Məhkəmə qərarları › İş №2(105)-1573/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1573/2025

13.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1573/2025 13.11.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X3 qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3607/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 7830 manat pulun alınıb iddiaçıya verilməsi, həmçinin dövlət rüsumu kimi ödənilmiş 99 manatın da cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3607/2025 nömrəli qətnaməsi ilə (hakim Elçin Kazımov) iddia tələbi təmin edilmişdir və Cavabdeh 7830 manat və 99 manat ödənilmiş dövlət rüsumunun əvəzin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

3. Həmin qətnamədən Cavabdeh xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)- 3607/2025 nömrəli qətnaməsindən eyni məzmunlu apellyasiya şikayətləri və buraxılmış prosessual müddətin bərpa olunması barədə ərizə vermişdir.

4. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3607/2025 nömrəli qərardadı ilə (hakim Pərvin İmamverdiyev) Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3607/2025 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli eyni məzmunlu ərizələrinin təmin edilməməsi qərara alınmışdır.

5. Cavabdeh xx.xx.2025-ci il tarixdə həmin qərardaddan şikayət vermiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3607/2025 nömrəli qərardadının ləğv edilməsi, əks təqdirdə apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3607/2025 nömrəli qərardadı ilə (hakim Pərvin İmamverdiyev) şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Şikayətin və ona qarşı etirazın dəlilləri

a) Şikayətin dəlilləri

7. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmə iclasında iştirak etmişdir, lakin iddiaçıdan pulu alıb başqasına verdiyi üçün və bu barədə sübutları məhkəməyə təqdim etdiyindən, məhkəmədən pulun Həsən Həsənlidən tutulmasını xahiş etdiyindən qətnamənin də bu zəmində çıxarılacağından əmin olduğundan qətnamənin mahiyyətini anlamamışdır. Qətnamənin surətini nə poçt, nə də başqa qaydada almamışdır. “SİMA” nə də “ASAN İmza” sı olmamışdır. xx.xx.2025-ci il tarixdə icra məmuru Ramil Babayevin qəbulunda olarkən qətnamənin mahiyyətini anlamışdır. Məhkəməyə müraciət edərək qətnamənin surətini istəmişdir, qətnamənin surəti ona verilməmiş və bildirilmişdir ki, qətnamə “SİMA”ya yüklənmişdir. xx.xx.2025-ci il tarixdə “SİMA” proqram təminatını telefonuna yükləmiş və xx.xx.2025-ci ildə isə “ASAN İMZA” alaraq qətnaməni əldə etmişdir, fakt budur ki, o, qətnaməni xx.xx.2024-cü ildə əldə etmiş və həmin günü dövlət rüsumu ödəyərək apellyasiya şikayəti ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişdir, sadəcə qətnamənin elanından vaxt keçdiyindən, şikayətin geri qayıtmaması üçün hər ehtimala qarşı buraxılmış prosessual müddətin bərpasına dair ərizəni də şikayətə əlavə etmişdir. Odur ki, şikayətin təmin edilməsi, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(060)-3607/2025 nömrəli qərardadınin ləğv edilməsini xahiş etmişdir.

b) Şikayətə qarşı etirazın dəlilləri

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

9. Maddə 10-1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi Məhkəmə-Hüquq Şurasının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. (...)

10. Maddə 130. Prosessual müddətlərin buraxılmasının nəticələri 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 130.2. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

11. Maddə 133. Prosessual müddətlərin bərpası 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.4. Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. 133.5. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. 133.6. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər.

12. Maddə 135. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi (...) 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. (...)

13. Maddə 357. Apellyasiya şikayəti vermək hüququ 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. (...)

14. Maddə 360. Apellyasiya şikayətinin verilmə müddəti Apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər.

15. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri Maddə 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Maddə 397. Apellyasiya instansiyası məhkəməsi tərəfindən şikayətə baxılması müddəti və qaydası 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

17. Maddə 398. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyəti 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: (...) 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; (...)

18. Maddə 399. Apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi Birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir.

19. Maddə 402. Kassasiya şikayəti vermə hüququ (...) 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

20. Apellyasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

21. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, şikayətin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

23. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə elektron kabinetdə qeydiyyatdan keçmiş, bütün məhkəmə bildirişləri, eyni zamanda Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3607/2025 nömrəli qətnaməsi xx.xx.2025-ci tarixdə Cavabdeh məxsus şəxsi elektron kabinetə yerləşdirilmişdir. Cavabdeh sözügedən qətnamədən apellyasiya şikayətini xx.xx.2025-ci il tarixdə, yəni 2 ay 10 gün sonra elektron kabinet vasitəsilə Sumqayıt Şəhər Məhkəməsinə vermişdir və bununla da qətnamədən 1 aylıq apellyasiya şikayəti vermə müddəti ötürülmüşdür.

24. Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

25. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin ərizəsində istinad etdiyi hallar üzrlü hal hesab edilə və Sumqayıt Şəhər Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 2(060)-3607/2025 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpası üçün əsas ola bilməz.

26. Kollegiya qeyd edir ki, müddətin bərpası ilə bağlı vəsatətlərə baxılarkən yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, həmin səbəblərin mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı və şəxsin özü tərəfindən onların dəf edilməsi imkanı mümkün olmamalıdır.

27. Məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə qiymətləndirmə apararaq birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşır, şikayətin dəlillərini əsassız hesab edir, kollegiyanın qənaətincə birinci intansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardad prosessual hüquq normalarının tələblərinə uyğundur, qərardadın ləğv edilməsi üçün əsas yoxdur. Belə ki, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı MPM ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparıldığından müddətin axımı da elektron kabinetə yerləşdirildiyi gündən sonrakı gündən başlamışdır.

28. Kollegiya həmçinin qeyd edir ki, qətnamədən istənilən vaxt apelyasiya şikayəti verilməsi qətnamə ilə hüquqları bərpa edilən və ya təmin edilən şəxsin hüquqlarının realizəsini xəyali etmiş olur ki, bu da qanunun aliliyi və hüquq müəyyənlik prinsipləri ilə ziddiyyət təşkil edir.

29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadının ləğvi üçün MPM-in 385.1-ci maddəsində nəzərdə tutulan əsaslar mövcud olmadığından, şikayət təmin olunmamalı, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(060)-3607/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Şikayət təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(060)-3607/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar