Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1598/2025 13.01.2026 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3381/2025 nömrəli, 09 sentyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Həxiyeva) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 3380 (üç min üç yüz səksən) manat məbləğində pul, ödənilmiş 53,80 (əlli üç manat, səksən qəpik) manat məbləğində dövlət rüsumunun və 162,50 (bir yüz altmış iki manat, əlli qəpik) manat məbləğində hüquqi yardımın əvəzi alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh anası vasitəsilə tanış olduqdan sonra onunla birgə maşın alveri etmək qərarına gəlmişlər. Lakin Cavabdeh 2021-ci ildə məndən dostu üçün 2-3 aya qaytarmağı vəd verərək 1500 manat məbləğində borc almışdır. Həmin puldan 400 manat qaytarmış, yerdə qalan 1100 manat məbləğini isə ödəməmişdir. Həmçinin 2021-ci ildə maşın almaq adı ilə iddiaçıdan 2000 manat da əlavə pul olaraq almış və qaytarmamışdır. Eyni zamanda, 2021-ci ildə yenə də maşın almaq adı altında 1500 manat almış və onu da qaytarmamışdır. Sonradan iddiaçıya məlum olmuşdur ki, Cavabdeh iddiaçıdan aldığı pullar hesabına öz borclarını ödəyirmiş. Cavabdeh Adil oğlunun iddiaçıdan aldığı pulların heç bir qanuni əsasa söykənmir, çünki o, öz hərəkətləri ilə də təsdiq edir ki, məqsədi maşın alveri etmək deyil, iddiaçını aldadaraq əsassız varlanmadır. Digər vaxtlarda da müxtəlif bəhanələrlə iddiaçıdan pul almış qaytarmamışdır. Bundan sonra iddiaçı xx.xx.2022-ci ildə Cavabdeh oluna vermiş olduğu 4900 manat məbləğində pulu ondan ala bilməməyi ilə bağlı olaraq Sumqayıt şəhər Pİ-nin 1-ci PB-nin rəisi, polis polkovnik-leytenantı cənab Sadiq Heydərova ərizə ilə müraciət etmişdir. Bununla bağlı iddiaçının və Cavabdeh izahatı alınmışdır. İddiaçı öz izahatında baş vermiş hadisələri qeyd etmişdir. Cavabdeh isə öz izahatında iddiaçı Cavabdeh anasının iş yoldaşı olduğunu, iddiaçını bu vasitə ilə tanıdığını, iddiaçı ilə tanış olduğu vaxt maşın alveri etdiyini və bundan sonra satdıqları maşınlardan əldə olunmuş gəliri bölüşdürdüklərini qeyd etmiş və satdıqları maşınlardan ikisi üçün Səbuhi adlı şəxsin onlara 1500 manat borcu, Samir adlı şəxsin isə 1500 manat borcu qaldığını bildirmişdir. Sumqayıt ŞPB-nin 1-ci PB tərəfindən xx.xx.2023-cü ildə arayış verilmiş və arayışda Cavabdeh izahatının alındığı qeyd olunmuşdur. Bildirilmişdir ki, Cavabdeh İddiaçı adlı şəxsə borcu olduğunu, lakin maddi vəziyyəti ilə əlaqədar olaraq qaytara bilmədiyini qeyd edərək, iltizam vermiş və iltizamda xx.xx.2023-cü il tarixindən etibarən İddiaçı kartına gündəlik olaraq 5 manat qaytaracağını bildirmişdir. Bu iltizamdan sonra Cavabdeh bu vaxta kimi sadəcə 1070 manat məbləğində pul ödəmişdir. Hal-hazırda onun iddiaçıya 3830 manat məbləğində borcu qalmışdır. Ümumiyyətlə iddiaçı cavabdehə barəsində Polis Bölməsinə müraciət etdikdə 4900 məbləğdə borcu olmuşdur. Həmin vaxta kimi iddiaçıya borcu 6500 manat olmuş, şikayətə kimi anası və özü həmin borcu müəyyən qismində ödəmiş, həmin vaxtı borc cəmi 4900 manat qalmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməklə, iddia tələbinin qismən təmin edilməsi və 645 manat məbləğində pulun ondan tutulması, iddia tələbinin qalan hissədə rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının göstərdiyi borc məbləğinin yalnız bir hissəsi onun öhdəliyinə aiddir, qalan hissə isə üçüncü şəxslərə – Samir və Səbuhi adlı şəxslərə məxsusdur. Belə ki, 1100 (bir min yüz) manat məbləğində borc Samir adlı şəxsə,1500 (bir min beş yüz) manat məbləğində borc Səbuhi adlı şəxsə, yalnız 645 (altı yüz qırx beş) manat hissə onun şəxsi öhdəliyinə aiddir. Bu hal məhkəmə iclasında açıq şəkildə bəyan edilmiş, protokola daxil edilmiş və onun izahatıyla təsdiqlənmişdir. Lakin Sumqayıt Şəhər Məhkəməsi bu faktları nəzərə almadan, üçüncü şəxslərin iştirakı və izahatı təmin edilmədən, bütün borcu onun üzərinə qoymuşdur. Qətnamədə göstərildiyi kimi, məhkəmə heç bir sənəd, müqavilə, qəbz və ya yazılı öhdəlik təqdim edilmədən, yalnız iddiaçının subyektiv bəyanına əsaslanaraq qərar qəbul etmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə əsasən,hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarında onun adıyla bağlanmış heç bir yazılı borc müqaviləsi, etiraf sənədi, bank köçürməsi və ya qəbz yoxdur. Əlavə olaraq, məhkəmə tərəfindən hüquqi yardım xərclərinin (162.50 manat) onun üzərinə qoyulması da tam əsassızdır. Çünki iş materiallarında vəkilin iştirakı barədə heç bir məlumat və ya ödəniş sənədi yoxdur. Məhkəmə işin faktiki hallarını tam və hərtərəfli araşdırmadan, obyektivliyi təmin etmədən və Mülki Prosessual Məcəllənin 14.2 və 217.3cü maddələrinin tələblərinə əməl etmədən, iddiaçının subyektiv və sübutsuz iddialarına əsaslanaraq qətnamə qəbul etmişdir. Nəticədə, heç bir yazılı sübut, müqavilə və ya dəlil olmadan, yalnız iddiaçının subyektiv izahına istinad edilməklə bütün 3380 manatlıq borc onun üzərinə tətbiq edilmişdir. Bu qərar qanunsuz, əsassız və sübutlarla təsdiqlənməyən bir nəticədir. Məhkəmə araşdırması zamanı tərəflərin hüquq bərabərliyi prinsipi pozulmuşdur. Belə ki, məhkəmə yalnız iddiaçının şifahi bəyanatına əsaslanaraq qərar qəbul etmiş, cavabdehin təqdim etdiyi izahatları, dəlilləri və ifadəsində göstərilən üçüncü şəxslərin (Samir və Səbuhi) məsuliyyət payını nəzərə almamışdır. Bu, tərəflər arasında prosessual bərabərlik prinsipini pozmuşdur. Məhkəmə “bərabər silahlanma” prinsipinə riayət etmədən, yalnız bir tərəfin arqumentlərinə üstünlük vermişdir. Bu isə Konstitusiyanın 25-ci maddəsində təsbit olunmuş hüquqi bərabərlik və ədalətli məhkəmə prinsiplərinin pozulması deməkdir. Məhkəmə iddianı “əsassız varlanma” kimi qiymətləndirərək onun üzərinə öhdəlik qoymuşdur. Lakin bu yanaşma tam yanlış və hüquqi əsassızdır. Əsassız varlanma yalnız hüquqi əsas olmadıqda və ya müqavilə münasibəti olmadıqda baş verir. Halbuki iş materiallarından aydın olur ki, tərəflər maşın alveri fəaliyyəti ilə məşğul olmuş, o iddiaçı ilə birgə kommersiya xarakterli fəaliyyət həyata keçirmişdir. Bu münasibət “borc” deyil, əməkdaşlıq (alver) əlaqəsi olmuşdur. Bu səbəbdən 1091 və 1092-ci maddələrin tətbiqi tamamilə yolverilməzdir. Məhkəmə qərarı vicdanlılıq və obyektivlik prinsiplərinə ziddir. O, məhkəmə iclasında borcu qismən etiraf etmiş, 1100 manatın Samir, 1500 manatın Səbuhi adlı şəxslərə aid olduğunu açıq şəkildə bildirmişdir. Bu halda məhkəmə bu şəxslərin məsuliyyət payını araşdırmalı, onların iştirakı ilə dəlilləri müəyyən etməli idi. Lakin məhkəmə bütün borcu onun üzərinə yükləməklə, vicdanlılıq və ədalət prinsiplərini pozmuşdur. Qətnamədə göstərildiyi kimi, borcun hüquqi əsası “əsassız varlanma” kimi qiymətləndirilib. Lakin bu müddəa yalnız o halda tətbiq olunur ki, varlanmaya hüquqi əsas qazandıran qanuni və ya müqavilə münasibəti övcud olmasın. Halbuki iş materiallarında aydın qeyd olunur ki, o və iddiaçı maşın alveri məqsədilə əməkdaşlıq etmişlər. Bu isə iqtisadi fəaliyyət olub, borc münasibəti deyil. Deməli, 1091.2 maddənin tətbiqi faktiki vəziyyətə uyğun deyil və səhvdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİMƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İddia tələbini qismən təmin edən birinci instansiya məhkəməsi iddiaçının qeyd etdiyi halları təqdim etdiyi sübutlarla qismən sübut olunması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayan Cavabdeh qətnamədən apellyasiya şikayəti vermiş, apellyasiya şikayətinin məzmunundan görünür ki, qətnaməni iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirmişdir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə mübahisələndirilən hissədə hüquqi qiymət verilməlidir. Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir (Konstitusiya Məhkəməsi Plenumunun F.Bayramovun şikayəti üzrə 20 iyul 2017-ci il tarixli qərarı). İddiaçının cavabdehə avtomobilin alqı-satqısı ilə bağlı müxtəlif vaxtlarda pul verməsi işin mübahisəsiz halıdır. Baxılan iş üzrə iddia pul tələbi barədədir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1092-ci maddəsi təşkil edir. İşdən göründüyü kimi iddiaçı cavabdehə pul vermiş, cavabdeh isə aldığı pulu geri qaytarmamış, iddiaçı ödəmiş olduğu pulun cavabdehdən alınaraq ona verilməsini tələb etməkdə haqlı olmuş və birinci instansiya məhkəməsi isə Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən iddianı qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏTETDİ Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 09 sentyabr 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1598/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1598/2025
13.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver