Məhkəmə qərarları › İş №2(105)-1613/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1613/2022

25.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1613/2022 25.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X4 Tağızadənin sədrliyi və məruzəsi, X2 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zərifə Cəbrayıl qızı Kərimovanın katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair mülki iş üzrə Zəngilan Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Zəngilan Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakim G.K.İmanova) İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc tələbinə dair» iddiasının təmin edilməməsi qət edilmişdir. İ Ş İ N H A L L A R İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc tələbinə dair» iddia ərizəsi ilə Zəngilan Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə 1640.88 manat məbləğində kredit borcu, 173.81 manat məbləğində faiz borcu, 7033.69 manat məbləğində cərimə borcu olmaqla, cəmi 8848.38 manat məbləğində borcun və ödənilmiş 108.49 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 05A000015218 saylı kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 3% olmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 manat məbləğində kredit götürmüşdür. Cavabdeh kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. Cavabdehin götürdüyü kredit borcundan iddiaçıya 1640.88 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən cavabdeh kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 4240 gün üçün hesablanmış faiz borcu 173.81 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün 30 manat məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 4240 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 7033.69 manat təşkil edir. Kredit müqaviləsinin 4.1.2- ci bəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi qaytarma planına uyğun olaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh C.B.Ramazanov zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. O, həmin zaminlik müqavilələrinin 1-ci bəndinə əsasən kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı QSC-in nümayəndəsi M.M.Hüseynova apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, öhdəliyin qüvvədə olma müddəti məhkəmə tərəfindən düzgün nəzərə alınmamış, iş materiallarına əlavə edilmiş kredit müqaviləsinin 5.4-cü bəndi düzgün təhlil edilməmiş, nəticədə kredit müqaviləsinin öhdəliklərin tam icra edilənədək qüvvədə olması faktına məhkəmə tərəfindən düzgün qiymət verilməmişdir. Həmin bəndə əsasən əsasən “bu müqavilə tərəflər müqavilə üzrə bütün öhdəliklərini tam icra edənədək qüvvədədir”. Həmçinin, xx.xx.2009-cu il tarixli zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən zaminlik müqaviləsi borclu kredit müqaviləsindən irəli gələn öhdəliklərini tam icra edənədək qüvvədədir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən iddia rədd edilməlidir. Hesab edir ki, iş materiallarına əlavə edilmiş sübutlara məhkəmə düzgün qiymət verməmiş və bununla da, Azərbaycan Respublikası MM-nin 399-cu maddəsinin düzgün tətbiq edilməməsinə səbəb olmuşdur. Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2009-cu il tarixli 05A000015118 saylı kredit müqaviləsi əsasında 12 ay müddətinə, aylıq faiz dərəcəsi 3% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 manat məbləğində kredit götürmüşdür. Həmin müqaviləni Cavabdeh1 imzalayaraq, müqavilənin bəndlərinə, həmçinin 5.4-cü bəndə öz razılığını bildirmişdir. Məhkəmə müqavilənin həm “müddəti”, həm də “qüvvədə olma müddəti” anlayışlarına düzgün qiymət verməmişdir. Zəngilan Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(034)-220/2022 saylı qətnaməsinin ləğv edilərək, İddiaçı QSC-nin Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İş üzrə iddiaçının nümayəndəsi və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara görə iş üzrə məhkəmə qətnaməsi dəyişdirilməməlidir, apellyasiya şikayəti isə təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: İşdən görünür ki, birinci instansiya məhkəməsi qətnamə ilə iddia ərizəsini rədd edərkən, iddiaçı tərəfindən borcluya qarşı iddia müddətinin ötürməsinə istinad etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, işin məhkəmə iclasında araşdırılmış faktiki hallarına tam uyğundur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsinin apellyasiya şikayəti iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduğundan, iş üzrə məhkəmə qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmalı və birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edilib-edilməməsinə hüquqi qiymət verilməlidir. İş materiallarına əlavə edilmiş İddiaçı QSC-ti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli 05A000015218 saylı kredit müqaviləsinə əsasən aylıq faiz dərəcəsi 3% olmaqla 12 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 manat məbləğində kredit götürmüşdür. Kreditin təminatı kimi digər Cavabdeh2 ilə xx.xx.2009-cu il tarixili 05G000014883 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan maliyyə arayışından göründüyü kimi cavabdehin Banka xx.xx.2022-ci il tarixə 1640.88 manat məbləğində kredit borcu, 173.81 manat məbləğində faiz borcu, 7033.69 manat məbləğində cərimə borcu olmaqla, cəmi 8848.38 manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1 və 739.2-ci madələrinə əsasən «Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür», «Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır». Eyni Məcəlləsinin 385.1-ci maddəsinə əsasən «Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır». Azərbaycan Respublikası MM-nin 442 və 448.1-ci maddələrinə əsasən «Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür», «Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir». Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən «Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur». Qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, habelə cavabdehin üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehə verdiyi krediti və ona hesablanmış faizləri geri tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən «Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir». Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İş materiallarından görünür ki, İddiaçı QSC-ti ilə Cavabdeh1 arasında kredit müqaviləsi xx.xx.2009-cu il tarixə 12 ay müddətinə bağlanmışdir, krediti ödəmək üçün son icra müddəti müqavilə üzrə xx.xx.2010-cu il tarixi müəyyən edilmişdir, cavabdehin bildirdiyinə görə sonuncu ödəniş 2010-cu il tarixdə olmuşdur. Kreditin icra müddəti xx.xx.2010-cu ildə bitdiyinə görə iddia müddətinin axımı həmin müddətdən başlayaraq hesablanmalıdır. Həmin kredit müqaviləsi üzrə iddia müddəti artıq xx.xx.2010-cu il tarixdə bitmiş, iddiaçı isə məhkəməyə xx.xx.2022- ci il tarixdə müraciət etmişdir. İddiaçıQSC tərəfindən təqdim olunmuş hesabdan çıxarışdan da (əməliyyatlar) göründüyü kimi, cavabdeh tərəfindən müqavilə üzrə axırıncı ödəniş xx.xx.2010-cu ildə 302.50 manat olmuşdur ki, müqavilənin müddəti bitdikdən sonra kredit üzrə 2010-cu ildən sonra heç bir ödəniş olmamış və Cavabdeh2 məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdən başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verildiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli qərarında göstərilir ki, “İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Məhkəmə kollegiyası hesab edir ki, müqavilə tələbləri üzrə iddia müddəti 3 il müəyyən edilməsinə baxmayaraq hüququ pozulmuş və pozulmasını bilməli olan şəxsin qanunla müəyyən edilmiş müddətlərin ən sonunda məhkəməyə müraciət etməsi ilə hüququnun bərpa edilməsinə çalışması onun mülki hüquq və vəzifələrinin vicdanla həyata keçirilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, bu müddət axımında qarşı tərəfin hüququ pozulmasını iddia edən şəxsin ona qarşı məhkəməyə müraciət edib-etməməsini gözləməsi ona müəyyən mənada öz mənfi təsirini göstərməyə bilməz. Məsələn, vaxtında iddia verilib öz təsdiqini tapdığı halda qarşı tərəf maddi imkanı baxımından verilən həmin iddianın (tam və ya qismən) təmini üçün müvafiq tədbirlər görmək imkanına malik olduğu halda, iddia gec (müddətin sonuna yaxın) verildiyi halda qarşı tərəfin bu maddi imkansızlığı ona qəbul edilmiş qərarın icrası ilə bağlı əlavə çətinliklər yaratması ehtimalını özündə ehtiva edir (qərarın icra edilməməsi ilə qanunvericilik müəyyən edilmiş müvafiq tədbirlər və s.). Odur ki, iddiaçının apellyasiya şikayətinin iş üzrə iddia müddətinin düzgün tətbiq olunmaması barədə dəlili qəbul etmir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 apellyasiya şikayəti təmin edilməsin. Zəngilan Rayon Məhkəməsinin bu iş üzrə 28 aprel 2022-ci il tarixli e-2(034)-220/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar