Məhkəmə qərarları › İş №2(105)-1597/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1597/2021

06.05.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1597/2021 06.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, İddiaçı və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında Xaçmaz Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(067)-749/2021 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq MÜƏYYƏN E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(067)-749/2021 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Xıdır Quliyev) İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki iş üzrə iddia qismən təmin edilmiş, Xaçmaz Rayon Məhkəməsinin 31 avqust 2017-ci il tarixli, 2(067)-4368/2017 saylı qətnaməsinə əsasən 09 may 2014-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən olunmuş alimentin məbləğinin dəyişdirilməsi, 21.02.1973-cü ildə Xaçmaz rayonunda anadan olmuş, daimi qeydiyyat və yaşayış ünvanı Xaçmaz şəhəri, M.F.Axundov küçəsi, ev 23 ünvanı olan Cavabdeh 09 may 2014-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 175 manat miqdarında alimentin tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmiş, cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin 31.08.2019-cu il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq Cavabdeh 09.05.2014-cü il təvəllüdlü X1 üçün hər ay 250 manat onun xeyrinə alimentin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, 2012-ci il sentyabr 12-də Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla evlənmişlər. Birgə nikahlarından 09.05.2014-cü ildə X4 anadan olmuşdur. Uşaq hazırda onun himayəsindədir. Xaçmaz Rayon Məhkəməsinin 29.01.2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşaq onun yanında saxlanılmışdır. Xaçmaz Rayon Məhkəməsinin 31.08.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh azyaşlı övladı X1 üçün onun xeyrinə 137 manat sabit məbləğdə alimentin tutulması qət edilmişdir. Alimentin müəyyən edildiyi vaxtdan keçən 3 ildən çox müddət ərzində ərzaq və sənaye mallarında qiymət artımları olmuş habelə, uşaq böyümüş, uşağın tələbatı da artmışdır. O, heç bir yerdə işləmir, valideynlərinin yanında yaşayır. Cavabdeh Xaçmaz mərkəzi bazarında başqa bir şəxslə şərikli un satışı ilə məşğuldur, yaxşı pul qazanır, maddi imkanları yüksəkdir və uşağın saxlanması üçün hər ay 250 manat aliment ödəməyə real imkanları vardır. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə cavabdeh kimi onun məhkəmə baxışında iştirakını təmin etməmiş, işə baxılarkən çəkişmə prinsipinə əməl etməmiş, işin məhkəmə araşdırılmasına yönələn bütün lazım olan hərəkətləri etməmişdir. Bununla da məhkəmə onun qanunla qorunan hüquq və mənafelərini pozmuşdur. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Cavabdeh məhkəmə iclasında apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, hazırda heç bir yerdə işləmir. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, izahatında iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq göstərdi ki, heç bir yerdə işləmir, uşağı isə xəstədir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti faktiki olaraq iş üzrə məhkəmə qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı bu hissədə yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 31 avqust 2017-ci il tarixli, 2(067)-4368 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh 09 may 2014-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 137 manat miqdarında alimentin tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin 29 yanvar 2018-ci il tarixli, 2(067)-146/2018 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Məlikova (Mustafa) Rimma Xubyar qızı ilə Cavabdeh arasında 12 sentyabr 2013-cü ildə Xaçmaz rayon Qeydiyyat şöbəsində bağlanmış nikah qeydinin pozulması qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinə əsasən hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyırlar. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasına dair 7 saylı protokolun 5-ci maddəsinə əsasən ər-arvad nikaha daxil olmaq və boşanmaq ilə bağlı məsələlərdə öz aralarında və uşaqları ilə münasibətlərdə bərabər hüquqa malikdirlər və bərabər mülki-hüquqi cavabdehlik daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə görə cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə kollegiyası qanunvericiliyin qeyd edilən normalarından çıxış edərək və iş materiallarının araşdırılmasına əsasən belə nəticəyə gəlir ki, iddiaçı alimentin miqdarının artırılması barədə iddia tələbi irəli sürməkdə haqlı olmuşdur və birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində qanuni və əsaslıdır. Belə ki, iş materiallarından görünür ki, Xaçmaz Rayon Məhkəməsinin 31 avqust 2017ci il tarixli, 2(067)-4368 saylı qətnaməsi ilə Cavabdeh 09 may 2014-cü ildə anadan olmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sabit pul məbləğində 137 manat miqdarında alimentin tutularaq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. “Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2017-ci ildə yaşayış minimumu uşaqlar üçün 136 manat məbləğində müəyyən edilmişdir. Xaçmaz Rayon Məhkəməsinin 31 avqust 2017-ci il tarixli, 2(067)-4368 saylı qətnaməsi qəbul olunan vaxtdan keçən 3 ildən çox müddət ərzində uşaqların yaşayış minimumu üçün müəyyən edilmiş məbləğ artmış, bu isə iddiaçının uşağın saxlanmasına, tələbatının ödənilməsinə daha çox vəsait sərf etməsinə, başqa sözlə, onun maddi vəziyyətinin dəyişilməsinə səbəb olmuşdur. Həmçinin “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” qanuna əsasən 2021-ci ildə yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, 09 may 2014-cü il təvəllüdlü X4 iddiaçının himayəsindədir, uşağa qulluq, onun təhsil, sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşür. Digər tərəfdən, Xaçmaz Rayon Məhkəməsinin 31 avqust 2017-ci il tarixli, 2(067)-4368 saylı qətnaməsi ilə alimentin miqdarının müəyyən edildiyi 2017-ci ildən sonra istehlak mallarının qiymətində bahalaşma olduğundan, uşağın saxlanılması üçün 137 manat miqdarında aliment istehlak bazarında mövcud olan hazırki real qiymətlərlə uzlaşmır və uşağın minimal tələbatlarının ödənilməsi üçün kifayət deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.13-cü bəndində göstərilir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Məhkəmə kollegiyası qeyd edilən halları nəzərə alaraq hesab edir ki, cavabdeh hər ay uşağa görə 175 manat sabit pul məbləğində aliment ödəmək iqtidarındadır. Digər tərəfdən, qanunun mənasına görə heç bir yerdə işləməmək, yaxud az gəlir əldə etmək valideynləri öz uşaqlarını saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Alimentin ödənilməsi onlara öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanması valideynlərin mənəvi borcu olmaqla yanaşı, həm də hüquqi vəzifəsidir. Cavabdeh apellyasiya şikayətində məhkəmənin cavabdeh kimi onun məhkəmə baxışında iştirakını təmin etmədiyini göstərmişdir. İşdən görünür ki, cavabdeh 17 və 18 fevral 2021-ci il tarixlərdə keçirilən məhkəmə iclaslarında iştirak etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilmiş hissəsində faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, işdə, iş üzrə məhkəmə qətnaməsinin həmin hissədə apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar olmadığından, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, iş üzrə məhkəmə qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 112.1.6-cı maddəsinə görə ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda iddianın qiyməti ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. İşdən görünür ki, iddiaçının əvvəlki məhkəmə qətnaməsi ilə aldığı alimentin illik məbləği 1644 (137 manat x 12 ay) manat olmuşdur. Hazırki iddia tələbində isə iddiaçı alimentin miqdarının artırılaraq hər 250 manat, başqa sözlə, illik 3000 (250 manat x 12 ay) manat müəyyən edilməsini tələb etmişdir. Göründüyü kimi, iddiaçının artırılmasını tələb etdiyi alimentin illik məbləği 1365 (3000 manat-1644 manat) manatdır, yəni iki min manatdan azdır. Ona görə də Azərbaycan Respublikası MPM-nin 404-1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İs üzrə Xaçmaz Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(067)-749/2021 saylı qətnaməsi iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Telman Məmmədov Hakimlər: Şəmsəddin Abasov Səyyad Qafari

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar