Məhkəmə qərarları › İş №2(105)-159/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-159/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-159/2024 08.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" X3 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: kredit borcu, ekspert rəyi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi ilə Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-488/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 3475sCNTR/20 kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Bank” “Borcalan”a 60 ay müddətinə (36 ay kredit xətti, 24 ay kredit), 10000 AZN dək məbləğdə kredit limiti ayırır, ona bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür.

2. "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2500 manat əsas, 719,16 manat faiz, cəmi 3219,16 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 52,60 manat məbləğində vəsaitin tutulmasını xahiş etmişdir.

3. Azərbaycan Redpublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/1493 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2020-ci il tarixli, 3475sCNTR/20 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx.xx.2022-ci il tarixinə "xxxx" KB ASC olan borcu 2254,18 manat əsas borc, 103,78 manat faiz borcu olmaqla 2357,96 manat məbləğində müəyyən edilir. Qeyd edilir ki, hazırkı ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən sonra 10.00 manat məbləğində ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2022-ci il tarixə göstərildiyindən 10.00 manat məbləğində ödəniş nəzərə alınmadı. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 2500 AZN əsas, 719,16 AZN faiz, cəmi 3219,16 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 52,60 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddiaçı "xxxx" KB ASC iddianı onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 3475sCNTR/20 kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a 60 ay müddətinə (36 ay kredit xətti, 24 ay kredit), 10000 AZN dək məbləğdə kredit limiti ayırır, ona bank hesabı (cari, kredit) açır və ödəniş kartı təqdim edir, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Ödəniş kartında olan kredit xəttindən istifadəyə görə maksimum 2 %, nağdsız əməliyyatlar üzrə isə 0 % komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı Borcalan tərəfindən əlavə olaraq ödənilir. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit xətti 36 (altmış) ay müddətinə (kredit xəttindən istifadə müddəti), illik 36 (otuz altı) % dək olmaq şərtilə ayrılır. Kredit xəttindən istifadə müddətində kredit üzrə hər ay minimum bu borclar ödənilməlidir: kredit xəttindən istifadəyə görə komissiya, hesablanmış faiz borcu, taksitli alış verişlər üzrə cari ayın taksit borcu və kredit xəttindən nağdlaşdırılan məbləğin 5%- i (min.10 AZN). Kredit xəttinin müddəti bitdikdən sonra, növbəti ilk 12 (on iki) ay 36 ci ay müddətinə təsadüf edən kredit xəttindən istifadə olunan məbləğin 5 %-i, taksitli alış veriş üzrə isə taksit ödənişləri həyata keçirilir, növbəti 12 (on iki) ay isə “Borcalan” tərəfindən qalıq borc məbləğinin ödənilməsi annuitet cədvəli əsasında (aylıq ödəniş məbləği minimum 20 AZN olmaq şərtilə) həyata keçirilir və bu zaman “Bank” bu müqavilə üzrə nəzərdə tutulmuş illik faiz dərəcəsini 40 (qırx) faizədək artıra bilər. Tərəflər arasında bağlanmış müqavilənin 4.2.16cı maddəsinə əsasən Borcverən “Bu müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir”. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

6. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-488/2023 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 2500 (iki min beş yüz) əsas, 719,16 (yeddi yüz on doqquz manat on altı qəpik) manat faiz, cəmi 3219,16 (üç min iki yüz on doqquz manat on altı qəpik) manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 52,60 (əlli iki manat altmış qəpik) manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" KB ASC-nin hesabına keçirilməsi qət edilmişdir (hakim Əli Cəlilov).

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284-5, 386.1, 442, 445.21, 448.2, 739, 741-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 119.1-ci maddələri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh apellyasiya şikayəti verib, Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-488/2023 nömrəli qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, Bank arasında bağlanmış kredit müqaviləsində mənim üçün sərfəli olmayan ağır şərtlər nəzərdə tutulmuşdur. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit xətti 36 ay müddətinə illik 36 %-dək olmaq şərtilə ayrılır. Eləcə də kredit xəttindən istifadə müddətində kredit üzrə hər ay minimum aşağıdakı borcların ödənilməsi tələb olunur: - ödəniş kartında olan kredit xəttindən istifadəyə görə maksimum 2 % komissiya haqqı; - hesablanmış faiz borcu; - taksitli alış-verişlər üzrə cari ayın taksit borcu; - kredit xəttindən nağdlaşdırılan məbləğin 5%-i (min. 10 manat); Müqaviləyə əsasən kredit xəttinin müddəti bitdikdən sonra, növbəti ilk 12 ay 36-cı ay müddətinə təsadüf edən kredit xəttindən istifadə olunan məbləğin 5 %-i, taksitli alış-veriş üzrə taksit ödənişləri həyata keçirilir, növbəti 12 ay isə borcalan tərəfindən qalıq borc məbləğinin ödənilməsi annuitet cədvəli əsasında (aylıq ödəniş məbləği minimum 20 manat şərtilə) həyata keçirilir. Üstəlik, bank nəzərdə tutulmuş illik faiz dərəcəsini 40 faizədək artıra bilər. İddiaçı ona müqavilə formasını təqdim edib və o da onu təqdim edildiyi şəkildə imzalamışdır. Buna görə də Müqavilə Mülki Məcəllənin 417-420-ci maddələrinə əsasən standart şərtlər əsasında bağlanmış müqavilədir. Bu hər bir şəxs üçün eyni müddəa və şərtlərin müəyyən edilməsi, müqavilə tərəflərinin müəyyən qədər qeyri-bərabər vəziyyətdə olmaları, müştərinin Müqaviləni olduğu kimi qəbul etmək məcburiyyətində olması, onun heç bir müddəasını dəyişdirə və qeyd-şərtlər irəli sürə bilməməsi, iradəsindən asılı olmayaraq həmin müqaviləni qəbul etmək məcburiyyətində qalması ilə bağlıdır. Onunla iddiaçı arasında bağlanmış müqavilənin standart şərtləri etimad və vicdanlılıq prinsiplərinə ziddir və Müqavilənin qarşı tərəfi olaraq mənim üçün zərərlidir. Ailədə yalnız o işləyir, iki azyaşlı uşaq, yoldaşı onun himayəsindədir. Kirayə mənzildə qalırlar, gündəlik xərcləri, kirayə haqqını ödəmək onun üçün olduqca çətindir. Ailəsi onun əmək haqqısı ilə dolanır. Başqa heç bir yerdən gəliri, əmlakı yoxdur. Üstəlik, ağır maddi imkansızlıq səbəbindən bir neçə il öncə götürdüyüm digər kredit öhdəlikləri də mövcuddur. İddiaçının müəyyən etdiyi ağır şərtli müqaviləni icra etməyə maddi imkanı yol vermir. Missiyası vətəndaşların həyatının hər bir dönəmində rifah halını yüksəltmək olan bank ağır müqavilə şərtləri ilə vətəndaşları çıxılmaz vəziyyətə salırsa burada hansı sosial rifahdan danışmaq olar? Onun iş üçün əhəmiyyətli olan faktlar barədə izahatımın dinlənilməsi təmin edilməyib. İşdə məhkəməyə bankın təqdim etdiyi sübutlardan başqa heç bir sübut, o cümlədən ekspert rəyi yoxdur. Məhkəmə işə birtərəfli qaydada – bankın marağına və mövqeyinə uyğun baxaraq qətnamə qəbul etmişdir. Bankın iddia tələbində qeyd etdiyi faizləri qanunsuz və əsassız hesab edir. O, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmişdir, ona məhkəmə iclasının vaxtı barədə hər hansı formada bildiriş göndərilməmişdir. İşə onun iştirakı olmadan baxıldığı üçün birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

10. Apellyasiya şikayətinə yazılı etiraz verilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzrlü səbəbləri məhkəməyə məlumat verməmişlər.

12. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır.

13. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

18. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

19. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

23. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. Maddə 384.0.3. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Apellyasiya baxışının hədləri

26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

28. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-488/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

29. Ona görə də kollegiya Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir.

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı tam təmin etməklə düzgün hüquqi nəticəyə gəlməmiş, tutulmalı olan məbləği 3219,16 manat həddində müəyyən etməklə səhvə yol vermişdir.

32. İşin ətraflı araşdırması üçün kollegiya məhkəmə-mühasibatlıq ekspertizası təyin etmiş, əldə edilmiş ekspert rəyinə əsasən, Cavabdeh xx.xx.2022-ci il tarixinə "xxxx" KB ASC olan borcu 2254,18 manat əsas borc, 103,78 manat faiz borcu olmaqla 2357,96 manat məbləğində müəyyən edilir. Qeyd edilir ki, hazırkı ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdən sonra 10 manat məbləğində ödəniş aparılması müəyyən edilir.

33. Belə olan halda, əsas və faiz borcunun məbləği ilə bağlı kollegiya qeyd edir ki, Cavabdeh kredit müqaviləsi üzrə tutulmalı olan əsas borc 2254,18 manat, faiz borcunun məbləği 93,78 (103,78-10) manat olmaqla, yuxarıda qeyd olunan ekspert rəyi əsas götürülməklə cəmi 2347,96 manat həddində müəyyən edilməlidir.

34. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

35. Cavabdehin apellyasiya şikayətinin digər dəlili birinci instansiya məhkəməsi tərəfindən işə baxılması barədə ona məlumat verilməməsi, çəkişmə prinsipinin pozulması olmuşdur. Həmin dəlillə razılaşmayan kollegiya qeyd edir ki, mülki iş materialının 14-cü səhifəsində olan məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair çıxarışdan görünür ki, məhkəmə bildirişi cavabdehə məxsus elektron kabinetə yerləşdirilmişdir.

36. Həmçinin iş materialının 15-ci səhifəsində olan poçt göndərişlərinin izlənməsi barədə çıxarışdan da görünür ki, poçtla göndərilmiş məhkəmə bildirişi də Cavabdeh çatdırılmışdır.

37. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə dəyişdirilməli, kredit müqaviləsi üzrə 2254,18 manat əsas borc, 93,78 manat faiz borcu olmaqla, cəmi 2347,96 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

38. Eyni zamanda iş üzrə aparılmış ekspertiza tədqiqatı üçün tələb edilən 100 (bir yüz) manat pul cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir.

39. Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

40. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün ondan kassasiya şikayəti verilə bilməz.

41. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Qusar Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(029)-488/2023 nömrəli qətnaməsi “2500 əsas, 719,16 manat faiz, cəmi 3219,16 manat məbləğində borcun tutulması” hissəsində dəyişdirilsin. Cavabdeh 2254,18 (iki min iki yüz əlli dörd manat on səkkiz qəpik) manat əsas borc, 93,78 (doxsan üç manat yetmiş səkkiz qəpik) manat faiz borcu olmaqla, cəmi 2347,96 (iki min üç yüz qırx yeddi manat doxsan altı qəpik) manat pul vəsaiti tutulmaqla "xxxx" KB ASC-yə ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatı üçün tələb edilən 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar