Məhkəmə qərarları › İş №2(105)-1598/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1598/2024

18.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1598/2024 18.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim X1, hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağakişiyeva Lətafət Almazxan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması tələbinə dair” mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4469/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-4469/2024 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş və Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-3882/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 210 manat olmaqla, ümumilikdə 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh dövlət rüsumu qismində 70,40 manat (yetmiş manat 40 qəpik) məbləğində pul vəsaitinin tutularaq dövlət büdcəsinə ödənilməsi, həmçinin Cavabdeh ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci, 10 (on) manat kargüzarlıq xərci və 100 (bir yüz) manat məbləğində hüquqi xidmət haqqı əvəzinin alınaraq İddiaçı verilməsi qət edilmişdir (hakim Vəfa Şirəliyeva). Həmin qətnamədən İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021ci il tarixli, 2(060)-3882/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişib Cavabdeh hər ay bir uşaq üçün 235 manat olmaqla, iki uşağa görə cəmi 470 manat sabit pul məbləğində alimentin tutulub birgə nikahlarından olan xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi, həmçinin mediasiya üçün ödədiyi 60 manat dövlət rüsumunun da cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-3882/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişib Cavabdeh hər ay bir uşaq üçün 235 manat olmaqla, iki uşağa görə cəmi 470 manat sabit pul məbləğində aliment tutulub birgə nikahlarından olan xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi, həmçinin mediasiya üçün ödədiyi 60 manat rüsumun və hüquqi xidmət üçün ödədiyi 325 manatın da cavabdehə aid edilməsi, həmin rüsumların əvəzinin cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2015-ci ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından iki övladları var: xx.xx.2015-ci il təvəllüdlü X6 və xx.xx.2019-cu il təvəllüdlü X4. Sumqayıt Şəhər Məhkəməsinin 23 iyul 2018-ci il tarixli, 2(060)-6632/2018 saylı qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində aliment və həmin uşağın 3 yaşı tamam olana qədər hər ay 50 manat məbləğində maddi yardımın xx.xx.2018-ci il tarixdən başlayaraq tutulub ona verilməsi qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli, 2(060)-7344/2018 saylı qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması və birgə nikahlarından olan xx.xx.2015-ci il təvəllüdlü X3 onun yanında qalması müəyyən olunmuşdur. Aralarında olan rəsmi nikah pozulsa da, onlar barışıb ailə kimi bir yerdə yaşamışlar. xx.xx.2021-ci ildə onların münasibətləri pisləşmiş və həmin vaxtdan onlar ayrı yaşayırlar. Aralarında olan rəsmi nikah pozularkən onların bir övladları var idi: xx.xx.2015-ci il təvəllüdlü X6. Onlar barışdıqdan sonra bir övladları da olmuşdur: xx.xx.2019-cu il təvəllüdiü X4. xx.xx.2021-ci ildən ayrı yaşayırlar. Cavabdeh uşaqların saxlanması üçün ona maddi cəhətdən heç bir köməklik etməmişdir. O, valideynlərinin köməyi ilə uşaqlarını çətinliklə saxlayır. Ona görə də o, həm alimentin artırılması, həm də xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-3882/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 23 iyul 2018-ci il tarixli, 2(060)-6632/2018 saylı qiyabi qətnaməsinə əsasən müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək xx.xx.2015ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 165 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi, dəyişdirilən aliment məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması qət edilmişdir. Həmçinin cavabdehdən xx.xx.2021-ci il tarixdən başalayaraq hər ay 165 manat sabit pul məbləğində almentin alınıb xx.xx.2019- cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ona verilməsi qət edilmişdir. O, 330 manat alimentlə də uşaqlarını saxlamaqda çətinlik çəkir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşaqların böyüməsi ilə əlaqədar olaraq onların təlabatları da günü-gündən artır. Hesab edir ki, uşaqların mənafeyi, onların normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, həmçinin 2024-cü il Azərbaycan Respublikasında uşaqlar üçün yaşayış minimumunun 235 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-3882/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən hər ay bir uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutulub birgə nikahlarından olan uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməlidir. İş üzrə yuxarıda qeyd olunan qətnamə qəbul edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini və iddia tələbinin tam təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 420 manat məbləğində alimentlə bir ay ərzində iki uşaq saxlamaq mümkün deyil, çünki yaşayış minimumu 2024-cü ildə uşaqlar üçün 235 manat məbləğində müəyyən olunub. İddia tələbində hər uşağa görə 235 manat aliment tələb etmişdir. Hesab edir ki, məhkəmə 2024-cü il üçün yaşayış minimumu haqqında qanunun tələbinə əsasən 235 manat aliment müəyyən edə bilərdi, lakin işə baxan məhkəmə əsassız olaraq alimenti az məbləğdə müəyyən etmişdir. Halbuki, qanunverciliyin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Hazırda yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə iddia tələbini qismən təmin etməklə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələbini kobud şəkildə pozmuşdur. Belə ki, qanununvericiliyin tələbinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmçinin məhkəmə “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinin də tələbini pozmuşdur. Belə ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Lakin məhkəmə qəbul etdiyi qətnamədə uşaqların mənafelərini üstün tutmamışdır. Məhkəmə qanunun tələbini pozmuşdur. Axı analoji işlərdə məhkəmə bir uşaq üçün 235 manat aliment müəyyən edir! Lakin məhkəmə bütün bu halları nəzərə almayaraq 2024-cü il üçün yaşayış minimumu haqqında qanunun və “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsini tətbiq etməməklə maddi normaları pozmuşdur. Ona görə də hesab edir ki, qətnamə dəyişdirilməli və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası, MPM-in 376.2-ci maddəsinə əsasən, verilmiş apellyasiya şikayəti üzrə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb, işdə iştirak edən şəxsin izahatını dinləyib, iş üzrə müəyyən olunan hallara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İşdə olan AZ-İİİ seriyalı 650748 nömrəli və AZ-İV seriyalı 366524 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X6 xx.xx.2015-ci ildə, X4 xx.xx.2019-cu ildə anadan olmuşdur. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-3882/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 23 iyul 2018-ci il tarixli, 2(060)-6632/2018 saylı qiyabi qətnaməsinə əsasən müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay 165 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya verilməsi, dəyişdirilən alimentin məbləğinin tutulmasının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, həmçinin cavabdehdən xx.xx.2021-ci il tarixdən başalayaraq hər ay 165 manat sabit pul məbləğində alimentin alınıb xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçıya verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən, uşaqların hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) və məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 75.1 və 75.4-cü maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişkən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 26 dekabr 2023-cü il tarixli Qanununa əsasən, 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Digər tərəfdən, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Göründüyü kimi, istinad olunan qanunvericilik aktları uşaqların daha üstün mənafeyindən çıxış edərək hər bir halda və hər hansı çətinliyə baxmayaraq uşağın minimum dolanacaq xərclərini qarşılamağı valideynlərin əsas vəzifəsi kimi müəyyən etmişdir. Konkret halda uşaqları bilavasitə ana, yəni iddiaçı saxladığından uşaqların minimum dolanacaq xərclərini çəkmək, yəni minimum dolanacaq xərclərinə yaxın məbləğdə aliment ödəmək vəzifəsi cavabdehin üzərinə düşür. Bununla belə, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. Digər tərəfdən, Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Qeyd olunmalıdır ki, uşaqlar üçün qanunla müəyyən edilən minimum dolanacaq xərclərinin miqdarı məhkəmələr tərəfindən uşaqlar üçün təyin olunan aliment məbləğinin minimum həddinə təsir göstərsə də, lakin qanunvericilik onları eyniləşdirmir. Bu da onu ehtiva edir ki, valideynləri bir-birindən ayrılmış uşaqlar üçün qanunla müəyyən olunan minimum dolanacaq xərclərinin təminat mənbəyini təkcə uşaqdan ayrı yaşayan valideyndən tutulan aliment təşkil etmir. Ola bilər ki, aliment ödəyən valideynin maddi və ailə vəziyyəti, yaxud diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla ondan uşaqların yaşayış minimumu həddinə bərabər məbləğdə aliment tutulması mümkün olmasın. Belə olduqda uşaqların yaşayış minimumundan az olmayan maddi təminat hüquqları digər mənbələr (başqa yaxın qohumların aliment öhdəlikləri, dövlət sosial yardımı və s.) hesabına təmin oluna bilər. Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli Qərarında da uşaqlardan ayrı yaşayan valideyndən tutulmalı olan alimentin miqdarının qanunla uşaqlar üçün müəyyən olunmuş minimum dolanacaq xərcləri məbləğində deyil, həmin xərclərə yaxın məbləğdə olmasından bəhs edilir. Beləliklə, məhkəmə uşaqların saxlanılması üçün aliment təyin edərkən alimentin miqdarının mümkün qədər uşaqlar üçün müəyyən olunmuş minimum dolanacaq (yaşayış minimumu) xərclərinə yaxın məbləğdə olmasına çalışmalıdır. Lakin eyni zamanda, Ailə Məcəlləsinin 78.2-ci (həmçinin 112.1-ci) maddəsinin tələbləri də unudulmamalıdır. İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-3882/2021 saylı qətnaməsi ilə hər uşağa 165 manat olmaqla 2 uşaq üçün təyin olunmuş 330 manat məbləğdə alimentin miqdarının hazırda hər uşağa 235 manat olmaqla 2 uşaq üçün 470 manat məbləğinə artırılmasını tələb edərkən bunu uşaqların bir neçə yaş böyüməklə maddi tələbatlarının nisbətən artması, ən əsası isə uşaqlar üçün qanunla müəyyən olunmuş minimum dolanacaq (yaşayış minimumu) xərclərinin 235 manat məbləğinə artırılması ilə əsaslandırmışdır. Lakin iddiaçı məhkəməyə cavabdehin qazancının artmasına, maddi imkanının yaxşılaşmasına dəlalət edən dəlil-sübutlar təqdim etməmişdir. Cavabdehin məhkəmə kollegiyasının iclasında verdiyi izahatına görə o, taksi fəaliyyəti ilə məşğul olur və aylıq qazancı 700-800 manat civarındadır. Onun əldə etdiyi məlumata görə, boşanandan sonra iddiaçı da işə düzəlib, Biləcəri qəsəbəsində Fövqəladə Hallar Nazirliyinə aid olan qurumda işləyir... İddiaçı məhkəmə iclasında iştirak etmədiyinə görə cavabdehin verdiyi məlumatların mötəbərliyini aydınlaşdırmaq mümkün olmamışdır. Lakin cavabdeh birinci instansiya məhkəməsinin iclasında da oxşar məzmunlu izahat vermiş, məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili-nümayəndəsinin həmin izahatla bağlı etirazı olmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehdən 470 manat aliment ödəməsinin tələb olunması üçün, Ailə Məcəlləsinin 76-cı maddəsinin müddəaları baxımından, onun aylıq qazancı 1400 manatdan artıq məbləğdə olmalıdır. Lakin iddiaçı məhkəməyə bu barədə və ya cavabdehin aylıq qazancının faktiki olaraq qeyd edilən məbləğ civarında olmasını ehtimal etməyə əsas verən sübutlar təqdim etməmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, konkret halda alimentin miqdarının hər uşağa görə ayda 210 manat olmaqla cəmi 420 manat sabit pul məbləğində müəyyən olunması tərəflərin sosial-maddi vəziyyətləri baxımından yetərlidir. Ona görə də məhkəmə kollegiyası iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini qəbulolunmaz hesab edir. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. MPM-in 402.1-ci maddəsinə müvafiq olaraq mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin iş üzrə xx.xx.2024-cü il tarixli, 2(060)-4469/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar