Məhkəmə qərarları › İş №2(105)-1598/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1598/2023

18.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1598/2023 18.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: maddi zərər, delikt) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X11 (sədrlik edən və məruzəçi), X1 və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-232/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. X14 Haqqında TP ******* saylı qərarın surətindən görünür ki, Heydərov X6 Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş xətaya görə barəsində 40 manat məbləğində cərimə edilmişdir.

2. AE seriyalı № 004354 saylı, Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Hyundai Accent minik markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi İddiaçıdur.

3. AD seriyalı № 105323 saylı, Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, Volksvagen Passat minik markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X4r.

4. ƏN-İV №454616 saylı xx.xx.2018-ci il tarixli etibarnamənin surətindən görünür ki, X7 mülkiyyətində olan “Volksvagen Passat” minik markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobili 8 il 2 ay müddətinə idarə etmək üçün Cavabdeh etibar etmişdir.

5. “Avanqard” Avtoservis”-in Avtomobillərin Texniki Xidmət Mərkəzinin xx.xx.2021-ci il tarixli Qüsur aktından görünür ki, Hyundai Accent markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərcləri ümumilikdə 10092 manat təşkil edir.

6. “Hyundai Auto Azərbaycan” servis mərkəzinin xx.xx.2021- ci il tarixli, AA041821 saylı Aktından görünür ki, “Hyundai Accent” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərcləri 10085,64 manat təşkil edir.

7. xx.xx.2021-ci il tarixli “Zərər akt”ının surətindən görünür ki, Hyundai markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomaşının təmir bərpa xərcləri 4906 manat təşkil edir.

8. Sığorta ödənişi ilə bağlı xx.xx.2021-ci il tarixli, 14459 nömrəli aktdan görünür ki, Cavabdeh Sabunçu rayonu ərazisində idarə etdiyi “Volksvagen Passat” markalı ** VZ *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman yol nəqliyyat hadisəsi törədərək İddiaçı idarə etdiyi “Hyundai Accent” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncuya maddi ziyan vurmuşdur. Maddi zərərin qiyməti 4906 manat məbləğində dəyərləndirilmiş və 4118 manat İddiaçı hesabına köçürülmüşdür.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2691 nömrəli ekspert rəyindən görünür ki, “Avtomobillərin Texniki Xidmət Mərkəzi”-nin xx.xx.2021-ci il tarixli və “Auto Azərbaycan”nın xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlarına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Hyundai Accent” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 8881,00 manat müəyyən edilir.

10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/5367 nömrəli ekspert rəyindən görünür ki, “Avtomobillərin Texniki Xidmət Mərkəzi”-nin xx.xx.2021-ci il tarixli və “Auto Azərbaycan”nın xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlarına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Hyundai Accent” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmirbərpa xərci təxminən 8881,00 manat müəyyən edilir.

Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı Cavabdeh qarşı baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 10092 manat məbləğində maddi zərərin cavabdehdən tutularaq ona ödənilməsi və eyni zamanda tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu da cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Opel Astra” markalı, ** VB *** dövlət qeydiyyat nişanlı avtomaşın iddiaçının xüsusi mülkiyyətindədir. Həmin fakt Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X18 İdarəsi Sumqayıt Regional Qeydiyyat-imtahan və Texniki baxış şöbəsinin rəisi polis polkovniki Əlövsət Şamilov tərəfindən verilmiş xx.xx.2020ci il tarixli № 016-302.3972.1220 saylı məktubla öz təsdiqini tapır ki, həqiqətən də “Opel Astra” markalı ** VB *** dövlət qeydiyyat nişanlı avtomaşın X9 məxsusdur. xx.xx.2018-ci il tarixdə X5 həmin avtomaşına dair etibarnamə vermişdir. Avtomaşını cavabdehdən tələb etməyinə baxmayaraq cavabdeh avtomaşını könüllü surətdə iddiaçıya təhvil verməkdən imtina etmişdir. xx.xx.2020-ci il tarixdə Sumqayıt şəhər 3 saylı Notariat ofisinə ərizə ilə müraciət edərək 7E-634 №-li reyestrlə qeydiyyata alınmış etibarnamənin ləğvi ilə bağlı ərizə vermiş və notariat kontoru tərəfindən həmin etibarnamə ləğv edilmişdir. Hazırda əmlak hüququnun müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Əlavə olaraq, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt şəhər Polis İdarəsi tərəfindən iddiaçının ünvanına ünvanlanmış məktubda qeyd olunmuşdur ki, onun müraciəti əsasında aparılmış araşdırma zamanı “Opel” markalı ** VB *** qeydiyyat nişanlı avtomobil müəyyən olunaraq Sumqayıt ŞPİ DYP şöbəsinin müvəqqəti duracağına yerləşdirilməsi qeyd olunmuşdur. Həmin avtomaşına baxış keçirərkən avtomaşının tam yararsız vəziyyətdə olduğunu müəyyən etmişdir. Ona görə də hal-hazırda iddianın predmetini dəyişməyə zərurət yaranmışdır. Hesab edir ki, cavabdeh qəsdən iddiaçının maşınını yararsız vəziyyətə saldığından avtomaşına dəymiş zərər cavabdeh tərəfindən alınıb iddiaçıya verilməlidir. Eyni zamanda sığorta şirkəti tərəfindən 4118 manat iddiaçıya ödənilmiş və həmin məbləğ avtomobilin təmiri üçün yetərli olmamışdır.

13. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli rəyləri ilə, “Avtomobillərin Texniki Xidmət Mərkəzi”nin xx.xx.2021-ci il tarixli və “Auto Azərbaycan”nın xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlarına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Hyundai Accent” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin təxminən 8.881 manat olduğu müəyyən edilmişdir.

14. Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 2(060)-232/2022 nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 788 (yeddi yüz səksən səkkiz) manat dəymiş maddi ziyanın və dövlət rüsumu üçün ödənilmiş 30 (otuz) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Rəşad Qoşqarlı).

15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı avtomobilinə dəymiş zərəri 10092 manat məbləğində olduğunu qeyd etsə də, iş materiallarına əlavə edilmiş Sığorta ödənişi ilə bağlı xx.xx.2021-ci il tarixli, 14459 nömrəli aktdan görünür ki, Cavabdeh tərəfindən İddiaçı məxsus “Hyundai Accent” markalı, ** MY *** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu maddi zərərin qiyməti 4906 manat məbləğində dəyərləndirilmiş və 4118 manat İddiaçı hesabına köçürülmüş və məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili həmin məbləği aldıqlarını etiraf etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi yerdə qalan ödənilməmiş 788 manat hissəsində təmin edilməlidir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096.1, 1097.1, 1115, 1108.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106, 119.1, 124.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

17. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qanunvericiliyin normasına əsasən üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat məbləğində icbari sığorta ödənişi nəzərdə tutulmuşdur. Yəni icbari sığortanın maksimal həddi 5000 manatdır. İddiaçı ona düşən icbari sığorta ödənişini qanunla nəzərdə tutulan qaydada və prosedurda almışdır. Lakin icbari sığorta ödənişinin 5000 manat məbləğində olması və iddiaçıya ödənilməsi vurulan maddi zərərin tam ödənilməsi anlamına gəlmir. Sözsüz ki, sığorta ödənişi sığorta müqaviləsi hansı məbləğə bağlanılıbsa, həmin məbləğin həddində ödənilir. Sığorta ödənişi məbləği ilə vurulan real zərərin məbləği eyniləşdirilə bilməz. Məhkəmənin iddiaçının icbari sığorta ödənişini almasını zərərin ödənilməsi kimi qiymətləndirməsi, iddiaçını zərərin qalan hissəsini almaqdan məhrum etmişdir. Belə ki, məhkəmə iş materiallarında olan “Avanqard” Avtoservis”-in Avtomobillərin Texniki Xidmət Mərkəzinin xx.xx.2021-ci il tarixli Qüsur aktına, “Hyundai Auto Azərbaycan” servis mərkəzinin xx.xx.2021-ci il tarixli, AA041821 saylı Aktına, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/2691 saylı ekspert rəyinə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022- ci il tarixli, 9/5367 saylı ekspert rəylərinə heç bir münasibət bildirmədən yəni, ekspertlər tərəfindən müəyyən olunan 8881 manat məbləğə dair münasibət bildrmədən, yalnız icbari sığorta ödənişi məbləğinə fokuslanaraq formal əsaslandırma ilə qətnamə qəbul etmişdir. Məhkəmə araşdırma zamanı iki dəfə ekspertiza təyin etsə də, ekpert rəylərini məhkəmədə tədqiq olunmuş digər sübutlarla qiymətləndirməmiş, rəylərə dair hər hansı bir münasibət bildirməmişdir. Sanki ekspertizaların formal olaraq təyin olunması təəssüratı yaranır. Bununla da, birinci instansiya məhkəməsi süni olaraq mülki işin icraatını uzatmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2002-ci il tarixli 4 saylı Plenum Qərarının 3.3-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən digər sübutlar kimi ekspert rəyinin də əvvəlcədən müəyyən edilmiş heç bir məcburi qüvvəsi yoxdur. Ona görə ekspert rəyinə də digər sübutlarla bərabər qiymət verilməli, ekspert rəyinin məhkəmə tərəfindən qəbul edilib-edilməməsi səbəbləri qətnamədə öz əksini tapmalıdır”. Hazırki iş üzrə birinci instansiya məhkəməsi iki dəfə ekspertiza təyin etmiş, ekspert rəylərini qətnamədə sadalamaqla kifayətlənmişdir. Halbuki, məhkəmə ekspert rəylərinə münasibət bildirməli idi və digər sübutlarla bərabər qiymət verməli idi. Birinci instansiya məhkəməsi dəymiş zərəri yalnız iş materiallarında olan sığorta ödənişinin məbləği ilə qiymətləndirmişdir. Keçirilmiş iki ekspert rəylərinə əsasən müəyyən olunmuş 8881 manat məbləğində zərərin dəydiyi müəyyən olunsa da, məhkəmənin niyə məhz sığorta ödənişi məbləği ilə kifayətlənməsi əsaslandırılmamışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci incraat

19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 yanvar 2023-cü il tarixli, 2(105)-245/2023 nömrəli qətnaməsi ilə (hakimlər – Zaur Məmmədov (sədrlik edən və məruzəçi), İlqar Dəmirov və Fuad Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

20. İddiaçı (vəkili Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-1871/2023 nömrəli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-245/2023 nömrəli, 09 yanvar 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır ( hakimlər Zaur Əliyev (məruzəçi), Aqil Abbasov və Vidadi Məmmədov).

22. Ali Məhkəmə qərarında göstərmişdir ki, iddiaçı delikt nəticəsində ona 10092 manat zərər dəydiyini bildirərək həmin məbləğdə pulun cavabdehdən tutulmasını tələb edir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli rəyləri ilə “Avtomobillərin Texniki Xidmət Mərkəzi”nin xx.xx.2021-ci il tarixli və “Auto Azərbaycan”nın xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlarına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2021-ci il buraxılışlı “Hyundai Accent” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin təxminən 8881 manat olduğu müəyyən edilmişdir. İşə mahiyyəti üzrə baxan məhkəmələr isə iddiaçının icbari sığorta ödənişi ilə bağlı aktda göstərilən 4906 manat zərər məbləği ilə razılaşdığını və həmin məbləğin 4118 manatını qəbul etdiyini əsas götürməklə iddianı 788 manat həcmində təmin etmişlər. Apellyasiya instansiyası məhkəməsi iddiaçı ilə icbari sığorta təşkilatı arasındakı münasibətləri tənzimləməsi baxımından əhəmiyyət kəsb edən həmin aktın hansı əsasla mülki hüquq pozuntusundan zərər çəkən iddiaçı ilə delikt törədən şəxs arasındakı mübahisəyə tətbiq edildiyini izah etməmiş, iddiaçının sığortaçıdan 4118 manatı qəbul etməsi faktının ona dəymiş zərərin tam həcminə dair pozuntu törədən şəxsə qarşı mübahisə açmaq və sığorta məbləği ilə qarşılanmayan zərərin sonuncudan tələb etmək imkanının hansı hüquqi dəlilə görə aradan qalxdığını əsaslandırmamış, habelə məhkəmənin keçirdiyi ekspertiza rəyləri üzrə müəyyən olunmuş 8881 manat zərər məbləğinin nə üçün nəzərə alınmadığını, əgər həmin rəylər əhəmiyyət kəsb etmirdisə, belə tədqiqatların hansı səbəbdən aparıldığını açıqlamamışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

27. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

28. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 22. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

29. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

32. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

36. Maddə 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

37. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

39. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

40. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

42. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

43. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

45. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

46. Apellyasiya şikayətindən görünür ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-232/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

47. Bu səbəbdən kollegiya Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-232/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməli, Cavabdeh iddiaçıya vurduğu maddi ziyana görə 4762,6 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, ekpertiza xərci də cavabdedən tutulmalıdır.

49. İşin halları ondan ibarətdir ki, iddiaçı delikt nəticəsində ona 10092 manat zərər dəydiyini bildirərək həmin məbləğdə pulun cavabdehdən tutulmasını tələb etmişdir. İddiaçı qeyd edilən məbləğin əsaslı olmasına dair sübut kimi qüsur aktına istinad edir. Birinci instansiya məhkəməsindəki icraat zamanı əldə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli rəyləri ilə 2021-ci il buraxılışlı “Hyundai Accent” markalı, **-MY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin təxminən 8881 manat olduğu müəyyən edilmişdir.

50. İddiaçının avtomobilinə dəymiş zərərin 10092 manat məbləğində olduğunu qeyd etsə də, işdə olan sığorta ödənişi ilə bağlı aktla cavabdehin iddiaçının avtomobilinə vurduğu maddi zərərin qiymətinin 4906 manat məbləğində dəyərləndirilməsinə və 4118,4 manatın iddiaçının hesabına köçürülməsinə, həmin məbləğin alınmasını məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili tərəfindən də təsdiqləməsinə istinad edərək birinci instansiya məhkəməsi iddianı qismən təmin edilmiş və iddia tələbini aktla müəyyən edilmiş məbləğdən ödənilmiş mələği çıxmaqla yerdə qalan ödənilməmiş 788 manat hissəsində təmin etmişdir. Başqa cür desək, birinci instansiya məhkəməsi iş üzrə ekspert rəyini əldə etsə də yekun nəticəyə gələrkən həmin rəyə deyil, qüsur aktına üstünlük vermiş və bunu əsaslandırmamışdır. Halbuki, icbari sığorta ödənişi ilə bağlı akt iddiaçı ilə sığorta şirkəti arasındakı münasibətləri tənzimləməsi baxımından əhəmiyyət kəsb edir.

51. Beləliklə, tərəflər arasındakı mübahisəli hal iddiaçıya dəymiş zərərin həcmi ilə bağlıdır. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli rəyləri ilə avtomobilin təmir-bərpa xərcinin təxminən 8881 manat olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, dəymiş ziyanın məbləği ekspert rəyində göstərilmiş məbləğdə müəyyən edilməlidir.

52. İddiaçının sığortaçıdan 4118,4 manatı qəbul etməsi işin mübahisəsiz halıdır. Belə olan halda müəyyən edilmiş zərər məbləğindən ödənilmiş zərər məbləği çıxılaraq qalan məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıldır (8881-4118,4=4762,6).

53. Kollegiya sadalananlara əsaslanaraq hesab edir ki, hazırkı iş üzrə iddiaçıya dəymiş maddi ziyana görə məbləğ tutularkən Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyləri nəzərə alınmalıdır.

54. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmə qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

55. Kollegiya hesab edir ki, hazırki halda İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, habelə apellyasiya şikayətinin dəlillərini qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla yuxarıda qeyd olunan qaydada, qismən sübut edə bilmişdir.

56. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətin qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-232/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməli, Cavabdeh iddiaçıya vurduğu maddi ziyana görə 4762,6 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat tutularaq İddiaçı ödənilməli, ekpertiza xərci də cavabdedən tutulmalıdır.

57. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə qətnamənin Cavabdeh tərəfindən mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından cavabdeh tərəfindən bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(060)-232/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh iddiaçıya vurduğu maddi ziyana görə 4762,6 (dörd min yeddi yüz altmış iki manat, altmış qəpik) və 30 (otuz) manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı ödənilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, X2, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ ******************** SWİFT BİK CTREAZ 22, hesab nömrəsi «AZ34CTRE ********************) keçirilsin. İddiaçı qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verə bilər. Cavabdeh qətnamədən kassasiya şikayəti verə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar