Məhkəmə qərarları › İş №2(105)-1574/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1574/2023

11.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1574/2023 11.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X4 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, cavabdehin nümayəndəsi X2 və cavabdehin vəkili X1 iştirakı ilə Qubadlı Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(028)-224/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı müraciəti əsasında qəbul edilmiş xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın məzmununa görə, iddiaçı istintaqa verdiyi izahatda göstərmişdir ki, 2017-ci ildən cavabdehi tanıyır və az da olsa iş fəaliyyəti olmuşdur. 2018-ci ildə Cavabdeh ona iş təklifi edərək şərikli iş görmələrini bildirmişdir. Onlar razılığa gələndən sonra Cavabdeh hissə-hissə 100000 manat pul vermişdir. İddiaçı sonuncu dəfə 25000 manat pulu cavabdehə Biləcəri dairəsində yerləşən hündür mərtəbəli binanın qarşısında verdiyini bildirmişdir. Namiq Baxşıyev bir müddət keçəndən Vüqarın onu aldatdığını aşkar etmişdir. Cavabdeh ondan aldığı pulun 14000 manatını 2019-cu ildə, 1000 manatını isə 2021-ci ilin sentyabr-oktyabr ayında qaytarmışdır. Cavabdeh yerdə qalan 85000 manatı bu günə kimi müxtəlif bəhanələr gətirərək qaytarmamışdır.

2. Sözügedən qərara görə, araşdırma zamanı Cavabdeh izahatında şərikli iş görmələri üçün iddiaçıdan hissə-hissə 60-70 min manat pul aldığını, daha sonra həmin pulu faizi ilə birlikdə qaytardığını və hal-hazırda ona 3000 manat faizdən borc qaldığını bildirmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı məhkəməyə müraciət edərək, cavabdehdən 70000 (yetmiş min) manat məbləğində dəymiş zərərin və 300 (üç yüz) manat ödənilmiş dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh xx.xx.2021-ci ildə iddiaçıdan iş görmək bəhanəsi ilə hissə-hissə 100000 (yüz min) manat alımışdır. Sonradan iş görülməmiş və həmin puldan 15000 (on beş min) manat geri ödənilimiş, qalan məbləğ isə qaytarılmamışdır.

5. Cavabdeh tərəf iddia ərizəsinə etiraz edərək göstərmiş ki, cavabdehlə iddiaçı arasında işgüzar münasibətlər olmuşdur. Bu münasibətlər çərçivəsində cavabdeh iddiaçıdan dəfələrlə faizə pul götürmüş və faizi ilə bərabər geri qaytarmışdır. Geri qaytarılan məbləğlərdən təxminən 10000 (om min) manat cavabdehin atasının vasitəsi ilə qaytarılmışdır. Ən son olaraq iddiaçıya 3000 (üç min) manat borcu olmuşdur. İddiaçı 100000 (yüz min) manat məbləğində pulun cavabdehə verilməsi və həmin puldan 15000 (on beş min) manatın geri ödənilməsini təsdiq edən heç bir sübutu təqdim etməmişdir.Sadəcə olaraq Binəqədi rayon Polis İdarəsinin 6-ci PB-də “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2021-ci il tarixli qərarına istinad edərək, cavabdehin vermiş olduğu ifadəsində iddiaçıdan 60-70 min manat pul aldığını əsas gətirərək, 70000 (yetmiş min) manat məbləğində pul tələbinə dair iddia irəli sürmüşdür. Əgər cavabdehin iddiaçıya 85000 (səksən beş min) manat borcu varsa, niyə məhkəmədə cavabdehə qarşı 70000 (yetmiş min) manat məbləğində pul tələbinə dair iddia irəli sürmüşdür.Hesab edir ki, iddia əsassızdır və təmin oluna bilməz.

6. Qubadlı Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(028)-224/2022 nömrəli qətnaməsi ilə (hakim Vladimir Yefimoviç) iddia qismən təmin edilərək cavabdehdən 3000 (üç min) manat məbləğində dəymiş zərər və 300 (üç yüz) manat ödənilmiş dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi qət edilmiş və iddia qalan hissədə rədd edilmişdir.

7. Məhkəmə hesab etmişdir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və Binəqədi rayon Polis İdarəsinin 6-ci PB-nin təhqiqatçısı polis kapitanı Nəsimi Musayev tərəfindən qəbul edilmiş «Cinayət işinin başlanmasının rədd edilməsi barədə» xx.xx.2021-ci il tarixli qərarında göstərilir ki, araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, şərikli iş görmələri üçün İddiaçı hissə-hissə 60-70 min manat pul almışdır. Daha sonra həmin pulu faizi ilə birlikdə qaytarmış və hal-hazırda 3000 manat faizdən borcu qalmışdır.

8. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 386, 739, 740, 882, MPM-in 52.2, 82.4-cü maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətində göstərilmişdir ki, Cavabdeh ondan 2018-ci ildə 100000 (yüz min) manat pulu iş görmək bəhanəsilə hissə-hissə almışdır. Sonradan iş görülməmiş və həmin puldan 15000 (on beş min) manat geri ödənilmiş, qalan məbləğ isə ödənilməmişdir. Bununla bağlı tərəfindən Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə şikayət verilmiş, müraciəti əsasında izahatı alınmış Cavabdeh bildirmişdir ki, ondan həqiqətən pul almış və hazırda ona 70000 (yetmiş min) manat borclu olmasını etiraf etmişdir. Birinci instansiya məhkəməsi Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin qərarına əsasən iddia ərizəsini tam təmin etməli olduğu halda qismən təmin etmişdir. Bundan başqa məhkəmə prosesi zamanı tərəflər arasında olan telefon danışıqları və smsləri sübut kimi qəbul etməkdən imtina etmişdir. Halbuki sübut növü olaraq onlar da qəbul edilməli idi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 məhkəmə kollegiyası iclasında izahat verərək göstərmişdir ki, həqiqətən də oğlu Cavabdeh 2021-ci ildə ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla, cəmi 67.000 manat məbləğində pul vəsaitini iş görmək üçün iddiaçı Namiq Baxşıyevdən almış və sonradan həmin pul vəsaitini qaytarıb vermişdir. Hazırda iddiaçıya borcu yoxdur.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Telman Quliyev (sədrlik edən və məruzəçi), Gülnarə Tağızadə və Lətifə Məmmədova, iş N 2(105)-1700/2022) apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək iddiası qismən təmin edilmiş, cavabdehdən 64.000 (altmış dörd min) manat məbləğində pulun tutulub iddiaçıya verilməsi qət edilmiş, qətnamənin «Cavabdeh 3.000 manat məbləğində dəymiş zərər və 300 (üç yüz) manat ödənilmiş dövlət rüsumunun tutulub İddiaçı ödənilsin» hissəsində dəyişdirilmədən saxlanmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iş materiallarında olan Binəqədi Rayon Polis İdarəsinin 6-ci Polis bölməsinin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçının müraciəti əsasında aparılmış araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, şərikli iş görmələri üçün İddiaçı hissə-hissə 60000-70000 manat pul almışdır. Həmin borcu faizi ilə birlikdə sonradan qaytarmış və hazırda iddiaçıya 3000 manat faizdən borcu qalmışdır.

14. Cavabdehin nümayəndəsi X2 məhkəmə kollegiyası iclasında izahat verərək göstərdi ki, həqiqətən də oğlu Cavabdeh 2021-ci ildə ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla, cəmi 67000 manat məbləğində pul vəsaitini iş görmək üçün iddiaçı Namiq Baxşıyevdən almış və sonradan həmin pul vəsaitini qaytarıb vermişdir. Hazırda iddiaçıya borcu yoxdur.

15. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 385.1, 425.1, 442, 739, 740, 882.1, 882.5, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir.

c) Kassasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh (vəkil X3) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 12 may 2023-cü il tarixli, 2(102)-1874/2023 saylı qərarına əsasən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 sentyabr 2022-ci il tarixli 2(105)-1700/2022 nömrəli qətnaməsinin Cavabdeh 64000 (altmış dörd min) manat məbləğində pul tutulub İddiaçı verilməsi hissəsində ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınmışdır.

18. Kassasiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi audiovideo yazı aparılmaqla keçirilmiş məhkəmə iclaslarında qeyd edilmiş cavabdehin nümayəndəsinin izahatlarına da istinad etməklə Cavabdeh 2021-ci ildə hissəhissə iddiaçı Namiq Baxşıyevdən 67000 manat məbləğində borc pul almasını işin mübahisəsiz halı kimi müəyyən etmişdir.

19. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçı tərəfin həm iddia ərizəsində, həm də audio-video yazı aparılmaqla keçirilmiş məhkəmə iclaslarında cavabdehin 15000 manat pulu qaytarması barədə bildirdiklərinə hüquqi qiymət verilməli olduğu halda verilməmişdir. Halbuki, Azərbaycan Respublikasının MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin yazılı ərizədə etiraf etməsi, eləcə də “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallarda məhkəmə iclasında etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin cavabdehdən 64000 (altmış dörd min) manat məbləğində pulun tutulub iddiaçıya verilməsi ilə əlaqədar gəldiyi nəticə kifayət qədər əsaslandırılmamışdır.

21. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh 2021-ci ildə hissə-hissə iddiaçı Namiq Baxşıyevdən 67000 manat məbləğində borc pul almasının işin mübahisəsiz halı olduğunu göstərərək, maddi hüquq normaları kimi 739, 740, 882.1, 882.5-ci maddələrinə də istinad etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yazılı borc müqaviləsi mövcud deyil. Halbuki Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Lakin buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi iddia tələbinin qanuni əsasını maddi hüquq normalarının tələblərinə uyğun müzakirə edərək müəyyənləşdirməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətlərinin dəlilləri

22. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Cavabdeh ondan 2018ci ildə 100000 (yüz min) manat pulu iş görmək bəhanəsilə hissə-hissə almışdır. Sonradan iş görülməmiş və həmin puldan 15000 (on beş min) manat geri ödənilmiş, qalan məbləğ isə ödənilməmişdir. Bununla bağlı tərəfindən Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə şikayət verilmiş, müraciəti əsasında izahatı alınmış Cavabdeh bildirmişdir ki, ondan həqiqətən pul almış və hazırda ona 70000 (yetmiş min) manat borclu olmasını etiraf etmişdir. Birinci instansiya məhkəməsi Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin qərarına əsasən iddia ərizəsini tam təmin etməli olduğu halda qismən təmin etmişdir. Bundan başqa məhkəmə prosesi zamanı tərəflər arasında olan telefon danışıqları və smsləri sübut kimi qəbul etməkdən imtina etmişdir. Halbuki sübut növü olaraq onlar da qəbul edilməli idi. Odur ki, Qubadlı Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(028)- 224/2022 nömrəli qətnaməsinin ləğv edilib, iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdilər.

25. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X2 və cavabdehin vəkili X3 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər.

Tətbiq edilən hüquq Mülki Məcəllə:

26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

27. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

28. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

29. Maddə 1092.1.Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

35. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

36. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

39. Apellyasiya şikayətindən görünür ki, idddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

40. Ona görə də kollegiya Qubadlı Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(028)-224/2022 nömrəli qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, Azərbaycan Respublikası Ali Məhkəməsinin hazırkı iş üzrə mövqeyini nəzərə alıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə çıxarılmalı, iddia qismən təmin edilməlidir.

42. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır.

43. Kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqelərlə razılaşan məhkəmə kollegiyası hеsаb еdir ki, iddiaçının iddia tələbi üzrə hüquq normasını düzgün tətbiq etməmiş, müəyyən olunmuş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir; nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsi hüquq normalarını ətraflı təfsir etməklə əvvəlki apellyasiya baxışı zamanı buraxılmış səhvin mahiyyətinin nədən ibarət olduğunu və sübutlara necə qiymət verilməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etmişdir və qərardakı hüquqi mövqelərlə razılaşmamaq üçün heç bir əsas mövcud deyildir.

44. Belə ki, iddia üzrə sübutemə vəzifəsi bölüşdürərkən qeyd olunmalıdır ki, iddiaçı tələb olunan pul vəsaitini cavabdehə verdiyini sübut etməli olduğu halda, cavabdeh bunun əksini və ya alınmış pul vəsaitini qaytardığını sübut etməlidir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

46. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 izahatında göstərmişdir ki, Cavabdeh iddiaçıdan ümumilikdə 67000 manat pul almışdır. Həmin pulu hissə-hissə götürmüşdür (ayrı-ayrılıqda 6000, 8000, 12000, 16000 və 25000 manat). Cavabdeh tərəf həmin pulun iddiaçıya qaytarılmasını bildirsə də, həmin halı təsdiq edən sübütu məhkəməyə təqdim etməmişdir.

47. Bundan başqa, xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından və iddiaçının apellyasiya instansiya məhkəməsində verdiyi izahatından görünür ki, 15000 manat pul vəsaiti Cavabdeh tərəfindən iddiaçıya qaytarılmışdır. Odur ki, kollegiya hesab edir ki, iddiaçıya cavabdeh tərəfindən 52000 (67000-15000) manat pul vəsaiti qaytarılmalıdır.

48. Belə ki, Azərbaycan Respublikasının MPM-in 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin yazılı ərizədə etiraf etməsi, eləcə də “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallarda məhkəmə iclasında etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir.

49. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qəraınrda Konstitusiya Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.

50. Kollegiya, borc müqaviləsi predmetinin məbləğinin üç min manatdan çox olduqda yazılı formada bağlanılması barədə qanunun tələbini nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsi qətnamədə hazırkı iddia tələbinin qanuni əsası kimi borc və borcun etirafı barədə hüququ normalarına istinad etməklə səhvə yol vermişdir.

51. Beləliklə, kollegiya, kassasiya instansiyasının qərarında şərh olunan hüquqi mövqeni nəzərə alaraq, hesab edir ki, hazırkı mübahisənin həllində qanuni əsas kimi Mülki Məcəllənin 157.2 və 1091-1092-ci maddələri çıxış etməlidir.

52. Belə ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar, həmçinin, mülki iş üzrə tərəflərin izahatları ilə cavabdehin əsassız olaraq varlanması öz təsdiqinin tapmış, bununla da, iddiaçının pul vəsaitinin özgəsinin qanunsuz sahibliyindən məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır.

53. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir.

54. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, hazırkı iş üzrə Qubadlı Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(028)-224/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilməli, Cavabdeh 52000 manat məbləğində pul vəsaiti və 300 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub İddiaçı ödənilməlidir.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Qubadlı Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(028)-224/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılaraq, iddia qismən təmin edilsin. Cavabdeh 52000 (əlli iki min) manat məbləğində pul vəsaiti və 300 (üç yüz) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar