Məhkəmə qərarları › İş №2(105)-1595/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1595/2025

24.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1595/2025 24.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı torpağı qanunsuz sahibliyindən geri tələb edilməsi və maneələrin aradan qaldırılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: torpağın qanunsuz sahibliyindən geri tələb edilməsi, vindikasiya iddiası) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-53/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. MA seriyalı, ******* saylı, **********46 qeydiyyat nömrəli 01 aprel 2010-cu il tarixli hüquqların Dövlət Reyestri Haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu, Pirquluoba kəndi ərazisində yerləşən 0.9933 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir.

2. AA seriyalı, 014100 saylı torpaq sahəsinin planı və ölçüsündən müəyyən olunur ki, MA seriyalı, ******* saylı, **********46 qeydiyyat nömrəli 01 aprel 2010-cu il tarixli hüquqların Dövlət Reyestri Haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Pirquluoba kəndi ərazisində yerləşən 0.9933 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinə dair texniki sənəd işlənmişdir.

3. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 04 aprel 2025-ci il tarixli 10/7497 saylı ekspert rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin ******* seriyalı, ********** qeydiyyat nömrəli, 01 aprel 2010-cu il tarixli çıxarışa əsasən Xaçmaz rayonunun Pirquluoba kəndi ərazisində yerləşən 0.9933 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. İddiaçıya məxsus torpaq sahəsinin mülkiyyət sənədinə əsasən Xaçmaz rayonu, Pirquluoba kəndi ərazisində yerləşən 0.9933 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cənub-qərb tərəfdən 0,915 ha hissəsi Cavabdeh tərəfindən qanunsuz istifadə olunur. İddiaçıya məxsus torpaq sahəsinin hər hansı bir hissəsindən iddiaçının istifadəsinə Cavabdeh tərəfindən maneçilik törədiliməsinin müəyyən edilməsi DƏKÜR X3 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə daxil deyildir. İddiaçıya məxsus torpaq sahəsinin hüdudları daxilində Cavabdeh tərəfindən hər hansı bir tikili tikilməmişdir. Cavabdeh istifadəsində olan( istifadə etdiyi iddia edilən torpaq sahəsi) torpaq sahəsi İddiaçı mülkiyyətində olan torpaq sahəsində (həmin torpaq sahəsinin hüdudları daxilində) yerləşir.

4. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 15 noyabr 2024-cü il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin ******* seriyalı, ********** qeydiyyat nömrəli, 01 aprel 2010-cu il tarixli çıxarışa əsasən Xaçmaz rayonunun Pirquluoba kəndi ərazisində yerləşən 0.9933 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. İddiaçıya məxsus torpaq sahəsinin mülkiyyət sənədinə əsasən Xaçmaz rayonu, Pirquluoba kəndi ərazisində yerləşən 0.9933 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin cənub-qərb tərəfdən 0,195 ha hissəsi Cavabdeh tərəfindən qanunsuz istifadə olunur. İddiaçıya məxsus torpaq sahəsinin hər hansı bir hissəsindən iddiaçının istifadəsinə Cavabdeh tərəfindən maneçilik törədiliməsinin müəyyən edilməsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə daxil deyildir. İddiaçıya məxsus torpaq sahəsinin hüdudları daxilində Cavabdeh tərəfindən hər hansı bir tikili tikilməmişdir. Cavabdeh istifadəsində olan( istifadə etdiyi iddia edilən torpaq sahəsi) torpaq sahəsi İddiaçı mülkiyyətində olan torpaq sahəsində (həmin torpaq sahəsinin hüdudları daxilində) yerləşir.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 aprel 2010-cu il tarixli 004878 seriyalı, **********46 saylı qeydiyyat nömrəli hüquqların Dövlət reyestri haqqında daşınmaz əmlakın dövlət rüyestrindən Çıxarışa əsasən müıkiyyətində olan Xaçmaz rayonunun Pirquluoba kəndində yerləşən torpaq sahəsinin zəbt edilmiş təxminən 19 sot hissəsinin Cavabdeh tərəfindən azad edilməklə, onun qanunsuz sahibliyindən alınaraq geri qaytarılması, cavabdeh tərəfindən onun torpaq sahəsinə daxil olmasına maneələrə son qoyulması və ödənilmiş 100 manat dövlət rüsumunun geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, hüquqların Dövlət Reyestri Haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* seriyalı, **********46 qeydiyyat nömrəli, 01 aprel 2010-cu il tarixli çıxarışa əsasən Xaçmaz rayonu, Pirquluoba kəndi ərazisində yerləşən 0.9933 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Cavabdeh yuxarıda qeyd edilən çıxarış ilə ona məxus torpaq sahəsininin təxminən 19 sot hissəsini zəbt etməklə özünün qanunsuz sahibliyində saxlamaqdadır. Cavabdeh ona aid olan torpaq sahəsini bilərəkdən zəbt edib istifadə edərək xeyir əldə etdiyindən zəbt nəticəsində ona maddi ziyan dəymişdir. Ona aid olan torpaq sahəsindən istifadə hüququndan məhrum olmuşdur. Uzun illərdir ki, o, 0.19 ha torpaq sahəsinin vergisini ödəyir. Həmin toıpaq sahəsi halhazırda cavabdehin istifadəsindədir. O, cavabdehə dəfələrlə ona məxsus olan torpaq sahəsini qaytarmaq ilə bağlı müraciət etsə də ancaq cavabdeh buna məhəl qoymayaraq zor tətbiq göstərərək ona məxsus olan torpaq sahəsini geri qaytarmır. O, cavabdehdən ona məxsus olan torpaq sahəsini geri istəyəndə ona bunu etməyəcəyini və torpaq sahəsini ona qaytarmayacağını bildirmişdir. Torpaq sahəsindən istifadə edə bilmir, cavabdeh onun torpaq sahəsinə daxil olmağına maneçiliklər yaratmaqdadır. Hesab edir ki, onun mülkiyyətində olan daşınmaz əmlak cavabdehin qanunsuz sahibliyindən ona geri qaytarılmasını xahiş etmişdir

7. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-53/2025 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, MA seriyalı, ******* saylı, **********46 qeydiyyat nömrəli 01 aprel 2010-cu il tarixli hüquqların Dövlət Reyestri Haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında İddiaçı xüsusi mülkiyyətində olan Xaçmaz rayonunun Pirquluoba kəndi ərazisində yerləşən 0.9933 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin cənub-qərb tərəfdən 0.19 ha hissəsi Cavabdeh alınaraq İddiaçı qaytarılması, dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı verilməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat məbləğində pulun Cavabdeh alınaraq X1, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesaba keçirilməsi qət edilmişdir (hakim Nərmin Abıyeva).

8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3, 152.1, 152.2, 157.4, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.2, 67.1, 67.4, 68, 84, 111-ci maddələrinə, “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 fevral 2003-cü il tarixli 2 №-li Qərarının 3, 6-cı bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli, 2(067)-53/2025 saylı qətnaməsini ləğv edərək iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməni əsaslandırmaq üçün Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X3 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli ekspert rəyinə istinad etmişdir. Qətnamədə göstərilir ki, cavabdeh məhkəmədə verdiyi izahatında iddianı qəbul etməyərək, ümumi ərazidə sürüşmə aparılmalı olduğunu, bunun isə hər qonşu mülkiyyətçi tərəfindən bağlar salındığına görə mümkün olmadığını bildirmiş, eyni zamanda iddiaçının tələb etdiyi ərazidə bağın salınmasına 50000 manatdan çox xərc çəkdiyini, ağacları əkərkən iddiaçının ona həmin torpaq sahəsinin özünə məxsus olduğunu demədiyini, bu səbəblərdən iddianı əsassız hesab edərək, rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdeh tərəfindən iddiaya qarşı etirazının dəlillərini əsassız hesab etmişdir. Belə ki, tərəflərə məxsus torpaq sahələrinin yerləşdiyi ərazidə ümumi sürüşmənin aparılması zəruri hal deyildir və hər bir torpaq sahibi özünə məxsus torpaq sahəsinin qonşu torpaq sahəsi mülkiyyətçilərinin hər hansı biri tərəfindən istifadə olunması halında pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəmədə iddia qaldıraraq, mülkiyyətində olan torpaq sahəsinin geri qaytarılmasını tələb etmək hüququna malikdir. Bundan başqa tərəflər arasında iddiaçının özünə məxsus torpaq sahəsində cavabdeh tərəfindən bağın salınmasına razılıq verməsinə dair heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş, bu hal cavabdehin izahatından başqa heç bir sübutla öz təsdiqini tapmamışdır. Məhkəmənin gəldiyi nəticə ilə qətiyyən razı deyildir. Belə ki, iddiaçının gözünün qabağında 15 il bundan əvvəl meyvə bağı salınması və bu vaxta qədər istifadə edilməsi və bütün bu işlərə iddiaçının susması elə razılıq əlamətidir. Əgər onun gözünün qabağında bu işlər görülməsə idi və bu vaxta qədər təyinatına görə elə onun gözünün qabağnda istifadə edilməsəydi demək olardı ki, onun razılığı yoxdur. Halbuki bütün bu işlər onun gözünün qarşısında baş vermişdir. Torpağa mülkiyyət hüququna dair əlində müvafiq mülkiyyət sənədləri mövcuddur və həmin torpaq sahəsi naturada ölçülüb ona verildiyinə görə həmin hüdudlar daxilində olan torpaq sahəsi onun şəxsi mülkiyyətidir. Qanuna görə mülkiyyətçinin razılığı olmadan torpaq sahəsinə hər hansı fiziki və digər şəxslər müdaxilə edə bilməzlər. Məhkəmənin istinad etdiyi mütəxəssis rəyi və ekspert rəyi ilə qətiyyən razı deyildir. Məhkəmə ekspertiza mərkəzinin hər hansı ekspertinin və 5 saylı Ərazi İdarəsinin hər hansı mütəxəssisinin əraziyə gəlməsini görməmişdir, mütəxəssis və ekspert əgər ora gəlibsə də bu barədə ona heç bir məlumat verilməmiş, iştirakı təmin edilməmişdir. Hesab edir ki, iş üzrə yenidən ekspertiza təyin edilməli, iştirakı ilə yerində ölçmə işləri aparılmalıdır. Onun əlində hər hansı dövlət orqanı tərəfindən və digər aidiyyəti qurumlar tərəfindən mübahisələndirilməyən və hazırda da qüvvədə olan mülkiyyət sənədləri mövcuddur və götərilən torpaq sahəsi xüsusi mülkiyyət olaraq toxunulmazdır. Mülkiyyətində olan və uzun illər istifadəsində olan torpaq sahəsindən öz istədiyi kimi istifadə etmişdir və həmin torpaq sahəsində 15 il bundan qabaq elə iddiaçının gözü önündə bağ salmışdır. İddiaçı onun bağına göz dikməklə 0,19 ha bağ sahəsini ələ keçirmək niyyəti güdür. Ekspert rəyi və mütəxəssis rəyi məhkəmə iclasında tədqiq edilməmiş, verilmiş rəylərlə əlaqədar rəy vermiş mütəxəssis və ekspertin məhkəmə iclasına dəvət edilməsi barədə qanunda nəzərdə tutulmuş tələblərə əməl edilməmişdir. Ona görə də yenidən rəy verilməsi üçün müvafiq ekspertiza təyin edilməli, əraziyə baxış keçirilərkən iştirakı və ya nümayəndəsinin iştirakı təmin edilməli, yalnız bundan sonra müvafiq qərar qəbul edilməlidir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

14. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

15. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu:

16. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

18. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

19. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

20. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi

21. Maddə 66.2. Torpaq üzərində hüquqlar (müddəti 11 aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

22. Maddə 67.1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.

23. Maddə 67.4. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.

24. Maddə 68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

25. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və içarəçilərinin hüquqları qanunla qorunur.

26. Maddə 111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması qanunla qadağan olunur

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

31. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının

36. Bənd 1. Məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

37. Bənd 2. Məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir.

38. Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

39. Bənd 17. Kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

Apellyasiya baxışının hədləri

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

41. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

42. Apellyasiya şikayətindən görünür ki, cavabdeh Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-53/2025 nömrəli qətnaməsinin ləğv edilib iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

43. Ona görə də kollegiya Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Beləliklə, iş üzrə məhkəmə araşdırmaları ilə müəyyən edilən odur ki, iddiaçı cavabdehin qanunsuz sahibliyindən 0.19 ha torpaq sahəsinin geri qaytarılmasını tələb etmiş, bununla bağlı iş üzrə müvafiq mütəxəssis rəyi və ekspert rəyləri alınmışdır. Belə ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 15 noyabr 2024-cü il tarixli mütəxəssis rəyində İddiaçı xüsusi mülkiyyətinə verilmiş Xaçmaz rayonunun Pirquluoba kəndi ərazisində yerləşən 0.9933 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin cənub-qərb tərəfdən 0.195 ha hissəsinin Cavabdeh tərəfindən qanunsuz istifadə olunduğu müəyyən edilmişdir. Qeyd olunan mütəxəssis rəyi əsasında Məhkəmə Ekspertiza Mərkəzinin 04 aprel 2025-ci il tarixli 10/7497 saylı ekspert rəyi verilmişdir.

46. Cavabdeh apellyasiya şikayətinin dəlillərində ekspert rəyi ilə razılaşmadığını, mülkiyyətində olan və uzun illər istifadəsində olan torpaq sahəsindən öz istədiyi kimi istifadə etdiyini, bağ sahəsini iddiaçının gözü qarşısında saldığını və iddianın əsassız olduğunu qeyd etmişdir. Lakin cavabdeh apellyasiya şikayətinin dəlillərinə dair hər hansı mötəbər sübutu nə birinci instansiya məhkəməsində nə də apellyasiya instansiyasında təqdim etməmişdir.

47. Ona görə də Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya düzgün olaraq iddianı təmin etmişdir.

48. Məhkəmə kollegiyası qeyd edir ki, milli qanunvericiliyin müddəalarına görə mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

49. Azərbaycan Respublikasının qanunvericiliyi mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirmiş, mülkiyyətçinin, öz əmlakına başqa şəxslərin sahibliyinə yol verməyə biləcəyini (Mülki Məcəllənin 152-ci maddəsi), habelə, özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə biləcəyini (Mülki Məcəllənin 157.2-ci maddəsi) təsbit etmişdir.

50. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

51. Göstərilən maddi hüquq normasında mülkiyyətçinin öz əmlakının özgəsinin qanunsuz sahibliyindən geri tələb etməsi üçün aşağıdakı üç dispozitiv şərtin olması nəzərdə tutulmuşdur: 1) əmlakın mülkiyyətçiyə məxsus olması; 2) əmlakın başqa şəxsin sahibliyində olması; 3) başqa şəxsin sahibliyinin qanunsuz olmalıdır. Göstərilən üç şərt və iddianın elementləri mövcud olduqda, vindikasiya iddiası verilir.

52. Məhkəmə kollegiyası hesab edir ki, Mülki Məcəllənin 157-ci maddəsinin tələblərinə əsasən, iddiaçı mübahisəli daşınmaz əmlakın (torpağın) cavabdehin qeyriqanuni sahibliyində olmasını sübuta yetirə bilmişdir. Cavabdeh isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.

53. Belə ki, Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir.

54. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas ola bilməz.

55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392- 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(067)-53/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar