Məhkəmə qərarları › İş №2(105)-1564/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1564/2023

27.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1564/2023 27.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, əsassız varlanma, sübutetmə yükü) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X20 (sədrlik edən və məruzəçi), Rəhimov Elman Gülbaba oğlu və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə (sonuncu məhkəmə iclasına gəlməmişdir) iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(060)-1291/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Pİ-nin 1-ci PB-nin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarına əsasən Cavabdeh izahatında 2018-ci il tarixdə İddiaçı hissə-hissə ümumilikdə 10.000 manat pulu borc alması və xx.xx.2020-ci il tarixədək olan müddət ərzində həmin pulu hissə-hissə artıqlaması ilə qaytarmasını qeyd etmişdir.

2. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, 157000/2-2115 saylı X1 adına olan çıxarışa əsasən iddiaçının anası X1 bank kartına müxtəlif məbləğlərdə mədaxil və məxariclər edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 13.690 manat məbləğində borcun, dövlət rüsumu kimi ödənilmiş 133,40 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “N” saylı hərbi hissənin müddətdən artıq hərbi qulluqçusudur. Cavabdeh özü ilə birlikdə işləyən 6 nəfər hərbçinin də sənədini girov qoyaraq yaranmış problemlərin həlli ilə bağlı xx.xx.2019-cu ildə iddiaçıdan 15160 manat pul almış və sonradan hərbi hissədə yoxlamaların aparıldığını bəhanə gətirərək həmin sənədləri iddiaçıdan geri götürməklə özünün sürücülük vəsiqəsini və xarici pasportunu girov qoymuşdur. Cavabdeh az miqdarda – 1470 manat ödəniş etdikdən sonra iddiaçıya 13.690 manat borcu qalmışdır. İddiaçı dəfələrlə cavabdehdən borcunu qaytarmasını tələb etmiş, lakin cavabdeh hər dəfə bir bəhanə gətirməklə iddiaçıya olan borcunu qaytarmamışdır. İddiaçı bundan sonra cavabdeh barəsində bir sıra hüquq mühafizə orqanlarına şikayət ərizələri ilə müraciət etmiş və sonuncu dəfə Sumqayıt şəhər Pİ-nin 1-ci PB-də araşdırma aparılmış və həmin araşdırma zamanı cavabdeh iddiaçıdan cəmi 10.000 manat məbləğində pul aldığını və həmin pulu da guya hissə-hissə olmaqla qaytardığını bildirmişdir. Halbuki, cavabdeh iddiaçıdan 15160 manat pul almış, həmin puldan da az bir hissə ödəniş etməklə hazırda iddiaçıya qalan borcu 13.690 manat təşkil edir. Sumqayıt şəhər Pİ-nin 1-ci PB-də cavabdeh barəsində cinayət işinin başlamasının rədd olunması barədə qərar qəbul edilmiş və iddiaçıya mülki qaydada məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur.

5. Birinci instansiya məhkəməsinin 05 aprel 2022-ci il tarixli qərardadına əsasən "xxxx" ASC-dən X2 məxsus kart üzrə çıxarışlar təqdim edilmişdir.

6. İddiaçının vəkili X1 bank kartına daxil olan pulların ayrı-ayrı şəxslər tərəfindən oynanılan lotereya pulu olduğunu demişdir.

7. Cavabdeh iddiaya etiraz edərək göstərmişdir ki, iddiaçıdan aldığı 10000 manat pulu ona ödəmişdir. Həmin pulun bir qismini xidmət yoldaşları üçün almışdır, onlar da həmin borcu iddiaçının anasının kartına ödəmişlər. Özü üçün götürdüyü pulun bir qismini isə iddiaçıya nağd vermiş, bir qismini də iddiaçının anasına məxsus bank hesabına hər dəfə 250 manat olmaqla ödəmişdir.

8. Birinci instansiya məhkəməsində şahid X17 bildirib ki, iddiaçı ilə yoldaş-dost münasibətindədir. 2018-2019-cu illərdən bəri onu digər dostu Əhlimanov Elşad vasitəsilə tanımışdır. Cavabdehi şəxsən tanımır, yalnız hərbçi yoldaş kimi görmüşdür. Bu məsələ ilə bağlı yalnız onu bilir ki, cavabdehin iddiaçıya borcu var, lakin həmin borcu ödəmir. Özünün iddiaçıya borcu yoxdur, yalnız lotereya oynayır, həmin lotereya ödənişlərini iddiaçının anası Zalıyeva Məryəmə məxsus karta göndərir.

9. Birinci instansiya məhkəməsində şahid X4 bildirib ki, iddiaçının bacısının əridir. Cavabdehi tanıyır. Pul məsələsi ilə bağlı cavabdeh iddiaçının evinə gəlmiş, hətta bu zaman cavabdeh arvadının adına olan sənəd gətirmişdir. Lakin iddiaçı həmin sənədin cavabdehə yox, onun arvadına məxsus olduğunu bildiyindən həmin sənədi qəbul etməkdən imtina etmişdir. Bundan sonra cavabdeh onlar tərəfindən edilmiş zənglərə cavab verməmiş, sonra da borcunun olduğunu inkar etmişdir. Daha sonra polisə şikayət edilmiş, orada da cavabdeh pulu aldığını, lakin ödədiyini bildirmişdir. Pulu iddiaçı cavabdehə vermiş, cavabdehin həmin pulu kimə, yaxud kimlərə verməsi, ümumiyyətlə həmin pulu nə üçün istifadə etməsi ilə bağlı məlumatı yoxdur.

10. Birinci instansiya məhkəməsində şahid X5 bildirib ki, iddiaçı onun oğludur. Cavabdeh pula ehtiyacı olduğunu Elşad Əhlimanov adlı şəxsə Elşad Əhlimanov da Samirə pul lazım olduğunu, ona bununla bağlı kömək etməsini iddiaçıdan xahiş etmişdir. İddiaçı pulu cavabdehə vermiş, cavabdeh pulu qaytarmamışdır. Dəfələrlə pulu tələb etsələr də, cavabdeh pulu verməkdən imtina etmişdir. Bir gün cavabdeh onların evlərinə gələrək bildirmişdir ki, ona verilən pulun bir qismini borclarına vermiş, həmçinin ev tikdirdiyini, evinin tikilisinin yarımçıq qaldığını bildirmişdir. Mart ayında hərbiçilərə pul veriləcəyini, oradan 3000 manat verəcəyini, daha sonra may ayında evi sataraq borcunu qaytaracağını bildirmişdir. Daha sonra cavabdehi tapmayıblar, aidiyyatı orqanlara müraciət etdikdən sonra cavabdehi tapıblar. Özü təqaüdçüdür, "xxxx"dan təqaüd alır, tanışları ilə lotereya oynayır, təqaüd kartına lotoreya pulları göndərilir.

11. Birinci instansiya məhkəməsində şahid X9 bildirib ki, iddiaçını cavabdeh vasitəsilə pul götürdüyü şəxs kimi tanıyır. O zamana qədər iddiaçını tanımamışdır. İddiaçı pulu cavabdehə vermiş, cavabdeh də ona vermişdir. İddiaçıdan cavabdeh vasitəsilə 2500 manat pul alıb, buna görə də xidməti vəsiqəsini, mülki vəsiqəsini və maaş kartını cavabdehə verib. Cavabdeh də onları iddiaçıya vermişdir. Daha sonra 2500 manat pulu iddiaçıya qaytarmış, onda olan sənədlərini götürmüşdür. Hər ay həmin borcdan, yəni 2500 manat borcdan 250 manat faiz məbləğini terminal vasitəsilə iddiaçının anasına məxsus olduğunu bildiyi karta ödəmişdir. Sonradan ona yenə pul lazım olduğundan yenə iddiaçıdan 1500 manat pul alıb, bu dəfə heç bir sənəd verməyib.

12. Birinci instansiya məhkəməsində şahid X18 bildirib ki, cavabdehi 2016-cı ildən tanıyır, münasibətləri yaxşıdır, iddiaçını isə qiyabi olaraq tanıyır. Cavabdehin borcu olmuş və cavabdeh onun yanında 500 manat faiz məbləğini terminal vasitəsilə borc sahibinə ödəmişdir. Cavabdehin nə qədər borcu olduğundan, ödənişi kimə etdiyindən xəbəri yoxdur.

13. Birinci instansiya məhkəməsində şahid X10 bildirib ki, iddiaçını, ümumiyyətlə, tanımır. 2018-ci ilin avqust-sentyabr aylarında avtomobil qəzası törətdiyi üçün pul lazım olduğunu cavabdehə bildirmişdir. Cavabdeh də ona bir tanışının pul verə biləcəyini söyləmiş, ondan şəxsiyyət vəsiqəsini və hərbi biletini almışdır. Cavabdeh ona 1000 manat pul vermiş və o, hər ay 100 manat məbləğində ödəniş etmişdir. Pulun bir qismini cavabdehə qaytarmış, digər qismini isə cavabdehin ona dediyi karta köçürmüşdür. 11-ci ayda tamamilə borcunu bağlayaraq sənədlərini cavabdehdən geri almışdır.

14. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1291/2022 nömrəli, 23 iyun 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdehdən 13.690 manat pul və ödənilmiş 133,40 manat dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir (hakim Elmir Hüseynov).

15. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi işin hallarına görə cavabdeh özü ilə birlikdə işləyən 6 nəfər hərbçinin sənədini girov qoyaraq xx.xx.2019-cu ildə iddiaçıdan 15160 manat pul almış və sonradan hərbi hissədə yoxlamaların aparıldığını bəhanə gətirərək həmin sənədləri iddiaçıdan geri götürməklə özünün sürücülük vəsiqəsini və xarici pasportunu girov qoymuşdur. Cavabdeh az miqdarda – 1470 manat ödəniş etdikdən sonra onun iddiaçıya 13690 manat borcu qalmışdır.

16. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh iddiaçıya olan borcunu ödədiyini bildirsə də, bununla bağlı heç bir sübut təqdim edə bilmir. Məhkəmə cavabdehin və cavabdeh tərəfindən dəvət edilmiş şahidlərin qeyd etdikləri məbləğlərin iddiaçının anası Məryəm Zalıyevanın kart hesabına mədaxil edilməsinin "xxxx" ASC-dən götürülmüş məlumatlarda əksini tapmamasına istindən qeyd edilən şəxslərin izahat və ifadələrinin həqiqəti əks etdirmədiyi nəticəsinə gəlmişdir. Cavabdeh borclu olduğu pulu ödəməyinə dair öhdəlik götürmüş, lakin nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. İddiaçının təqdim etdiyi sübutlar əsasında cavabdehin ona 13.690 manat borcu olduğu müəyyən edilir, buna görə də iddia tələbi təmin edilməlidir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 386.1, 442, 448.1, 882.1, 882.2, 882.4, 882.5-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır.

b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

18. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Apellyasiya şikayəti iddiaya etirazın dəlillərinə uyğun olmaqla, belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsinin vəsatətini təmin edərək 2018-ci ilin avqust ayından 2020-ci ilin sentyabr ayına kimi “Birbank” xidməti və Goranboy rayonu, Goranboy rayonunun Ağcakənd və Qaraçinar kəndlərində olan “Milliön” aparatı vasitəsilə iddiaçının anası X1 "xxxx" kartına yüklənən pullar barədə məlumatı "xxxx"dan tələb edərək almışdır. Əvvəlcə anasının kartının olmadığını bildirən iddiaçı, məlumat məhkəməyə daxil olduqdan sonra lotereya oynadıqlarını və karta yüklənən pulların lotereya pulu olduğunu məhkəməyə bildirmişdir. Məhkəmə bankdan məlumatı tələb edib alsa da, hesab nömrələrini tələb edərək araşdırma aparmadan qətnamə qəbul etmişdir. Məhkəmə necə, nə vaxt, hansı şəraitdə yazıldığı məlum olmayan və həqiqiliyi şübhə doğuran Whatsapp yazılarına istinad edərək iddianı təmin etmişdir.

20. Cavabdeh apellyasiya instansiyası məhkəməsinə özünün sifarişi ilə müstəqil ekspert tərəfindən tərtib edilən rəy təqdim etmişdir.

21. Müstəqil ekspert Əhməd Talıblının rəyinə əsasən xx.xx.2020-ci il tarixdə Cavabdeh, X21 və X7 məxsus kartlardan nağd vəsait şəklində Sumqayıt şəhəri, məhəllə 48 ünvanında yerləşən Qartal TF-nın qeydiyyatında olan ATM-dən vəsaitlər çıxarılıb, ehtimal edilir ki, X5 xx.xx.2018-xx.xx.2020-ci illər ərzində həmin ATMdən Cavabdeh, X11 və X6 istifadəsində olan bank kartından dəfələrlə nağd vəsait çıxarmışdır.

22. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-321/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir (hakimlər Zaur Məmmədov (sədrlik edən və məruzəçi), İlqar Dəmirov, Fuad Məmmədov).

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

23. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-2523/2023 nömrəli qərarı ilə Cavabdeh kassasiya şikayətinin təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-321/2023 nömrəli, 27 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması qərara alınmışdır (hakimlər Aqil Abbasov (məruzəçi), Zaur Əliyev və Vidadi Məmmədov).

25. Kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, işin müəyyən edilmiş halları baxımından mübahisəyə Mülki Məcəllənin 882-ci maddəsinin tətbiqi də düzgün olmamışdır. Mülki Məcəllənin əsassız varlanma ilə bağlı münasibətləri nizama salan normaları nəzərdən keçirilə bilərdi ki, birinci instansiya məhkəməsi bununla bağlı heç bir qiymətləndirmə aparmamışdır. Birinci instansiya məhkəməsi cavabdehdən 15160 manat pul tutulması qənaətinə gələrkən yazılı sübut kimi “Cinayət işinin başlanmasını rədd edilməsi haqqında” 04 oktyabr 2021-ci il tarixli qərara və "xxxx" ASC-nin təqdim etdiyi hesabdan çıxarış sənədlərinə istinad etmişdir. Bir halda ki, birinci instansiya məhkəməsi cavabdehin etirafı kimi onun polisdə verdiyi izahatı əsas götürüb, həmin izahatda da cavabdeh iddiaçıdan 15160 manat yox, 10000 manat almasını deyib. Buna görə də cavabdehin aldığı pulu qaytarmasını sübut etməməsinə istinad edən məhkəmə, onun 10000 manat pul alması barədə izahatına da eyni mövqedən yanaşmalı idi.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri

26. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 2018-ci ildə Goranboy rayonunda yerləşən N saylı hərbi hissədə onunla birlikdə xidmət edən Əhlimanovun vasitəsilə faizə pul verməklə məşğul olan iş üzrə iddiaçı X19 ilə tanış olmuş, o 1500 manat, X22 2000 manat, daha sonra 2500 manat, X9 əvvəlcə 2500 manat, daha sonra 1500 manat E.Zalıyevdən faizə pul götürmüşlər. Zalıyevə əlbəəl pul verməkdən əlavə maaş kartları Zalıyevin əlində olmuşdur. Müəyyən səbəblərdən kartda pul olmadıqda, Goranboy rayonunda, Goranboy rayonunun Ağcakənd və Qaraçinar kəndlərində olan “Million” aparatı vasitəsilə iddiaçının anası ZalıyevaMəryəm Teymurşah qızının "xxxx" kartına pul köçürmüşlər. 2018-ci ilin avqust ayından 2020-ci ilin sentyabr ayına kimi iddiaçı E.X3 9600 manat, X9 hər ay 250 manat ödəmiş, N.Osmanlının atası və dayısı oğlu Sumqayıt şəhərinə gələrək E.Zalıyevlə görüşmüş, ona 2500 manat pul verərək N.Osmanlıya aid sənədləri ondan geri almışlar. Cavabdeh faizə aldığı borcun əvəzinə əlbəəl Zalıyevə 1470 manat, 2018-ci ilin avqust ayından 2020-ci ilin sentyabr ayına kimi ona ayda 150 manat pul ödəmişdir. Belə ki, digərləri kimi onun də maaş kartı iddiaçının əlində olmuş, o, əsasən yaşadığı evin yaxınlığında yerləşən “Qartal” firmasının qarşısında quraşdırılmış bankomatdan kartlardan pul çıxartmışdır. "xxxx"ın “Birbank” xidməti və Goranboy rayonunda, Goranboy rayonunun Ağcakənd və Qaraçinar kəndlərində olan “Million” aparatı vasitəsi ilə iddiaçının anası X1 "xxxx" kartına pul köçürmüşdür. İddiaçı X8 faizə aldıqları 10.000 manat pulun əvəzinə ona 19.600 manat pul ödəmişlər. Ona borcları yoxdur. Lakin o, sürücülük vəsiqəsini və xarici pasportu ona qaytarmamışdır. Bu barədə prokurorluğa şikayət etmişdir. Ümumiyyətlə, yuxarı instansiyalara şikayət edən faizə pul vermək peşəsi ilə məşğul olan Zalıyevin əlindən bütün batareya zara gəlmişdi. Məhkəmə nümayəndəsinin vəsatətini təmin edərək 2018-сi ilin avqust ayından 2020-ci ilin sentyabr ayına kimi “Birbank” xidməti və Goranboy rayonu, Goranboy rayonunun Ağcakənd və Qaraçinar kəndlərində olan “Million” aparatı vasitəsilə iddiaçının anası X1 "xxxx" kartına yüklənən pullar barədə məlumatı "xxxx"dan tələb edərək almışdır. Əvvəl anasının kartının olmadığını bildirən iddiaçı, məlumat məhkəməyə daxil olduqdan sonra lotereya oynadıqlarını və karta yüklənən pulların lotereya pulu olduğunu məhkəməyə bildirmişdi. Məhkəmə bankdan məlumatı tələb edib alsa da, hesab nömrələrini tələb edərək araşdırma aparmadan qətnamə qəbul etmişdir. Ekspert rəyi məhkəmə kollegiyasına təqdim ediləcəkdir. Məhkəmə necə, nə vaxt, hansı şəraitdə yazıldığı məlum olmayan və həqiqiliyi şübhə doğuran Whatsapp yazılarına istinad edərək iddianı təmin etmişdir. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutulan hər hansı müqavilənin, mövcud borcun etirafı haqqında mücərrəd müqavılənin yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. İddiaçıdan borc deyil, faizə pul almış və ödəmişdir. Onun qarşısında heç bir öhdəliyi yoxdur və heç bir formaya riayət edilməmişdir. İddiaçının və öyrədilmiş şahidlərin saxta ifadələrinə əsaslanaraq iddia təmin edilmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

27. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

28. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi.

29. Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixli iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edib, təmin edilməsini xahiş etmişdir.

30. Məhkəmə kollegiyasının iclasında İddiaçı və iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

31. Mülki Məcəllə: Maddə 14.2 və 14.2.7 Əsassız varlanma mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Maddə 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1 və 1092.1.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir.

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

35. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(060)-1291/2022 saylı qətnaməsinin ləğv edilməsi iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

36. Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə mövqeyini nəzərə alıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(060)-1291/2022 nömrəli qətnaməsi ləğv edilməli, iddianın qismən təmin edilməsi, Cavabdeh 8530 manat məbləğində pul vəsaiti və 70 manat ödənilmiş dövlət rüsumunun əvəzinin alınaraq İddiaçı ödənilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

38. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.

39. Qanunvericiliyin tələbini, eləcə də kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqeyini rəhbər tutan məhkəmə kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbi üzrə hüquq normasını düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu və sübutlara necə qiymət verilməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.

40. Əvvəla qeyd edilməlidir ki, işdən görünür ki, iddia tələbi cavabdehə verilmiş pulun geri tələb edilməsi barədədir. Lakin iddiaçı irəli sürdüyü tələblə bağlı hər hansı yazılı sənədə deyil, cavabdehin polisdə verdiyi izahata istinad etmiş, daha sonra isə məhkəməyə “WhatsApp” yazışmalarını və şahid təqdim etmişdir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin xx.xx.2019-cu ildə iddiaçıdan 15160 manat pul alması, 1470 manat ödəniş etdikdən sonra onun iddiaçıya 13690 manat borclu qalmasının hansı sübutun qiymətləndirilməsi yolu ilə müəyyən edilməsi nə işdən, nə də qətnamədən görünmür. İddianı tam təmin edən birinci instansiya məhkəməsi isə cavabdehin özü ilə birlikdə işləyən 6 nəfər hərbçinin sənədini girov qoyaraq xx.xx.2019-cu ildə iddiaçıdan 15160 manat pul almasına və az miqdarda – 1470 manat ödəniş etdikdən sonra onun iddiaçıya 13690 manat borclu qalmasının müəyyən edilməsinə istinad etmişdir.

42. Məhkəmə kollegiyası qeyd edilənləri irəli sürülmüş iddianın sübut edilməsində yetərli hesab etmir. Nəzərə alınmalıdır ki, sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində istinad etdiyi faktik hallara mövcud olmayan hallar kimi qiymət verə bilər.

43. İddiaçı cavabdehə borc verdiyini bildirsə də, bunun təsdiqi kimi hər hansı yazılı sənəd təqdim etmir. Cavabdeh isə polisə verdiyi izahatda iddiaçıdan faizə 10000 manat pul almasını təsdiq etmişdir. Cavabdeh iddiaçıdan 15160 manat məbləğində borc pul almasını qəbul etməmişdir. Belə olan halda, cavabdehin iddiaçıdan 15160 manat pul alması məhkəmə kollegiyasının araşdırması zamanı öz təsdiqini tapmamışdır. Birinci instansiya məhkəməsi cavabdehdən 15160 manat pul tutulması qənaətinə gələrkən yazılı sübut kimi “Cinayət işinin başlanmasını rədd edilməsi haqqında” 04 oktyabr 2021-ci il tarixli qərara və "xxxx" ASC-nin təqdim etdiyi hesabdan çıxarış sənədlərinə istinad edib. Əgər hesab etsək ki, birinci instansiya məhkəməsi cavabdehin etirafı kimi onun polisdə verdiyi izahatı əsas götürmuşdur, onda o da nəzərə alınmalıdır ki, cavabdeh həmin izahatda da iddiaçıdan 15160 manat yox, 10000 manat almasını göstərmişdir.

44. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən tələbin maddi hüquqi əsası kimi Mülki Məcəllənin 882-ci maddəsinə istinad etmişdir. “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” adlanan 882.1-ci maddəyə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Mülki Məcəllənin 882-ci maddəsinin dispozitv şərtindən görünür ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Hazırki işdə isə borc öhdəliyini yazılı şəkildə təsdiq edən sənəd yoxdur. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə mövqeyini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi iddianın hüquqi əsasını düzgün müəyyən etməmiş, tətbiq edilməli olan maddi hüquq normasını tətbiq etməmişdir.

45. Belə olan halda tərəflər arasındakı mülki mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq norması Mülki Məcəlləsinin əsassız varlanmaya dair normaları, tələbin hüquqi əsasını məhz həmin normalar təşkil edir.

46. Məhkəmə kollegiyası izah edir ki, əsassız varlanma institutunun məqsədi varlanmış tərəfin hüquqi əsas olmadan artmış əmlakını yenidən əvvəlki vəziyyətə qaytarmaqdır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: 1. borclu əmlak əldə etməli,

2. həmin əmlak kreditorun hesabına əldə edilməli, 3. bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

47. Kollegiya işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

48. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

49. Beləliklə, iddiaçı cavabdehə 15160 manat manat pul verdiyini iddia etsə də buna dair mötəbər sübut təqdim etməmiş, bununla belə cavabdeh iddiaçıdan iddia olunan məbləğdə deyil, 10000 manat məbləğində pul aldığını bildirmişdir. Digər tərəfdən, cavabdeh pulun iddiaçıya tam qaytarılmasını bildirsə də, həmin halı təsdiq edən hər hansı mötəbər sübutu nə birinci instansiya məhkəməsində nə də apellyasiya instansiya məhkəməsində təqdim edə bilməmişdir. Belə olan halda, kollegiya iddiaçının iddia ərizəsində həmin puldan 1470 manatın qaytarılmasını göstərildiyini nəzərə alaraq, hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə alınmalı olan pul məbləği 8530 manat (10000- 1470=8530) məbləğində müəyyən edilməlidir.

50. İddia qismən təmin edildiyindən məhkəmə kollegiyası hesab edir ki, ödənilmiş dövlət rüsumunun 70 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

51. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir.

52. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(060)- 1291/2022 nömrəli qətnaməsi ləğv edilməli və iddianın qismən təmin edilməsi, Cavabdeh 8530 manat məbləğində pul və 70 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçı X12 ödənilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 2(060)-1291/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh 8530 (səkkiz min beş yüz otuz) manat məbləğində pul vəsaiti və 70 (yetmiş) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar