Məhkəmə qərarları › İş №2(105)-16/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-16/2021

16.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-16/2021 16.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Qafari Səyyad Ağaəli oğlu və Məmmədov Telman Qədir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, İddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Balaəli qızına qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka qoyulmuş əmlaka yönəldilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-57/2017 saylı, 11 dekabr 2017-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Balaəli qızı tərəfindən verilmiş apelyasiya şikayətlərinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 2(012)-57/2017 saylı, 11 dekabr 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh1 "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 12 aprel 2012-ci il tarixli, 103.LN.2105.120412.00001 saylı kredit müqaviləsi üzrə 450000 ABŞ dolları əsas, 319.586 ABŞ dolları faiz olmaqla, cəmi 769586.00 ABŞ dolları məbləğində borcun, 30 manat məbləğində dövlət rüsumunun və sənədlərin notarial qaydada təsdiq olunması üçün 30 manat məbləğində pul vəsaitinin tutulması, ödəmənin ipotekaya qoyulmuş Cavabdeh2 mülkiyyət hüququ üzrə məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 1.08 ha torpaq sahəsinə və Cavabdeh3 Balaəli qızına mülkiyyət hüququ üzrə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 5/1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh2 və Cavabdeh3 Balaəli qızına qaytarılması, ipoteka predmetlərinin satışından əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun ümumi qaydada tutulması, ipoteka predmeti olan Cavabdeh2 mülkiyyət hüququ üzrə məxsus olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 1.08 ha torpaq sahəsinin qiymətinin 600000 ABŞ dolları və Cavabdeh3 Balaəli qızına mülkiyyət hüququ üzrə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 5/1 nömrəli fərdi yaşayış evinin qiymətinin 400000 ABŞ dolları məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Ş.H.Nəcəfova). Qətnamədən iddiaçı "xxxx" ASC apelyasiya şikayəti verərək qətnamənin əmlakların ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində ləğv edilərək, onların hazırki bazar dəyərinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsini və ekspert rəyinə uyğun əmlakların ilkin satış qiymətlərinin müəyyən edilməsini xahiş etmişdir. Qətnamədən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Balaəli qızı da apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 aprel 2012-ci il tarixli, 103.LN.2105.120412.00001 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 "xxxx" ASC-nin xeyrinə 450000 ABŞ dolları əsas, 357685.81 ABŞ dolları faiz, 159600 ABŞ dolları cərimə olmaqla, cəmi 967285.81 ABŞ dolları məbləğində borcun, 30 manat məbləğində dövlət rüsumunun və sənədlərin notarial qaydada təsdiq olunması üçün 30 manat məbləğində vəsaitin tutulması, tutmanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 1.08 ha torpaq sahəsinə və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 5/1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, əmlakların açıq hərracda satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, ipoteka predmetlərinin satışından əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun ümumi qaydada tutulması, ipoteka qoyulmuş fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqda, Cavabdeh3 Balaəli qızının yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməsi, evin boşaldılması, evə istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında 12 aprel 2012-ci il tarixli, 103.LN.2105.120412.00001 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 18 faiz hesablanmaqla 24 ay müddətinə 450000 (dörd yüz əlli min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi ipoteka qoyan Cavabdeh2 ilə bağlanmış 16.11.2006-cı il tarixli, İ-SKMF/50/af-msaylı ipoteka müqaviləsinin şərtlərinə görə "xxxx" ASC-yə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 1.08 ha torpaq sahəsinə ipoteka hüququ verilmiş, onun qeydiyyatı 19.04.2012-ci il tarixli, seriya MA ******* nömrəli çıxarışla təsdiqlənmişdir. Eyni zamanda, kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün "xxxx" ASC ilə ipoteka qoyan Cavabdeh3 Balaəli qızı arasında bağlanmış 12.06.2009-cu il tarixli, İ-001/af/OPEC saylı ipoteka müqaviləsinin şərtlərinə görə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 5/1 nömrəli fərdi yaşayış evinə ipoteka hüququ verilmiş, onun qeydiyyatı 19.04.2012-ci il tarixli, seriya MA 00372640 nömrəli çıxarışla təsdiqlənmişdir. Cavabdeh1 bu günədək kredit müqaviləsinin şərtlərini yerinə yetirməmişdir. Buna görə də 15.04.2016-cı il tarixli arayışa əsasən Cavabdeh1 "xxxx" ASC-yə 12 aprel 2012-ci il tarixli, 103.LN.2105.120412.00001 saylı Kredit Müqaviləsi üzrə 450000 ABŞ dolları əsas, 357685.81 ABŞ dolları faiz, 159600 ABŞ dolları cərimə olmaqla, cəmi 967285.81 ABŞ dolları məbləğində borcu, 30 manat məbləğində dövlət rüsumunun və sənədlərin notarial qaydada təsdiq olunması üçün 30 manat məbləğində vəsaitin əvəzi tutulmalı, tutma Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 1.08 ha torpaq sahəsinə və Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 5/1 nömrəli fərdi yaşayış evinə yönəldilməi, əmlakların açıq hərracda satılmalı, satışdan əldə edilən vəsait hesabına tələb edilən borc ödənilməlsi, ipoteka predmetlərinin satışından əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc ümumi qaydada tutulmalı, ipoteka qoyulmuş fərdi yaşayış evinə tutma yönəldikdə və o, satıldıqda, Cavabdeh3 Balaəli qızı yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli, ev boşaldılmalı, evə istifadə hüquqları itirilməlidir. Qeyd edilənlərə əsasən iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : İddiaçı "xxxx" ASC apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ipoteka predmetlərinin ilkin satış qiymətlərini müəyyən edərkən ipoteka müqaviləsinə istinad etmişdir. Həmin müqavilələrin bağlandığı andan 6 ildən artıq vaxt keçmişdir. Əmlakların bazar dəyəri həmin məbləğdən qat-qat aşağıdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Balaəli qızı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən təqdim olunmuş kredit müqaviləsi etibarsızdır, çünki kreditin ayrılması faktı cavabdehin iradəsini əks etdirmir. Kredit müqaviləsi və cədvəldən görünür ki, bank tərəfindən kreditin ayrılması sadəcə köhnə kreditlərin bağlanılması məqsədini daşıyır. Buna görə də qətnamə ləğv edilməli, iddia isə rədd olunmalıdır. Apelyasiya baxışı zamanı iddiaçı ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2 bildirdi ki, ipoteka predmetlərinin satılması barədə tərəflər arasında hazırda məhkəmədən kənar həll barədə danışıqlar gedir, lakin yekun razılıq hələ ki, əldə edilməmişdir. Bundan başqa, işə birinci instansiya məhkəməsində baxılarkən ipoteka predmetlərinin açıq hərracda ilkin satış qiyməti əcnəbi valyuta ilə müəyyən edilmişdir, halbuki qüvvədə olan qanunvericiliyə görə ölkədə tədavül vasitəsi manatdır və bu qiymət də manatla müəyyən edilməlidir. Hazırda ipoteka predmetlərinin likvid dəyərləri barədə iş materiallarında rəylər mövcuddur və bu məbləğlər bankı qane edir. Buna görə də nümayəndə ipoteka predmetlərinin ilkin satış qiymətlərinin bu rəylərə uyğun müəyyən edilməsini, qalan hissədə isə qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 cavabdehlərin apelyasiya şikayətini müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. O, iddiaçının şikayətilə razılaşmadı və onun rədd olunmasını xahiş etdi. İş üzrə digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 12 aprel 2012-ci il tarixli, 103.LN.2105.120412.00001 saylı kredit müqaviləsindən görünür ki, həmin müqavilənin şərtlərinə əsasən, Kreditor Borcalana digər məqsədlər üçün illik 18 faizlə 24 ay müddətinə 450000 ABŞ dolları məbləğində kredit ayırmışdır. Müqavilənin 2.5-ci bəndinə əsasən kredit, cədvəl üzrə nəzərdə tutulan şəkildə ödənmədiyi halda, Borcalan bu Müqavilədə nəzərdə tutulmuş kreditin qaytarılması tarixindən kreditin faktiki qaytarılma tarixinədək olan dövr ərzində illik 36 faiz məbləğində artırılmış faizləri Kreditora ödəməlidir. Müqavilənin 5.1-ci bəndinə əsasən Borcalan aldığı krediti bu Müqavilənin 1 saylı Əlavəsində göstərilmiş cədvələ uyğun olaraq, ilk ödənişi 14 may 2012-ci il tarixdə, son ödənişi isə 14 aprel 2014-cü il tarixdən gec olmayaraq həyata keçirməlidir. İşdəki 20.04.2012-ci il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 447995 ABŞ dolları məbləğində krediti həmin tarixdə İddiaçı ASC-dən imza edərək qəbul etmişdir. İş materiallarında olan 16.11.2006-cı il tarixli notarial qaydada təsdiq olunmuş və Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış ipoteka müqaviləsindən, həmin müqaviləyə 12.04.2012-ci il tarixli Əlavə Razılıqdan görünür ki, 12.04.2012-ci tarixli, 103.LN.2105.120412.00001 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün DƏDRX-nin 4 saylı ərazi idarəsi tərəfindən verilmiş çıxarışa əsasən Cavabdeh2 məxsus Abşeron rayonu, Xırdalan şəhərindəki 1,08 ha torpaq sahəsi ipotekaya qoyulmuşdur. Yenə iş materiallarında olan 12.06.2009-cu il tarixli notarial qaydada təsdiq olunmuş və Cavabdeh3 Balaəli qızı ilə "xxxx" ASC arasında bağlanmış ipoteka müqaviləsindən, həmin müqaviləyə 12.04.2012-ci il tarixli Əlavə Razılıqdan görünür ki, 12.04.2012-ci tarixli, 103.LN.2105.120412.00001 saylı kredit müqaviləsi üzrə öhdəliklərin təmin edilməsi üçün DƏDRX-nin 4 saylı ərazi idarəsi tərəfindən verilmiş çıxarışa əsasən Cavabdeh3 Balaəli qızına məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 5/1 saylı fərdi yaşayış evi ipotekaya qoyulmuşdur. Yenə də iş materiallarında olan MA ******* saylı, 19 aprel 2012-ci il tarixli və MA ******* saylı, 19 aprel 2012-ci il tarixli reyestrdən çıxarışlardan görünür ki, "xxxx" ASCnin məlum ipoteka predmetləri üzərindəki ipoteka hüquqları AR DƏDRX-nin müvafiq ərazi idarəsində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş 15.04.2016-cı il tarixli maliyyə arayışından görünür ki, 12 aprel 2012-ci il tarixli, 103.LN.2105.120412.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-yə həmin tarixə olan borcu 450000 ABŞ dolları əsas, 357685,81 ABŞ dolları faiz və 159600 ABŞ dolları artırılmış faiz (cərimə) olmaqla, cəmi 967285,81 ABŞ dolları təşkil edir. Qrafik üzrə yeganə ödəniş 28.12.2013-cü il tarixdə 5089 ABŞ dolları olmuş, həmin məbləğ faiz borcuna çıxılmışdır. İşdə olan 19/7755 saylı, 13.11.2015-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı ASC tərəfindən borcalan Cavabdeh1 12 aprel 2012-ci il tarixli, 103.LN.2105.120412.00001 saylı kredit müqaviləsindən irəli gələn pul tələblərinin ödənilməsinə dair xəbərdarlıq məktubu göndərilmiş və kredit müqaviləsi üzrə ümumilikdə 897985,81 ABŞ dolları məbləğində borcu yarandığı bildirilmiş və borcun 5 (beş) gün müddətində ödənilməsi tələb olunmuş, əks halda, bankın öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Mülki işdə olan 13.11.2015-ci il və 20.04.2016-cı il tarixli bildirişlərdən görünür ki, bankla Cavabdeh1 arasında bağlanmış 12 aprel 2012-ci il tarixli, 103.LN.2105.120412.00001 saylı kredit müqaviləsi üzrə borc ödənilmədiyindən həmin müqavilənin təminatı kimi ipoteka qoyulmuş predmetlərə tutmanın yönəldilməsi barədə əmlakların mülkiyyətçiləri Cavabdeh2 və Cavabdeh3 Balaəli qızına bildirişlər göndərilmişdir. Yenə mülki işdə olan İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə ünvanlanmış 19/8002 saylı, 26.11.2015-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair ərizədən görünür ki İddiaçı ASC Cavabdeh3 Balaəli qızına məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 5/1 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. Yenə də mülki işdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin 11.02.2016-cı il tarixli məktubundan görünür ki, Cavabdeh3 Balaəli qızına məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 5/1 saylı fərdi yaşayış evinə tutmanın yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır. İş materiallarında olan İddiaçı ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinə ünvanlanmış 19/4329 saylı, 05.05.2016-cı il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınmasına dair ərizədən görünür ki İddiaçı ASC Cavabdeh2 məxsus Abşeron rayonu, Xırdalan şəhərindəki 1,08 ha torpaq sahəsinə tutmanın yönəldilməsi barədə bildirişin qeydiyyata alınması ilə bağlı müraciət etmişdir. Yenə iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin 14.07.2016-cı il tarixli məktubundan görünür ki, Cavabdeh2 məxsus Abşeron rayonu, Xırdalan şəhərindəki 1,08 ha torpaq sahəsinə tutmanın yönəldilməsi barədə bildiriş qeydiyyata alınmışdır. Yenə də iş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 21686 saylı, 30 oktyabr 2017-ci il tarixli rəyindən görünür ki, 12 aprel 2012-ci il tarixli, 103.LN.2105.120412.00001 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-yə 15 aprel 2016-cı tarixə olan borcu 450 000 ABŞ dolları əsas borc və 319 586ABŞ dolları faiz borcu təşkil edir. İş materiallarına əlavə edilmiş «B+Ş Audit» MMC tərəfindən tərtib edilmiş əmlakın qiymətləndirilməsinə dair 11 iyun 2021-ci il tarixli rəydən görünür ki, qiymətləndirmə prosesi nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh3 Balaəli qızına məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 5/1 saylı fərdi yaşayış evinin orta bazar dəyəri 850 000 manat, likvid dəyəri isə 750 000 manat təşkil edir. Yenə iş materiallarına əlavə edilmiş «B+Ş Audit» MMC tərəfindən tərtib edilmiş əmlakın qiymətləndirilməsinə dair 11 iyun 2021-ci il tarixli rəyindən görünür ki, qiymətləndirmə prosesi nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh2 məxsus Abşeron rayonu, Xırdalan şəhərindəki 1,08 ha torpaq sahəsinin orta bazar dəyəi 1 400 000,00 manat, likvid dəyəri isə 1 300 000,00 manat təşkil edir. Yenə də iş materiallarına əlavə edilmiş AR Ali Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(102)-1623\21 saylı qərarından məlum olur ki, hazırki iş üzrə Cavabdeh2 hazırki iş üzrə İddiaçı ASC-yə qarşı Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış ipoteka müqaviləsinə 12.04.2012-ci il tarixli Əlavə Razılıq müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında Daşınmaz əmlakın dövlət reyetrindən verilmiş çıxarışın ləğv edilməsi barədə iddiası təmin edilməmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Yenə də həmin Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İddianın təmin edilməmiş hissəsində qətnamədən apelyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası hesab edir ki, hazırda bu hissədə qətnamə MPM-nin 372.6-cı maddəsinə əsasən apelyasiya qaydasında araşdırılmamalıdır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştitrak edən şəxslərin izahatını dinləyərək, apelyasiya şikayətlərinin dəlillərini əlavə alınmış ekspert rəylərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, cavabdehlərin apelyasiya şikayəti təmin edilməməli, iş üzrə çıxarılmış qətnamə ipoteka predmetlərinin ilkin satış qiymətlərinin müəyyən edilməsi hissəsində dəyişdirilməli, İddiaçı ASC-nin apelyasiya şikayəti təmin olunmalıdır. Məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh1 İddiaçı ASC-dən 12 aprel 2012-ci il tarixli, 103.LN.2105.120412.00001 saylı kredit müqaviləsinə əsasən, illik 18 faizlə 24 aya qaytarmaq şərtilə 450000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin təminatı olaraq 12 aprel 2012-ci il tarixli əlavə razılıqlara uyğun olaraq daha əvvəllər banka ipoteka qoyulmuş Cavabdeh3 Balaəli qızına məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 5/1 saylı fərdi yaşayış evi və Cavabdeh2 məxsus Abşeron rayonu, Xırdalan şəhərindəki 1,08 ha torpaq sahəsi yenidən ipoteka ilə yüklü edilmişdir. Bu əmlaklar tərəflərin qarşılığı razılığına əsasən 400000 və 600000 ABŞ dolları məbləğində qiymətləndirilmiş, birinci instansiya məhkəməsi tərəfindən əmlakların ilkin satış qiymətləri də bu qaydada müəyyən edilmişdir. İşdən görünür ki, xəbərdarlıq edilməsinə baxmayaraq, borclu tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımınca icra edilməmişdir. Cavabdehlər bütövlükdə müqavilələri, iddiaçı isə ipotekanın ilkin satış qiymətini mübahisələndirir. Mübahisə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya kredit müqaviləsindəki öhdəlikləri yerinə yetirmədiyinə görə 12 aprel 2012-ci il tarixli, 103.LN.2105.120412.00001 saylı kredit müqaviləsi üzrə əsas kredit borcu üzrə 450000 ABŞ dolları, faiz borcu üzrə 319586 ABŞ dolları olmaqla cəmi 769586 ABŞ dolları borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, o cümlədən ekspert rəyi ilə təsdiq olunur. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı yaranan borc ödənilmədiyi üçün bunu ipoteka predmetlərinə yönəltməyi tələb etməkdə haqlıdır. Bu baxımdan məhkəmə kollegiyası aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. «İpoteka haqqında» AR Qanununun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Beləliklə də, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının-ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Buna görə də, iddiaçı bankın ipoteka premetlərinə tələbin yönəldilməsi barədə iddia tələbi əsaslıdır və tələbin ipotekaya qoyulmuş Cavabdeh3 Balaəli qızına məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 5/1 saylı fərdi yaşayış evinə və Cavabdeh2 məxsus Abşeron rayonu, Xırdalan şəhərindəki 1,08 ha torpaq sahəsinə yönəldilməsi, həmçinin həmin əmlakların açıq hərracda satılması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. “İpoteka haqqında” AR Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipotekanın ilkin satış qiymətini müəyyənləşdirir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. İşdən görünür ki, ipoteka predmetlərinin ilkin satış qiyməti məhkəmənin istinad etdiyi ipoteka müqavilələrində tərəflərin özləri tərəfindən bazar dəyəri kimi əcnəbi valyuta ilə (ABŞ dolları ilə) müəyyən edilmiş, əmlakların likvid dəyərləri müəyyən edilməmişdir. Halbuki, daha öncə qeyd olunduğu kimi ipotekanın ilkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Hazırda iddiaçı tərəf həmin məbləği mübahisələndirir, ipoteka predmetinin ilkin satış qiymətinin bu dəyərdən az olmasını bildirir. İş materiallarına əlavə edilmiş «B+Ş Audit» MMC tərəfindən tərtib edilmiş əmlakın qiymətləndirilməsinə dair 11 iyun 2021-ci il tarixli rəylərindən görünür ki, qiymətləndirmə prosesi nəticəsində müəyyən olunmuşdur ki, Cavabdeh3 Balaəli qızına məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 5/1 saylı fərdi yaşayış evinin orta bazar dəyəi 850 000,00 manat, likvid dəyəri isə 750 000,00 manat, Cavabdeh2 məxsus Abşeron rayonu, Xırdalan şəhərindəki 1,08 ha torpaq sahəsinin orta bazar dəyəri 1 400 000,00 manat, likvid dəyəri isə 1 300 000,00 manat təşkil edir. Məhkəmə kollegiyası hesab edir ki, əslində mübahisəli yaşayış sahəsi və torpaq sahəsi açıq hərraca çıxarılarkən onların ilkin satış qiyməti məlum qiymətləndirmə rəylərinə müvafiq olaraq likvid dəyərlərində müəyyən edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə 17.01.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli, “X4rşı” iş üzrə 26.10.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə kollegiyasının qənaətinə görə mübahisənin hazırki formada həlli onun mahiyyətinə ədalətli yanaşmanın nəticəsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehlər apelyasiya şikayətinin əsaslarına dair tələblərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehlərin apelyasiya şikayətində göstərdikləri dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün, o cümlədən iddianın rədd edilməsi üçün əsas ola bilməz. Lakin iddiaçının şikayətində göstərdiyi dəlillər ipoteka predmetlərinin qanunla müəyyən edilmiş qaydada qiymətləndirilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci və 384.0.3-cü maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətinə təmin etmədən saxlaya bilər, həmçinin qətnaməni dəyişdirə bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPMnin 119-cu maddəsinə əsasən, cavabdehlərin apelyasiya şikayətinin verilməsi üçün ödədikləri dövlət rüsumu onların özünə aid olunmalı, iddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi isə cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 384.0.3, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Balaəli qızı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. İddiaçının apelyasiya şikayəti təmin olunsun. Hazırkı iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-57/2017 saylı, 11 dekabr 2017-ci il tarixli qətnaməsi ipoteka predmetlərinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. Açıq hərraca çıxarılarkən Cavabdeh3 Balaəli qızına məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 5/1 saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 750 000,00 manat, Cavabdeh2 məxsus Abşeron rayonu, Xırdalan şəhərindəki 1,08 ha torpaq sahəsinin ilkin satış qiyməti isə 1 300 000,00 manat müəyyən edilsin. Qətnamə qalan, yəni Cavabdeh1 "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 12 aprel 2012-ci il tarixli, 103.LN.2105.120412.00001 saylı kredit müqaviləsi üzrə 450000 ABŞ dolları əsas, 319586 ABŞ dolları faiz olmaqla, cəmi 769586 ABŞ dolları məbləğində borcun (ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə), 30 manat məbləğində dövlət rüsumunun və sənədlərin notarial qaydada təsdiq olunması üçün 30 manat məbləğində pul vəsaitinin tutulması, ödəmənin ipotekaya qoyulmuş Cavabdeh2 mülkiyyət hüququ üzrə məxsus Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 1.08 ha torpaq sahəsinə və Cavabdeh3 Balaəli qızına mülkiyyət hüququ üzrə məxsus olan Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən 5/1 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə edilən vəsait hesabına tələb edilən borcun ödənilməsi, hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin Cavabdeh2 və Cavabdeh3 Balaəli qızına qaytarılması, ipoteka predmetlərinin satışından əldə edilmiş pul vəsaitinin borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcun ümumi qaydada tutulması, iddianın qalan hissədə təmin edilməməsi hissələrində dəyişdirilmədən saxlanılsın. Cavabdehlərin apelyasiya şikayətinin verilməsi üçün ödədikləri dövlət rüsumu onların özünə aid olunsun. İddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi isə cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar