Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1582/2021 17.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Abasov Şəmsəddin Rizalı oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Dadaşova Aynur Asif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin dəyişdirilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt şəhər məhkəməsinin 09 mart 2021-ci il tarixli, 2(060)-2476/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt şəhər məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Behbudova) iddia tələbinin qismən təmin edilməsi, Sumqayıt şəhər məhkəməsinin 2(060)-5314/2018 saylı, 16 iyul 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə, 24.06.2012-ci il təvəllüdlü X1 və 23.11.2014-cü il təvəllüdlü X4 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 140 manat olmaqla cəmi 280 manat sabit pul məbləğində alimentin tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Sumqayıt şəhər məhkəməsinin 2(060)-5314/2018 saylı, 16 iyul 2018-ci il tarixli qətnaməsinin dəyişdirilərək 24.06.2012-ci il təvəllüdlü X1 və 23.11.2014-cü il təvəllüdlü X4 oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər məhkəməsinin (hakim V.Ruvinovun sədrliyi ilə) 2(060)-5314/2018 saylı, 16 iyul 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə onun arasında 13.11.2011-ci il tarixli nikah qeydi pozulmuş, Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment 30.04.2018-ci il tarixdən başlayaraq tutulub 24.06.2012-ci il tarixdə doğulmuş X2 və hər ay 100 manat sabit pul məbləğində aliment 30.04.2018-ci il tarixdən başlayaraq tutulub 23.11.2014-cü il tarixdə doğulmuş X4 oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün ona verilməsi qət olunmuşdur. İndiki dövrdə bir uşağın saxlanılması üçün 100 manat məbləğində aliment həddindən artıq az məbləğdir. Hal-hazırda maddi vəziyyəti çətinləşmiş, cavabdeh isə uşağın saxlanılmasına əlavə yardım göstərməkdən imtina edir, uşaqları saxlamağa çətinlik çəkir, ona görə də məcbur olub məhkəməyə müraciət edir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt şəhər məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qəbul edilən qətnamə ədalətsiz və qanunsuzdur. Maddi və prosessual hüquq normaları pozulmuşdur. Birinci instansiya məhkəməsi araşdırma aparmadan qanuna zidd qətnamə qəbul edərək onun hüquqlarını pozmuşdur. İşin halları düzgün araşdırılmamışdır. Onun maddi və əmlak vəziyyəti, ödəmə qabiliyyətinin olub-olmaması nəzərə alınmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin qismən təmin edilməsini tərəflərin ailə və maddi vəziyyətini, bununla yanaşı uşaqların üstün maraqlarını və minimum maddi təminat almaq hüququnu, məhkəmə qətnaməsinin qəbul edildiyi dövrdən uzun müddət keçdiyini və bu müddət ərzində uşaqların böyütməklə tələbatlarının da artdığını nəzərə alması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində qətnamənin ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir (Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsi). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz (Ailə Məcəlləsinin 56.1. və 60.1. maddələri). Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar (Ailə Məcəlləsinin 58.1. və 58.2. maddələri). Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qeyd etmək lazımdır ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Bu zaman ilk növbədə həmin valideynin aylıq qazancının olub-olmaması aydınlaşdırılmalı, əgər hər hansı bir aylıq qazancı yoxdursa və ya şəxsin qazancı uşaqların saxlanılması üçün yetərli hesab olunmazsa, onda ondan sabit məbləğdə aliment alınmalıdır. Alimentin miqdarı uşağın maddi tələbatının ödənilməsinin minimum həddində müəyyən edilir ki, uşağın saxlanılmasının yaşayışı minimum həddə təmin edilsin. Uşağın saxlanılması üçün yaşayış minimumdan az olmayaraq, daha yüksək həddə də alimentin tutulması istisna edilmir. Uşağın tələbatı yaş artıqda onun saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı da artırıla bilər. Hazırkı iş üzrə tərəflərin birgə nikahından olan 24.06.2012-ci il təvəllüdlü X1 və 23.11.2014-cü il təvəllüdlü X4 oğlunun saxlanılması üçün 2018-ci il tarixdə alimentin miqdarı bir uşaq üçün 100 manat müəyyən edilmişdir ki, hazırda həmin vaxtdan uzun müddətin keçməsi, uşaqların tələbatının artması nəzərə alınarsa, iddiaçı haqlı olaraq alimentin məbləğinin artırılması barədə məhkəmə müraciət etmişdir. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən uşaqların saxlanılması üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması barədə gəlinən nəticə qanuni və əsaslı hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt şəhər məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 404-1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb birinci instansiya məhkəməsi tərəfindən tutulan 200 (100+100) manat miqdarında alimentin artırılaraq hər ay iki uşaq üçün 340 (üç yüz qırx) manat miqdarda tutulması təşkil edir (340-200=140 manat). Həmin artımın bir il ərzində məcmusu isə (140 X 12 ay = 1680 manat) 2000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt şəhər məhkəməsinin 09 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1582/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1582/2021
17.06.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver