Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1596/2022 25.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X5 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi, İddiaçının nümayəndəsi: X7, Cavabdeh1 nümayəndəsi və vəkili: X3 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 10 iyun 2015-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 10 iyun 2015-ci il tarixli qətnaməsi ilə (hakim Ş.H.Nəcəfova) iddianın təmin edilməsi, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada «Hyundai Sonata» markalı, **-KO-*** dövlət nömrə nişanlı avtomobilə vurulmuş 2300 (iki min üç yüz) manat məbləğində zərərin və ödənilmiş 30 manat dövlət rüsumun əvəzi, cəmi 2330 (iki min üç yüz otuz) manat məbləğində pul vəsaitinin tutularaq "xxxx" ASC-nin hesabına köçürülməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zərərin ödənilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 2300 manat məbləğində vurulmuş zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin alınaraq "xxxx" ASC-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X1 (sığortalının) mülkiyyətində olan X6 idarə etdiyi «Hyundai Sonata» markalı **-KO-*** dövlət nömrə nişanlı avtomobili 01 iyul 2011-ci ildən 01 iyul 2014-cü il tarixinədək olan müddətə bəzi hadisələrdən, o cümlədən yol-nəqliyyat hadisələrindən iddiaçı könüllü sığorta növündə CSC/02/İC-000007/11 Sığorta şəhadətnaməsi ilə sığortalanmışdır. 17 mart 2014-cü il tarixdə Cavabdeh1 mülkiyyətində olan Cavabdeh2 idarə etdiyi «VAZ-21074» markalı **-MF-*** dövlət nömrə nişanlı avtomobili lə X.Ə.Rəcəbovun idarə etdiyi ««Hyundai Sonata» markalı **-KO-*** dövlət nömrə nişanlı avtomobilli toqquşmuşdur. "xxxx" MMC tərəfindən verilmiş 25 mart 2014-cü il tarixli 135 saylı Nöqsan Aktına əsasən hadisə nəticəsində «Hyundai Sonata» markalı **- KO-*** dövlət nömrə nişanlı avtomobilinə 2600 manat məbləğində zərər dəymişdir. Onlar həmin məbləğdən 300 manat Şərtsiz azadolma məbləğini çıxaraq 2300 manatı 01 aprel 2014-cü il tarixində etibarnamə əsasında X.Ə.Rəcəbova nəğd olaraq ödəmişdir. Cavabdeh2 «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbini pozduguna görə İXM-nin 151.1-ci maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb edilərək 40 manat məbləğində cərimə edilmişdir. Vurulmuş zərərin məhz Cavabdeh2 təqsiri əməli nəticəsində baş verməsi tam təstiqini tapmışdır. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi maddi hüquq normalarının tələblərinin pozulması ilə qəbul edilmişdir. İşə onun iştirakı olmadan baxılmışdır. Azərbaycan Respublikası 1108.1-ci maddəsinə əsasən dəymiş zərərin əvəzinin ödənilməsi üçün məsuliyyət nəqliyyat vasitəsini etibarnamə əsasında sahiblik edən şəxsin üzərinə düşür. Lakin məhkəmə qanunsuz və əsassız olaraq heç bir təqsiri olmadığı halda avtomobilin mülkiyyətçisi kimi ona aid hissədə iddianı təmin etmişdir. Subroqasiya hüququ sığorta hadisəsinin olmasında təqsirli olan şəxsə qarşı yaranır. İşin faktiki hallardan göründüyü kimi sığorta hadisəsi digər Cavabdeh2 təqsiri ucbatından baş vermişdir. Abşeron Rayon Məhkəməsinin 10 iyun 2015-ci il tarixli 2(012)-1729/2015 saylı qətnaməsinin ona münasibətdə ləğv edilməsi, iddianın ona münasibətdə rədd edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh1 nümayəndəsi və vəkili R.P.Tağıyev apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçının nümayəndəsi C.M.Paşalı apellyasiya şikayətinin dəlillərini qəbul etmədi, iddia ərizəsinə uyğun izahat verdi və qətnamənin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İş üzrə Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin nümayəndələrinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə apellyasiya şikayəti təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddianı təmin edərkən, cavabdeh tərəfindən inzibati xəta törətdiyi üçün, ümumi məsuliyyət daşımasına istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına uyğundur. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan No:CSC/02/İC-000007/11-avtomobilin Sığorta Şəhadətnaməsindən görünür ki, E.S.Rəcəbovanın (sığortalı) mülkiyyətində olan16.000,00 manat dəyərində olan «Hyundai Sonata» markalı, Sedan növlü, ağ mirvari rənğli, 2008-ci il buraxılışlı, ban №-KMHEU41DP9A629852 olan, **-KO-*** dövlət nömrə nişanlı avtomobili 01 iyul 2011-ci ildən 01 iyul 2014-cü il tarixinədək olan müddətə bəzi hadisələrdən, o cümlədən yol-nəqliyyat hadisələrindən iddiaçı "xxxx" ASC-də könüllü sığorta növündə CSC/02/İC-00000711 Sığorta şəhadətnaməsi ilə sığortalamışdır. İşdə olan CSC08583 saylı Sığorta Aktından görünür ki, sığortalı E.S.Rəcəbova sığorta predmeti ««Hyundai Sonata» markalı **-KO-*** dövlət nömrə nişanlı, sığorta məbləği 16.000,00 manat olan avtomobilə dəymiş zərərin məbləği 2600 manat olmuş, azadolma 300.00 manat, sığorta ödənişi məbləği 2300 manat nağd ödəmə olmuş, məbləği alan isə X.Ə.Rəcəbov olmuşdur. İşə əlavə olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi İnzibati X9 (№BYP 866607) görünür ki, Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 151.1-ci maddəsi ilə qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinərək barəsində protokol tərtib edilmişdir. 05 mart 2014-cü il tarixdə Sumqayıt şəhər 4 saylı Notariat Kontorunda reyestr 7E/- 8459 nömrə ilə qeyd edilmiş etibarnamədən görünür ki, İ.M.İsmayılov Sumqayıt şəhər 6 saylı DNK tərəfindən 28 dekabr 2010-cu il tarixli 7E-17919 nömrəli reyestrlə təstiq olunmuş etibarnaməyə əsasən Cavabdeh1 adından çıxış edərək Cavabdeh2 daşınmaz əmlak istisna olmaqla 2 il müddətində etibarnamə verməklə bütün hüquqlarını etibar etmişdir. İşdə olan kassanın 172 saylı məxaric orderindən görünür ki, 01 aprel 2014-cü il tarixdə sığorta aktına əsasən 2300 manat məbləğində pul X.Ə.Rəcəbova sığorta ödənişi edilmiş və həmin tarixə orderə imza etməklə həmin məbləği almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsi ilə müəyyən olunmuşdur ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1. maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən sığortalıya vurulmuş zərərin əvəzinin həmin Məcəllənin 1114-cü maddəsinə müvafiq olaraq reqres qaydasında iddiaçı tərəfindən tələb edilməsi təşkil edir. Belə ki, Mülki Məcəllənin qeyd edilən 1108.1. maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddiaçı şirkət sığortaçı kimi üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək baş vermiş sığorta hadisəsi nəticəsində nəqliyyyat vasitəsinə dəyən ziyanı sığorta şəhadətnaməsinə müvafiq məbləğdə ödəmiş, ona görə də, o, haqlı olaraq həmin ziyanı reqres qaydada tələb etmək hüququ ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası bunu da qeyd edir ki, avtomobillər Kasko sığortası olunmuşdur, odur ki, məsuliyyət həm mülkiyyətçinin, həm də etibarnamə idarə edənin üzərinə düşür. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 402-1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası tərəfin apellyasiya şikayətində göstərilən digər dəlilləri də araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan və işdə, iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin bu iş üzrə 10 iyun 2015-ci il tarixli 2(012)-1729/2015 nömrəli qətnaməsi Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1596/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1596/2022
25.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver