Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1600/2023 18.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X7 (sədrlik edən və məruzəçi), Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-10989/2017 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. X4 ilə Cavabdeh arasında bağlanmış və notariat qaydasında təsdiq edilmiş xx.xx.2009-cu il tarixli kredit müqaviləsində göstərilmişdir ki, X1 Füzuli Dəyyan oğluna xx.xx.2010-cu tarixədək 13617 manat (17000 ABŞ dolları) borc vermişdir.
2. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci ildə ölmüş X2 vərəsəsi İddiaçıdır.
3. Əlyazma qəbzlərdən görünür ki, Füzulinin Səfərə olan borcundan 2012-2014-cü illərin müxtəlif tarixlərində fərqli pul məbləğləri qaytarılmışdır.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 17000 ABŞ dollarının ödəniş gününə olan manat məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X4 cavabdehə xx.xx.2009-cu ildə 17000 ABŞ dolları borc vermişdir. Bu barədə tərəflər arasında kredit müqaviləsi bağlanmış və notariat qaydasında təsdiq edilmişdir. Notarius müqaviləni təsdiqləyərkən bildirmişdir ki, müqaviləni xarici valyuta ilə təsdiq edə bilməz. Bu səbəbə görə müqavilədə dolların kursu manatla göstərilmişdir. Müqavilədə borc məbləğinin 13617 manat, mötərizədə 17000 ABŞ dolları göstərilmişdir. Həmin borcu cavabdeh 13 yanvar 2010-cu il tarixədək qaytarmasını öhdəsinə götürmüş, lakin öhdəliyini yerinə yetirməmişdir.
6. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-10989/2017 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh Dəyn oğlundan 17000 ABŞ dollarının ödəniş gününə olan manat məzənnəsi ilə və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir (hakim Vladimir Ruvinov).
7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386, 404, 442, 443.1, 449.4, 739, 740-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77 və 106-cı maddələrinə istinad etməklə ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017ci il tarixli, 2(060)-10989/2017 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə qəbul olunmuş qətnaməsi MPM-in 4, 9, 14, 88-ci, MM-nin 739 və740-cı maddələrinin tələblərini pozulması ilə qəbul edildiyindən ləğv edilməlidir. İddiaçıya olan borcunu məhkəmə ərəfəsində tam bağlamışdır. Bunu iddiaçının öz dəsti-xətti ilə yazılmış ödəniş qəbzləri təsdiq edir. Belə ki, iddiaçı ona işlərin görülməsi üçün 13563 manat pul vermişdir. Həmin görülmüş işə görə iddiaçıya 13600 manat ödəniş etmişdir. Qeyd etdiyi ödənişin ödənilməsini qəbz təsdiq edir. O, məhkəmə iclaslarında iştirak etmədiyi üçün sübut əhəmiyyətli sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin bildirir ki, bu iş üzrə qəbul olunmuş qətnamə onun qeydiyyatda olduğum, lakin yaşamadığı ünvan 1 ünvanda yaşamadığı üçün sözügedən qətnaməni almamışdır. Qətnamədə də qeyd olunmuşdur ki, o məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə mübahisənin həlli zamanı obyektiv araşdırma aparmamış, onun məhkəmədə iştirakını təmin etməmişdir. Bu iş üzrə qəbul olunmuş məhkəmə qətnaməsinin mövcudluğundan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru tərəfindən məlumatlandırılmışdır. Yalnız rəsmi müraciətindən sonra 13 may 2023-cü ildə bu iş üzrə qəbul edilmiş qətnaməni almışdır. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
12. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, iddiaçının mərhum əri və cavabdeh arasında borc müqaviləsi olmuşdur. Cavabdeh maşın girov qoyub, pulu az-az ödəmiş, ödədikdən sonra qəbzləri də vermişdir. İddiaçının əri ödükdən sonra sübutları təqdim edə bilməmişdir. İcra mərhələsində borcu ödədiyini iddiaçıya bildirmiş, sübut etmişdir. Ödədikdən sonra, sonra icra xitam verilib, daha sonra isə icra yenilənmişdir. Borc müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi qəbzlərlə sübut olunur. Sonuncu qəbz 2014cü ildə olmuşdur, Cavabdeh 17000 manatın əvəzində, o vaxt 19000 manat qaytarıb. Borcu qaytaranda heç bir devalvasiya yox idi, dollar bahalaşmamışdı. 8000 manat artıq qaytarılıb. Cavabdeh borcu qalmamışdır.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, mərhum əri cavabdehə 17000 dollar, 13568 manat verib, cavabdeh 19000 manat pul qaytarmışdır, 8,9 il sonra pul verməmişdir. 29000 manat pulun müqabilində 19000 manatlıq çeki vardır. Pullar qəbzlə ödənilmişdir. Borcu dolların bahalaşması ilə əlaqədar tələb edir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər.
16. Maddə 386.1. Öhdəlikdə onun tərəflərindən hər biri kreditor və ya borclu kimi bir şəxs və ya eyni zamanda bir neçə şəxs iştirak edə bilər. Öhdəlikdə borclunun tərəfində iştirak edən şəxslərdən birinə qarşı kreditorun tələblərinin etibarsızlığı, eləcə də bu cür şəxsə qarşı tələb üzrə iddia müddətinin keçməsi özlüyündə kreditorun belə şəxslərin qalanlarına qarşı tələblərinə toxunmur.
17. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
18. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
19. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
23. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
24. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
26. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
27. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
28. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.
Apellyasiya baxışının hədləri
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
31. Apellyasiya şikayətindən görünür ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-10989/2017 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
32. Bu səbəbdən kollegiya Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmalı, iddia təmin edilməməli və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
34. İşin hallarına görə İddiaçı mərhum əri Səfər Nuriyev Cavabdeh xx.xx.2010-cu il tarixinədək qaytarmaq şərtilə notarial qaydada təsdiq edilmiş xx.xx.2009-cu il tarixli kredit müqaviləsi əsasında 13617 AZN məbləğində (17000 ABŞ dolları) məbləğində borc pul vermişdir. Borc verən xx.xx.2011-ci ildə ölmüş, hazırkı iş üzrə İddiaçı isə onun qanun üzrə vərəsəsi olaraq cavabdehə qarşı pul tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. İddianı təmin edən birinci instansiya məhkəməsi işdə olan müqaviləyə istinad edərək iddianı təmin etmişdir. Cavabdeh tərəf məhkəmə kollegiyasının araşdırması zamanı müxtəlif tarixlərə aid əlyazma qəbzləri təqdim edərək borc məbləğini ödədiyi bildirmiş, iddiaçı tərəf borcun həqiqətən ödənildiyini, amma ötən zaman ərzində ABŞ dollarının alış-satış qiymətinin dəyişməsini, devalvasiyanı nəzərə alaraq iddia tələbini müdafiə etdiyi bildirmişdir. Beləliklə, kredit müqaviləsi ilə cavabdehə borcun verildiyi sübut olunaraq iddiaçını tələb hüququ yaranmışdır. Məhkəmə kollegiyası cavabdehin kollegiyaya təqdim etdiyi qəbzləri, iddiaçının (19000 manat) borcundan artıq məbləği qaytarıldığına dair izahatını nəzərə almaqla hazırki halda borcun qaytarılması qənaətinə gəlir. O ki qaldı borcun müəyyən zaman kəsiyində ödənilməsi və iddiaçını bu və ya digər (əldən çıxmış fayda, devalvasiya və s.) formada pul tələbinə, bununla bağlı kollegiya qeyd edir ki, həmin hal başqa mübahisə predmetidir.
35. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etməmiş, mülki mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən faktiki halları araşdırmamışdır. Yeri gəlmişkən, kollegiya qeyd edir ki, bu qəbildən olan mülki mübahisələr üzrə pulu cavabdehə verdiyini sübut etdikdə artıq sübutetmə yükü cavabdehin üzərinə düşür. Hazırkı iş üzrə cavabdeh qəbzləri təqdim etməklə borcunu qaytardığını sübut etmişdir, bu hal iddiaçının özü tərəfindən də “Elektron məhkəmə” informasiya sisteminin fasiləsiz audio yazısı ilə keçirilən məhkəmə iclasında təsdiqlənmişdir.
36. Kollegiya hesab edir ki, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini tam icra etmiş və iddiaçıya olan borcunu tam ödədiyindən, kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbi təmin oluna bilməz.
37. Birinci instansiya məhkəməsi iş üzrə yuxarıda göstərilən hallara düzgün qiymət verməmiş və kifayət qədər əsas olmadan iddia tələbinin təmin olunmamasına dair qərar qəbul etmişdir.
38. Kollegiya həmçinin qeyd edir ki, iş üçün əhəmiyyət kəsb edən sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının qanunun tələbinə uyğunluğunun, tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məzmunu işin faktiki hallarına uyğun olmayan məlumatlardan təşkil edilən sübutlar əsasında çıxarılmış qətnamə isə əsaslı hesab edilə bilməz.
39. Həmçinin sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara mövcud olmayan hallar kimi qiymət verə və iddia tələbini rədd edə bilər.
40. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
41. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir.
42. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(060)-10989/2017 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq, iddia təmin edilməməli və ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392- 393 və 405.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(060)-10989/2017 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verə bilər.