Məhkəmə qərarları › İş №2(105)-157/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-157/2022

18.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-157/2022 18.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (Ləğv prosesindədir) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, e-2(067)- 2389/2020-020 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim İ.Xəlilov) iddia qismən təmin edilməsi, Cavabdeh2 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 06.10.2017-ci il tarixli, 1739 İSKX saylı kredit müqaviləsi ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 6362.73 (altı min üç yüz altmış iki manat, yetmiş üç qəpik) manat məbləğində əsas borc, 1435.78 (min dörd yüz otuz beş manat, yetmiş səkkiz qəpik) manat məbləğində faiz borcu, həmçinin kredit və zaminlik müqavilələrinin surətlərinin notarial qaydada təsdiq edilməsi üçün çəkilmiş 18 (on səkkiz) manat notarial xərclər tutulub iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manatı cavabdehlərdən müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, rüsumun qalan hissəsi iddiaçıya aid edilməsi qət edilmişdir. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 06.10.2017-ci il tarixli, 1739 İSKX saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 6362.73 manat məbləğində əsas borc,1435.78 manat məbləğində faiz borcu,137.59 manat cərimə borcu, mübahisənin məhkəmə vasitəsilə həll edilməsi üçün bank tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, kredit və zaminlik müqavilələrinin surətlərinin notarial qaydada təsdiq edilməsi üçün çəkilmiş 18 manat notarial xərcin tutulub iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 06.10.2017-ci il tarixli, 1739 İSKX saylı kredit müqaviləsinə əsasən cavabdehə 48 ay müddətinə illik 14 %- lə 9000 manat məbləğində kredit verilmişdir. Lakin cavabdehlər öhdəliyi lazımi qaydada yerinə yetirməyiblər və cavabdehlərin banka bu günə 6362,73 manat məbləğində gecikdirilmiş əsas borc, 1435,78 manat faiz borcu, 137,59 manat gecikdirilməyə görə hesablanmış faiz borcu, cəmi 7936,1 manat məbləğində kredit borcu vardır. Bank tərəfindən dəfələrlə xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış 06.10.2017-ci il tarixli, 1739 İSKX saylı kredit müqaviləsinin icrasını təmin etmək üçün Cavabdeh1 və Cavabdeh3 ilə 06.10.2017-ci il tarixli zaminlik müqavilələri bağlanmışdır. Bank tərəfdən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların qısa müddət ərzində banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh2 Xaçmaz Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, iddia tələbinin qismən təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bank tərəfindən tələb olunan faiz məbləği şişirdilmişdir. Mühasibatlıq ekspertizasının keçirilməsini xahiş edir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, cavabdehlər iştirak etməmələrinin səbəbləri barədə məhkəmə kollegiyasına heç bir məlumat verməmiş, iddiaçının nümayəndəsi məhkəmə kollegiyasına ərizə ünvanlayaraq məhkəmə prosesinin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2. maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni cavabdehlərin kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirməmələri ilə əsaslandırmış, Cavabdeh2 isə bu nəticə ilə razılaşmayaraq qətnamənin ləğv edilməsini xahiş etsə də, şikayətin məzmunundan görünür ki, sonuncu qətnaməni əsas, faiz borcunun tutulması hissəsində mübahisələndirir. Konstitusiya Məhkəməsinin Plenumu məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının yoxlanılmasının hədləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasında demokratik dövlətin təbiətini və mahiyyətini əks etdirən, insan və vətəndaş hüquq və azadlıqlarının təminatını nəzərdə tutan prinsiplər təsbit edilmişdir. Mülki proses iştirakçılarının əsas hüquqları Konstitusiyada təsbit edilmiş prinsiplərə əsaslanmaqla, bütün mülki mühakimə icraatının, o cümlədən apellyasiya icraatı üçün həlledici əhəmiyyət kəsb edən, həmçinin bu hüquqların səmərəli həyata keçirilməsini təmin edən mülki mühakimə icraatının əsas prinsiplərində öz əksini tapmışdır. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında göstərilən prinsiplərin mahiyyətini açıqlayaraq, bu prinsiplər baxımından apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərinə dair öz mövqeyini ifadə etmişdir (Konstitusiya Məhkəməsinin 09.12.2013-cü il tarixli qərarı). “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə cavabdehin mübahisələndirdiyi hissədə baxılaraq hüquqi qiymət verilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, mülki iş üzrə mübahisəni həll edən məhkəmənin ilkin vəzifələrindən biri prosessual qənaət prinsipini təmin etmək və araşdırmanın predmetini müəyyən etmək üçün tərəflərin mübahisələndirmədikləri faktları, yəni işin mübahisəsiz hallarını müəyyən etmək və iddia tələbinin qanuni əsasını tapmaqdan ibarətdir. Yalnız bundan sonra məhkəmə tərəflər arasında mübahisəli hallarla bağlı sübutetmə yükünü müəyyən etməli və MPM-nin 88-ci maddəsinə əsasən sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Prosessual qanunvericilik sübutetmə yükünün bir qayda olaraq tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirir. Sözsüz ki, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Baxılan iş üzrə iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 739-cu maddəsi təşkil edir. Həmin maddənin dispozisiya şərtlərinə görə bu cür iddiaların təmin olunması üçün tərəflər arasında etibarlı borc (kredit) müqaviləsi bağlanmış olmalı, müqavilə üzrə Bankın öhdəliyini yerinə yetirdiyi – müəyyən olunmuş məbləği cavabdehə verdiyi sübuta yetirilməlidir. Bu cür tələblər üzrə pulun borcluya verildiyini sübut etmək yükü Bankın üzərindədir. Bank həmin halı sübut etmək yükündən o vaxt azad edilə bilər ki, cavabdeh kredit müqaviləsi üzrə müəyyən edilən pulun ona verildiyini mübahisələndirməsin. Eyni zamanda mülki prosessual qanunvericilik hakimin üzərinə öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmaq öhdəliyi qoyur və öz qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmağı qadağan edir. İşin mübahisə olunmayan halı ondan ibarətdir ki, tərəflər arasında 06.10.2017-ci il tarixli, 1739 İSKX saylı kredit müqaviləsi bağlanmış, həmin müqavilə üzrə cavabdehə 48 ay müddətinə illik 14 %- lə 9000 manat məbləğində kredit verilmişdir. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə yaranmış əsas və faiz məbləğinin Cavabdeh2 tərəfindən mübahisələndirilməsi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası kredit müqaviləsi üzrə yaranmış əsas və faiz məbləğinin cavabdeh tərəfindən mübahisələndirilməsi ilə əlaqədar tərəflərin ədalətli məhkəmə araşdırılması hüququnun təmin edilməsindən ötrü məhkəmə mühasibatlıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 9/474 № 14 aprel 2022-ci il tarixli mühasibatlıq ekspertizası rəyi ilə müəyyən edilmişdir ki, 06.10.2017-ci il tarixli, 1739 İSKX saylı kredit müqaviləsi üzrə kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla 29.10.2020-ci il tarixə, yəni iddia ərizəsi verilən müddətə əsas borc 5771,20 manat, faiz borcu 1111,70 manat, 06.10.2021ci il tarixə, yəni müqavilə müddətinə əsas borc 5771,20 manat, faiz borcu 1868,05 manat təşkil edir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərkən iddia ərizəsinə əlavə etmiş olduqları və iddiasının əsasını təşkil edən maliyyə arayışdan əsas borc 6362,73 manat, əsas borca hesablanmış faiz məbləği 1435,78 manat təşkil etmişdir. Keçirilmiş ekspertiza tədqiqatı ilə əsas borcun və əsas borca hesablanmış faiz məbləğinin tələb edilən tarixə düzgün hesablanmadığı, əsas borcun və faizin artıq hesablandığı müəyyən olunmuşdur. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, kredit borcu üzrə hesablanmış əsas borc və faiz borcu iddia tələbində göstərilən məbləğdə deyil, ekspertiza rəyində göstərilən məbləğdə, yəni 5771,20 manat əsas borc, 1111,70 manat faiz borcu məbləğində nəzərə alınmalıdır. Belə ki, iddiaçının təqdim etdiyi əsas kredit məbləği üzrə yaranan əsas borca və faizə dair maliyyə arayışı iddiaçı tərəfin subyektiv mülahizəyə əsaslanır və iddiaçının mövqeyini əks etdirir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı bankın Mülki Məcəllənin 385.1, 386.1, 425.1, 442, 445, 448.1, 739.1. maddələrinin tələbləri baxımından cavabdehlərdən kredit müqaviləsi üzrə borc tələb etmək hüququ yaranmışdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilməli, Xaçmaz Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qətnaməsi əsas borc və əsas borca hesablanmış faiz məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, 06.10.2017-ci il tarixli, 1739 İSKX saylı kredit müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə görə 5771,20 manat əsas və 1111,70 manat faiz borcu cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin qətnaməsini dəyişdirə bilər. Bununla yanaşı, məhkəmə kollegiyası həmçinin hesab edir ki, Cavabdeh2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olaraq 100 (bir yüz) manat Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh2 apellyasiya şikayəti mübahisələndirilən hissədə qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli qətnaməsi qismən əsas və əsas borca hesablanmış faiz məbləğinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. 06.10.2017-ci il tarixli, 1739 İSKX saylı kredit müqaviləsi üzrə 5771 (beş min yeddi yüz yetmiş bir) manat 20 (iyirmi) qəpik əsas və 1111 (bir min yüz on bir) manat 70 (yetmiş) qəpik cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh2 iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 (bir yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar