Məhkəmə qərarları › İş №2(105)-1610/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1610/2023

06.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1610/2023 06.09.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X2 və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Həsənli Ülkər Cabbar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh İsayev Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2(012)-2480/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) İddiaçı cavabdeh İsayev Cavabdeh qarşı 21 yanvar 2013-cü il təvəllüdlü İsazadə Əli Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-1396/2019 nömrəli 28 mart 2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş sabit pul məbləğində 160 manat miqdarında alimentin artırılaraq hər ay sabit pul məbləğində 220 manat miqdarında müəyyən olunması və cavabdeh İsayev Cavabdeh alınaraq ona verilməsi barədə iddiasının rədd edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 yanvar 2013-cü il təvəllüdlü İsazadə Əli Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Abşeron Rayon Məhkəməsinin 2(012)-1396/2019 nömrəli 28 mart 2019-cu il tarixli qətnaməsinə əsasən müəyyən olunmuş sabit pul məbləğində 160 manat miqdarında alimentin artırılaraq hər ay sabit pul məbləğində 220 manat miqdarında müəyyən olunması və cavabdeh İsayev Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o və cavabdeh İsayev Cavabdeh 07 sentyabr 2012-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Aralarında baş verən münaqişələr nəticəsində birgə yaşamaqları qeyri-mümkün olmuş və nikahları Abşeron Rayon Məhkəməsinin 2(012)-5328/2017 nömrəli, 21 noyabr 2017-ci il tarixli qərarı ilə rəsmi qaydada pozulmuş, birgə nikahlarından dünyaya gəlmiş 21 yanvar 2013cü il təvəllüdlü İsazadə Əli Cavabdeh oğlu onun himayəsinə verilərək, hər ay sabit pul məbləğində 136,60 manat aliment cavabdeh İsayev Cavabdeh tutularaq ona verilməsi qət edilmişdir. Daha sonra alimentin artırılması ilə bağlı Abşeron Rayon Məhkəməsinə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 2(012)-1396/2019 nömrəli, 28 mart 2019-cu il tarixli qətnaməsinə əsasən aliment məbləği artırılaraq cavabdeh İsayev Cavabdeh hər ay sabit pul məbləğində 160 manat miqdarında alimentin alınaraq ona verilməsi barədə qətnamə qət edilmişdir. Hal-hazırda uşaq onun himayəsindədir. Cavabdeh uşağı ilə maraqlanmır. O, övladına baxmaqda çətinlik çəkir. Hətta cavabdehin 2700 manat miqdarında aliment borcu var və dəfələrlə bunun barəsində şikayət etsə də, bir ata kimi uşağa olan öhdəliklərini icra etmir. Buna görə də uşağın saxlanması üçün cavabdehdən məhkəmə qaydasında əvvəlki aliment miqdarının artırılması zəruridir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı İsayeva X1 Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını, iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi tərəfindən maddi qanunvericiliyin tələblərinə riayət edilməmiş və tətbiq edilməli olan qanun tətbiq edilməmişdir. İşə baxan Abşeron Rayon Məhkəməsi iddia olunan aliment məbləğinin təyin edilməsinin cavabdehin maddi durumuna uyğun olmadığı nəticəsinə gəlmişdir. Lakin məhkəmənin bu mövqeyi tamamilə əsassızdır. Yetkinlik yaşına çatmayan övladının gələcəkdəki vəziyyəti qiymətləndirilməmişdir. hal-hazırda övladının 10 yaşı var. Sözügedən qətnamədə qeyd olunan aliment məbləği uşaqların həyat fəaliyyətinin minimum səviyyəsinin təmin edilməsi üçün kifayət etmir. Belə ki, uşağı orta məktəbdə təhsil alır və hal-hazırda böyüdüyünə görə geyimə, yeməyə və qayğıya olan tələbatlarının qarşılanması üçün çəkilən məsrəflər yetərincə artmışdır. Uşağın həmin vaxtda tələb olunan ehtiyacları əsas götürülməklə təyin edildiyini nəzərə alınsa, həmin aliment məbləği uşaqların saxlanılması üçün hazırki vəziyyətdə azlıq təşkil edir. Uşağın bütün qayğısını tamamilə özü çəkir. Böyüdükcə onun saxlanması ilə bağlı məsrəfləri artsa da, cavabdeh övladına qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq onun üçün olduqca çətindir. Ata kimi vəzifə öhdəliklərini yetirmir. Aliment ödənişlərini də vaxtı-vaxtında ödəməmişdir ki, nəticədə bu gün 2700 manat aliment borcu vardır. Yetkinlik yaşına çatmayan övladına qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi üçün bəlli maddi vəsait tələb etdiyindən və o, bu xərcləri təkbaşına təmin edə bilmədiyindən, birgə nikahdan olan uşağın saxlanması üçün cavabdeh də valideynlik vəzifələrini həyata keçirməli və alimentin məbləği artırılmalıdır. Məhkəmə işin faktiki halalrını düzgün dəyərləndirməmiş, qərar verərkən isə qərəzsiz və obyektiv olmamış, maddi və prosessual normaların tələblərinə əməl etməmiş və nəticədə də iddiaçının hüquqlarını pozan əsassız və qanunsuz qətnamə qəbul etmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxsin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsini cavabdehin işaxtaran kimi qeydiyyatda olması, cavabdehin yenidən nikaha daxil olması, həmin nikahdan bir yetkinlik yaşına çatmayan uşağının olması və cavabdehin 21 yanvar 2013-cü il təvəllüdlü İsazadə Əli Cavabdeh oğlu üçün təyin edilmiş alimentə görə 2700 manat ödənilməmiş aliment borcunun yaranması, alimentin artırılması cavabdehin hazırki durumu ilə heç cür uyğunlaşmaması və bu səbəbdən alimentin artırılması mümkün olmaması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab etmir. Konstitusiyanın 34-cü maddəsinin İV hissəsinə görə ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz (Ailə Məcəlləsinin 56.1., 58.1. 58.2. və 60.1. maddələri). Ailə Məcəlləsinin 112.1. maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının tə min olunmasına şərait yaratmalıdırlar. Həmin Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi tə minat almaq hüququ vardır. Qeyd etmək lazımdır ki, hər bir valideyn övladını saxlamağa, onun maddi və mənəvi tələbatının ödənilməsini təmin etməyə borcludur. Hər hansı bir valideyn övladının saxlanmasından yayındıqda və ya saxlamaqdan, maddi tələbatının ödənilməsindən imtina etdikdə onun valideynlik borcunun yerinə yetirilməsi üçün məcburi qaydada aliment alına bilər. Bu zaman ilk növbədə həmin valideynin aylıq qazancının olub-olmaması aydınlaşdırılmalı, əgər hər hansı bir aylıq qazancı yoxdursa və ya şəxsin qazancı uşaqların saxlanılması üçün yetərli hesab olunmazsa, onda ondan sabit məbləğdə aliment alınmalıdır. Alimentin miqdarı uşağın maddi tələbatının ödənilməsinin minimum həddində müəyyən edilir ki, uşağın saxlanılmasının yaşayışı minimum həddə təmin edilsin. Uşağın saxlanılması üçün yaşayış minimumdan az olmayaraq, daha yüksək həddə də alimentin tutulması istisna edilmir. Uşağın tələbatı yaşı artıqda onun saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı da artırıla bilər. Hazırkı iş üzrə tərəflərin birgə nikahından olan 21 yanvar 2013-cü il təvəllüdlü İsazadə Əli Cavabdeh oğlunun saxlanılması üçün 28 mart 2019-cu il tarixdə müəyyən edilmiş alimentin miqdarı 160 manat müəyyən edilmişdir ki, hazırda həmin vaxtdan dörd ildən artıq müddətin keçməsi və uşağın tələbatının artması nəzərə alınarsa, alimentin artırılmasını qaçılmaz edir. Bu mənada məhkəmə kollegiyası hesab edir ki, 21 yanvar 2013-cü il təvəllüdlü İsazadə Əli Cavabdeh oğlunun saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin 28 mart 2019-cu il tarixli qətnaməsi ilə tutulmuş alimentin məbləği artırılaraq, hər ay 190 manat sabit pul məbləğində müəyyən edilməlidir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Bu baxımdan məhkəmə kollegiyası yuxarıda sadalanan maddi hüquq normalarının tələblərini hazırki mübahisəli ailə hüquq münasibətinə tətbiq edib, tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə almaqla hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Azərbaycan Respublikası MPM-nin 402.1. maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 112.1.3. maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə tələb hər ay 220 (iki yüz iyirmi) manat məbləğində alimentin tutulması təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən alimentin məbləği hər ay 160 (yüz altmış) manat məbləğində aliment müəyyən edilmişdir. Həmin məbləğin bir il ərzində məcmusu isə (220-160=60 x 12 ay = 720 manat) 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 saylı qərarının 8.14. bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə kollegiyası hesab edir ki, alimentin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 saylı qərarının 8.14. bəndinə uyğun olaraq məhkəmə aktının qanuni qüvvəyə mindiyi vaxtdan hesablanmalıdır. Lakin hazırkı iş üzrə qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmadığından, alimentin tutulması dərhal icra edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2., 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4., 392 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası QƏTETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 05 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh İsayev Cavabdeh 21 yanvar 2013-cü il təvəllüdlü İsazadə Əli Cavabdeh oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Abşeron Rayon Məhkəməsinin qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilərək 190 (yüz doxsan) manat sabit pul məbləğində müəyyən edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar