Məhkəmə qərarları › İş №2(105)-1580/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1580/2024

28.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1580/2024 28.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə (əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin qaytarılması, sübutların qiymətləndirilməsi) X1 (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(012)-1279/2024 nömrəli qətnaməsindən İddiaçı, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi : İşin halları.

1. Bakı şəhəri Qaradağ rayon prokurorluğunun xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, İddiaçı Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 əlbir olaraq ona qarşı dələduzluq edib 210.000 manatını ələ keçirmələri barədə müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanılması həmin hissədə CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi, Cavabdeh2 və Cavabdeh3 İddiaçı və Cavabdeh1 tərəfindən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu yolunda 2020-ci ilin fevral və ya mart ayında onların odlu silahla ölüm lə hədələnməsi və sonuncuların onların üzərinə odlu silah olan tapança çəkmələri barədə izahatlarında göstərdikləri öz təsdiqini tapmadığından həmin hissədə material üzrə cinayət işinin başlanılması CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilməsi qərar verilmişdir.

2. Qərardan həmçinin görünür ki, aparılmış araşdırma nəticəsində müəyyən edilnişdir ki, İddiaçı Cavabdeh1 vasitəsi ilə, sonuncu isə Cavabdeh3 iştirakı ilə Cavabdeh2 faizə, məlum məbləğlərdə dəfələrlə pul vermiş, yəni sadalanan şəxslərlə onun arasında mülki münasibətlər yaranmış, Cavabdeh2 ona verilmiş pulları hər dəfəsində faizlə birlikdə geri qaytarsa da sonuncu dəfə aldığı 210.000 manatla bağlı onların arasında mübahisə yaranmışdır.

3. Qərardan həmçinin görünür ki, Cavabdeh2 izahatında göstərmişdir ki, barəsində 10-cu Polis Bölməsində aparılan araşdırma zamanı ona məlum olubdur ki, Həsrət ərizə yazanda pulun bir qisminin onun, bir qisminin isə Gündüzün olduğunu deyibdir. Amma Həsrət həmişə guya pulun hamısının ona çatmalı olduğunu deyirdi. O aldığı pulların kimin olması barədə heç vaxt bilməmişdir, o pulu Hakim vasitəsi ilə Gündüzdən almışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh3 210000 (iki yüz on min) manat borc və həmin məbləğə uyğun olaraq 500 (beş yüz) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Daha sonra, İddiaçı nümayəndəsi-vəkili Vəkil Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh3 ilə yanaşı, ilkin iddia ərizəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər kimi göstərilmiş Cavabdeh2 və Cavabdeh1 cavabdeh qismində tanınaraq sonunculardan 210000 (iki yüz on min) manat borc və həmin məbləğə uyğun olaraq 500 (beş yüz) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul məhkəmədən xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı təxminən 5 ildir ki, Cavabdeh2 ilə tanışdır. İddiaçı hərbçidir, 2016-cı il “Aprel” döyüşlərinin iştirakçısıdır, ikinci qrup üzrə əlildir, 2018-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsində çalışır. 2019-cu ilin iyul ayında dostluq münasibətində olduğu Cavabdeh1 telefon vasitəsi ilə onunla əlaqə saxlayaraq şirkət vasitəsi ilə tikinti materiallarının satışını təmin etmək üçün iddiaçının tanımadığı şəxslərə 40000 (qırx min) manat məbləğində pul lazım olduğunu bildirmişdir. İddiaçı qeyd olunmuş məbləğdə pulun onda olmadığını bildirsə də, həmin günü dostu Cavabdeh1 Cavabdeh2 ilə onun yanına gələrək təkidlə pulu borc qarşılığında verməyə xahiş etmişdir. Əlavə olaraq, Cavabdeh2 bildirmişdir ki, onların qazancı olacaq və həmin qazancdan iddiaçıya da müəyyən məbləğdə pul veriləcəkdir, lakin həmin qazancın konkret məbləği haqqında heç nə deyilməmişdir. İyul-avqust aylarında davam edən xahişlərdən sonra iddiaçı 40000 (qırx min) manat məbləğində Cavabdeh3 borc qarşılığında pul vermiş və bir müddət sonra 2500 (iki min beş yüz) məbləğində qazancla birlikdə həmin 40000 manat ona qaytarılmışdır. Daha sonra İddiaçı dostu Cavabdeh1 vasitəsi ilə Cavabdeh3 müxtəlif vaxtlarda 50000 (əlli min), 150000 (yüz əlli min) manat məbləğində pul vermişdir. Nəticədə, cavabdehin ona cəmi 210000 (iki yüz on min) manat məbləğində borcu yaranmışdır. Cavabdeh vəd etmişdir ki, həmin məbləği xx.xx.2019-cu il tarixində qaytaracaq. Lakin, verdiyi vədə sonradan əməl etməmiş, İddiaçı ona verdiyi məbləği geri qaytarmamışdır. İddiaçı pulun geri qaytarılmasını tələb etsə də, cavabdeh buna məhəl qoymamışdır. Buna görə də tərəflər arasında narazılıqlar yaranmış, rayon prokurorluğu tərəfindən araşdırma aparılmışdır. Araşdırma nəticəsində müəyyən edilmişdir ki, qeyd olunmuş faktla bağlı cinayət tərkibi yoxdur. İddiaçı Cavabdeh1 vasitəsi ilə, sonuncu isə Cavabdeh2 iştirakı ilə Cavabdeh3 faizə, məlum məbləğlərdə dəfələrlə pul vermiş və almış, yəni sadalanan şəxslərlə onun arasında mülki münasibətlər yaranmış, Cavabdeh3 ona verilmiş pulları hər dəfəsində faizlə birlikdə geri qaytarsa da, sonuncu dəfə aldığı 210000 manatla bağlı onların arasında mübahisə yaranmışdır. Göstərilənlərə əsasən, iddia ərizəsi təmin olunmalıdır.

7. Abşeron Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(012)-1279/2024 nömrəli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh3n və Cavabdeh1 müştərək qaydada 150000 (yüz əlli min) manat, ödənilmiş dövlət rüsumuna görə 500 (beş yüz) manat pul vəsaiti olmaqla, ümumilikdə, cəmi 150500 (yüz əlli min beş yüz) manat pul vəsaitinin alınaraq İddiaçı verilməsi qət edilmişdir.

8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, araşdırma zamanı tədqiq olunmuş sübutlar, həmçinin, mülki iş materiallarına əlavə olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh1 izahatları əsasında iddiaçıya 150000 manat borcunun olması öz təsdiqini tapmışdır. Cavabdehlər borcu ödəməyi öhdəsinə götürmələrinə baxmayaraq, borcun geri qaytarılmasını təmin etməmişlər, bununla da, iddiaçının həmin borcu məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır. İlkin olaraq, iddia ərizəsinin məzmunundan müəyyən olunduğu kimi, iddiaçı iddia ərizəsində cavabdehlərdən ümumilikdə, 210000 manat borcun qaytarılmasını xahiş etmişdir. Belə ki, tərəflər arasında qazanc məqsədi ilə borc hüquq münasibətləri yaranmış və iddiaçı cavabdehlərə ayrı-ayrı vaxtlarda 100000 manat, 50000 manat (iki dəfə) pul vəsaiti vermiş və iddiaçı tərəfindən cavabdehlərə ayrıayrı vaxtlarda pulun verilməsi cavabdehlər tərəfindən inkar edilməmişdir. Məhkəmə hesab edib ki, mülki iş materiallarına əlavə olunmuş, cavabdehlərin izahatları əsasında iddiaçıya olan 150000 manat pul borcunun olması öz təsdiqini tapıb. Bununla belə, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iddiaçıdan borc pul almadıqlarını bildirsələr də, izahatlarında iddiaçıdan 150000 manat pul aldıqlarını təsdiq etmişlər. İddia ərizəsinin məzmunundan müəyyən olunduğu kimi, iddiaçı iddia ərizəsində 210000 manat pulun cavabdehlərdən alınmaqla ona geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Lakin iddiaçı 210000 manat pulun verildiyinə dair sübutlarını, həmçinin Cavabdeh2 pul verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, iddiaçı iddia tələbinin əsasını təşkil edən halları və faktları sübuta yetirmək vəzifəsi olduğu halda iddia ərizəsini həmin hissədə sübuta yetirə bilməmişdir. Bu səbəbdən də, iddia ərizəsi həmin hissədə əsaslı hesab edilməməklə təmin edilmir. Buna görə də cavabdehlər Cavabdeh3 və Cavabdeh1 etirafı əsasında 150000 manat pul vəsaitinin tutulması hissəsində iddia tələbi əsaslıdır, ona görə də məhkəmə iddianı bu hissədə təmin etmişdir.

9. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respubkasının Mülki Məcəlləsinin 324.1, 324.2, 324.3, 324.5, 325.1, 326-cı maddələri , Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 52.2, 77.1, 107, 119.1, 124.1, 191.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişlər.

11. İddiaçının apellyasiya şikayəti əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 439.1, 439.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 4.2, 14.2, 217.4-cü maddələrinə istinadla əsaslandırılmış və sonda iddia tələbinin tam təmin edilərək, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 210000 (iki yüz on min) manat borc və həmin məbləğə uyğun olaraq ödənilmiş 750 (yeddi yüz əlli) manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

12. Cavabdehlər apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxan məhkəmə qətnaməni əsaslandırarkən Bakı şəhəri Qaradağ rayon prokurorluğunun xx.xx.2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına istinad edir. Guya həmin qərarın surətindən görünür ki, “cavabdehlər Cavabdeh3 və Cavabdeh1 izahatları əsasında iddiaçıya 150000 manat borcun olması öz təsdiqini tapmışdır. Cavabdehlər borcu ödəməyi öhdəsinə götürmələrinə baxmayaraq, borcun geri qaytarılmasını təmin etməmişlər, bununla da, iddiaçının həmin borcu məhkəmə qaydasında tələb etmək hüququ yaranmışdır”. Halbuki, məhkəmənin istinad etdiyi elə həmin qərarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh1 vasitəsi ilə, sonuncu isə Cavabdeh3 iştirakı ilə Cavabdeh2 faizə, məlum məbləğlərdə dəfələrlə pul vermiş, yəni sadalanan şəxslərlə onun arasında mülki münasibətlər yaranmış, Cavabdeh2 ona verilmiş pulları hər dəfəsində faizlə birlikdə geri qaytarsa da sonuncu dəfə aldığı 210.000 manatla bağlı onların arasında mübahisə yaranmışdır. Burda açıq-aşkar görünür ki, istintaq orqanı tərəfindən araşdırma zamanı tərəflər arasında pul alış-verişi İddiaçı ilə Cavabdeh2 arasında baş vermişdir, digər cavabdehlər yalnız vasitəçi kimi iştirak etmiş, hər hansı pul vəsaitinin onlarda qalması öz təsdiqini tapmamışdır. Həmçinin iddiaçının özünün də verdiyi ifadədən görünür ki, pul vəsaitləri Cavabdeh2 verilmiş və onun bundan xəbəri və razılığı olmuşdur. Lakin işə baxan birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəflər arasında gedən pul alış-verişi zamanı pul vəsaitinin onlarda qalmasını təsdiq edən heç bir sübuta istinad etməmişdir. Belə ki, həm istintaq orqanında verilən ifadələr, həmdə məhkəmədə verilən izahatlarla təsdiq edilir ki, pullar İddiaçı tərəfindən Cavabdeh2 verilmişdir. Cavabdeh3 və Cavabdeh1 cavabdeh qismində tanınaraq və pulun onlardan tutulması tamamilə əsassızdır. Bundan əlavə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərə borc kontekstindən yanaşsada, onlara arasında mülki qanunvericiliyin minimal tələblərinə əməl olunub-olunmamasına hüquqi qiymət verməmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirmədən, maddi hüquq normalarına əsaslanmadan və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq etmədən yanlış nəticəyə gələrək iddianı qismən təmin etmişdir. Cavabdehlərin iddiaçı qarşısında hazırki tələb üzrə öhdəliyinin yaranması üçün qanunvericilikdə nəzərdə tutulmuş – müqavilə, əsassız varlanma, delikt və ya hər hansı başqa əsaslar mövcud deyildir. Qeyd olunanlara əsasən iddiaçı cavabdehlərin məhz ona məxsus pulları mənimsəməsini sübuta yetirə bilmədiyindən, habelə bu hal işin faktiki halları və sübutlarla təsdiqlənmədiyindən iddia əsassızdır və təmin oluna bilməz. Göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətlərinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları 14 Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, məhkəmə Cavabdeh2 münasibətdə iddia tələbini rədd etməklə yanlış nəticəyə gəlmişdir. Cavabdehlərdən Cavabdeh1la hərbçi yoldaşı kimi münasibətləri olmuşdur. Daha sonra da bu yoldaşlıq münasibətləri davam etmişdir. 2019-cu ilin iyul ayında Cavabdeh1 onunla əlaqə saxlayaraq bir məsələ ilə bağlı görüşmək istədiyini bildirmişdi. Sonra Cavabdeh1 yanında bir nəfər şəxslə yanına gələrək tenderdə iştirak edəcəklərini, bununla bağlı olaraq pul lazım olduğunu bildirmişdir. Sonradan Gündüzün yanındakı şəxsin Cavabdeh2 olduğunu bilmişdir. Həmin vaxt iddiaçı pulu olmadığını bildirmişdir. Bir müddət sonra Gündüz yenə ona zəng vuraraq 40000 manat məbləğində pul lazım olduğunu, bu məsələ həll olunandan sonra öz qazanclarından da ona pul verəcəklərini bildirmişdir. O da razılaşıb və Cavabdeh1 40000 manat məbləğində pul vermişdir. Bundan 10-15 gün keçəndən sonra Cavabdeh1 40000 manat və qazanc kimi 2500 manat məbləğində pulu ona verib. O da, həmin puldan 1000 manatı Cavabdeh1 qaytarmışdır. Bu hal aralarında müxtəlif məbləğlərdə bir neçə dəfə təkrarlanmışdır. Sonuncu dəfə Cavabdeh1 ondan pul istəmiş və növbəti gün 100000 manatı Cavabdeh1 göndərmiş və 50000 manatı da sürücüsü vasitəsilə sonuncuya göndərmişdir. Cavabdeh1 borcu qaytaracağını vəd etdiyi tarixdən bir qədər də keçdikdən sonra o əlaqə saxlamış, Gündüz də pulu başqa şəxslərə verdiyini bildirdiyinə görə, iddiaçı həmin şəxslərlə söhbət etmək istədiyini bildirmişdir. Qeyd olunan şəxslərlə görüşdükdə cavabdehlərin qanunsuz fəaliyyətlə məşğul olduğunu anlamışdır. Həmin vaxt onun qardaşı əməliyyat olunduğundan ona təcili pul lazım idi, bu səbəblə xeyli təzyiqdən sonra Gündüz ona 31-35000 manat civarında pul vermişdir. Bundan sonra cavabdehlər pul köçürdüklərini, lakin müəyyən səbəblərdən həmin pulun dondurulduğunu bildirdilər. Cavadeh Cavabdeh1 bildirdi ki, əgər 35000 manat məbləğində pul versə, bütöv borcu tam şəkildə qaytaracağını bildirmişdi. Bu da ona dəymiş ziyanın ödəniləcəyi ümidi ilə 35000 manatı vermişdir. Lakin bu dəfə də cavabdehlər onu aldatmış və borcu qaytarmamışlar. Göstərilənlərə əsasən iddiaçı apellyasiya şikayətinin təmin, cavabdeh tərəfin apellyasiya şikayətinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının apellyasiya şikayətinin dəlillərini müdafiə edərək bildirdi ki, iddiaçı digər cavabdehləri məhz Cavabdeh1 vasitəsilə tanımışdır. Tərəflər arasında iş qurulması məqsədilə sövdələşmə olmuş, fərqli-fərqli vaxtlarla pul vəsaitləri iddiaçıdan alınmış və Cavabdeh2 ötürülmüşdür. Bununla bağlı cinayət işinin başlanmasının rədd olunması barədə Bakı şəhəri Qaradağ Rayon Prokurorluğunun qərarı vardır. Həmin qərar qanuni qüvvəyə minmişdir. Bu qərar əsasında müəyyən olunmuşdur ki, 210000 manata yaxın məbləğdə pul vəsaiti 3 şəxs, yəni cavabdehlər tərəfindən mənimsənilmiş, əldə olunmuşdur. Onlar barəsində qanuni qüvvəyə minmiş hökm yoxdur, məhz mübahisə mülki xarakter daşıdığından aidiyyəti məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. İşə baxan məhkəmə tərəfindən bir sıra pozuntulara yol verilmişdir. Belə ki, qərarda hər üç cavabdehin – Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada məsuliyyət daşıması öz əksini tapmışdır. Çünki vurulmuş ziyanla nəticə arasında səbəbli əlaqə müəyyən olunarsa, hər üç şəxsə mütənasib formada baxılmalıdır. Hazırda cavabdeh qətnaməni tutulmalı məbləğə aid hissədə, həm də iddia tələbinin Cavabdeh2 münasibətdə təmin edilməyən hissəsində mübahisələndirir. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi və vəkili sonda iddiaçının apellyasiya şikayətinin təmin edilməsi, cavabdeh tərəfin apellyasiya şikayətinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

16. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi və vəkili Nümayəndə izahatında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdi, bildirdi ki, qətnamə iddia tələbinin təmin edilən hissəsində tamamilə əsassızdır. Göstərilənlərə əsasən cavabdehlərin nümayəndə və vəkili Nümayəndə sonda cavabdeh tərəfin apellyasiya şikayətinin təmin edilməsini, iddiaçının apellyasiya şikayətinin isə rədd edilməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımı qaydada və vaxtında məlumat verilməsinə baxmayaraq digər Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

18. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.2. apellyasiya instansiya məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

21. Apellyasiya şikayətlərindən müəyyən edilir ki, iddiaçı qətnamənin təmin olunmayan hissələrini, cavabdehlər isə əksinə iddianın təmin olunmuş hissələrini mübahisələndirir.

22. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını, tərəflərin izahatı və iş materialları ilə birgə əlaqəli şəkildə təhlil edərək, belə qənaətə gəlir ki, aşağıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi qismən təmin edilməlidir.

24. Tələb iddiaçı tərəfindən cavabdehlərə verilmiş pulun geri qaytarılması barədədir.

25. Kollegiya ilk olaraq qeyd edir ki, etibarsız əqdlər üzrə əvəzedilən əşyalar üzərində əldə edənin hüququ yarana və nəticədə əsassız varalanma baş verə bilər. Hazırkı mübahisə üzrə tərəflər arasında yaranmış hüquq münasibətlərinin predmeti pulla, yəni əvəzedilən əşya ilə bağlı olmuşdur. Bu baxımdan, Mülki Məcəllənin 337.5-ci maddəsində nəzərdə tutulmuş restitusiya qaydası belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir. Çünki, əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar etibarsız əqd üzrə verilmiş olsa belə, əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu baxımdan iddiaçı tərəfin cavabdeh tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, hazırkı iddia tələbində haqlı olmuş və birinci instansiya məhkəməsi düzgün olaraq əsassız varlanmaya dair maddi hüquq normalarını tətbiq etməklə, iddianı qismən təmin etmişdir.

26. Bu tələbin hüquqi əsası kimi, Mülki Məcəllənin əsassız varlanmaya dair normaları nəzərdən keçirilə bilər. Həmin normalara görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

27. Odur ki, hazırkı işdə iddianın əsaslı sayılması üçün cavabdehlərin iddiaçının hesabına müvafiq əsas olmadan varlandığı müəyyən edilməlidir.

28. İşin mübahisə olunmayan hallarından görünür ki, iddiaçı ilə cavabdehlər tanışdırlar və hazırda aralarında pul mübahisəsi mövcuddur. İşin müəyyən edilmiş hallarına görə İddiaçıla cavabdeh G. Fərhadov lap əvvəldən yaxın münasibətdə olmuş, digər iki Cavabdeh3 və Cavabdeh2lə tanışlıq isə məhz Cavabdeh1 vasitəsilə yaranmışdır.

29. Araşdırılan işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı dostluq münasibətində olduğu Cavabdeh1 təşəbbüsü ilə ona 40000 (qırx min) manat məbləğində borc pul vermiş, bir müddət sonra 2500 (iki min beş yüz) məbləğində qazancla birlikdə həmin 40000 manat ona qaytarılmışdır. Bu minvalla onlar arasında bir neçə dəfə bu şəkildə pulun verilməsi və qaytarılması olmuşdur.

30. Sonuncu dəfə iddiaçı cavabdehlərə qısa müddətə qaytarılmaq şərtilə 50000 (əlli min) və 100 000 (yüz min) manat olmaqla, ümumilikdə 150 000 manat məbləğində pul vermişdir. İddiaçının bildirdiyinə görə o ilk dəfə Cavabdeh1 tanımış, pulu da onun təkidi ilə yaxın vaxtlarda qaytarmaq şərtilə vermişdir. Lakin, verilmiş vədə əməl edilməmişdir.

31. Bundan sonra iddiaçı pulun geri qaytarılmasını tələb etsə də, cavabdeh tərəf pulun qaytarılmasından yayınmışdır. Buna görə də tərəflər arasında narazılıqlar yaranmış və müxtəlif vaxtlarda ayrı-ayrı hüquq mühafizə orqanlarına müraciət olunmuş və nəticə etibarı ilə qeyd olunmuş faktla bağlı cinayət tərkibinin olmaması müəyyən edilmişdir. Keçən müddət ərzində pul qaytarılmadığından, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

32. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məlum olduğu kimi hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.

33. Belə ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

34. Kollegiya qeyd edir ki, iddia ərizəsində qeyd edilən pul məbləğinin iddiaçı tərəfindən cavabdehlərə verilib-verilmədiyi müəyyən edilmədən, həmin hissədə tələb aydınlaşdırılmadan, yalnız iddiaçı tərəfin izahatına əsasən iddianın təmin edilməsi qəbul edilmiş məhkəmə aktının əsaslılığını və ədalətliliyini şübhə altına ala bilər.

25. Apellyasiya şikayətinin dəlilləri üzrə araşdırma aparılarkən müəyyən edilmişdir ki, iddiaçının hər üç cavabdehlə tanışlıq münasibəti olsa da, Cavabdeh1la münasibəti daha yaxın olmuş və tələb olunan pulların böyük əksəriyyəti də məhz sonuncuya verilmişdir.

26. Belə ki, kollegiyanın araşdırması zamanı izahat vermiş İddiaçı tələb etdiyi pulun 150 000 manatını şəxsən Cavabdeh1 verdiyini, sonuncunun da həmin pulları iş qurmaq məqsədilə Cavabdeh3, sonda isə Cavabdeh2 verildiyini bildirmişdir.

27. İstər prokurorluq orqanında, istərsə də birinci instansiya məhkəməsinin icraatı zamanı izahat vermiş Cavabdeh1 iddiaçı tərəfindən ona 210 000 manat deyil, ümumilkdə 150000 manat pul verildiyini, həmin pulu da Cavabdeh2 verdiyini bildirmişdir.

28. İzahatı alınmış Cavabdeh3 da oxşar məzmunlu izahat verərək ilkin olaraq 150000 manatın iddiaçı tərəfindən Cavabdeh1 verildiyini, sonra isə ona, o isə öz növbəsində Cavabdeh2 verdiyini qeyd etmişdir.

29. Kollegiyanın araşdırması zamanı izahat vermiş cavabdehlər Cavabdeh3 və Cavabdeh1 nümayəndəsi və vəkili də eyni epizodu təsdiq edərək, sonda Cavabdeh1 vasitəsilə verilmiş pulun Cavabdeh2 çatdığını bildirmiş, məsuliyyəti də sonuncunun daşıdığını bildirmişdir.

30. Beləliklə kollegiya aparılmış araşdırmanın nəticəsi olaraq belə qənaətə gəlir ki, iddiaçı tərəfindən cavabdehlərə ümumilikdə 210 000 manat deyil, 150 000 manat pul verilmiş və həmin məbləğ iddiaçı tərəfindən bilavasitə ilkin olaraq Cavabdeh1 verilmiş, sonuncu da qazanc güdmək məqsədilə digər cavabdehlərə ötürmüşdür.

31. İşin bu halı həm iddiaçının özünün izahatı, həm də cavabdehlərin, onların nümayəndəsi və vəkilinin vermiş olduğu etirafedici izahatlarla sübuta yetirilir.

32. Bundan əlavə kollegiyanın araşdırması zamanı İddiaçı bildirmişdir ki, onun çoxsaylı təkidindən sonra cavabdeh tərəf ona iki dəfəyə olmaqla, təxminən 31-35 min manat pul qaytarmışdır. Lakin sonradan cavabdeh tərəf qalan pulun qaytarılması üçün əlavə iş görmək lazım olduğunu bildirimiş və bu məqsədlə ondan əlavə 35000-36000 manat pul istəmişlər. O, da hər üç cavabdeh- Gündüz, Hakim və Emilin səmimiyyətinə inanaraq, həm də pulunu “dirçəltmək” məqsədilə onlarla görüşərək, hamısının yanında Emilə 35000 pul vermiş və bütün pullarının yaxın vaxtlarda qaytarılmasını tələb etmişdir. Emilə pul verərkən video-çəkiliş də etmişdir.

33. İddiaçı tərəf sonuncu arqumenti ilə bağlı apellyasiya məhkəməsinə “CD” disk təqdim etmiş və dəlilini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin icraatı zamanı telefon özündə olmadığından (istintaq irqanında olduğundan) həmin çəkilişi (sübutu) təqdim edə bilməmişdir.

34. Kollegiya iddiaçı tərəfindən təqdim edilən “CD” diskin birinci instansiya məhkəməsində təqdim edilməsinin mümkünsüzlüyünü, həmçinin iş üzrə əhəmiyyət kəsb edəcəyini nəzərə alaraq, “CD” diski qəbul etmiş və məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirmişdir.

35. Məhkəmə kollegiyası tərəfindən təqdim olunmuş “CD” diskə baxış keçirilərkən, İddiaçı tərəfindən Cavabdeh2 5730 manat pul verildiyi (100 manatlıq əskinazlardan ibarət), pul verilərkən tərəflərin danışığında 25000 manatın əvvəldən verildiyi, əlavə olaraq 5730 manatın, cəmi 30 700 manatın verildiyi müəyyən edilmişdir. Pul verilərkən İddiaçı pulun bir neçə gün ərzində qaytarılmasını tələb etdiyi, cavabdehin də etiraz etmədiyi müəyyən olunmuşdur.

36. Beləliklə yuxarıda qeyd olunanları ümumiləşdirən kollegiya belə qənaətə gəlir ki, iddiaçı tərəfindən 150000 manat bilavasitə Cavabdeh1 verilmişdir. İddiaçının özünün etirafedici izahatına görə həmin puldan əvvəlcə 31-35 min manat ona qaytarılmış, sonra yenə də ondan 35000 manat alınmışdır. İddiaçı sonuncu dəfə verdiyi pulun 35000 manat olduğunu bildirsə də, bununla bağlı hər hansı mötəbər sübut təqdim etməmiş, video-diskdə həmin məbləğin 30 700 manat olması və digər cavabdehlərin iştirakı ilə Cavabdeh2 verməsi müəyyən edilmişdir. İddiaçı qalan 4500 manatını çəkilişdən sonra verdiyini bildirsə də, sübut təqdim edilmədiyindən kollegiya bunu inandırıcı hesab etməmişdir.

37. Belə olan halda kollegiya hesab edir ki, iddiaçı vermiş olduğu pulu tələb etmək üçün subyektiv hüquqa malik olduğu kimi, Cavabdeh1 da həmin puldan 119.300 manatının (150 000-30.700=119.300) qaytarılmasına, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 isə 30.700 manatın müştərək qaydasında qaytarılmasına cavabdehlik daşıyan məsul şəxslərdir.

38. Cavabdeh tərəfin vermiş olduğu apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verən kollegiya qeyd edir ki, cavabdehlər mübahisələndirilən pul məbləğini iddiaçıya qaytardıqlarını və hazırda hər hansı məbləğdə borclarının qalmadığını bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya qeyd edir ki, bu halda, yəni pulun qaytarılmasını və heç bir borcunun qalmamasını sübuta yetirmək yükü artıq cavabdeh tərəfin üzərinə düşür.

39. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.

40. Mülki Prosessual Məcəllənin : 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

41. Kollegiya sonda qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun 358 manatı cavabdehlərə, 142 manatı isə iddiaçıya aid edilməlidir (500x150=75000:210=358. qalan məbləğ 142)

42. Beləliklə, yuxarıda qeyd olunanları ümumiləşdirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı qarşılqılı münasibətə düzgün qiymət verməmiş, mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etməmişdir. Bu səbəbdən apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməlidir.

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372- 376, 378-382, 384.0.1, 385.2, 392-393, 402, 404-1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q ə t e t d i:

İddiaçı, cavabdehlər Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 09 iyul 2024-cü il tarixli, 2(012)-1279/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə, iddia qismən təmin edilsin. Cavabdeh1 119 300 (bir yüz on doqquz min üç yüz) manat, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 isə müştərək qaydada 30 700 (otuz min yeddi yüz) manat və 358 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 142 manatı iddiaçının özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. (elektron kabinet və vəkil vasitəsilə) Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar