Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1596/2020 25.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X21 və X2 ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh1, onun nümayəndəsi və vəkili X4, Cavabdeh2 vəkili X5 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, X13, X28 və 3-cü şəxs Sumqayıt şəhəri, 4 saylı Dövlət Notariat Kontoruna qarşı mənzilə istifadə hüququnun tanınması, alğı-satqı müqaviləsinin etibarsız hesab olunması. Birgə nikah dövründə əldə edilmiş əmlakdan payların müəyyən edilməsi, kooperativ binanın mənzil tikintisi haqqında müqavilələrin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 169/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-169/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Günel Tanrıverdiyeva) Qətnamədən İddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı mənzilə istifadə hüququnun tanınması, alqı-satqı müqaviləsinin etibarsız hesab olunması, birgə nikah dövründə əldə edilmiş əmlakdan payların müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən 20 saylı mənzilə istifadə hüququnun tanınması, mənzilə dair xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhər 4 saylı DNKda bağlanmış AN-1 № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin mənzilin birgə nikah dövründə əldə edilmiş əmlak kimi bölünərək onun payının 1/2 hissədə müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 2836-cı məhəllədə yerləşən, kooperativ yaşayış binası olan "xxxxxx" MTK tərəfindən inşa edilmiş binanın 14-cü mərtəbəsində, ümumi sahəsi 75.0 kv.metr olan 88 saylı mənzilə dair "xxxxxx" MTK ilə X22 arasında bağlanmış müqavilə onun razılığı olmadan rəsmiləşdirildiyindən həmin müqavilənin etibarsız hesab olunması, "xxxxxx" MTK iiə X30 arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli Kooperativ binanın mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab olunması, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 2836-cı məhəllədə yerləşən, kooperativ yaşayış binası olan "xxxxxx" MTK tərəfindən inşa edilmiş binanın 14-cü mərtəbəsində, ümumi sahəsi 75.0 kv.metr olan 88 saylı mənzilin onunla Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri əmlak olduğundan, həmin mənzil üzərində onun 1/2 hissədə pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, 1992-ci ildə əldə edilmiş, daha dəqiq dəyişdirilmiş Sumqayıt şəhəri, 14- cü məhəllə, ev 4/21, mənzil 20 və “xxxxxx” MTK-dən bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi 2836 məhəllədə yerləşən 88 saylı mənzili 2009-cu il tarixində müqavilə əsasında o vaxt yoldaşı öz adına almışdır. Sumqayıt şəhəri, 14- cü məhəllə, ev 4/21, mənzil 20-ni onun razılıq ərizəsi olmadan 2005-ci ildə özəlləşdirmiş, saxta yolla xx.xx.2019-cu ildə evi alan Cavabdeh1 notariusun vasitəçiliyi ilə satmışdır. Cavabdeh2 “xxxxxx” MTK-dən bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi 2836 məhəllədə yerləşən 88 saylı mənzili 2009-cu il tarixindən 2019cu ilin martına kimi sahibi olduğu birgə nikah dövründə alındığına görə əmlak bölgüsü tələb etməyə tam qanunu hüququ vardır. Çinki boşandıqdan sonra ona heç yerdən pay çatmamışdır. Cavabdeh2 adına payçı kimi müqavilə ilə “xxxxxx” MTK-dən bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi 2836 məhəllədə yerləşən 88 saylı mənzilinin olması işıq istifadəsinin ödəniş qəbzindəki yazılarla təsdiq edilir. Həmin mənzilə Bəhri ilə bir neçə dəfə getmiş, təmir etmək istəmişdir. Mənzil boş olduğundan qonşunun əşyalarını ora yerləşdirməsinə etiraz etməmişdir. Cəlilabad rayonunda adına olan evi 2008-ci ildə Cavabdeh2 sataraq MTK-da olan mənzili müqavilə əsasında alıb. Həmin evin Bəhrinin almasını işıq qəbzi və qonşunun ifadəsi təsdiq edir. Cavabdeh2 mənzilləri sibirdə əməliyyat olunması üçün satdığını bildirib. Lakin əməliyyat olunmasına dair hər hansı qəbz əlavə etmiyib. Cavabdeh2 oğlu Fazilin və arvadı Ülviyyənin təsiri altına düşüb. 2018-ci ildə ondan boşanıb, dərhal da planlı şəkildə evləri satıb, daha sonra Abuşova Ülviyyənin adına mənzil alınıb. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-169/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-169/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 nümayəndəsi və vəkili X14 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-169/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili X15 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, iddia tələbi tamamilə əsassız və qəbul edilməzdir. Belə ki, Cavabdeh2 İddiaçı ilə xx xxxxxx 1973-cü il tarxdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş və həmin nikahdan dörd övladları olmuşdur. Yoldaşını işə düzəltsə də, o işləmək istəməmişdir. Ailə qurduqdan sonra Rusiya Federasiyasında uzun müddət yaşamışlar. 1992-ci ildə Azərbaycana gələrkən ünvan 1 ünvanında yerləşən 20 saylı mənzili almışdır. Sonradan yenidən Rusiya Federasiyasında yaşamağa başlamışlar. Moskva şəhərində mənzil almışlar. 2017-ci ildə arvadı və qızı onu həmin evdən qovmuşdur. Keçmiş yoldaşına onunla gəlməsini bildirsə də o, gəlməmiş, qızları ilə Moskvada qalmışdır. 2019-cu ildə səhhətində ciddi problemlər olduğundan, ürəyindən iki dəfə əməliyyat olunmuşdur. Əməliyyat olunması üçün ona pul lazım olmuş, elə bu məqsədlə də onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 20 saylı mənzili satmışdır. Cavabdeh isə sözügedən mənzildə heç vaxt qeydiyyatda olmamışdır. ünvan 1 ünvanında yerləşən 20 saylı mənzili satarkən notarius mübahisəli mənzildə qeydiyyatda olan şəxslərin siyahısını araşdırmış, heç kimin həmin mənzilə qeydiyyatı olmadığı üçün razılıq alınmamışdır. İddiaçının iddia etdiyi kimi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 2836-cı məhəllədə yerləşən, "xxxxxx" MTK tərəfindən inşa edilmiş binada heç vaxt mənzil almamışdır. Oradan mənzil almaq üçün maraqlansa da, mənzil almamışdır. Adıçəkilən mənzildə heç vaxt yaşamamış və mənzilə dair işıq, qaz ilə bağlı kommunal xidmətlərin adına sənədləşməsindən xəbəri olmamışdır. Onun heç vaxt Bakı şəhərində mənzili olmamış, X13 heç vaxt ev satmamışdır. Qeyd olunanlara əsasən apelyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-169/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə 3-cü şəxs Sumqayıt şəhəri, 4 saylı Dövlət Notariat Kontorunun notariusu Cəmaləddin Rüstəmov məhkəməyə müraciət edərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İddiaçı, X22, X28 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilən X10 ifadə verərək bildirdi ki, Cavabdeh2 tanıyır. Belə ki, o "xxxxxx" MTK tərəfindən inşa edilmiş binada yaşayır. Orada özünə məxsus mənzili var. Həmin binada yerləşən ümumi sahəsi 75.0 kv.metr olan 88 saylı 1 otaqlı mənzil onun mənzili ilə qonşudur. Həmin mənzildə uzun müddət yaşayış olmamışdır. Hətta o özünə məxsus əşyaları müvəqqəti olaraq həmin mənzilə yığmışdır. Cavabdeh2 bir neçə dəfə gəlib 88 saylı mənzilə baş çəkmişdir. Cavabdeh2 2019-cu ilin mart ayında ora gələndə onunla söhbət etmiş, həmin vaxt Bəhri Sibirdə əməliyyat olunacağını bildirmişdir. Mübahisəli 88 saylı 1 otaqlı mənzilin Cavabdeh2 və ya onun oğluna məxsus olub-olmadığını və ya onların həmin mənzili almaq üçün gəlib-getdiklərini dəqiq deyə bilməz. Bir gün makler ona mübahisəli evin satıldığını bildirmiş və əşyalarını həmin mənzildən çıxartmağını tələb etmişdir. O da əşyalarını çıxartmış, evi onlara təhvil vermişdir. Artıq həmin mənzil yeni sahibləri tərəfindən təmir də olunmuşdur. İş materiallarında olan AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli **********61 saylı məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanda yerləşən 20 saylı mənzil sahəsi Sumqayıt XDS İK-nin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 18/264 saylı, xx.xx.1992-ci il tarixli order, Sumqayıt şəhər İcra Hakimiyyəti MTİİB 2 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş 4246 saylı, xx.xx.2005-ci il tarixli mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 N-li forma) və mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin mənzili özəlləşdirməyə razılıqları barədə ərizələr əsasında Cavabdeh2 adına qeydiyyata alınmış və Sumqayıt şəhəri Texniki İnventarlaşdırma idarəsi tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh2 xx.xx.2016-cı il tarixdə qeydiyyat vəsiqəsinin itirilməsi ilə bağlı idarəyə müraciət etmiş, Sumqayıt qəzetinin xx.xx.2016-cı il tarixli, 19-cu sayında verilmiş elan və Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin 127-40387-1216 saylı xx.xx.2019-cu il tarixli arayışı əsasında mənzil Cavabdeh2 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli dövlət reyestrindən dublikat çıxarış verilmişdir. xx.xx.2019-cu il tarixdə idarəyə daxil olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(060)- 3870/2019 saylı qərardadına əsasən sözügedən mənzil üzərinə həbs qoyulmuşdur. Sumqayıt şəhəri 4 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq olunmuş 4Ə-361 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi xx.xx.2019-cu il tarixdə İdarəyə daxil olmuş, lakin əmlak üzərində Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(060)-3870/2019 saylı qərardadı əsasında əmlak üzərinə həbs qoyulduğundan ərizənin icrasından imtina edilmişdir. Halhazırda mənzil Cavabdeh2 mülkiyyətindədir. ünvan 3 ünvanda yerləşən 77 saylı mənzil Sumqayıt şəhəri “xxxxxxxxxxxxxxx” MTK-nın 33 saylı xx.xx.2013-cü il tarixli protokolundan çıxarışı və 380 saylı, xx.xx.2013-cü il tarixli maliyyə arayışı əsasında X6 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli, xx.xx.2013-cü il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2019-cu il tarixdə idarəyə daxil olan, Sumqayıt şəhəri 4 saylı notariat kontorunun notariusu tərəfindən təsdiq olunmuş 4Ə-383 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi əsasında mənzil sahəsi X3 adına qeydiyyata alınmış və ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli dövlət reyestrindən çıxarış verilmişdir. İşdə olan AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, X1 şəhəri, 14-cü məhəllə, ev 4/21 ünvanda yerləşən 20 saylı mənzildə qeydiyyatdadır. AN-İ seriyalı ******* saylı xx.xx.2019-cu il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən 20 saylı mənzili 50000 manata Cavabdeh1 satmışdır. İşdə olan xx xxxx 2019-cu il tarixli mədaxil orderindən görünür ki, mənzilin dəyəri olan 50000 manat Cavabdeh1 tərəfindən ödənilmişdir. Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatında alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə əldə edilmiş arayışlardan görünür ki, ünvan 1 ünvanda yerləşən 20 saylı mənzil Cavabdeh2 adına tam mülkiyyət hüququ üzrə qeydə alınmışdır. İşdə olan AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı dublikat çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 20 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına xx.xx.2016-cı il tarixdə qeydə alınmışdır. Nikahın pozulması haqqında İ-PA seriyalı 515570 saylı şəhadətnamədən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış nikaha xx.xx.2018-ci ildə Rusiya Federesiyası, Moskva vilayəti, Odintsova rayon məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qərarına əsasən xitam verilmişdir. İşdə olan AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2019-cu il tarixli arayışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 20 saylı mənzildə Cavabdeh2 başqa qeydiyyatda olan şəxs yoxdur. İşdə olan Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx xxxxxxxx 2019-cu il tarixli qərardan görünür ki, Cəlilabad rayonu, Privolnoye kəndində yaşayan İddiaçı ərizə ilə Yasamal rayon prokurorluğuna müraciət edərək əri Cavabdeh2 adına "xxxxxxx" MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 2836-cı məhəllə, Ə.Əhmədov küçəsi 46 ünvanında inşa etdiyi yaşayış binasının 14-cü mərtəbəsində yerləşən sahəsı 75.0 kv.metr olan 88 saylı mənzili almalarında və 2009-cu ildə dəyərini tam ödəmələrinə baxmayaraq, həmin mənzilin MTK tərəfindən X19 satılması nəticəsində onlara etibardan sui-istifadə etmə və aldatma yolu ilə maddi ziyanın vurulmasını göstərmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, X30 "xxxxxx" MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi 2836-cı məhəllə, Əsəd Əhmədov küçəsi 46 ünvanında inşa etdiyi yaşayış binasının 15-ci yaşayış mərtəbəsində yerləşən, sahəsi 75 kv.metr olan 88 saylı mənzili maliyyə arayışı və müqavilə əsasında X7 mənzilin dəyərini tam ödəməklə xx xxxxx 2019-cu il tarixdə almışdır. Cavabdeh2 adına maliyyə arayışı və müqavilə əsasında mənzil qeydiyyata alınmamışdır. Belə olan halda İddiaçı ilə ''xxxxxx" MTK arasında arasında yaranmış mübahisə mülki iddia xarakterli olduğundan toplamış materialda cinayət tərkibi olmadığından, cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli müqavilədən görünür ki, Cavabdeh2 ilə Azərişıq ASC-nin X20 arasında bağlanmış “Y/Y, Əsəd Əhmədov 2836 mənzil 88”ə dair xx xxxxxx 2019-cu il tarixdə enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi bağlanmışdır. İş materiallarında olan Kooperativ binanın mənzil tikintisi haqqında "xxxxxx" MTK-nin sədri X16 ilə X30 arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli müqavilənin surətindən görünür ki, Kooperativ Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 2836-cı məhəllədə inşa edilmiş binanın 15-ci mərtəbəsində, ümumi sahəsi 75.0 kv.metr olan 88 saylı mənzili payçıya verməyi, payçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öhdəsinə götürmüşdür (bənd 1). Bu müqavilə mənzilin keçmiş payçısı X22 tərəfindən yazılmış xx xxxxx 2019-cu il tarixli ərizəsi əsasında onun Kooperativin payçılığından çıxması və həmin mənzili X28 təhvil verməsini əsas tutaraq bağlanmışdır (bənd 4). "xxxxxx" Mənzil Tikinti Kooperativinin Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin sorğusuna əsasən həmin məhkəməyə ünvanlanmış xx xxxxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, hazırda 1938-ci il tarixdə Yardımlı rayonunda anadan olmuş Cavabdeh2 adlı şəxsin "xxxxxx" MTK-nın, yəni kooperativin üzvü olması barədə məlumat yoxdur. Sorğuda qeyd edilən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Ə.Əhmədov küçəsi, 2836-cı məhəllə ünvanında yerləşən 88 saylı mənzil kooperativin payçısı X28 məxsusdur. AR Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 2 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1686 saylı arayışından görünür ki, İddiaçı Forma A-ya əsasən ünvan 1 ünvanda yerləşən 20 saylı mənzildə qeydiyyatda olmuşdur. xx.xx.1992-ci ildə qeydiyyatdan çıxmış, xx.xx.1995-ci ildən Cəlilabad rayonu, Privolnoye kəndinə qeydiyyata düşmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş A seriyalı 418415 saylı torpaq sahəsinin plan və ölçüsündən görünür ki, Cəlilabad rayonu, Privolnoye kənd İƏDÜ nümayəndəliyinin 05 saylı təsərrüfatbaşına kitabına əsasən Cəlilabad rayonu, Privolnoye kəndində yerləşən 1200 kv.metr torpaq sahəsinin X8 adına plan və ölçüsü tərtib edilmişdir. İşdə olan “Torpağa mülkiyyət hüququna” dair J N-890, KOD 80600028 saylı dövlət aktından görünür ki, Cəlilabad rayon X9 xx xxxxxx 1998-ci il tarixli 11 saylı qərarı ilə verilmiş 1,59 ha torpaq sahəsi İddiaçı, X8 və X17 mülkiyyətinə verilmişdir. Birinci instansiya məhkəməsi iş materaiallarına istinadən müəyyən etmişdir ki, ünvan 1 ünvanda yerləşən 20 saylı mənzil Sumqayıt XDS İK-nin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş 18/264 saylı, xx.xx.1992-ci il tarixli order əsasında tərəflərə ayrılmış, xx.xx.2005-ci il tarixdə Cavabdeh2 adına özəlləşdirilmişdir. Tərəflər 1973-cü ildən 2018-ci ilə kimi birgə nikahda olmuşdur. Onlar bir müddət mübahisəli mənzildə yaşasalar da, sonra yaşamaq üçün Rusiya Federasiyasına getmişlər. İddiaçı 1992-ci ildə həmin mənzildən qeydiyyatdan çıxmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırki iş üzrə mübahisəli hüquq münasibətləri xx xxxxxxx 2009-cu il tarixədək yarandığından hazırki mübahisə həmin tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları əsasında həll edilməlidir. Belə ki, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarında qeyd edilmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının xx xxxx 1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş və 2009-cu il oktyabrın 01-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinə görə mülkiyyətçinin özünə məxsus olan evə ailə üzvlərini və qanunvericilikdə onlara bərabər tutulan digər şəxsləri köçürməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, onların mənzildən istifadə etmək hüququ köçürmədən sonra yaranır. Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə görə, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2007-ci il tarixli qərarına əsasən (R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitutisiyana və qanunlarına uyğunluğunun yoxlanılmasına dair) Konstitutsiya Məhkəməsi plenumunun mövqeyi ondan ibarətdir ki, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər ki hüquq müəyyən mənada mütanasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Lakin, Mənzil Məcəlləsinin 123-cü maddəsində və ümumiyyətlə bu məcəllədə yaşayış sahəsindən istifadə hüququna xitamla bağlı kompensasiya verilməsini nəzərdə tutan heç bir hüquq norması mövcud deyil. Bu halda mübahisənin həllinin hər hansı normaya əsaslanmadan məhkəmənin mülahizəsində saxlanması mülkiyyətçi və ya istifadəçinin hüquqlarını zərbə altına qoya bilər. Belə vəziyyətdən çıxış yolu tapmaq üçün qüvvədə olan qanunvericilikdə məsələnin qanuni həllini müəyyənləşdirən müvafiq normaya istinad olunması vacibdir. Beləliklə iş üzrə tərəflər arasındakı hüquq münasibətlərinin yarandığı vaxt Azərbaycan Respublikasında qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə uyğun olaraq yaranmış istifadə hüququna iki əsasla xitam verilə bilərdi: birincisi - istifadə hüququna malik olan şəxsə kompensasiya verilməklə; ikincisi - istifadə hüququna malik olan şəxsin daimi yaşamaq üçün digər yaşayış sahəsinə köçməklə. “Yaşayış yeri və olduğu yer haqqında” Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinin birinci hissəsində qeyd edilir ki, şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinin 6-cı hissəsinə görə şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinin 2-ci hissəsinə görə icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Konstitusiya Məhkəməsinin xx xxxx 1999-cu il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ-ci hissəsini məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələr məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Yuxarıda qeyd olunan qanunvericiliyin tələbləri baxımından bu kateqoriya işlər üzrə əsas şərt şəxsin mənzildə 6 ay və daha artıq müddətdə üzrsüz səbəbdən yaşamamasını və hüquqları mübahisələndirilən şəxslərin başqa yerdə daimi yaşayış yerlərinin olmasını sübut etməkdir. İddiaçı ərizəsində 1992-ci ilin aprel ayından 2018-ci ilin sentyabr ayına qədər ailə üzvü kimi ünvan 1 ünvanında yerləşən 20 saylı mənzildə yaşadığını bildirsə də, iş materiallarında olan sübutlardan, tərəflərin məhkəmə iclasında verdiyi izahatlarından aydın olur ki, o, həmin illərdə Rusiya Federasiyasının müxtəlif şəhərlərində, son olaraq Moskvada yaşamışdır. Eyni zamanda AR Sumqayıt şəhər İcra Hakimiyyəti MKTİB-nin 2 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 1686 saylı arayışından görünür ki, İddiaçı Forma A-ya əsasən ünvan 1 ünvanda yerləşən 20 saylı mənzildə qeydiyyatda olmuş, xx.xx.1992-ci ildə qeydiyyatdan çıxmış, xx.xx.1995-ci ildən Cəlilabad rayonu, Privolnoye kəndinə qeydiyyata düşmüşdür. Bu baxımdan iş materiallarından müəyyən edilir ki, iddiaçı mübahisəli mənzili daimi əsaslarla tərk etmiş, başqa ölkədə daimi yaşayış yerinə malik olmuş, onun ünvan 1 ünvanında yerləşən 20 saylı mənzilə istifadə hüququ itirilmişdir. Eyni zamanda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisəli mənzilə istifadə hüqunun itirilməsi qənaətinə gəlməklə yanaşı həmin mənzilin birgə nikah dövründə əldə edlmiş əmlak kimi bölünməsi barədə iddianı təmin etməməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: - əmlakın ər-arvadın nikah müddətində əldə olunması; - əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun əvəzli, yəni nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Həmin Məcəllənin 34-cü maddəsinin məzmununa görə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında və digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 3-cü maddələrinin məzmununa görə isə mənzillər (evlər) əvəzsiz (pulsuz) olaraq şəxsi mülkiyyətə keçirilir. AR Ailə Məcəlləsinin 34-cü maddəsinin tələbləri baxımından belə qənaətə gəlmək olar ki, mənzil (ev) əvəzsiz özəlləşdirilərək ər-arvaddan birinin mülkiyyətinə keçirildikdə, həmin mənzil ərarvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Bundan əlavə, mənzilin (evin) özəlləşdirilməsində ər-arvaddan biri iştirak etdikdə, digəri isə könüllü olaraq özəlləşdirmədə iştirak etmək hüququndan imtina etdikdə (özəlləşdirməyə razılıq verdikdə), həmin mənzil özəlləşdirmədə iştirak etmiş ərin (arvadın) şəxsi mülkiyyətinə keçir, buna görə də bölünə bilməz. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 5-ci maddəsinə əsasən mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Göründüyü kimi, qanunverici mənzillərin (evlərin) özəlləşdirilməsi zamanı kirayəçiyə, habelə mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinə mənzilin kimin mülkiyyətinə verilməsi ilə bağlı seçim imkanı vermişdir. Belə ki, həmin mənzil könüllü razılıq əsasında onlardan birinin, bir neçəsinin və yaxud hamısının (paylı) mülkiyyətinə verilə bilər. Mənzilin ailə üzvlərindən birinin (bir neçəsinin) mülkiyyətinə verilməsi üçün mənzildə faktiki yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin öz razılığını verməsi mənzilin özəlləşdirilməsində iştirak etmək hüququndan imtina kimi qəbul edilməlidir. Bu halda, ər (arvad) mənzilin (evin) özəlləşdirilərək onlardan birinin mülkiyyətinə keçirilməsinə könüllü razılıq verdiyindən, həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsində və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsində müəyyən edilmiş ər-arvadın birgə (ümumi) mülkiyyətinin əldə olunmasının hüquqi əsaslarından fərqli olaraq, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə əsasən özəlləşdirilən mənzillər əvəzsiz əldə edildiyindən və ər və ya arvad həmin mənzilin onlardan birinin adına özəlləşdirilməsinə (mülkiyyətinə verilməsinə) könüllü razılıq verdiyindən həmin mənzil ər-arvadın birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, ünvan 1 ünvanda yerləşən 20 saylı mənzil əvəzsiz qaydada əldə edildiyindən və Cavabdeh2 adına özəlləşdirildiyindən həmin mənzil tərəflərin birgə (ümumi) mülkiyyəti sayıla bilməz. Məhkəmə kollegiyası iddia tələbinin ünvan 1 ünvanında yerləşən 20 saylı mənzilə dair xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhər 4 saylı DNK-da bağlanmış AN-1 № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə iddianı qeyd edilən hissədə də təmin etməməkdə haqlı olmuşdur. Belə ki,əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (MM-in 324.1, 324.2, 324.4 və 324.5-ci maddələr) AR Mülki Məcəlləsinin əqdlərin bağlanması qaydalarını və onların etibarsızlığını müəyyən edən müddəalarına əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır (maddə 329.1). Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər (337.1). Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (337.1, 337.3, 337.4). Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2019-cu il tarixdə Sumqayıt şəhər 4 saylı DNK-da bağlanmış AN-1 № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qanunvericilikdə nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud deyil. Bundan başqa iddia tələbinin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 2836-cı məhəllədə yerləşən, kooperativ yaşayış binası olan "xxxxxx" MTK tərəfindən inşa edilmiş binanın 14-cü mərtəbəsində, ümumi sahəsi 75.0 kv.metr olan 88 saylı mənzilin onunla Cavabdeh2 birgə nikah dövründə əldə etdikləri əmlak olduğundan, həmin mənzil üzərində onun 1/2 hissədə pay hüququnun tanınması hissəsinə qiymət verərək məhkəmə kollegiyası hesab edir ki, həmin mənzilin Cavabdeh2 tərəfindən alınması, mənzilin ona məxsus olması barədə iş materiallarına hər hansı sübut mövcud deyildir. Eyni zamanda həmin mənzilə dair elektrik enerjisindən istifadə ilə bağlı müqavilənin olması mənzilin Cavabdeh2 məxsus olmasını sübut etmir. Məhkəmə kollegiyası iddia tələbinin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, 2836-cı məhəllədə yerləşən, kooperativ yaşayış binası olan "xxxxxx" MTK tərəfindən inşa edilmiş binanın 14-cü mərtəbəsində, ümumi sahəsi 75.0 kv.metr olan 88 saylı mənzilinə dair "xxxxxx" MTK ilə X22 arasında bağlanmış müqavilənin etibarsız hesab olunması və "xxxxxx" MTK ilə X30 arasında bağlanmış xx xxxxx 2019-cu il tarixli Kooperativ binanın mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab olunması hissəsinə qiymət verərək qeyd edir ki, qeyd edilən mənzilin Cavabdeh2 məxsus olması öz təsdiqini tapmadığından, Cavabdeh2 qeyd edilən mənzilə dair hər hansı hüququ olmadığından İddiaçı da həmin mənzilə dair hər hansı iddia qaldırmaq üçün sübuyektiv hüququ yoxdur. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hazırki işdə isə iddiaçının qeyd edilən mənzilə dair hər hansı mübahisə ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələblərinin təmin edilməməsinə dair nəticəyə gələrkən haqlı olmuşdur. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin qeyd edilən hissədə apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-169/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı apelyasiya şikayəti təmin olunmasın. Qətnamə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1596/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1596/2020
25.08.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver