Məhkəmə qərarları › İş №2(105)-1584/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1584/2021

30.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1584/2021 30.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Ağamirova Nigar Kamran qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(060)-2326/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(060)-2326/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, həmin məhkəmənin 2(060)-5071/2019 saylı, 10 iyun 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə, 02 may 2013-cü il təvəllüdlü X2 oğlunun və 02 may 2013-cü il təvəllüdlü X3 oğlunun yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa 125 (yüz iyirmi beş) manat olmaqla, cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. (hakim A.Behbudova) Qətnamədən Cavabdeh Gürsət oğlu apelyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(060)-2326/2021 saylı qətnaməsinin ləğv edilməsinə və iddianın rədd olunmasına dair yeni qətnamə qətnamə qəbul olunmasını xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı məhkəməyə müraciət edərək, tərəflərin birgə nikahından doğulmuş iki uşağın saxlanılması üçün qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və cavabdehdən hər ay sabit pul məbləğində iki uşaq üçün cəmi 352 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 04 noyabr 2011-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş, rəsmi nikahlarından 02 may 2013-cü ildə X2 oğlu və 02 may 2013-cü ildə X3 oğlu anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2019-cu il tarixli, 2(060)-5071/2019 saylı qətnaməsi ilə onların nikahlarına xitam verilmiş, rəsmi nikahlarından anadan olmuş 02 may 2013-cü il təvəllüdlü X2 oğlunun və 02 may 2013-cü il təvəllüdlü X3 oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 110 (yüz on) manat, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment təyin edilmişdir. Uşaqlarının azyaşlı olması səbəbindən işləyə bilmir, yeyib-içmək və digər xərclərini ödəyə bilmir. Cavabdeh tərəfindən ödənilən 220 manat aliment hər iki övladının yaşayış təminatını (məktəb, geyim və qida ləvazimatlarını) ödəmədiyi üçün məcbur qalıb məhkəməyə müraciət etmişdir. Hal-hazırda Azərbaycan Respublikasında uşaqlar üçün minimum dolanışıq xərci 176 manat müəyyən edilmişdir. Buna görə də iddia təmin olunmalı, cavabdehdən iki uşaq üçün hər ay ümumilikdə 372 manat məbləğində aliment tutulmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. O, hazırda orta məktəbdə gözətçi vəzifəsində işləyir və 259 manat aylıq əmək haqqı alır. Başqa gəliri yoxdur. 2-ci Qarabağ müharibəsində aldığı travma nəticəsində əmək qabiliyyəti xeyli azalmışdır və davamlı olaraq müalicəyə ehtiyacı vardır. Buna görə də Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 5071/2019 saylı, 10.06.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentdən artıq məbləğdə aliment ödəməyi mümkün deyil, əksinə həmin aliment kəsiləndən sonra səhhətində yaranmış ömürlük problemlər onun iş və gəlir qazanmaq qabiliyyətini əsaslı şəkildə azaltmışdır. Bu halda alimentin miqdarının artırılması tamamilə əsassız və qanunsuzdur. Mövcud qanunvericiliyin tələblərinə görə əslində aliment kəsildikdən sonra, əmək qabiliyyətinin əsaslı şəkildə azalmasına səbəb olmuş səhhətində yaranmış problemlər aliment miqdarının azaldılması üçün əsasdır. Lakin o, övladlarına ödədiyi alimentin azaldılmasına bir valideyn kimi razılaşa bilməz. Lakin obyektiv səbəblərdən artıq məbləğdə aliment ödəməyi imkansızdır. Birinci instansiya məhkəməsi isə bu xüsusatları nəzərə almalı və iddia tələbini təmin etməməli idi. Mövcud qanunvericiliyə görə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsini tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olması şərtinə bağlamışdır. Alimentin miqdarının artırılması üçün aliment öhdəliyi olan şəxsin ilk növbədə maddi vəziyyətinin yaxşılaşması, onun daha artıq qazanca malik olması tələb olunur. Lakin yuxarıda da qeyd olunduğu kimi onun maddi vəziyyətində hər hansı bir yaxşılaşma olmamışdır, əksinə səhhətilə əlaqədar olaraq maddi vəziyyəti daha da ağırlaşmışdır. Göstərilənlərə əsasən qətnamə ləğv edilməli, iddia isə rədd olunmalıdır. Apelyasiya baxışı zamanı məhkəmə iclasında Cavabdeh apelyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı şikayətlə razılaşmadı və onun təmin edilməməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan AZ-İİİ 119793 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 oğlu 02 may 2013-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Yenə iş materiallarında olan AZ-İİİ 119792 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 oğlu 02 may 2013-cü il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Yenə də iş materiallarında olan nikahın pozulması haqqında AZ-İ 327719 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 07.12.2019-cu il tarixdə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5071/2019 saylı, 10 iyun 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, tərəflər arasındakı nikah pozulmuş, birgə nikahdan doğulmuş 02 may 2013-cü il təvəllüdlü X2 oğlu və 02 may 2013cü il təvəllüdlü X3 oğlunun anası İddiaçı yanında qalmaları, 10.06.2019-cu il tarixdən etibarən 02 may 2013-cü il təvəllüdlü X2 oğlunun və 02 may 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün cavabdehdən sabit pul məbləğində 110 manat, ümumilikdə 220 manat miqdarında alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Yenə işə əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi 1 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzin 11 fevral 2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbdə gözətçi vəzifəsində işləyir və 259,32 manat aylıq əmək haqqı alır. Yenə də iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Cavabdeh SHXÇDX-nin Sumqayıt Şəhər İdarəsi tərəfindən 06.10.2020-ci il tarixdə səfərbərliyə cəlb olunmuş, N saylı hərbi hissədə xidmət keçmişdir və döyüş əməliyyatlarında aldığı travma ilə əlaqədar müalicə olunur. İşdə olan 21 dekabr 2020-ci il tarixli fəxri fərmandan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının müdafiəsi və ərazi bütövlüyünün bərpası uğrunda gedən xüsusi döyüş əməliyyatlarında fəal iştirak etdiyinə görə təltif olunmuşdur M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(060)-2326/2021 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia rədd olunmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, tərəflər 04.11.2011ci il tarixində rəsmi nikaha daxil olmuş, birgə nikahlarından 02.05.2013-cü ildə Emin və Emil adlı əkiz uşaqları olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5071/2019 saylı, 10 iyun 2019-cu il tarixli qətnaməsi ilə onların nikahları pozulmuş, hər iki azyaşlı uşaq ananın himayəsinə verilmiş, həmin uşaqların saxlanılması üçün cavabdehdən hər ay ümumilikdə 220 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, tərəflərin birgə nikahından doğulmuş iki uşağın saxlanılması üçün qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının artırılması və cavabdehdən hər ay sabit pul məbləğində iki uşaq üçün cəmi 352 manat məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisənin həlli ilə bağlı məhkəmə kollegiyası aşağıdakı maddi hüquq normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinini İİ-ci hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İİİ hissəsinə görə analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 3.0.4-cü maddəsinə əsasən ana və uşaqların mənafeyinin hərtərəfli müdafiəsini və hər bir uşağın xoşbəxt həyatının təmin edilməsi ailə qanunvericiliyinin ümdə vəzifələri kimi qeyd edilmişdir. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinin tələblərinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Yenə həmin Məcəllənin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. İstinad olunan normanın əsas dispozitiv şərtindən göründüyü kimi, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla müəyyən edilir. Eləcə də məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, alimentin müəyyən olunmuş miqdarının dəyişməsi üçün zəruri şərt tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Hazırki halda işin tədqiq olunan faktiki hallarından məlum olur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra cavabdehin maddi vəziyyətində yaxşılığa doğru dəyişiklikliyin olması barədə iddiaçı tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Bununla yanaşı işin hallarından müəyyən edilir ki, cavabdeh Qarabağın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş və travma (zədə) almışdır, bununla əlaqədar müayinəyə və müalicəyə ehtiyacı vardır. Başqa sözlə, maddi vəziyyətində nəinki yaxşılığa doğru dəyişiklik, hətta pisləşmə olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hər il yaşayış minumunun dəyişdirilməsi alimentin artırılması barədə tələblə məhkəməyə müraciət edilməsinə əsas vermir. Belə olan halda istinad olunan maddi hüquq normalarına görə alimentin yaşayış minimumu haqqında qanuna uyğun olaraq artırılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki hallarına uyğun deyildir. Məhkəmə kollegiyası şərh olunanlara əsasən hesab edir ki, birinci instansiya məhkəməsi hazırki nəticəyə gələrkən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, nəticədə tətbiq edilməli olan qanunu tətbiq etməyərək maddi və prosessual hüquq normalarını pozmaqla qətnamə qəbul etmişdir. Bu da qətnamənin ləğvi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1 və 385.1.2-ci maddələrinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yenə həmin Məcəllənin 404-1-ci madəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti iki min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 393, 402 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 22 fevral 2021-ci il tarixli, 2(060)-2326/2021 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Şəmsəddin Abasov Hakimlər: Səyyad Qafari Telman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar