Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1568/2024 16.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2(060)-3256/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı "xxxx" KB ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" KB ASC-nin xeyrinə 5407 AZN əsas, 596.44 manat faiz, 1.98 manat cərimə olmaqla, cəmi 6005.42 manat pul vəsaitinin və 80.46 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" KB ASC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 25% ödəmək şərtilə 5407 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1ci maddəsinə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə "xxxx" KB ASC-yə 5407 manat əsas, 596.44 manat faiz borcu, 1.98 manat cərimə borcu olmaqla, cəmi 6005.42 manat borcu yaranmışdır. Ona görə də iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
3. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.
4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2(060)-3256/2024 nömrəli qətnaməsi ilə (hakim Günel Tanrıverdiyeva) iddia qismən təmin edilmiş, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 5305,42 (beş min üç yüz beş manat qırx iki qəpik) manat əsas borc və 80,46 (səksən manat qırx altı qəpik) manat ödənilmiş dövlət rüsumunun tutulması qət edilmişdir.
5. Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında xx.xx.2023-ci il tarixli, 491nkSUM/23 saylı kredit müqaviləsi imzalanmış, iddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə bildiriş göndərilmiş, lakin qanunla müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. təqdim edilmiş xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, iddiaçı bank məhkəməyə müraciət etdikdən sonra Cavabdeh tərəfindən ümumilikdə 700 (300+200+200) manat ödəniş edilmişdir.
6. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 443.1, 445.2.1, 462.1, 467739.1, 743, 746.1, Mülki Prosessual Məcəllənin 77.1,119.1-ci maddələrinə istinad edərək iddianı təmin etmiş və işə MPM-nin 284-1, 284-6.1-ci maddələrinə əsasən sadələşdirilmiş icraat qaydasında baxmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayəti üzrə tələb və dəlillər
7. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsininxx.xx.2024-cü tarixli, 2(060)-3256/2024 nömrəli qətnaməsinin ləğv olunmasını, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. İşin obyektiv həllinə kömək etmək üçün öz səlahiyyətləri daxilində araşdırmalar aparmamışdır. Məhkəmə isə heç bir əsaslı araşdırma aparmadan, iş üzrə hər hansı əsaslı sübut olmamasına baxmayaraq iddia tələbini təmin etmişdir. Belə ki, iddiaçı tərəfindən göstərilən sübutlar əsassızdır və iddia tələbi şişirdilmişdir. Bu səbəbdən də məhkəmənin qətnaməsini qanunsuz və əsassız hesab edir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellaysiya şikayətini müdafiə edərək bildirdi ki, müəyyən maddi problemləri olduğundan borcunu vaxtında geri qaytara bilməmişdir. Hazıra isə borcu tam ödəmək imkanı yoxdur. Bankla danışaraq borcun hissəhissə ödənilməsinə şərait yaradılmasını xahiş etmiş, lakin onunla razılaşmamışlar. Borcu hissə-hissə ödəmək niyyətindədir.
11. Məhkəmə iclasının yeri və vaxtı bardə məlumat verilməsinə baxmayaraq iddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəmə iclasına məhkəmə iclasına gəlməmiş, gəlməməsini səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İşdə olan sübutlar
12. xx.xx.2023-ci il tarixli, 491nkSUM/23 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Kommersiya Bankı ASC tərəfindən Cavabdeh illik 25 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə 5407 manat məbləğində kredit verilmişdir.
13. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə "xxxx" KB Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 491nkSUM/23 saylı müqaviləyə əsasən xx.xx.2024-cü il tarixə 5407 manat əsas, 596.44 manat faiz, 1.98 manat cərimə olmaqla, cəmi 6005.42 manat borcu vardır.
14. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, yaranmış borcunu ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh yazılı bildiriş ünvanlanmışdır.
15. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan görünür ki, iddiaçı bank məhkəməyə müraciət etdikdən sonra Cavabdeh tərəfindən ümumilikdə 700 (300+200+200) manat ödəniş edilmişdir.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
17. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
18. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2(060)-3256/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığını tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası cavabdehin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, iş materialları ilə müəyyən edilir ki, tərəflər arasında xx.xx.2023-ci il tarixli, 491nkSUM/23 saylı kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik 25 faiz ödənilməsi şərti ilə 60 ay müddətinə 5407 manat məbləğində kredit verilmiş, iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri tam icra edərək müəyyən edilmiş məbləği cavabdehə versə də müqavilə şərtləri borcalan tərəfindən lazımı qaydada icra edilməmiş və nəticədə borcalanın banka 5407 manat əsas, 596.44 manat faiz, 1.98 manat cərimə olmaqla, cəmi 6005.42 manat pul öhdəliyi yaranmış, iddiaçı bank məhkəməyə müraciət etdikdən sonra Cavabdeh tərəfindən 700 manat ödəniş edilmişdir. Hərçənd ki, ödəniş cədvəlinə əsasən cavabdeh tərəfindən iddia qaldırılan tarixə 1113 manat, birinci instansiya məhkəməsinin çıxarıldığı tarixə kimi isə 1749 manat ödəniş etməli idi. Yəni, cavabdeh işə birinci instansiya məhkəməsində işə baxıldığı zaman da kredit müqaviləsi üzrə öhdəliyinin icrasının gecikməsini aradan qaldımamışıdır.
21. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında kredit müqaviləsi imzalanmış, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada tam fəaliyyət qabiliyyətli şəxslər arasında bağlanmış və onun etibarsızlığına səbəb ola biləcək digər hallar mövcud olmamış, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi cavabdehin risk dairəsinə daxil olan öhdəliyi olduğu üçün o, bu öhdəliklərin icra edilməməsinə görə iddaçı qarşısında cavabdehlik daşımışdır.
22. Müqavilənin şərtinə görə illik 25 faiz həcmində faiz hesablanması nəzərdə tutulduğundan iddiaçı cavabdehdən əsas borca görə faiz borcu tələb etməkdə də haqlı olmuşdur.
23. Həmçinin qanunvericiliyə əsasən öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda kreditor dəbbə pulu tələb etməkdə haqlıdır. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi 1 təqvim günündən çox gecikdirildikdə həmin gündən başlayaraq borcalan qarşı kredit üzrə əsas borcun ödənilməsinin gecikdirildiyi hər təqvim günü üçün ödənilməli olan əsas borc məbləğinin illik 40% miqdarında cərimə tətbiq edir. Göründüyü kimi cərimənin tətbiq edilməsi bağlanmış müqavilə ilə müəyyənləşdirmiş və tələb olunan cərimə məbləği əsasızlığı ilə bağlı hər hansı bir dəlil irəli sürülməmişdir. Həmçinin, müqavilə üzrə 5407 manat əsas borca görə 1.68 manat cərimə məbləği əsaslı olmaqla yanaşı, ağlabatan hesab edilir.
24. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı bank məhkəməyə müraciət etdikdən sonra Cavabdeh tərəfindən 700 manat ödəniş edilmiş, həmin məbləğ birinci instansiya məhkəməsi tərəfindən iddiaçı tərəfindən hesablanmış əsas, faiz və cərimə borcunun ümumi məbləğindən (ilk növbədə 596.44 manat faiz borcuna və 1.98 cərimə borcuna yönəldilməklə) çıxılmış, kredit müqaviləsinə əsasən cavabdein borcu 5305,42 (6005.42-700) manat əsas müəyyən edilmişdir.
25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, cavabdeh şikayətinə borc məbləğinin şişirdildiyini iddia etsə də buna dair hər hansı bir əsaslı dəlil irəli sürə bilməmişdir. Cavabdeh ödənilmiş məbləğlərin nəzərə alınmamasını və ya ödənilmiş məbləğlərin əsas və faiz məbləğinə görə düzgün silinməməsini konkret hallar üzrə əsaslandırmağa borclu olmasına baxmayaraq, öz gümanlarına əsaslanmaqla qeyrimüəyyən dəlil irəli sürmüşdür. Hərçənd ki, iş materiallarından göründüyü kimi cavabdeh tərəfindən iddia qaldırılan tarixədək ümumiyyətlə ödəniş edilməmişdir. Buna görə məhkəmə kollegiyası cavabdehin dəlilini əsassız hesab etmişdir.
26. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə dair apellyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan məhkəmənin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
27. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2(060)-3256/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏTETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü tarixli, 2(060)-3256/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.