Məhkəmə qərarları › İş №2(105)-1578/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1578/2025

17.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1578/2025 17.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), X8 və və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(034)-294/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul ounmuş qərarın surəti Yasamal rayon Polis İdarəsinin Dövlət X13 göndərilmişdir.

2. "xxxx" ASC tərəfindən verilmiş ödəniş kartı üzrə çıxarışdan görünür ki, dəymiş zərərə görə "xxxx" ASC tərəfindən 750 manat məbləğində və 3341,22 manat məbləğində sığorta ödənişlər edilmişdir.

3. "xxxx" ASC tərəfindən verilmiş zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, yekun məbləğ 7591 manat, güzəştli məbləğ isə 7058,8 manat məbləğində müəyyən edilmişdir.

4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 3(004)-329/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərarından görünür ki, Cavabdeh İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, lakin inzibati məsuliyyətə cədbetmə müddəti ötürüldüyündən onun barəsində başlanmış inzibati xəta haqqında işi üzrə icraata xitam verilmişdir.

5. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş QXM/M-451 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, aparılmış araşdırmalar, təhlillər və hesablamalar nəticəsində 2011-ci il buraxılışlı, “Kia Soul” markalı 90- ZX-210 dövlət qeydiyyat nişanlı avtomobilin xəsarət almış hissələri müəyyən olunmaqla dəymiş ziyanın məbləği 7058 manat məbləğində müəyyən edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4249,78 manat dəymiş zərərin və 64 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Yasamal rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis kapitanı X1 18 iyul 2024-cü il tarixli qərarına əsasən xx.xx.2024-cü il tarixdə saat 17:25-də Yasamal RPİ-nin NH-ə Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində “Hyundai Santafe” markalı 90-ZL669 dövlət qeydiyyat nişanlı avtomobil, “Kia Soul” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Kia K5” markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə baş vermiş yol nəqliyyat hadisəsi zamanı İddiaçı, X3 və X2 xəsarət almaları barədə məlumat daxil olduğu göstərilmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, “Hyundai Santafe” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Yasamal RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Yasamal Rayon Məhkəməsinin 3(004)-329/2025 saylı xx.xx.2025-ci il tarixli qərarına əsasən Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi, lakin inzibati məsuliyyətə cəlbetmə müddəti ötürüldüyündən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. "xxxx" ASC-nin dəymiş zərərin qiymətləndirilməsinə dair hesabatına əsasən “Kia Soul” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7591 manat zərər dəymişdir. “Kia Soul” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər görə 3341. 22 manat və sağlamlığa dəymiş zərərə görə isə 750 manat sığorta ödənişi edilmişdir.

8. İddiaçı daha sonra iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəni onunla əsaslandırmışdır ki, Cavabdeh 4249, 78 manat dəymiş zərərin və 64 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsinə dair qətnamə çıxarılmasına dair iddia ərizəsi üzrə e2(034)-294/2025 saylı mülki iş məhkəmənin icraatındadır. e- 2(034)-294/2025 saylı mülki iş üzrə məhkəmə tərəfindən qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsi üçün qərardad "xxxx" MMC-yə göndərilmiş və qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsi üçün "xxxx" MMC-yə 350 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.Ona görə də məhkəmədən Cavabdeh 4249, 78 manat dəymiş zərərin, 64 manat dövlət rüsumunun və 350 manat qiymətləndirmə xərcinin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

9. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(034)-294/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh vurulmuş maddi zərərə görə 3716,78 manat məbləğində pul vəsaitinin, 64 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 350 manat məbləğində ekspertiza xərcinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir (hakim Gülsarə İmanova).

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1096.2, 1097.1, 1108.1, 1108.2 və 1108.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 81, 88 və 106-cı maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

11. Cavabdeh apellyasiya şikayəti verib Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(034)-294/2025 nömrəli qətnaməsininin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Zəngilan Rayon Məhkəməsinin e-2(034)-294/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə onun AR MPM-nin 8, 14, 47.2, 76, 77, 79, 85, 88-ci, AR MM-nin 152, 425, 449-cu maddələrində nəzərdə tutulan maddi və prosessual hüquqları pozulmuşdur. Məhkəmə işi tam araşdırmamış, işin hallarını düzgün qiymətləndirməmişdir. Ona görə də adı çəkilən qətnamədən apellyasiya şikayəti vermək qərarına gəlmişdir. Bakı şəhər Yasamal rayon Məhkəməsinin 3(004)-329/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən barəsində AR İXM-nin 327-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi, lakin inzibati məsuliyyətə cəlbetmə müddəti ötürüldüyündən barəsində başlanılmış inizbati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Yasamal rayonu, Moskva prospektində “Hyundai Santafe” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Kia Soul” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobil və “KİA K5” markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Zəncirvari qəza baş vermişdir. Ekspertiza və qiymətləndirmədə isə iştirak etməmişdir. Göstərilən məbləğ şişirdilmiş məbləğdir. Həmin avtomaşının bazar qiyməti 11000-12000 manat olduğu halda avtomaşına dəymiş ziyanın 7500 manat hesablanması absurd və əsassızdır. Avtomaşına dəymiş ziyan 3000-4000 manat civarında ola bilərdi ki həmin məbləği də sığorta tam qarşılamışdır. "xxxx" MMC-nin avtomaşına baxışında iştirak etməmişdir. Ümumiyyətlə verilmiş rəy ilə razı deyil. Təkrar keçirilməsini tələb etsə də məhkəmə xahişini təmin etməmişdir. İddiaçı hüquqdan sui-istifadə edir. Bir sözlə Zəngilan Rayon Məhkəməsinin qətnaməsi qanunsuz və əsasızdır və apellyasiya qaydasında ləğv edilməldiir. Ona görə də apellyasiya şikayəti vermək qərarına gəlmişdir.

13. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli, hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin maddənin 2-ci bəndinə əsasən, qətnamə işin baxılması üçün və qəbul olunması zamanı qüvvədə olan maddi prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. AR MPM-nin 217.3-cü maddəsinə əsasən,qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin qətnaməsi qanuni və əsaslı deyil.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

14. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz ünvanlayaraq apellyasiya şikayətinin təmin edilməməsini, Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(034)-294/2025 nömrəli qətnaməsininin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. İddiaçı etirazında göstərmişdir ki, apellyasiya şikayətində göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, mülki iş birinci instansiya məhkəməsinin icraatında olan zaman araşdırılmış, müvafiq ekspertizalar keçirilmişdir. Cavabdeh tərəfindən törədilmiş yolnəqliyyat hadisəsi nəticəsində “Kia Soul” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yararsız vəziyyətə düşmüş, təhlükəsizlik yastıqları açılmış, arxa və qabaq tərəfdən deformasiyaya uğramış, ümumilikdə nəqliyyat vasitəsinin bazar dəyəri də müvafiq olaraq düşmüşdür. Bu qeyd edilən hallara əsasən apellyasiyası şikayətində qeyd edilən 3000-4000 civarında xərcin olması fikri tamamilə yanlışdır. Nəqliyyat vasitəsinə baxılan zaman aşkar görünən hallar mübahisələndirilməsi əsassızdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

16. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etirazında göstərilənləri nəzərə almaqla apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

20. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

21. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

22. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

29. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

34. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(034)-294/2025 nömrəli qətnaməsini iddianın təmin edilən hissəsində mübahisələndirmişdir. Bu səbəbdən kollegiya Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsini mübahisələndirilən hissəsində yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

36. İşin hallarına görə xx.xx.2024-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı Bakı şəhəri, Yasamal rayonu, Moskva prospektində “Hyundai Santafe” markalı **- ZL-*** dövlət qeydiyyat nişanlı avtomobil, “Kia Soul” markalı **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Kia K5” markalı **-FA-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması nəticəsində İddiaçı, X5 və X4 xəsarət almışdır. Polis araşdırması zamanı hadisənin “Hyundai Santafe” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh tərəfindən törədilməsi məlum olmuş, törədilmiş hadisədə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikasının İXMnin 327.8-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərar Yasamal RPİ-nin DYPŞ-nə göndərilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə tərtib edilmiş protokol baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 3(004)-329/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş, lakin onun inzibati məsuliyyətə cəlbetmə müddəti keçdiyindən barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. "xxxx" ASC tərəfindən baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Kia Soul” markalı 90- ZX-210 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği yekun olaraq 7591 manat, güzəştli məbləği isə 7058,8 manat məbləğində qiymətləndirilsə də, birinci instansiya məhkəməsinin araşdırması zamanı cavabdeh avtomobilə dəymiş zərərin yüksək olmasını bildirdiyi üçün məhkəmənin qərarı ilə 2011-ci il buraxılmış “Kia Soul” markalı, **-ZX-*** dövlət qeydiyyat nişanlı avtomobilin xəsarət almış hissələri müəyyən olunmaqla dəymiş ziyanın məbləği nə qədər təşkil etməsi ilə bağlı ekspertiza təyin edilmiş və ekspert rəyində aparılmış araşdırmalar, təhlillər və hesablamalar nəticəsində 2011-ci il buraxılışlı, “Kia Soul” markalı 90- ZX-210 dövlət qeydiyyat nişanlı avtomobilin xəsarət almış hissələri müəyyən olunmaqla dəymiş ziyanın məbləği 7058 manat məbləğində müəyyən edilmişdir. “Kia Soul” markalı 90- ZX-210 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 3341,22 manat sığorta ödənişi edilmişdir.

37. Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

38. Kollegiya hesab edir ki, Cavabdeh apellyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla sübut edə bilməmiş, vurulmuş zərərin məbləğinin müəyyən edilməsinə dair təkrarən məhkəmə tərəfindən qiymətləndirmənin (ekspertizanın) keçirilməsinin zəruriliyini əsaslandırmamışdır. Belə olan halda kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəsi ilə razılaşaraq, əlavə və ya təkrar ekspertizanın keçirilməsinə zərurət görmür.

39. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, MPM-in 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

40. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...”

41. Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur.

42. Kollegiya yuxarıda qeyd olunan hüquq normalarının tələblərindən çıxış edərək, bildirir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun olmaqla, eyni zamanda ədalətli və qanuni mövqedir.

43. Bu baxımdan, məhkəmə kollegiyası tərəflərin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

44. Beləliklə də, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(034)-294/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(034)-294/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar