Məhkəmə qərarları › İş №2(105)-1593/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1593/2025

04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1593/2025 04.02.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X1 ibarət tərkibdə, X10 qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh qarşı borc tələbinə dair mülki iş üzrə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(074)-1326/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********004 saylı “mikrokredit müqaviləsi”nə əsasən, cavabdehin sorğusu əsasında ona 30 gün müddətinə illik 60,85% ödəmək şərtilə 1000 manat məbləğində kredit verilmişdir.

2. İddiaçı BOKT MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqda qeyd edilmişdir ki, İddiaçı BOKT MMC müqavilə üzrə üzərinizə düşən öhdəliyi tam və lazımı qaydada icra etsə də, o, öhdəliyini vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, əsas məbləğ üzrə 1000 manat, faiz borcu üzrə 50 manat, xidmət haqqına (komissiyaya) görə isə 145 manat borcu yaranmışdır. Dəfələrlə şifahi və yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliyi yerinə yetirməkdən yayınır. Həmçinin nəzərinə çatdırılmışdır ki, öhdəliklərini vaxtında yetirmədiyinə görə müqavilənin 1.14-cü bəndinə əsasən ona 605 manat məbləğində cərimə hesablanmışdır. Beləliklə, müqavilə üzrə bu günə olan ümumi borcu 1800 manat təşkil edir. Bu xəbərdarlığı aldığı tarixdən 3 gün ərzində burada göstərilən borcunu İddiaçı BOKT MMC-yə ödəmədiyi halda aidiyyəti üzrə məhkəməyə müraciət olunaraq həmin borcun və məhkəmə xərclərinin ondan alınması tələb ediləcəkdir.

3. İddiaçı BOKT MMC-nin xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı BOKT MMC ilə Cavabdeh (xxxxxxx) arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********004 saylı mikrokredit müqaviləsi üzrə maliyyə arayışı tərtib edilən tarixə 1000 manat əsas, 50 manat faiz, 145 manat komissiya və 605 manat cərimə olmaqla cəmi 1800 manat borc mövcuddur.

Birinci instansiya məhkəməsindəki icraat

4. İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı BOKT MMC-nin xeyrinə 1000 manat əsas, 50 manat faiz, 145 manat komissiya və 605 manat cərimə olmaqla, cəmi 1800 manat borc və ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT MMC mülki dövriyyədə bir qayda olaraq istehlak məqsədli mikrokreditlərin verilməsini həyata keçirir. Kreditin verilməsi “Manato.az” internet səhifəsi vasitəsilə “online” qaydada (müştərinin nömrəsinə göndərilən OTP kodunu daxil etməklə) verilir. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********004 saylı “mikrokredit müqaviləsi”nə (bundan sonra “müqavilə” adlanacaq) əsasən, cavabdehin sorğusu əsasında ona 30 gün müddətinə illik 60,85 % ödəmək şərtilə 1000 manat məbləğində kredit verilmişdir. Müqaviləyə əsasən cavabdeh ona verilmiş həmin mikro kredit məbləği ilə yanaşı, müqavilənin xüsusi şərtlərində qeyd edilən pul məbləğlərini (kreditdən istifadəyə görə haqq və xidmət haqqı) də qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam və lazımı qaydada icra etsə də, cavabdeh öhdəliyini vaxtında icra etməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Belə ki, cavabdehin əsas məbləğ üzrə 1000 manat, faiz borcu üzrə 50 manat, xidmət haqqına (komissiyaya) görə isə 145 manat borcu yaranmışdır. Borcun ödənilməsi ilə əlaqədar olaraq cavabdehə dəfələrlə şifahi və yazılı qaydada xəbərdar edilsə də, o, borcunu ödəməmişdir.

6. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(074)-1326/2025 nömrəli qətnaməsi ilə (hakim Fərid Yaqubov) iddia qismən təmin edilmiş, Cavabdeh İddiaçı BOKT MMC-nin xeyrinə 1000 manat əsas, 50 manat faiz, 145 manat komissiya və 50 manat cərimə və ödənilmiş 32,45 manat dövlət rüsumunun tutulması qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda, iddianın cərimənin ödənilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.

8. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385, 442, 445.1, 445.2.1, 448.1, 462.1, 739.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 119.1, 217.4, 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətindən nağd pul krediti götürməmişdir və ya iddiaçı ona qeyd etdiyi pul kreditini verməmişdir. Şamaxı Rayon Məhkəməsi bu məsələni ondan xəbərsiz və məlumatlandırmadan apardığına görə məhkəmə prosesi müddətində iddiaçının ona qarşı belə iddia tələbinə etiraz edə və iş üzrə lazımi sübutları məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, o, Şamaxı Rayon Məhkəməsində barəsində gedən məhkəmə prosesindən tam məlumatsız olduğuna görə, iş üzrə bütün sənəd və sübutları Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim edir. Elektron nüsxəsini bu apellyasiya şikayətinə daxil etdiyi “Tik-tok”-da yazışma məktubundan görünür ki, bir nəfər qadın xx.xx.2024-cü il tarixdə onunla əlaqə saxlayaraq özünün “Manato.az” internet səhifəsinin əməkdaşı olduğunu və ona 5000 manatadək sərfəli kredit verə biləcəklərini demişdir. O, kreditin şərtlərini bildirmiş və uyğun olduğuna görə onun təklifi ilə razılaşmışdır. Bu əsasda yazışmağa başlamış və ona bildirilmişdir ki, şəxsiyyət vəsiqəsinin fin kodunu verim, telefonuna “sms” kodu gələcək və həmin kodu ona deməlidir. O, “sms” kodunu deyəndən sonra qadın həmin saytda şifrəni və kart məlumatlarını dəyişərək onun adına 1000 (bir min) manat pulu götürüb naməlum istiqamətə yönəltmiş və həmin şəxsin özü də yoxa çıxmışdır. O, bunu biləndən sonra sabahısı gün, yəni xx.xx.2024-cü il tarixdə dərhal Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə ərizə ilə şikayət etmiş və həmin dələduzun dərhal tapılmasını xahiş etmişdir. X4 İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinə sənəd almağa göndərdilər və oradan (yəni iddiaçıdan) müəyyən sənəd ona verilmişdir ki, onu da gətirib həmin Polis Şöbəsinə vermişdir. Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsi ilə bir ildən çoxdur ki, əlaqə saxlayır və hər dəfə ona bildirilir ki, araşdırma aparılır, amma nəticəsi yoxdur. Elektron nüsxələrini bu ərizəyə daxil etdiyi həmin o dələduz xanımla Tik-tok-da yazışmalardan görünür ki, ona kredit pul təklif edən şəxs özünü “Manato.az” saytının əməkdaşı olduğunu bildirmişdir. Elektron nüsxəsini bu ərizəyə daxil etdiyi ərizə və izahatdan görünür ki, o, bu dələduzluq cinayəti ilə bağlı xx.xx.2024-cü il tarixdə Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinə ərizə ilə şikayət etmişdir. Bildirmişdir ki, dələduzluq edən həmin xanım “Manato.az” internet səhifəsinin və ya İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyətinin əməkdaşı da ola bilər. Bunu doğru olub-olmadığını istintaq göstərəcəkdir. “Manato.az” saytı və ya İddiaçı Bank olmayan Kredit Təşkilatı Məhdud Məsuliyyətli Cəmiyyəti istəsə həmin 1000 (bir min) manat pulun hansı nömrəli karta yönəldiyini və pulun kim tərəfindən, necə çıxarıldığını müəyyən edib polisə doğru-düzgün cavab verə bilər. Amma iddiaçı bunu etmir. Bu şübhələnməyə əsas verir ki, iddiaçı və ya “Manato.az” saytı həmin dələduzlarla əlbirdir. X2 da həmin dələduzluq cinayətinin aşkar edilməsinə maraq göstərməməsi əsaslı şübhələrini daha da artırmışdır. O, özünü “Manato.az” saytının əməkdaşı kimi təqdim edən şəxsə inanıb həmin kredit puluna razılaşsa da, həmin pulu götürə bilməmiş, pul naməlum istiqamətə yönəldilmişdir. Ona görə Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(074)- 1326/2025 nömrəli qətnaməsi tamamilə ləğv edilməklə iddia təmin edilməməli, iş üzrə icraata xitam verilməli və sözügedən cinayət araşdırması yekunlaşanadək iddiaçı gözləməlidir. Yəni iddiaçı özünə dəymiş maddi ziyanı dələduzluqla məşğul olan şəxsdən tələb etməlidir ki, bunun üçün də qeyd etdiyi istintaq araşdırmasının yekunlaşmalıdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC xx.xx.2026-cı il tarixli apellyasiya şikayətinə qarşı etirazında qeyd etmişdir ki, apellyasiya şikayəti iş üzrə müəyyən edilmiş faktiki hallara, birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuş maddi hüquq normalarına və mülki hüququn əsas prinsiplərinə zidd olmaqla tamamilə əsassızdır. Şamaxı Rayon Məhkəməsi iş üzrə sübutları hərtərəfli, tam və obyektiv araşdırmış, tərəflərin hüquq və vəzifələrini düzgün qiymətləndirmiş və nəticədə qanuni, əsaslı və ədalətli qətnamə qəbul etmişdir. İş materiallarından aydın olur ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024-cü il tarixli, **********004 saylı mikrokredit müqaviləsi onlayn qaydada bağlanmışdır. Kredit münasibətlərinin yaranması zamanı kredit şərtləri cavabdehə elektron platforma vasitəsilə təqdim edilmiş, cavabdeh həmin şərtlərlə tanış olmuş, onları qəbul etmiş və özünə məxsus mobil nömrəsinə göndərilmiş OTP kodunu daxil etməklə iradəsini açıq və birmənalı şəkildə ifadə etmişdir. OTP kodunun daxil edilməsi ofertanın qəbulu – aksept mahiyyəti daşımaqla tərəflər arasında müqavilə münasibətlərinin yaranmasına və müvafiq öhdəliklərin formalaşmasına səbəb olmuşdur. Qeyd edilənləri cavabdehin özü də özünün apellyasiya şikayətində etiraf edir (müqavilənin bağlanması üçün zəruri məlumatlarını üçüncü şəxsə ötürməsi, nömrəsinə OTP kodunun gəlməsini, həmin kodu üçüncü şəxsə ötürməsi və s. bildirməklə). Bu hallar “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsində nəzərdə tutulan elektron imza anlayışına tam uyğun olmaqla, cavabdehin şəxsiyyətinin identikləşdirilməsinə və iradəsinin təsdiqinə imkan verən hüquqi mexanizmdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən elektron imzanın sertifikatsız olması onun etibarsız sayılması üçün əsas təşkil etmir, 3.4-cü maddəsinə görə isə yazılı forma tələb olunan hallarda müvafiq qaydada imzalanmış elektron sənəd yazılı sənədlə eyni hüquqi qüvvəyə malikdir. Bu baxımdan cavabdehin “müqaviləni imzalamamışam” iddiası qanunvericiliyin birbaşa tələbləri ilə yanaşı, onun özü tərəfindən də elə özünün apellyasiya şikayəti ilə də təkzib olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 331.1-ci maddəsinə əsasən əqd elektron və ya digər texniki vasitələrlə bağlanıldıqda və iradəni ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən üsuldan istifadə edildikdə imza tələbi yerinə yetirilmiş hesab edilir. Mülki Məcəllənin 406.3-cü maddəsi də yazılı formada müqavilənin elektron sənədlərin və ya məlumatların mübadiləsi yolu ilə bağlana biləcəyini açıq şəkildə təsbit edir. Hazırkı işdə müqavilənin bağlanması məhz bu qaydada baş vermiş və hüquqi qüvvəyə minmişdir. Mülki Məcəllənin 407.1-ci maddəsinə əsasən müqavilə oferta göndərmiş şəxsin onun akseptini aldığı anda bağlanmış sayılır, 407.2-ci maddəyə görə isə sadə yazılı müqavilə imzalandığı andan qüvvəyə minir. OTP kodunun daxil edildiyi an müqavilənin bağlanma anı olmaqla cavabdeh üçün mülki hüquq və öhdəliklərin yaranmasına səbəb olmuşdur. Eyni zamanda xüsusi olaraq diqqətə çatdırır ki, cavabdeh öz apellyasiya şikayətində kredit münasibətinin yaranmasını etiraf etməklə yanaşı, kredit şərtləri ilə razılaşdığını da birbaşa etiraf edir. Belə ki, cavabdeh şikayətində “kreditin şərtləri mənə bildirildi və uyğun olduğuna görə onun təklifi ilə razılaşdım” ifadəsini işlətmişdir. Bu etiraf cavabdehin kredit şərtləri ilə tanış olduğunu, onları uyğun hesab etdiyini və iradəsini könüllü şəkildə ifadə etdiyini açıq şəkildə təsdiq edir. Bu halda cavabdehin sonradan müqavilə bağlamadığını və ya iradəsinin olmadığını iddia etməsi özözünü təkzib edən mövqe olmaqla hüquqdan sui-istifadə xarakteri daşıyır. Cavabdehin apellyasiya şikayətində irəli sürdüyü “əməliyyatı mən etməmişəm”, “kredit vəsaiti mənə çatmayıb”, “kredit vəsaiti mənə məxsus karta köçürülməyib” və “kart mənim olmayıb” kimi iddialar hüquqi baxımdan əsassız və əhəmiyyət daşımayan iddialardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu öz risk dairəsinə daxil olan bütün hallar üçün cavabdehdir və şəxsi mobil nömrənin, OTP kodunun, eləcə də digər identifikasiya və təsdiq məlumatlarının qorunması birbaşa cavabdehin risk dairəsinə daxildir. Mülki Məcəllənin 448.2-ci maddəsinə görə borclu öz öhdəliyinin hər bir təqsirli pozuntusuna, o cümlədən kobud ehtiyatsızlığa görə məsuliyyət daşıyır və cavabdehin ona məxsus mobil nömrəyə göndərilmiş OTP kodunu üçüncü şəxsə ötürməsi açıq şəkildə kobud ehtiyatsızlıq olmaqla onun məsuliyyətini aradan qaldırmır. Eyni zamanda Mülki Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öhdəliyin icrası üçün istifadə etdiyi şəxslərin hərəkətlərinə görə də öz hərəkəti kimi məsuliyyət daşıyır. Digər tərəfdən, iş materiallarından aydın olur ki, iddiaçı tərəfindən kredit vəsaitinin verilməsi “Manato.az” platforması üzərindən tamamilə onlayn qaydada həyata keçirilmiş, kreditin köçürüləcəyi kart məlumatları birbaşa cavabdehin özü tərəfindən sistemə daxil edilmiş (yaxud onun təsdiqi ilə üçüncü şəxs tərəfindən), bundan sonra isə əməliyyatın təsdiqi üçün cavabdehin özünə məxsus mobil nömrəsinə OTP kodu göndərilmiş və yalnız həmin kodun sistemə daxil edilməsindən sonra kredit vəsaiti müvafiq karta köçürülmüşdür. Bu mexanizm onu göstərir ki, OTP kodunun daxil edilməsi kredit vəsaitinin məhz seçilmiş karta köçürülməsinə cavabdehin açıq, könüllü və birmənalı razılığını ifadə edir. İddiaçı tərəfin bank sirri və şəxsi məlumatların qorunması ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq sistemə daxil edilən kartın konkret olaraq kimə məxsus olmasını müəyyən etmək və ya yoxlamaq hüquqi və texniki imkanı mövcud deyildir. Bu baxımdan cavabdeh öz iradəsi ilə ona göndərilmiş OTP kodunu üçüncü şəxsə ötürmüşdürsə, bu hal kredit vəsaitinin həmin karta köçürülməsinə razılıq verdiyini və əməliyyatın bütün hüquqi nəticələrini qəbul etdiyini göstərir. Nəticə etibarilə cavabdehin sonradan kartın ona məxsus olmadığını və ya kredit vəsaitinin ona çatmadığını iddia etməsi onun öz risk dairəsinə daxil olan hallarla bağlı məsuliyyətdən yayınmağa yönəlmiş, hüquqdan sui-istifadə xarakteri daşıyan və məhkəmə tərəfindən hüquqi əhəmiyyət verilməməli olan mövqedir. Cavabdehin apellyasiya şikayətində İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-ni və “Manato.az” platformasını sübuta yetirilməmiş dələduzluqda ittiham etmişdir. Cavabdeh bu ağır ittihamları təsdiq edən hər hansı məhkəmə hökmü, istintaq orqanının yekun qərarı və ya hüquqi qüvvəyə minmiş rəsmi sənəd təqdim etməmişdir. Sübut olunmamış bu cür iddialar ehtimal və şübhədən ibarət olmaqla böhtan xarakteri daşıyır və məhkəmə tərəfindən nəzərə alına bilməz. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir, 14-cü maddəsinə əsasən isə məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlara əsaslanmalıdır. Cavabdehin cinayət araşdırmasına istinad etməsi də mülki hüquqi məsuliyyəti istisna etmir. Cinayət işinin mövcudluğu mülki öhdəliyin icrasını dayandıran və ya aradan qaldıran hüquqi əsas hesab edilmir. Əks yanaşma hüquqi dövriyyənin sabitliyini pozar və hər bir borcluya sübutsuz şəkildə mülki öhdəlikdən yayınmaq imkanı yaradardı. Digər tərəfdən cavabdehin şəxsiyyəti məlum olmayan üçüncü şəxs tərəfindən aldadılması halı varsa, bu halda o məruz qaldığı zərərlə bağlı hüquqi addımlar atmaq hüququna malikdir və apellyasiya şikayətindən də məlum olur ki, o, məsələ ilə bağlı artıq hüquq mühafizə orqanlarına müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməlidirlər. Cavabdehin əvvəlcə müqavilə münasibəti yaratması, sonra isə həmin hüquqi nəticələri inkar etməsi vicdanlılıq prinsipinə zidd olmaqla hüquqdan sui-istifadədir və hüquqi müdafiəyə layiq hesab edilə bilməz. Şamaxı Rayon Məhkəməsi iş üzrə bütün halları düzgün qiymətləndirmiş, cərimə məbləğini mütənasiblik prinsipi nəzərə alınmaqla azaltmış və tərəflər arasında balansı təmin edən qanuni qətnamə qəbul etmişdir. Bu qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün apellyasiya şikayətində heç bir hüquqi əsas göstərilməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

13. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir.

16. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

17. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)

18. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)

19. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)

20. Maddə 462. Dəbbə pulu anlayışı 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. 462.3. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. 462.4. Əgər öhdəliyin icrası barədə vəd bu Məcəlləyə görə etibarsız sayılırsa, həmin öhdəliyin icra edilməməsi üçün dəbbə pulu haqqında qəbul edilmiş razılaşma da, hətta həmin vədin etibarsızlığı tərəflərə məlum olsa belə, etibarsızdır. 462.5. Əgər borclu öz öhdəliyini icra etdiyinə görə dəbbə pulu tutulması barədə mübahisə edirsə, o, icranı sübuta yetirməlidir, bu şərtlə ki, öhdəlik hərəkətdən çəkinməkdən ibarət olmasın.

21. Maddə 739. Borc müqaviləsinin anlayışı və forması 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)

23. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)

24. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

25. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)

27. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

28. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmış, apellyasiya şikayətinə açıq məhkəmə iclasında şifahi icraat qaydasında baxılması qərara alınmışdır.

29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən cavabdehi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Cavabdeh onlayn qaydada kredit müqaviləsi bağlamış, bu zaman cavabdeh kredit şərtləri ilə razılaşmış, özünə məxsus mobil nömrəsinə göndərilmiş OTP kodu daxil etməklə iradəsini açıq və birmənalı şəkildə ifadə etmişdir.

33. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Əqd onun məzmununu dəyişilməz formada maddi daşıyıcıda əks etdirməyə imkan verən elektron və ya digər texniki vasitələrin köməyi ilə bağlanıldıqda da yazılı formaya riayət edilmiş hesab edilir və bu halda iradəsini ifadə edən şəxsi dürüst müəyyən etməyə imkan verən hər hansı üsuldan istifadə olunmuşdursa, imza tələbi yerinə yetirilmiş hesab edilir. Qanunla, digər hüquqi aktlarla və ya tərəflərin razılaşması ilə şəxsi dəqiq müəyyən etməyə imkan verən xüsusi üsul (üsullar) müəyyənləşdirilə bilər.

34. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “Tik-tok” sosial şəbəkəsində tanış olduğu və özünü “manato.az” şirkətinin əməkdaşı kimi təqdim edən qadına aldanaraq şəxsi məlumatlarını ona ötürmüş, nəticədə hesabı oğurlanmış və kredit götürdüyü məbləğ onun deyil, digər bank kartına köçürülmüşdür.

35. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar, o cümlədən cavabdehin izahatı ilə də müəyyən edilmişdir ki, kredit vəsaitinin verilməsi onlayn qaydada həyata keçirilmiş, kreditin köçürüləcəyi kart məlumatları sistemə daxil edilmiş, bundan sonra isə əməliyyatın təsdiqi üçün cavabdehin özünə məxsus mobil nömrəsinə OTP kodu göndərilmiş və həmin kodun sistemə daxil edilməsindən sonra kredit vəsaiti müvafiq kart hesabına köçürülmüşdür.

36. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verərək qeyd edir ki, müvafiq kodun daxil edilməsi kredit vəsaitinin həmin vaxt göstərilmiş kart hesabına köçürülməsinə cavabdehin könüllü razılığını ifadə etmişdir. Cavabdeh öz iradəsi ilə ona göndərilmiş (OTP) kodu üçüncü şəxsə ötürmüşdürsə, bu hal kredit vəsaitinin həmin karta köçürülməsinə razılıq verdiyini və əməliyyatın bütün hüquqi nəticələrini qəbul etdiyini göstərir.

37. Eyni zamanda, cavabdeh ona qarşı dələduzluq cinayətinin törədildiyinə istinad etsə də, bunu təsdiq edən məhkəmə hökmü, istintaq orqanının yekun qərarı və ya bu barədə məhkəmənin icraatında baxılan cinayət işinin olması barədə sənəd təqdim etməmişdir.

38. İşdə olan sübutlar isə tərəflər arasında kredit müqaviləsi əsasında öhdəlik münasibətlərinin yarandığını, iddiaçının kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulan məbləği cavabdehə verməsini, cavabdehin müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi lazımınca və vaxtında icra etməməsi, nəticədə iddiaçı qarşısında borcu yarandığını təsdiq edir.

39. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(074)-1326/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Kollegiya MPM-in 402-ci maddəsinə əsasən həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Şamaxı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(074)-1326/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kasasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar