Məhkəmə qərarları › İş №2(105)-16/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-16/2022

18.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-16/2022 18.08.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri: Məmmədov Telman Qədir oğlu (sədrlik edən, məruzəçi hakim), Abasov Şəmsəddin Rizalı oğlu və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Cavabdeh hüquqi varisi X2 iştirakı ilə açıq məhkəmə iclasında Qusar Rayon Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli, 2(029)-1001/2018 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayətinə əsasən işə apellyasiya qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Qusar Rayon Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli, 2(029)-1001/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim Rafiq Kazımov) İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə iddia təmin edilmiş, Cavabdeh İddiaçı məxsus avtomobilə vurulan 1965 manat məbləğində maddi zərər, “TOYOTA RAV-4” minik markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən dəymiş ziyanı qiymətləndirməyə görə "xxxx" MMC-yə ödənilmiş 30 manat xidmət haqqı və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 2025 manatın tutularaq İddiaçı verilməsi qət edilmiş, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: Mülki işin materiallarından görünür ki, İddiaçı iddia ilə məhkəməyə müraciət edərək Cavabdeh 1995 manat ona vurduğu maddi ziyan məbləğinin və 30 manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmiş və tələbini onunla əsaslandırmışdır ki, o, 23 may 2018-ci il tarixdə, təxminən saat 10 radələrində “TOYOTA RAV-4” minik markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba-Qusar yolunda hərəkət edərkən Cavabdeh idarə etdiyi “MERCEDES BENZ-3205” minik markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun avtomobilini vuraraq, ona maddi ziyan vurmuşdur. Bu barədə hadisə yerində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Quba rayon Polis Şöbəsinin kapitanı X8 tərəfindən İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş, protokolla cavabdehin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələbini pozması və ona məxsus “TOYOTA RAV-4” minik markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəyməsi təsdiq olunmuşdur. Cavabdeh təqsirindən qəza baş verməsi nəticəsində onun avtomobilinə 1965 manat ziyan dəymişdir ki, bu da "xxxx" MMC-də tərtib olunmuş 09 iyun 2018-ci il tarixli ziyan aktı ilə təsdiq olunur. Həmçinin avtomobilə baxış keçirilərkən dəymiş ziyanın qiymətləndirilməsinə görə "xxxx" MMC-yə 09 iyun 2018-ci il tarixli, ƏİÖ/1 seriyalı, 130785 saylı mədaxil qəbzi ilə 30 manat ödəmişdir. Cavabdeh tərəfindən ona vurulmuş ziyan 1995 manat təşkil edir. Mübahisə üzrə yuxarıda göstərilən qətnamə qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSİN İZAHATİ: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 387.2.2-ci maddəsinin tələblərini pozaraq məhkəmə iclasının vaxtı və yeri haqqında onu lazımi qaydada xəbərdar etmədən, onun iştirakı olmadan işə baxmışdır. Məhkəmə onu işdə iştirak etməyə cəlb etmədən onun hüquq və vəzifələrinə dair məsələni, onun 2025 manat ödəməli olduğu barədə məsələni həll etmişdir. Məhkəmə Azərbaycan Respubiikasının MPM-nin 153.2.4-cü maddəsini pozaraq, eyni tərəflər arasında, yəni onunla Quba rayon Polis Şöbəsinin DYPX arasında, eyni predmet barəsində, eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin icraatında iş olduğu halda, həmin iş üzrə qüvvəyə minməmiş qərara əsasən digər tərəfin iddia ərizəsini geri qaytarmaq əvəzinə, qətnamə çıxarmışdır. Apellyasiya şikayətində iş üzrə məhkəmə qətnaməsinin ləğv olunması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında Cavabdeh hüquqi varisi X4 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, İddiaçı ilə qarşılıqlı razılığa gələrək dəymiş ziyanı ödəmişlər. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, məhkəmə qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən, maddi və prosessual hüquq normalarına düzgün riayət edilib, edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarında olan İXP ******* saylı, xx.xx.2018-ci il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, nəticədə “RAV-4” minik markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. İş materiallarında olan Quba rayon X10 X12 rəisinin İXP ******* saylı, xx.xx.2018-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1ci maddəsi ilə təqsirli bilənərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan inzibati tənbeh vermə haqqında TP ******* saylı, xx.xx.2018ci il tarixli qərarın surətindən görünür ki, İddiaçı nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan “TOYOTA RAV-4” minik markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyinə görə Azərbaycan Respublikası İXM-nin 332.2-ci maddəsi ilə təqsirli bilənərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 09 iyun 2018-ci il tarixli, 00556 saylı ziyan aktının surətindən görünür ki, “TOYOTA RAV-4” minik markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləği 1965 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 09 iyun 2018-ci il tarixli, ƏİÖ/1 seriyalı, 130785 saylı mədaxil qəbzinin surətindən görünür ki, “TOYOTA RAV-4” minik markalı, 99-XS 069 dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirərək dəymiş ziyanı qiymətləndirməyə görə 30 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan Quba Rayon Məhkəməsinin 06 mart 2019-cu il tarixli, 3(027)- 24/2019 saylı qərarından görünür ki, Cavabdeh Quba RPŞ DYPB-nin rəisi tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli qərardan verdiyi şikayət təmin edilmiş, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilməsinə dair Quba RPŞ-nin DYPB-nin rəisi, polis mayoru Valeh Cavadov tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərar ləğv edilmiş və yenidən baxılması üçün Quba RPŞ DYPB-yə göndərilmişdir. İş materiallarında olan 22 fevral 2017-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı “TOYOTA RAV-4” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili 10000 manata X1, avtomobilin dövlət qeydiyyat nişanı dəyişdirilərək **-XS-*** olmuşdur. Azərbaycan Respublikası MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən maddi hüquq normalarının tələblərini hazırki mübahisəyə tətbiq edib hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunsuz və əsassız olmaqla işin faktiki hallarına uyğun deyildir. Məhkəmə kollegiyası hazırki tələblə bağlı iddiaçının cavabdehə qarşı məhkəməyə müraciət etmək hüququnun olub-olmaması məsələsini araşdırarkən aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 60) və Azərbaycan Respublikasının qoşulduğu bir sıra beynəlxalq hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) təsbit edilmiş müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunan məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı və yalnız onun belə hüquqa malik olduğu müəyyən edildikdən sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığına münasibət bildirməlidir. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırılmalıdır. İddia tələbi irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə kollegiyası nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 46-cı maddəsinə görə tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdirlər. Həmin Məcəllənin 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Həmin Məcəllənin 50.2-ci maddəsinə görə özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. İşdən görünür ki, yol nəqliyyat hadisəsi 23 may 2018-ci il tarixdə baş vermişdir. İş materiallarında olan 22 fevral 2017-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, İddiaçı “TOYOTA RAV-4” minik markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili 10000 manata X1, avtomobilin dövlət qeydiyyat nişanı dəyişdirilərək **-XS-*** olmuşdur və yol nəqliyyat hadisəsi baş verən vaxt “TOYOTA RAV- 4” minik markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyyətində olmamışdır. Halbuki İddiaçı iddia tələbini “TOYOTA RAV-4” minik markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus olması ilə əsaslandırmışdır. İddiaçı “TOYOTA RAV-4” minik markalı, **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X5 adından çıxış etmək səlahiyyətinə malik olmasına dair də iş materiallarında hər hansı bir sənəd yoxdur. Göründüyü kimi, İddiaçı hazırki iddia tələbini irəli sürmək hüququna malik olmamışdır. Birinci instansiya məhkəməsi qeyd edilən hallara əhəmiyyət verməyərək iddianı təmin etməklə prosessual hüquq normalarının tələblərini pozmuş, bu isə iş üzrə düzgün olmayan qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən işə əlavə edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən görünür ki, hazırki iş üzrə iddianın qiyməti 1995 manat təşkil edir, yəni beş min manatdan azdır. Ona görə də Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinin tələbinə əsasən hazırki iş üzrə qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Qusar Rayon Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli, 2(029)-1001/2018 saylı qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar