Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1569/2021 06.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh iştirakı ilə açıq məhkəmə iclasında Quba Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(027)-410/2020 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Quba Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(027)-410/2020 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rahim Həsənov) İddiaçı Cavabdeh qarşı ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh İddiaçı sahibliyində olan “VAZ-2106” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş zərərin əvəzi olaraq 189 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, İddiaçı tərəfindən “VAZ-2106” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomaşının qiymətləndirilməsinə görə ödənilmiş 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, İddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumunun Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh ona məxsus “VAZ-2106” markalı, **-BM-*** dövlət qeydiyayt nişanlı avtomaşına vurduğu zərərin əvəzi olaraq 189 manat, “xxxx” MMC-nin hesabına ödənilmiş 30 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, 31.05.2019-cu il tarixdə idarə etdiyi “VAZ-2106” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla keçmiş qayınatası Fəxrəddinin yaşadığı Quba rayonu, Hacıqayıb kəndinə gedərək uşaqları ilə görüşmüş, uşaqları Sədail və Həmidi avtomaşına mindirmək istəyərkən Cavabdeh onun üstünə gəlib ünvanına nalayiq söyüşlər söymüş və maşını qapılarına sürməməsini, uşaqları kəndin aşağı tərəfindən götürməsini deyərək avtomaşının sağ qabaq qapısını bir neçə dəfə çırparaq yumruq və təpiklə qapının ön hissəsini zədələmişdi. Nəticədə avtomaşına 189 manat maddi ziyan dəymişdir. Cavabdeh avtomaşına vurduğu maddi ziyanı ödəməmişdir. Baş vermiş hadisə ilə əlaqədar Quba rayon Polis şöbəsinin Təhqiqat qrupunda araşdırma aparılmış və göstərdiyi hal öz təsdiqini tapmışdır. Cinayət tərkibi olmadığına görə cavabdeh barəsində material Azərbaycan Respublikası İXM-nın 510-cu maddəsi ilə inzibati tədbir görülməsi üçün Quba RPŞ-nin İTB-na göndərilmiş, ona vurulmuş ziyanla əlaqədar məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ilə ondan pul tutulmuşdur. Onun məhkəmə iclaslarının heç birindən xəbəri olmamışdır. Belə ki, işi ilə əlaqədar orada uzun müddətdir faktiki olaraq ünvan 1 ünvanında kirayədə yaşayır. Ona gələn qətnamələrdən heç biri ilə tanış olmamışdır. Sənədlər onun ünvanına getməsinə baxmayaraq, həmin ünvanda xəstə anası və atası yaşayır. İddiaçı onun bacısının keçmiş həyat yoldaşıdır. İddiaçı onunla qərəzli olduğu üçün bu yola əl atmışdır və iddiası tam əsassızdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Quba rayon Polis şöbəsinin Təhqiqat qrupunun baş təhqiqatçısının 10 iyun 2019-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin İTB-nə göndərilmiş, İddiaçı avtomobilə dəymiş ziyanın tələbi ilə bağlı mülki iddia qaydasında məhkəməyə müraciət etməsi izah edilmişdir. İş materillarında olan “xxxx” məhdud məsuliyyətli cəmiyətinin 02.06.2019-cu il tarixli ziyan aktından görünür ki, “VAZ-2106” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəymiş ziyanın məbləği 189 manat təşkil edir. İş materiallarında olan 02 iyun 2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, “VAZ- 2106” minik markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomaşının qiymətləndirilməsinə görə “xxxx” məhdud məsuliyyətli cəmiyətinə 30 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1115.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, iş üzrə birinci instansiya məhkəmə qətnaməsi qanuni və əsaslıdır. Belə ki, 31.05.2019-cu il tarixdə baş vermiş mübahisə zamanı “VAZ-2106” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyanın vurulması Cavabdeh barəsində olan Quba rayon Polis şöbəsinin Təhqiqat qrupunun baş təhqiqatçısının 10 iyun 2019-ci il tarixli qərarı ilə də təsdiq olunur. Cavabdeh apellyasiya şikayətində məhkəmə iclaslarının heç birindən xəbəri olmadığını qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə mobil telefon nömrəsinə SMS-lə çatdırılmış məhkəmə bildirişi vasitəsilə xəbərdar edilmişdir. Azərbaycan Respublikası MPM-nin 135.7-ci maddəsinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. İşdən görünür ki, iddiaçı cavabdehdən 189 manat maddi ziyan və 30 manat pul tələb edir. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İs üzrə Quba Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 2(027)-410/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2(105)-1569/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1569/2021
06.05.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver