Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1612/2021 02.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abasov Şəmsəddin Rizalı oğlu (sədrlik edən və məruzəçi), Rzayev Məhəmmədəli Əsəd oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Abbaslı Zümrüd Ruslan qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Qubadlı Rayon Məhkəməsinin 2(028)-54/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qubadlı Rayon Məhkəməsinin 2(028)-54/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 28.12.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1791,49 manat əsas borc, 219,09 manat faiz borcu olmaqla, cəmi 2010,58 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir (V.Ruvinov). Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək, Qubadlı Rayon Məhkəməsinin 2(028)-54/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini və iddianın qismən təmin edilməsini xahiş etmişdir. İŞİN HALLARİ: «xxxx» ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 28.12.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 1791,49 manat əsas borc və 219,09 manat faiz borcu olmaqla, cəmi 2010,58 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış 28.12.2018-ci il tarixli, 126RGTK0149415AA saylı kredit müqaviləsinə əsasən borcluya 36 ay müddətinə illik 29,84 % ödəmək şərtilə 2402,08 manat məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsinin şərtlərinə görə həmin müqaviləyə görə borc verən 2402,08 manat məbləğində krediti faizlə qaytarmaq şərtilə borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Cavabdehin «xxxx» ASC-yə 10.11.2020-ci il tarixinə 28.12.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 1791,49 manat əsas borc, 219,09 manat faiz borcu olmaqla, cəmi 2010,58 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə xəbərdarliq olunmasına və bildirişin göndərilməsinə baxmayaraq cavabdeh borcun qaytarılmasını təmin etməmişdir. Buna görə də iddia təmin olunmalıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı çıxarılmışdır. Ş İ K A Y Ə T İ N D Ə L İ L L Ə R İ, T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ və S Ü B U T L A R İ : Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi borc hissəsində səhv nəticəyə gəlmişdir. Belə ki, məhkəmə borcu müəyyən edərkən iş üzrə mühasibatlıq ekspertizası təyin etməmiş, iddiaçı tərəfindən yüksək məbləğdə şişirdilmiş borc tələbini təmin edərək səhv nəticəyə gəlmişdir. Yaranmış kredit borcunu yalnız mütəxəssis hesablaya bilər və buna görə də mühasibatlıq-ekspertizası təyin edilməklə rəydə qeyd edilən faiz borcu və əsas borc ondan tutulmalıdır. Qeyd edilənlərə əsasən Qubadlı Rayon Məhkəməsinin 2(028)-54/2021 saylı, 25 fevral 2021ci il tarixli qətnaməsi qismən ləğv edilməli, iddia isə qismən təmin olunmalıdır. Cavabdeh şikayətini müdafiə etdi və onun təmin edilməsini xahiş etdi. O, əlavə etdi ki, müqavilə üzrə dəqiq məbləğini bilməsə də, xeyli ödəniş etmişdir. Hazırda banka konkret nə qədər borclu olduğunu bilmir, lakin bu, qətnamədəki məbləğ də deyildir. Apelyasiya baxışı zamanı iclasın vaxtı və yeri barədə iddiaçı lazımi qaydada xəbərdar edilmişdir. “xxxx” ASC 20.04.2021-ci il tarixli ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək mübahisəyə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə görə məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə işə baxarkən yalnız istinad olunan hüquq normalarında qeyd olunan tələblərə cavab verən sübutları qəbul edərək qiymətləndirmişdir. Tərəflərin tələb və etirazları iş materiallarında olan aşağıdakı sübutlara əsaslanır: İş materiallarında olan 28.12.2018-ci il tarixli, 126RGTK0149415AA saylı kredit müqaviləsindən görünür ki, bank cavabdehə gündəlik tələbat məqsədilə 28 dekabr 2021-ci il tarixədək illik 29,84 % dərəcəsi ilə 2402,08 manat məbləğində kredit vermişdir. Yenə işdə olan 28 dekabr 2018-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, "İddiaçı" ASC Cavabdeh 2402,08 manat vəsaiti təqdim etmişdir. İş materiallarına əlavə edilmiş "İddiaçı" ASC-nin 11 dekabr 2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 28.12.2018-ci il tarixli, 126RGTK0149415AA saylı kredit müqaviləsi üzrə 10 noyabr 2020-ci il tarixə “İddiaçı" ASC-yə 1791,49 manat əsas borcu, 219,09 manat faiz borcu, cəmi 2010,58 manat borcu vardır. İşdə olan 10 iyul 2020-ci il tarixli bildirişdən görünür ki, yaranmış kredit borcu ilə əlaqədar "İddiaçı" ASC tərəfindən Cavabdeh xəbərdarlıq edilmişdir. M Ə H K Ə M Ə N İ N H Ü Q U Q İ M Ö V Q E Y İ: Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Yenə həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, apelyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən, apelyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Qubadlı Rayon Məhkəməsinin 2(028)-54/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 28.12.2018-ci il tarixli, 126RGTK0149415AA saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, illik 29,84 % ödəmək şərti ilə 2402,08 manat məbləğində kredit götürmüşdür. Xəbərdarlıq edilməsinə baxmayaraq, borc tam ödənilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış kredit müqavilələrinə əsasən, Cavabdeh həmin kredit müqavilələri üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilələr əsasında kredit məbləğlərini və həmin müqavilələrlə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Kreditlərin alınmasına baxmayaraq, cavabdeh kredit vəsaitlərinin ödənilməsinə dair vəzifələrini tam yerinə yetirməmişdir. AR Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yenə həmin Məcəllənin 445.2.1-ci maddəsinə uyğun olaraq öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Yenə də həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, borclu Cavabdeh iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Onun iddiaçıya kredit müqavilələrindəki öhdəlikləri yerinə yetirmədiyinə görə kredit müqaviləsi üzrə 1791,49 manat əsas borcu, 219,09 manat faiz borcu olmaqla, cəmi 2010,58 manat borcu yaranmışdır. Bu borc işdə olan obyektiv sübutlarla, o cümlədən bankın maliyyə arayışı ilə təsdiq olunur. Bu məbləğdən aşağı həddə borcunun olması barədə isə cavabdeh məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırki halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apelyasiya şikayətinin əsaslarına dair dəlillərini sübut edə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası onun apelyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki,Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.3, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Apelyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Qubadlı Rayon Məhkəməsinin 2(028)-54/2021 saylı, 25 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15,40 manat dövlət rüsumu Cavabdeh özünə aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apelyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1612/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1612/2021
02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver