Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1614/2021 27.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin geri qaytarılması barədə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6962/2020 saylı, 24.11.2020ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən Cavabdeh oğluna məxsus ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 411,1 m2 olan icarə obyektində həyata keçirilmiş təmir-tikinti və abadlaşdırma işlərinə sərf olunmuş 160.000 AZN məbləğində maliyyə vəsaitinin Cavabdeh hesabından İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6962/2020 saylı, 24.11.2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır (hakim Günel Tanrıverdiyeva) İİddiaçı şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6962/2020 saylı, 24.11.2020-ci il tarixli qərardadının ləğv edilməsini və Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin icraata götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6962/2020 saylı, 29.03.2021-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq, baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir (hakim Aynur Behbudova). İddiaçı şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iddia ərizəsinin geri qaytarılmasının əsası kimi Cavabdeh Ağdam şəhəri, Keşdazlı kəndində qeydiyyatda olduğu, bu səbəbdən iddia əoizəsinin cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə aidiyyəti üzrə təqdim edilməsini göstərmişdir. Məhkəmə qanunvericiliyin tələblərinə əməl etmədən qərardad qəbul etmişdir. Belə ki, tərəflər arasında bağlanan müqavilə, eləcə də müqavilənin icra edildiyi yer Sumqayıt şəhəridir. Mübahisə predmeti olan pul məbləği icarə obyektinə çəkilmiş xərclərin ümumi miqdarıdır. Dolayısı ilə sözügedən icarə müqaviləsinin olmaması cavadbehə qarşı qaldırılmış pul tələbini birbaşa istisna etdiyi üçün, nəticədə mübahisənin müqavilədən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi zamanı meydana gəlməsi təsdiqə ehtiyacı olmayan bir sübutdur. Sözügedən mülki iş üzrə icarə müqaviləsi Sumqayıt şəhərində yerləşən obyektə dair bağlandığından həmin icarə müqaviləsindən irəli gələn bütün prosessual hərəkətlər də qanunun tələblərinə uyğun olaraq icarə obyektinin yerləşdiyi yer üzrə verilməlidir. Odur ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6962/2020 saylı, 24.11.2020-ci il tarixli qərardadının ləğv edilməsini və Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin icraata götürülməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası AR Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6962/2020 saylı, 24.11.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Barəsində şikayət verilən qərardaddan görünür ki, birinci instansiya məhkəməsi iş üzrə Cavabdeh Ağdam rayonu, Keşdazlı kəndində qeydiyyatda olmasını müəyyən edərək iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət etməli olmasını müəyyən edərək, ərizəni geri qaytarmış, gəldiyi nəticəni də AR Mülki Prosessual Məcəlləsinin 35,152-ci maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni işin hallarına və tətbiq edilən hüquq normalarına uyğun hesab edir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş AZE 0******* seriyalı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iş üzrə cavabdeh qismində göstərilən Cavabdeh Ağdam rayonu, Keşdazlı kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1 -ci maddəsinə görə də qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qanunvericiliyin tələbindən göründüyü kimi qanunvericilikdə başqa qayda nəzərdə tutulmamışsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir və hazırki iş üzrə cavabdehin rəsmi qeydə alındığı yer Sumqayıt şəhəri deyil, Ağdam rayonudur. Məhkəmə kollegiyası iddiaçının şikayətdə qeyd etdiyi dəlilə, hazırki mülki iş üzrə icarə müqaviləsi Sumqayıt şəhərində yerləşən obyektə dair bağlandığından həmin icarə müqaviləsindən irəli gələn bütün prosessual hərəkətlər də qanunun tələblərinə uyğun olaraq icarə onbyektinin yerləşdiyi yer üzrə verilməli olması barədə dəlilinə qiymət verərək qeyd edir ki, hazırki iddia tələbi tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinin yerinə yetirilməsi barədə deyil, icarə müqaviləsi əsasında iistfiadə edilmiş obyektə çəkilmiş xərcə dairdir. Bir sözlə tələb müqavilə öhdəliklərinin icrasına dair deyil, pul tələbinə dairdir. Bununla da hazırki tələbə baxılması Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinin təsiri altına düşmür.Belə olan halda hazırki işə müqavilənin bağlandığı yeri üzrə Sumqayıt Şəhər Məhkəməsində baxıla bilməz. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizənin geri qaytarılması barədə gəldiyi nəticədə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, şikayət təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6962/2020 saylı, 24.11.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 263, 264, 398.0.1, 400, 402ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6962/2020 saylı, 24.11.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərarddan şikayət verilə bilməz. Sədrlik edən:Lətifə Məmmədova Hakimlər: Gülnarə Tağızadə Telman Quliyev
Məhkəmə qərarları › İş №2(105)-1614/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1614/2021
27.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver