Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1608/2023 12.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması ) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi), X3 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, Abşeron Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(012)-2836/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Qaradağ Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli, 2(002)-1420/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq 25 sentyabr 2013-cü ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 (iki yüz iyirmi) manat məbləğində aliment tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə xx.xx.2012-ci ildə ailə qurmuş, birgə nikahlarından 25 sentyabr 2013-cü il tarixdə X2 anadan olmuşdur. Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015- ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, uşağın saxlanılması üçün 108 manat sabit pul məbləğində aliment qət edilmişdir. Qaradağ Rayon Məhkəməsinin 03 aprel 2018-ci il tarixli, 2(002)1420/2018 saylı qətnaməsi ilə alimentin məbləği dəyişdirilmiş, uşağın saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Cavabdeh 154 manatdan əlavə məbləğdə pul ödəmir. Ona görə də alimentin miqdarının dəyişdirilməsi ilə bağlı ilkin olaraq cavabdehə təklif göndərmiş, daha sonra 16 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Mediasiya sessiyasında cavabdeh iştirak etməkdən imtina etmişdir. Mediasiya arayışı və ödənilmiş dövlət rüsumu iş materiallarına əlavə edilmişdir. Mediasiya sessiyasını keçmək üçün 50 (əlli) manat ödəniş etmişdir.
3. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etmədiyini, ikinci dəfə ailə həyatı qurduğunu, həmin nikahdan iki uşağının olduğunu, ailədə yeganə qazanc gətirən olmasını, “X5” MMC-də sürücü işləməklə əmək haqqının 345 manat təşkil etdiyini, həmin məbləğin 154 manat hissəsinin iddiaçının himayəsində olan uşağının saxlanılması üçün alimentə tutulduğunu, əmək haqqından qalan 191 manat pul vəsaiti ilə ailəsini çətinlikə dolandırdığını, alimentin miqdarının artırılacağı təqdirdə maddi vəziyyətinin daha da ağırlaşacağını, iddiaçının özünün işlədiyini, onun tərəfindən ödənilən aliment məbləğinin uşağın saxlanılması üçün yetərli olduğunu bildirərək, iddia tələbinin təmin edilməmədi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Abşeron Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(012)-2836/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)-1420/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılması, 25 sentyabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi, alimentin tutulmasının əvvəlinin bu qətnamə qanuni qüvvəyə minən gündən hesablanması qət edilmişdir (hakim Cəmilə Səfiyeva).
5. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78.1, 112.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
6. Cavabdeh X2 apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(012)-2836/2023 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Şikayətin dəlilləri:
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə prosesində iştirak etməmiş, lakin iddia tələbinə münasibətini yazılı şəkildə məhkəməyə ünvanlayaraq iddia tələbini qəbul etmədiyini, ikinci dəfə ailə həyatı qurduğunu, həmin nikahdan iki uşağının olduğunu, ailədə yeganə qazanc gətirən olmağını və “X5” MMC-də sürücü işləməklə əmək haqqının 345 manat təşkil etdiyini, həmin məbləğin 154 manat hissəsinin iddiaçının himayəsində olan uşağın saxlanılmasl üçün aliment kimi ödədiyi və əmək haqqından qalan 191 manat pul vəsaiti ilə ailəni çətinlikə dolandırdığını, alimentin miqdarının artırılacağı təqdirdə maddi vəziyyətinin daha da ağırlaşacağını, iddiaçının özünün işlədiyini nəzərə aldıqda hazırda tutulan alimentlə uşağın normal təminatının təşkil olunduğunu nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə normalara istinad etsə də onları düzgün təfsir etməmiş və birtərəfli mövqe nümayiş etdirmişdir. Belə ki, məhkəmə sanki bu qətnamə ilə yalnız iddiaçının himayəsində olan bir uşağı düşünmüş, onun yanında yaşayan 2 körpə övladının da «Uşaq hüquqları haqqında» Qanunun təsiri altına düşdüyünü və bu qanunun onlara da şamil olunduğunu nəzərə almamışdır. Məhkəmə alimenti artırmaqla digər 2 uşağın maddi sıxıntı içərisində yaşamalarına və səfalətə düçar olmalarına, normal qidalanmaq imkanından belə məhrum olmalarına şərait yaratmışdır. Çünki onun aldığı əmək haqqının 220 manatını alimentə ödədikdə ondan qalan 125 manat vəsaitlə bu uşaqları necə dolandıra bilər. Lakin məhkəmə sanki bu uşaqları görməzdən gələrək onların taleyinə biganəlik nümayiş etdirmişdir. Bir valideyn və bir ata kimi digər 2 körpə uşaqlarının taleyinə biganə qala bilməz, lakin məhkəmə bu qərarı ilə onsuz da ağır olan maddi vəziyyətininin daha da ağırlaşmasına səbəb olmuşdur. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Lakin məhkəmə birtərəfli və qeyri-obyektiv mövqe nümayiş etdirməklə bu mübahisəyə qiymət vermiş, tətbiq etdiyi maddi normaları düzgün təfsir etməmiş, nəticədə qanunsuz qətnamə çıxarmışdır. Belə ki, iddiaççı işləyir, onun aylıq əmək haqqısı onun əmək haqqından yüksəkdir.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
8. İddiaçı tərəfindən apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
9. Məhkəmə kollegiyasının iclasında İddiaçıapellyasiya şikayətini qəbul etməyərək bildirdi ki, 7 il uşağın atasından heç bir şey tələb etməyib, uşaq atanı tanımır. Ata da uşağı görməyə heç bir cəhd etməyib. İndi uşağı skalioz və allergiyaya görə müalicə etdirməlidir. Eyni qəsəbədə yaşayırlar. Bildir ki, cavabdehin kifayət qədər imkanı var. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Abşeron Rayon Məhkəməsinin 19 iyun 2023cü il tarixli, 2(012)-2836/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir.
10. Məhkəmə kollegiyasının iiclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maadə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Həmin maddənin İV hissəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir.
12. Azərbaycan Respublikası Ailə Məcəlləsi 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
13. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarına əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
14. "Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlara görə 220 manat məbləğində müəyyən edilmişdir.
15. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 112.1.3. Aliment alınması haqqındakı iddialarda, iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır.
Apellyasiya baxışının hədləri
16. Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
17. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, proses iştirakçılarının izahalartını dinləyərək, apellyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
18. İş materiallarından görünür ki, tərəflərin birgə nikahından 25 sentyabr 2013-cü il təvəllüdlü Selnur adlı uşaq doğulmuşdur.
19. İş materiallarında olan Qaradağ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(002)1420/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(002)-2659/2015 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı dəyişdirilərək, 25 sentyabr 2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir.
20. İş materiallarından görünür ki, Cavabdeh və Niazova Roza xx.xx.2016-cı ildə rəsmi nikah qeydiyyatından keçmişlər. birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü Yusif və xx.xx.2020-ci il təvəllüdlü Tunar adlı uşaqlar doğulmuşlar.
21. İş materiallarında olan “X5” MMC-nin verdiyi xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən “X5” MMC-də sürücü işləyir və aylıq əmək haqqı 345 manat təşkil edir.
22. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, cavabdehdən hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində alimentin tutulması haqqında Qaradağ Rayon Məhkəməsinin qətnaməsinin qəbul edilməsindən 5 ildən artıq müddət keçdiyindən, ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razışaraq qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına uyğun olaraq qeyd olunan qanunvericilik normalarını tətbiq etməklə aliment məbləğini artırarkən düzgün nəticəyə gəlmişdir.
24. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir.
25. İş materiallarından görünür ki, tərəflərin birgə nikahlarından doğulmuş uşaqların saxlanılması üçün müəyyən edilmiş 154 manat məbləğindəki aliment 2018-ci ilin aprel ayında, yəni uşağın 5 yaşı olanda tutulmuş, hazırda isə uşağın 10 yaşı var.
26. Həmin tarixdən sonra yaşayış minimumu haqqında Qanuna 5 dəfə dəyişiklik edilərək uşaqlar üçün yaşayış minimumu artırılmışdır.
27. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə artırılmış alimentin tutulma vaxtının qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalı olması barədə gəldiyi nəticədə haqlı olmuşdur.
28. Belə ki, hazırki iddia tələbi alimentin tutulması barədə ilkin iddia deyil, alimentin artırılması (dəyişdirilməsi) barədə olduğu üçün alimentin artırılmış məbləği qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Buna görə də Ailə Məcəlləsinin 100.2-ci maddəsi alimentin artırılması ilə bağlı tələblər tətbiq edilə bilməz.
29. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. 30.Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini dəyişdirərək 220 manat müəyyən edərkən işin hallarına uyğun olaraq qanunvericilik normalarını düzgün tətbiq etmişdir.
31. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə, maddi vəziyyətinin aşağı olması, ikinci nikahından 2 uşağının olması barədə dəlillərinə qiymət verərək hesab edir ki, göstərilən dəlillər cavabdehin uşağını saxlamaq öhdəliyindən azad etmir.
32. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur və qətnamə qanuni və əsaslı olduğundan apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi üçün əsas sayıla bilməz.
33. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Abşeron Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(012)- 2836/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Abşeron Rayon Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2(012)-2836/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən şikayət verilə bilməz.