Məhkəmə qərarları › İş №2(105)-161/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-161/2021

27.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-161/2021 27.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı İstehsalat Birliyinin Cavabdeh Məlik oğluna qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin 2(027)-2402/2019 saylı, 01 noyabr 2019-cu il tarixli qətnaməsindən İddiaçı İstehsalat Birliyi tərəfindən verilmiş apelyasiya açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : Quba Rayon Məhkəməsinin 2(027)-2402/2019 saylı, 01 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir (hakim Emin Abdullayev). Qətnamədən narazı qalan İddiaçı İstehsalat Birliyi apelyasiya şikayəti verərək Quba Rayon Məhkəməsinin 2(027)-2402/2019 saylı, 01 noyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5356.80 (beş min üç yüz əlli altı manat, səksən qəpik) manat məbləğində maddi ziyanın və 30 (otuz) manat dövlət rüsumunun əvəzinin tutularaq İddiaçı-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X İB, VÖEN **********, İBAN:AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L Y A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSES İŞTİRAKÇİLARİNİN İZAHATLARİ: İddiaçı İstehsalat Birliyinin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Quba Rayon Məhkəməsinin qətnaməsi qanunsuzdur. Belə ki, Cavabdeh oğli tərəfindən heç bir sübut təqdim edilmədən qətnamə qəbul edilmişdir. İddiaçı tərəfindən təqdim edilmiş sübutlar qiymətləndirilməmişdir. İddiaçı Xaçmaz RQİİ-nin Quba XS ilə Cavabdeh arasında qazın alqı-satqısı barədə müqavilə əsasında cavabdeh təbii qazdan istifadə edir. Xaçmaz rayon RQİİ-nin Quba XS-nin əməkdaşları tərəfindən cavabdehin istifadəsində olan qaz sayğacına baxış keçirilmiş və sayğaca müdaxiləyə şübhəli olunduğundan növbədənkənar dövlət yoxlamasına göndərilmək üçün çıxarılmışdır. ARDNŞ-nin İT və Rİ-nin 28/17100036-1 saylı rəyinə əsasən ******* saylı sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar edildiyi müəyyən edilmişdir. Həmin rəy əsasında tərtib edilmiş 30.08.2018-ci il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın miqdarı 26817 kubmetr və ya 5356.80 manat həcmində müəyyən edilmişdir. Odur ki, Quba Rayon Məhkəməsinin 2(027)-2402/2019 saylı, 01 noyabr 2019cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyiyasının iclasında Cavabdeh apelyasiya şikayətinin dəlillərinə etiraz edərək göstərdi ki, iddia tələbi və apelyasiya şikayəti əsassızdır. Odur ki, apelyasiya şikayətinin təmin edilməməsi, Quba Rayon Məhkəməsinin 2(027)-2402/2019 saylı, 01 noyabr 2019-cu il qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə iddiaçı təşkilatın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə iddiaçının nümayəndəsini iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, cavabdehin izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alıb işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla sübutları qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 372.1 və 372.7-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-ısatqısı barədə” 16.07.2019-cu il tarixli müqavilədən görünür ki, paylayıcı bu müqavilə ilə istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 27.12.2017-ci il tarixili, ******* saylı aktın surətindən görünür ki, Cavabdeh fərdi yaşayış evinə quraşdırılmış «Elester» tipli ******* saylı sayğacın korpusu və ekranı korlandığından çıxarılaraq, «Elester» tipli 28023069 nömrəli sayğac ilə əvəz edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.08.2018-ci il tarixili, ******* saylı aktın surətindən görünür ki, ARDNŞ-nin İT və Rİ-nin 28/17100036-1 saylı rəyinə əsasən ******* saylı sayğacın hesablama mexanizminin qoruyucu qapağının üzərində mənşəyi məlum olmayan plomb aşkar olunmuşdur. Cavabdehin nümayəndəsi Vüqar Qəhrəmanov həmin aktı imzalamaqdan imtina etmişdir. İşdə olan dəymiş ziyanın bərpasına dair 31.08.2018-ci il tarixli tələbnamənin surətindən görünür ki, qaz işlədicilərindən 3 gözlü qaz plitəsinin maksimal saatlıq qaz sərfi 0.8 m3 /saat, orta günlük iş rejmi 6 saat və hesabat müddəti 180 gün qəbul edilməklə, istilik sisteminin ALARKO- 80 saatlıq qaz sərfi 8 m3 / saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 180 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ ödənilməsi qərara alınmışdır. Cəmi 26784 m3 itirilmiş qaz müəyyən edilmişdir. İş materiallarında olan **********05500 kodlu abonentin saldosundan görünür ki, Quba rayonunun Qəçrəş kəndində yaşayan abonent Ramil İsakovun 2018-ci ilin sentyabr ayına 5397 manat məbləğində qaz sərfiyyatı borcu vardır. İş üzrə keçirilmiş 05 mart 2021-ci il tarixli, 10/2378-9/3489 saylı ekspertiza rəyindən görünür ki, mülki iş materiallarında olan akta əsasən fərdi yaşayış evində qaz xəttinə qoşulu olmuş qaz işlədicilərinin PQ-3 və Alarko 80 kw istilik sisteminin (kombi) olduğu müəyyən edilir, həmin qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi metodiki cəhətdən düzgün hesablanmışdır. Qeyd olunan qaz işlədicilərinin iş rejimləri (istifadə müddətləri) barədə vəsatət təmin edilmədiyinə görə Quba rayonu, Qəçrəş kəndində yaşayan Cavabdeh hansı miqdarda təbii qazdan istifadə etməsinə dair sual üzrə tədqiqat aparılması mümkün olmadı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən "Qazdan istifadə qaydaları"nın 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar (4.8). İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir (4.9). Göründüyü kimi iddiaçı tərəfindən cavabdehə hesablanmış borcun məhz abonentin sayğaca qanunsuz müdaxiləsindən irəli gəldiyi əsaslandırılmamış, bununla bağlı sübutlar təqdim edilməmişdir. Əksinə Qaydaların 4.8-ci bəndinə əsasən qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı qaz paylayıcısı daşımışdır. Bundan başqa hesab etmişdir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (1097.1). Qeyd edilən maddi hüquq normalarına görə delikt nəticəsində vurulmuş zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yaranmış vəziyyətdə Cavabdeh yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü İddiaçı İstehsalat Birliyinin üzərinə düşür. Çünki «Elester» tipli ******* saylı sayğaca zərərin məhz cavabdehin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması sübuta yetirilməmişdir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, İddiaçı İstehsalat Birliyi tərəfindən öz iddia tələblərinin əsası qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. Ona görə də iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, cavabdehin təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilməmişdir. Həmçinin, qaz sayğacı laboratoriyada yöxlanılarkən abonentin iştirakı təmin edilməmişdir. Göstərilənlərə əsasən qaz sayğacındakı pozuntuya görə istehlakçı məsuliyyət daşımadığından, akt və həmin aktın əsasında istehlakçının abonent hesabına hesablanmış itirilmiş qazın dəyəri olan 5356,80 manat məbləğində borcun abonentin hesabına yazılması qanunsuzdur. Yaranmış vəziyyətdə fiziki şəxs olan cavabdehin yaşadığı ünvanda quraşdırılmış qaz sayğacına cavabdeh tərəfindən qanunsuz müdaxilə edildiyini və bunun nəticəsində sayğacın yararsız vəziyyətə düşdüyünü sübut etmək yükü iddiaçının üzərində olmuşdur. Lakin iddiaçı təşkilat sayğacın yararsız vəziyyətə düşməsilə əlaqədar hesablanmış borcla bağlı mövqeyini əsaslandıra və bununla bağlı mötəbər sübutlar təqdim edə bilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, məhz cavabdehin sayğaca müdaxilə etməsi müəyyən olunmadığından, iddiaçı təşkilat tərəfindən buna dair heç bir sübut məhkəməyə təqdim olunmadığından, cavabdehin zərərlə bağlı mülki hüquqi məsuliyyəti yaranmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, bir halda ki, istehlakçı olaraq cavabdeh qaz sayğacının işlək vəziyyətdə saxlanmasına cavabdehlik daşımır, onun üzərinə sayğacın işlək vəziyyətdə saxlanılmasına görə hər hansı vəzifə qoyula və bu əsasla cərimə də hesablana bilməz. Bu baxımdan, akt üzrə borcun hesablanması əsassız olduğu üçün həmin borcun cavabdehdən tələb edilməsi də düzgün deyildir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Belə ki, iddiaçının nümayəndəsi apelyasiya şikayətində akt tərtib olunmuş ünvan üzrə borcun cavabdeh tərəfindən yarandığını sübut edə bilməmiş, buna dair hər hansı bir rəsmi sənəd təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün AR Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Quba Rayon Məhkəməsinin 2(027)-2402/2019 saylı, 01 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392-393 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: Quba Rayon Məhkəməsinin 2(027)-2402/2019 saylı, 01 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayəti təmin olunmasın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri üçün 102 (yüz iki) manat pul İddiaçı İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə aşağıdakı: Az.MEM, VÖİN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlıq agentliyi, kod 210005, VÖEN **********, m/h AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesaba köçürülsün. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar