2 və Cavabdeh1 Səməd oğlu ilə 19 may 2015-ci il tarixli, 27-M-l-0-260-15 saylı zaminlik müqaviləsi bağlanmış və sonuncular Cavabdeh3 zamin duraraq öhdəlikləri tam yerinə yetirilmədiyi təqdirdə məsuliyyəti üzərilərinə götürmüşlər. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş qrafik cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və iddiaçı qarşısında öhdəliyi yaranmışdır.

6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-281/2016 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 13559 (on üç min beş yüz əlli doqquz) ABŞ dolları əsas borc, 3366 (min üç min üç yüz altmış altı) ABŞ dolları faiz borcu və 1000 (min) ABŞ dolları cərimə borcu olmaqla, cəmi 17925 (on yeddi min doqquz yüz iyirmi beş) ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzinin müştərək qaydada tutularaq "xxxx" İKB-nə ödənilməsi qət edilmişdir (hakim Sevinc Quliyeva).

7. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 443.1, 445, 448, 462.1, 472, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107, 119-cu maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh1 Səməd oğlu apellyasiya şikayəti verib qətnamənin tam ləğv edilməsinə, "xxxx" İKB-na olan 17925 ABŞ dolların və əlavə çəkilmiş 30 manat dövlət rüsumunun Cavabdeh3 borcunun ödənilməsi məqsədilə daşınar və daşınmaz əmlaklarına yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, zamin durduğu Cavabdeh3 maddi imkanının yaxşı olduğunu, götürdüyü krediti vaxtında ödəmək imkanında olduğunu hesab edərək əsas borclunun əmlaklarının olduğunu, hazırda isə kredit borcunun ödənişindən yayındığını qanunsuz hesab edir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər.

12. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

13. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

18. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir.

19. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

20. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

21. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

22. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

23. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

32. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Şıxaliyev X2 Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-281/2016 nömrəli qətnaməsini özünə aid olan hissədə mübahisələndirərək həmin hissədə ləğv edilməsini xahiş etmişdir.

33. Ona görə də kollegiya Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin mübahisələndirilən hissədə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

35. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 ilə iddiaçı arasında bağlanmış kredit müqaviləsinə əsasən, Cavabdeh3 həmin kredit müqaviləsi üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. Göründüyü kimi borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh1 Səməd oğlu zamin durmuşlar.

36. İş materiallarından aydın olur ki, birinci instansiya məhkəməsi kredit müqaviləsi üzrə borcun cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Səməd oğlundan müştərək qaydada tutulması qənaətinə gəlmişdir. Cavabdeh1 Səməd oğlu isə apellyasiya şikayətində ona münasibətdə iddia tələbinin təmin edilməsi ilə bağlı məhkəmə qətnaməsində göstərilən hissədən narazılığını ifadə etmişdir.

37. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh1 Səməd oğluna münasibətdə iddia tələbini qismən təmin etməklə düzgün hüquqi nəticəyə gəlmişdir.

38. Belə ki, yuxarıdakı normaların tələblərindən də aydın olur ki, borclu müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə kreditorun bunu tələb etmək hüququ yaranır və zaminlər kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşıyırlar.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 Səməd oğlunun iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki Cavabdeh1 Səməd oğlu apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir.

41. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

42. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.

43. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-281/2016 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(012)-281/2016 nömrəli qətnaməsi Cavabdeh1 Səməd oğluna aid hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar