Məhkəmə qərarları › İş №2(105)-1563/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1563/2021

25.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1563/2021 25.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Qobustan Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2(027)-17/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : Qobustan Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2(027)-17/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 2500 manat məbləğində pulun və dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması qət edilmişdir (M.Quliyev). Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Qobustan Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2(027)-17/2021 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı MMC Cavabdeh İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2500 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınıb iddiaçının bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələb bununla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 22 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən o, 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə kassir vəzifəsinə işə qəbul olunmuşdur. Onunla tam maddiməsuliyyət haqqında müqavilə bağlanılmış və cavabdeh 27 iyul 2020-ci ildə 321-K saylı əmrlə öz ərizəsinə əsasən işdən azad edilmişdir. İddiaçı MMC-nin M.Qaşqay filialında kassir vəzifəsində çalışan Cavabdeh tərəfindən cəmiyyətə zərər vurma faktı aşkar olunmuşdur. 13 aprel 2020-ci il tarixdə Cavabdeh yetki kodu ilə işləyərək silinmə əməliyyatları etmiş, kassada yaratdığı artıq məbləği isə şəxsi məqsədlər üçün götürmüşdür. Cavabdeh bir neçə dəfə kassada yaratdığı artıq pulları Hüsen Məmmədovun vasitəsi ilə çıxarmışdır. Cavabdeh bir neçə dəfə Hüseyn Məmmədova kassa qeydiyyatından keçirmədən siqaret məhsulu vermişdir. Aparılan araşdırma zamanı Cavabdeh kassa qeydiyyatından keçirmədiyi, lakin pulunu alaraq müştəriyə verdiyi bir sıra məhsulların olduğu müəyyən olmuşdur. Bu barədə video-disk də vardır. Cavabdeh cəmi 2500 manat zərər vurmasını etiraf etmiş, bunu öz izahatıyla bir daha təsdiq etmiş və zərər vurmasına dair aktı imzalamışdır. Hüseyn Məmmədov isə 400 manat zərər vurduğunu etiraf etmiş və dəymiş zərər barədə aktı imzalayaraq ziyanı ödəmişdir. Cavabdeh dəfələrlə Cəmiyyətə dəymiş zərəri ödəməsi tələb edilsə də, o, tələblərə məhəl qoymadan, müxtəlif bəhanələr gətirərək dəymiş zərəri ödəməkdən yayınmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İş üzrə Cavabdeh apelyasiya şikayətini bununla əsaslandırmışdır ki, məhkəmə mübahisəni hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün qiymət verməmiş, iddianın təmin edilməsi barədə səhv nəticəyə gəlmişdir. Məhkəmə iclasında onun verdiyi izahat təhrif edilmişdir. O, məhkəmə iclasında bildirmişdir ki, 22.01.2020-ci il tarixdə "İddiaçı MMC"-də işə qəbul olmuş və cəmi 3 ay orada işləmişdir. Ona 2 ayın əmək haqqını ödəmiş, lakin mart ayının əmək haqqını verməmişlər. Aprel ayının 22-də onu Bakı şəhərindəki "Babək Plaza"-nın 14-cü mərtəbəsinə dəvət edib Adışırin müəllim, Rəşid müəllim və digərləri- cəmi 8 nəfər ondan izahat tələb etmişlər. O da bir neşə dəfə izahat yazıb vermişdir ki, heç vaxt kassadan pul götürməmiş, marketə ziyan vurmamışdır və 2500 manat ziyandan xəbəri yoxdur. Hər dəfə onun izahatını oxumuş, cırıb atmışlar. Təxminən 2 saata qədər orada olmuşdur, onu qorxudaraq əsəblərini o qədər korlamışlar ki, axırda onlar deyəni məcburiyyət qarşısında yazmalı olmuşdur. Məhkəmə iclasında isə demişdir ki, 3 ay ərzində kassasya malı vurmasa bunun dəyəri ən çoxu 100-200 manat edər. Məhkəmə bu izahatı iddianın qismən qəbul edilməsi kimi dəyərləndirmişdir. Halbuki, o, məhkəmə iclasında iddianı qəbul etmədiyini, iddianın əsassız olduğunu bildirmişdir. Həmçinin məhkəmə iclasında göstərmişdir ki, bu səbəbdən də ona 27 iyul 2020 ci il tarixdə heç bir borcu olmadığını bildirərək əmrlə işdən azad edilmiş, əmək kitabçasını almışdır. Məhkəmə mübahisəni araşdırkən tərəflərə bərabər yanaşmamış, yalnız qarşı tərəfin dəlillərini nəzərə almış, qeyri-obyektivlik nümayiş etdirmişdir. Qəbul edilmiş qətnamənin giriş hissəsində iddiaçının və cavabdehin adları siyahısında onun olmaması və tələbin elə iddiaçının nümayəndəsinə qarşı yönəldiyi göstərilməsi, sonda isə qətnamənin nəticə hissəsində 2500 manatın ondan tələb edilməsi qətnamənin göstəriş əsasında çıxarıldığına əyani sübutdur. Qətnamənin əsaslandırıcı hissəsində hakim əvvəlcə X3 İddiaçı nümayəndəsi, sonra isə şahid kimi izahat verdiyini göstərmişdir. Əgər onun iddiaçı şirkətə hər hansı borcu olsaydı, işdən azad edilərkən ona əmək kitabçasını verməzdilər, barəsində material tərtib edərək araşdırma aparıb pulu tələb edərdilər. O, məhkəmə iclasında X4 şahid kimi dindirilməsi üçün dəfələrlə şifahi vəsatət versə də, sədrlik edən buna münasibət bildirməmiş, sonradan onun İddiaçınə verdiyi izahatı və ziyan aktını sübüt növü kimi göstərmişdir. Bu hallara məhkəmə tərəfindən düzgün qiymət verilmədiyindən qətnamə ləğv edilməlidir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi X6 şikayətlə razılaşmadı və onun rədd edilməsini xahiş etdi. Əlavə etdi ki, əslində Cavabdeh hərəkətləri cinayət əməli kimi qiymətləndirilməlidir. Lakin Cəmiyyət hümanistlik göstərərək mülki qaydada iddia qaldırmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İş materiallarına əlavə edilmiş 22 yanvar 2020-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh İddiaçındə 3 ay sınaq müddəti müəyyən edilməklə kassir vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan 22 yanvar 2020-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış və tərəflərin imzaladığı həmin müqavilənin şərtlərində tərəflərdən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. Tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir. Yenə iş materiallarında olan İddiaçı 22 yanvar 2020-ci il tarixli, 024-K saylı əmrindən görünür ki, Cavabdeh 3 ay sınaq müddəti müəyyən edilməklə kassir vəzifəsinə işə qəbul edilmiş, əmək haqqı ştat cədvəlinə əsasən 280 manat müəyyən edilmişdir. Yenə də iş materiallarında olan İddiaçı 27 iyul 2020-ci il tarixli, 321-K saylı əmrindən çıxarışın surətindən görünür ki, Cəmiyyətlə Cavabdeh (Satış Əməliyyatları Departamentinin İddiaçı şəbəkəsinin kassiri) arasında bağlanmış əmək müqaviləsinə 27 iyul 2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam verilmiş, son haqq-hesab, istifadə edilməmiş 18 təqvim günü əmək məzuniyyətinə görə pul əvəzi ödənilmişdir. İşdə olan İddiaçınə vurulmuş ziyana dair 04 may 2020-ci il tarixli aktdan görünür ki, İddiaçı MMC-nin M.Qaşqay filialında kassir vəzifəsində çalışan Cavabdeh cəmiyyətə 2500 manat ziyan vurmuşdur. Akt Cavabdeh tərəfindən imzalanmışdır. Yenə işdə olan İddiaçınə vurulmuş ziyanın geri qaytarılmasına dair 22 may 2020-ci il tarixli aktdan görünür ki, İddiaçı MMC-nin M.Qaşqay filialında satıcı vəzifəsində çalışan X7 cəmiyyətə 400 manat ziyan vurmuşdur. X1 tərəfindən imzalanmışdır. Yenə də işdə olan Cavabdeh İddiaçınə verdiyi izahatından, eləcə də Cəmiyyətə ünvanlanmış ərizəsindən görünür ki, İddiaçı M.Qaşqay filialında kassir vəzifəsində işlədiyi müddətdə müxtəlif məhsulları kassaya vurmayaraq kassada süni artıq yaratmış və sonra mağazada satıcı işləyən Hüseyn Məmmədovla birlikdə götürüb bölmüşlər. İşlədiyi müddət ərzində marketə 2500 manat ziyan vurmuşdur. Həmin məbləğin onun əmək haqqından tutulmasını xahiş edir. İş materiallarında olan X4 İddiaçınə verdiyi izahatından görünür ki, İddiaçı M.Qaşqay filialında 13 mart 2020-ci ildən satıcı vəzifəsində işləmiş, həmin mağazada kassir işləyən Cavabdeh ona yaxınlaşaraq ona kassasında artıq pul olduğunu və satıcı kimi ona yaxınlaşmasını bildirmiş, həmin pulları ona vermişdir. Bu prosesi müxtəlif vaxtlarda bir neçə dəfə davam etdirmişlər. Yenə iş materiallarında olan Cavabdeh göndərilmiş 21 sentyabr 2020-ci il tarixli, 14Ş- 832 saylı məktubun surətindən görünür ki, onun kassir vəzifəsində işlədiyi İddiaçı MMC-nin M.Qaşqay filialında yoxlamalar nəticəsində 2500 manat əksikgəlmə faktı aşkar edilmiş, ona həmin pulu könüllü olaraq ödəməsi təklif edilmişdir. Məhkəmə iclasında şahid kimi ifadə verən X8 göstərmişdir ki, İddiaçındə kassir vəzifəsində çalışan Cavabdeh ona tapşırılan işlərlə məşğul olmuş, kassir müştərilərin kassaya gətirdiyi məhsulun bir qismini kassaya vursa da, bir qismini kassaya vurmadan müştərini yola salmışdır. Müştərini yola salandan sonra, kassaya vurmadığı malların pulunu mənimsəmişdir. Müştəri kassaya 10 ədəd bir məhsuldan gətirəndə isə həmin məhsulun 1 ədədini kassaya vuraraq müştəridən 10 ədəd məhsulun pulunu almış və pulu digər personalın vasitəsi ilə kassadan çıxarmışdır. Bütün bunlara dair video görüntü vardır. Məhkəmə iclasında şahid kimi ifadə verən X5 göstərmişdir ki, İddiaçındə baş satıcı vəzifəsində çalışır. Cavabdeh 22 yanvar 2020-ci il tarixdə İddiaçınə kassir vəzifəsinə işə qəbul olunmuşdur. Elmin kassa aparatının açıq qalmasından istifadə edərək dəfələrlə kassadan silmələr etmişdir. O, kassaya baxanda adına olan kodundan istifadə edildiyini bilib kassirə iradlarını bildirmiş, mağaza müdirinə bu barədə məlumat vermişdir. Həmin günün sonunda müdirlə birlikdə müşahidə kamerasına baxmış və Elminin kassada malı vurub-sildiyini görmüşlər. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçinin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflər əmək münasibətlərində olmuş, Cavabdeh 22 yanvar 2020-ci il tarixli əmək müqaviləsinə əsasən İddiaçı M.Qaşqay filialında 3 aylıq sınaq müddəti tətbiq edilməklə kassir vəzifəsinə işə qəbul edilmiş, onunla tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. Cavabdehlə bağlanmış əmək müqaviləsinin 5.1 və 5.2-ci bəndlərinə, habelə tam maddi məsuliyyət barədə müqavilənin şərtlərinə görə mağazada ola biləcək əskikliyə görə Cəmiyyətə dəyən ziyanı ödəməyi işçi kimi Cavabdeh öhdəsinə götürmüşdür. Cavabdeh kassir vəzifəsində işlədiyi İddiaçı MMC-nin M.Qaşqay filialında 2500 manat əskiklik aşkar olunmuş, E. Abdullayev akta imza edərək həmin əskikliyin onun təqsirindən yarandığını etiraf etmiş və bu barədə izahat vermişdir. Vurulmuş maddi ziyanın ödənilməsi ona təklif edilsə də, nəticəsi olmamışdır. Hazırda İddiaçı MMC Cavabdeh İddiaçı MMC-nin əmlakına vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2500 manat pulun verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh isə apelyasiya şikayətində iddiaçıya zərər vurmadığını, borcu olmadığını bildirir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194.1-ci maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Yenə həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Yenə də həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda. Eyni Məcəllənin 202-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktiki itkilər üzrə müəyyən edilir. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. İşəgötürənə vurulan mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında bu Məcəllənin 290-cı maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş prinsiplə məhkəmə tərəfindən müəyyən edilir. Qeyd edildiyi kimi, iddiaçı Cəmiyyətdə işlədiyi dövr ərzində işçi kimi Cavabdeh iddiaçıya 2500 manat məbləğində maddi ziyan vurmuşdur. Bu faktı o, özü də etiraf etmiş, bu barədə izahat vermiş, aktı imzalamışdır. Hazırda onun bu faktı müxtəlif bəhanələrlə inkar etməsinə məhkəmə kollegiyası tənqidi yanaşır və inandırıcı hesab etmir. Bu məbləğdə ziyan vurmasını əsəbləşərək etiraf etməsi barədə cavabdehin dəlili ağlabatan deyildir və iş materialları, habelə şahid ifadələri ilə təkzib olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yenə həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Yenə də həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Eyni Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Eyni Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İstinad olunan maddi hüquq normalarının mənasına görə cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərərin əvəzi ödənilməlidir, çünki məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında bağlanmış 22 yanvar 2020-ci il tarixli əmək və maddi məsuliyyət haqqında müqavilələrə əsasən, Cavabdeh İddiaçı MMC-yə əmək prosesində vurduğu maddi zərərin əvəzinin ödənilməsinə dair vəzifələrin daşıyıcısı olmuşdur. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Yenə həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Yenə də həmin Məcəllənin 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Qeyd edildiyi kimi maddi zərərin məbləği iddiaçı tərəfindən müəyyən edilmiş, bununla belə cavabdeh tərəfindən aktla və izahatla təsdiq edilmişdir. Yuxarıdakı normaların tələblərindən də aydın olur ki, cavabdeh əmək müqaviləsi üzrə öhdəliklərini vicdanla yerinə yetirmədikdə və işəgötürənə maddi zərər vurduqda, işəgötürənin bu maddi zərərin əvəzini tələb etmək hüququ yaranır və onun qarşısında işçi maddi məsuliyyət daşıyır. Apelyasiya şikayətində cavabdeh iddiaçıya heç bir zərər vurmadığını bildirsə də, bununla bağlı məhkəməyə heç bir legitim və mötəbər sübut təqdim edə bilməmişdir. Şikayətin dəlilləri iş materialları ilə tamamilə təkzib olunur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh iddiaçı İddiaçı MMC qarşısında öhdəliyi yaranmışdır və o bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi sadalanan maddi hüquq normalarına istinad etməklə mübahisə üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmişdir. Cavabdeh apelyasiya şikayətinin əsaslarına dair məhkəməyə hər hansı mötəbər və legitim sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətini formal mülahizələr kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Qobustan Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli, 2(027)- 17/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat məbləğində dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar