Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1570/2024 14.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: Borc pul tələbi, sübutların qiymətləndirilməsi- sübutetmə yükü) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı borc pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3128/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları.
1. xx.xx.2023-cü il tarixli Sumqayıt şəhəri, ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X2 qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanmasının rədd edilməsi, müraciət müəllifi İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır.
2. Həmin qərardan görünür ki, ünvan 1 ünvanında yaşayan İddiaçı Hafiz adlı tanışına 5000 manat pul verməsi, lakin sonununcun onu aldadaraq pulunu geri qaytarmaması ilə bağlı Sumqayıt ŞPİ-nə etdiyi müraciəti aidiyyəti üzrə göndərilərək xx.xx.2023-cü il tarixdə Sumqayıt ŞPİnin 4-cü PB-nin "Törədilmiş və hazırlanan cinayətlər haqqında məlumatların" 1 saylı qeydiyyatı kitabında 2456 sayla qeydə alınaraq araşdırma aparılması üçün icraatına verilmişdir. Araşdırma zamanı izahatı alınmış İddiaçı bildirmişdir ki, Hafiz adlı şəxsi təxminən 2 ildən çoxdur ki, Sumqayıt şəhəri, Avtovağzalından Bakı şəhərinə idarə etdiyi avtobusla sürücü kimi fəaliyyət göstərdiyi müddətdən tanımışdır. 2021-ci ilin iyul ayında Hafizlə söhbəti zamanı o, övladının ali məktəbə daxil olduğunu, onun illik ödəniş pulunu verilməli olduğunu demiş, buna görə də ondan 2500 manat borc pul istəmişdir. O da həmin müddətdə evini satdığı üçün əlində pulu olmuş və onunla razılaşmışdır. Hafiz də 2 aya pulu ödəyəcəyini bildirmişdir. O da Sumqayıt şəhəri, 2-ci mkr ərazisində yerləşən "Nizami" kinoteatrının qarşısında həmin müddətdə idarə etdiyi 90-SH181 dövlət qeydiyyat nişanlı "Hyundai County" markalı avtomaşının içərisində 2500 manat pulu borc kimi vermişdir. Lakin Hafiz həmin iki ay ərzində ödəniş etməmiş, ondan soruşduqda da o, maddi imkanı olmadığını bildirmişdir. Həmin ilin sentyabr ayında Hafiz yenidən ondan borc istəmiş, övladına kompüter lazım olduğunu, lakin onu almaq üçün pulunun olmadığını bildirmişdir. Yenidən ondan 2500 manat borc pul istəmiş, o da yenə həmin yerdə 2500 manat pulu ona vermişdir. Həmin vaxtdan da Hafiz ona heç bir məbləğ ödəməmişdir. Ona bu barədə dedikdə də, Hafiz ödəyəcəyini bildirmişdir. Lakin maddi imkanı olmadığı üçün hazırki vaxta qədər ödəyə bilməmişdir. Hafizə ümumilikdə 5000 manat borc pul vermiş, lakin Hafiz həmin vaxtdan ona heç bir məbləğ ödəməmişdir. Araşdırma zamanı Hafiz adlı şəxsin şəxsiyyətinin müəyyən edilərək izahatının alınması məqsədi ilə bölməyə təmin edilməsi üçün AR CPM-nin 86.4.5-ci maddəsinə əsasən aidiyyəti xidmət əməkdaşına tapşırıq verilsə də, araşdırma zamanı hər hansı müsbət nəticə əldə edilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş;
3. X4 izahatında bildirdi ki, Cavabdeh tanıyır. Belə ki, Ruslan pul verdikdə onu görmüşdür. Özü bir gün işləyir, digər gün isə işləmir. İddiaçı onun dostudur. Uzun müddətdir ki, tanıyır. Russiya klubunun yanında cavabdehə borc pul vermişdir. Lakin məbləği dəqiq deyə bilmir. O, bir dəfə pul verdiyini görmüş, ikinci dəfəni görməmişdir.
4. X7 izahatında bildirdi ki, iddiaçı və cavabdehi tanıyır. Ruslan ilə uzun müddət avtomobildə işləmişdir. 1-ci mikrorayon, Russiya klubunun yanında onlar aşağı düşərkən iddiaçı cavabdeh ilə pul haqq-hesabı etmişdir. Məbləği tam deyə bilmir. Lakin pul haqqhesabı etdiklərini maşında olarkən görmüşdür. Cavabdehi də tanıyır. Hal-hazırda Bakı- Sumqayıt yolunda sərnişindaşıma fəaliyyəti ilə məşğul olur. Onun yanında pul verilməsi hadisəsi isə iki dəfə olmuşdur.
5. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında xx.xx.2023-cü il tarixdə qeydiyyatdan çıxmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona vurulmuş olan 5000 (beş min) manat məbləğində maddi ziyanın və ödənilmiş olan 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh təxminən iki ildən çoxdur ki, tanıyır. Belə ki, onunla Sumqayıt Şəhər Avtovağzalında sürücü kimi fəaliyyət göstərirlər. Cavabdeh ilə onun yaxın münasibəti olmuşdur. 2021-ci ilin iyul ayının axırlarında cavabdeh ilə söhbət zamanı o, övladının ödənişli əsaslarla ali məktəbə daxil olduğunu, onun illik təhsil haqqının verilməli olduğunu demiş, buna görə də ondan 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini istəmişdir. O da həmin dövrdə evini satdığı üçün həmin məbləğdə pulu olmuşdur. Aralarında olan yaxın münasibətə görə həmin məbləği o, Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Nizami” kinoteatrının qarşısında həmin müddətdə idarə etdiyi 90-HS181 dövlət qeydiyyat nişanlı “Hyundai County” markalı avtomaşının içərisində ona verilmişdir. Həmin ilin sentyabr ayında Hafiz övladına kompüterin lazım olduğunu, lakin onu almaq üçün maddi imkanının olmadığı üçün yenidən ondan 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitini istəmişdir. Aralarında olan yaxın münasibətə görə həmin məbləği o, yenə də həmin yerdə ona vermişdir. Lakin cavabdeh indiyə qədər ona heç bir ödəniş etməmişdir. Bu əməli ilə cavabdeh ona 5000 (beş min) manat məbləğində maddi ziyan vurmuşdur.
8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3128/2024 nömrəli qətnaməsi ilə (hakim A.Behbudova) iddia tələbi təmin edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh İddiaçı 2500+1500+1000=5000 manat pul İddiaçı almış, iki ay ərzində qaytaracağına dair öhdəlik götürmüş, lakin aldığı məbləği qaytarmamışdır. Məhkəmə iclasında şahidlər də iddiaçının cavabdehə pul verdiyini təsdiq etmişdir. Cavabdeh iddia ərizəsinin surətini almış və borc məbləği ilə bağlı mübahisə etməmiş, ümumiyyətlə iddiaya dair etiraz etməmişdir. Cavabdehin iddia tələbindən məlumatlı olub, iddiaya etiraz və mülahizələrinin təqdim etməməsi, iddia tələbinin əsaslı olması qənaətinə gəlməyə imkan verir. Ona görə də iddiaçı tərəfindən cavabdehə verilmiş 5000 manat məbləğində pul iddianın mübahisəssiz halı kimi qiymətləndirilməlidir. Beləliklə cavabdehin varlanmasına, yəni iddiaçının 5000 manat pulunu əldə etməsinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud olmadığından məhkəmə iddianı əsaslı sayıb və belə qənaətə gəlib ki, əsassız varlanmış şəxs-cavabdeh əldə etdiklərini məhrum olana-iddiaçıya qaytarmalıdır.
10. Birinci instansiya məhkəməsi öz mövqeyini Konstitusiya Məhkəməsi Plenumunun X10 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarına, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına, “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarına, Azərbaycan Respubkasının Mülki Məcəlləsinin 5.3, 329.2, 385.1, 386.1, 442, 448.1, 1091.1, 1091.2, 1092.1, 1092.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir.
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qəbul etdiyi qətnamə əsassız və qanunsuzdur. Məhkəmə iş üzrə düzgün nəticəyə gəlməmişdir. O, iddia tələbi ilə və iddia ərizəsində yazılanlarla razı deyil. Əvvəla o məhkəmə iclası barədə məlumatlandırılmamışdır. Məlumatı olmadığından məhkəmə iclasında iştirak edə bilməmişdir. 2021-ci ildə 2500 manat məbləğində pulu İddiaçı (pul faizə verilmişdir) alıb. Maşını təmir etdirmək məqsədi ilə həmin borcu almışdır. Razılaşmaları bu cür oldu ki, 18 ay müddətində hər ay 250 manat pul ödəməlidir. Cavabdeh iddiaçıdan aldığı məbləği artıq ona qaytarmışdır. İddiaçıya hər hansı məbləğdə borcu qalmamışdır. İddiaçı təkrar olaraq bu pulu almaq istəyir. Onun bütün tanışları bilir ki, İddiaçı sələmə pul verir. Məhkəmə də ifadə verən 2 nəfər şahidi tanımır, yalançı şahidlərdir. Çünki borc pul alınarkən yanlarında başqa heç kim olmayıb. İddia tələbində qeyd edilir ki, “2021-ci ilin iyul ayının axırlarında cavabdeh ilə söhbət zamanı, o, övladının ödənişli əsaslarla ali məktəbə daxil olduğunu, onun illik təhsil haqqının verilməli olduğunu demiş, buna görə də ondan 2500 manat məbləğində pul vəsaitini istəmişdir”. Bu hal tamamilə yalandır. Pulu ancaq maşın təmiri məqsədi ilə almışdır. Cavabdeh sürücülüklə məşğuldur, qazancı öz maddi təlabatlarını güclə görür. Həmçinin aliment ödəyicisiyidir və hər ay 350-400 manat arasında aliment ödəyir. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, şikayətin heç bir hüquqi əsası yoxdur. Cavabdeh onun həmkəndlisi, eyni zamanda sürücü yoldaşıdır. O, cavabdehə ilk dəfə 2500 manat pul vermişdir. Bu pulu cavabdeh ondan övladının təhsil haqqı ilə əlaqədar olaraq almışdır. Daha sonra 1500 manat pulu kompüter üçün istəmiş, nəhayət 1000 manat pulu isə bankdan kredit götürdüyünü, əgər ona kömək etsə, pulu əlavəsi ilə birlikdə qaytaracağını vəd edərək almışdır. Lakin cavabdeh keçən müddət ərzində aldığı borcu qaytarmamışdır. Cavabdehin ondan 5000 manat borc almasına dair yazışmalar, səs yazıları, telefon danışıqları olmuş, lakin telefonun yanması səbəbindən silinmişdir. Cavabdehin ona borcu olması barədə yazılı sənəd olmasa da, bu halları təsdiq edən şahidlər vardır. Göstərilənlərə əsasən iddiaçı apellyasiya şikayətinin rədd edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh lazımi qaydada və vaxtında məhkəmə bildirişi, SMS bildiriş göndərilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
16. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; Maddə 14.2.1.Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Madə 739.1. (01 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 740. (01 oktyabr 2023-cü il tarixədək qüvvədə olmuş redaksiyada ) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır (MM-in 740-cı maddəsi).
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.2. apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3128/2024 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını iddiaçının izahatı və iş materialları ilə birgə əlaqəli şəkildə təhlil edərək, belə qənaətə gəlir ki, aşağıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir.
21. İddianın mahiyyətindən müəyyən edilir ki, tələb cavabdehə borc olaraq verilmiş pulun geri qaytarılması barədədir.
22. İddiaçı tələbinin əsası kimi ona istinad edir ki, cavabdehin səmimiyyətinə inanaraq ona maddi köməklik göstərmək məqsədilə hissə-hissə 5000 manat məbləğində borc pul vermişdir. Cavabdeh isə aldığı pulu bugünədək ödəməmişdir. Nəticədə o hazırkı tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İşə baxan məhkəmə mübahisəni yuxarıda qeyd edilən formada həll etmiş, narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti vermişdir.
23. Cavabdeh isə əksinə, iddia tələbi və əlaqəli olaraq qətnamə ilə razılaşmadığını bildirərək, avtomaşınını təmir etdirmək üçün iddiaçıdan 2500 manat məbləğində pul borc pul aldığını və həmin pulu da qaytardığını bəyan edir.
24. Kollegiya apellyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək, aşağıdakları qeyd etməyi vacib bilir.
25. Öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparan kollegiya qeyd edir ki, yalnız iddia tələbində qeyd olunan əsaslarla iddia irəli sürüldükdə həmin tələblərin birmənalı olaraq təmin olunması anlamına gəlinə bilməz. Həmin iddiaların təmin olunması üçün ilk növbədə hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
27. Nəzərə alınmalıdır ki, əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
28. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir
29. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur. Hazırki iddia tələbinin həlli sübutetmə ilə əlaqəli olmuş və birinci instansiya məhkəməsi bununla bağlı maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir.
30. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
31. Məhkəmə kollegiyası qeyd edir ki, istinad olunan məbləğin cavabdehə verilməsinə dair iddiaçı tərəfindən hər hansı mötəbər sübut (qəbz, yazılı iltizam və s.) təqdim edilmədiyi halda, birinci instansiya məhkəməsi iddianı tam təmin etmiş və öz mövqeyini əsasən iddiaçının özünün izahatına və iş üzrə natamam ifadə vermiş şahid ifadələrinə istinadla əsaslandırmışdır. Halbuki iş üzrə ifadə vermiş hər iki şahid cavabdehin iddiaçıya borcu olduğunu bildirsə də, həmin məbləğin nə qədər təşkil etməsindən məlumatsız olmasını qeyd etmişlər.
32. Qeyd edilməlidir ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
33. Apellyasiya şikayətinin dəlillərini işin faktiki halı ilə qarşılıqlı təhlil edən kollegiya belə qənaətə gəlir ki, cavabdeh tərəf iddiaçı ilə aralarında borc münasibətinin olduğunu, konkret halda, iddiaçıdan 2500 manat məbləğində borc aldığını və qaytaracağına dair razılaşmanın mövcudluğunu etiraf edir.
34. Lakin cavabdehin sözügedən borc məbləğini iddiaçıya qaytardığını və hazırda hər hansı məbləğdə borcu qalmadığını bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya qeyd edir ki, bu halda, yəni pulun qaytarılmasını və heç bir borcunun qalmamasını sübuta yetirmək yükü artıq cavabdehin üzərinə düşür.
35. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.
36. Mülki Prosessual Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır.
37. Yuxarıda qeyd olunanlara əsasən kollegiya belə qənaətə gəlir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları baxımından cavabdehin apellyasiya şikayətində qeyd etmiş olduğu həmin dəlillər onun yazılı etirafı kimi qiymətləndirilməlidir.
38. Şərh olunanları ümumiləşdirən kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia tələbi cavabdehin etirafı hissəsində təmin edilməli və Cavabdeh 2500 (iki min beş yüz) manat və ödənilmiş 70 manat dövlət rüsumu alınaraq İddiaçı verilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir.
39. Sonda məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti vermək hüququ istisna edilir.
40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.2, 385.1, 392-393, 402, 404-1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-3128/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat və ödənilmiş 70 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz